UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Sağlam qida / MƏQALƏLƏR

6-17 yaş xüsusiyyətləri və səmərəli qidalanmanın zərurəti

Uşaq və yeniyetməlik dövrü intensiv böyümə və inkişaf prosesləri ilə səciyyələnir. Bu dövrdə uşaq orqanizminin normal inkişafı və sağlamlığı üçün ən vacib şərtlərdən biri də qidalanmadır. Uşaqlıq dövründə uşaqların ali sinir fəaliyyəti, intellekti və aktiv hərəkətləri formalaşır, xarici mühitlə əlaqələri zənginləşir, mühit amillərinin qeyri-əlverişli təsirlərinə qarşı çox tez cavab reaksiyaları yaranır. Bu mənada uşaq və yeniyetmə yaşlarında düzgün qidalanma qida maddələrinə olan gündəlik tələbatı ödəməklə yanaşı, həm də onların hərtərəfli inkişafını təmin edir.

Qidalanma beyinin, uşaq idrakının, mərkəzi sinir sisteminin funksional vəziyyətinə birbaşa təsir göstərir. Bu yaş dövrünün xüsusiyyətlərindən biri də tədris fəaliyyətinə başlama ilə əlaqədar uşaq və yeniyetmələrin həddən artıq yüklənməsi və günün çox hissəsini məktəbdə keçirməsidir. Təlim prosesinin intensivləşməsi, qəbul edilən informasiyanın çoxluğu şagirdlərin əqli inkişafının sürətlənməsinə səbəb olur, nəticədə mərkəzi sinir sisteminin müxtəlif analizatorlarının yüklənməsi artır. Həmçinin oturaq həyat tərzi ilə əlaqədar uşaqlar fiziki inkişafdan geri qalırlar. Nəticədə əsəbi və gərgin olur, nizamsız qidalanır və çəki problemləri ilə qarşılaşırlar, bunlar da ciddi sağlamlıq problemlərinə gətirib çıxarır.

Məktəb dövründə şagirdlərin orqanizmində morfofunksional dəyişikliklər baş verir. Bu inkişaf məktəblilərin üzv və sistemlərinin quruluşu, onların ölçülərinin dəyişilməsi və funksional imkanları ilə sıx əlaqəlidir. Bundan əlavə yeniyetmə dövründə oğlanlar və qızlar özünəməxsus inkişaf prosesləri ilə fərqlənirlər. Bundan asılı olaraq oğlan və qızlara müvafiq yemək dəstləri (menyular) hazırlanır.
Səmərəli və tarazlaşdırılmış qidalanma uşaqların sağlamlığını və harmonik inkişafını təmin edən vacib və effektiv amillərdən biridir. Ona görə bütün təlim-tərbiyə müəssisələrində səmərəli və tarazlaşdırılmış qidalanma yaş qrupları, uşaq və yeniyetmələrin üzərinə düşən əqli və fiziki yükün xüsusiyyətləri, bu müəssisələrdə dərs və iş rejimi nəzərə alınmaqla təşkil edilməlidir.