UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

Yaşıl pencək

- Yox, bu mən deyiləm!!! Yox, ola bilməz! Yox, bu mümkün deyil...

- Bu sənsən... Kamil, eşidirsən?! Bu sənsən...!

- Axı mən müəllim olacaqdım, hə, müəllim, yaşıl pencəyimi geyinib, dərsə gedəcəkdim... Hanı, hanı o? Hanı, hardadı...?!

Anam pəncərənin qabağında dayanıb mənə baxırdı. Kədərli idi. Anam heç vaxt kədərli olmayıb. Bu gün isə kədərli idi. Saçını oxşamaq istədim. Əllərim əsdi. Barmaqlarımın ucu göynədi... Yox, bu mən deyiləm. Deyəsən evə yad adam gəlib. Uzaqlardan, lap uzaqlardan... Güzgüyə baxıram... Qaşlarımı çatıram. Eynən atamın qaşlarıdı. Ancaq bir az gözlərim şişib. Yuxusuzluqdandı yəqin...

Atam içəri keçdi. Yorğun görsənirdi. Əlindəki balaca qutunu çarpayımın üstünə qoydu. Telefon alıb mənə. Ah, atam, ah... Onu da satacam. Bilmirsən məni?! Yazıq atam... Atam pərt və məyus görünürdü. Ancaq içindəki ağrılarla barışmaq istəmirdi...Göz-gözə gəldik. Susdu. Heç nə demədi. Ağır-ağır qapıya tərəf addımladı. Sonra başını arxaya çevirib, güldü. Anlaşılmaz güldü. Nəsə yarımçıq güldü... Elə bil nəsə demək istədi... Ancaq susdu...

Anam da çölə çıxdı. Qapının ağzında pıçhapıçla danışmağa başladılar. Deyəsən ümidlərini tamam itiriblər. Qınamıram. Başa düşürəm. Çətindi... Çox çətindi...

- Qorxursan?

- Uşaq deyiləm ki...

- Onda götür. Axşam zəng vuracam.

- Zəng vurma. Sabah özüm gətirəcəm...

 “Telefonu da satıb, atacam zibili”-Kamil əlindəki pencəyi qoxlayıb, susdu.  Bu pencək böyük qardaşı Şamilin idi və qardaşı təhsil almaq üçün Bakıya gedəndə onu Kamilə vermişdi. Kamil də qardaşının ətrini alırdı həmin pencəkdən... Şamili tez-tez xatırlayır, gizlində göz yaşlarını ovcunda saxlayır, kədərini hamıdan gizlətməyə çalışırdı...

Cəmi iki ay qalmışdı. Altmış gün. Səkkiz həftə... Ki, qardaşı Şamili yenidən görə bilsin, yenidən qardaşı ilə balıq tutmağa getsin, saçını oxşasın, qolunu boynuna dolasın... Ancaq olmadı... Şamil yol qəzasında həlak olduğu gün Kamil bir daha uşaq ola bilməyəcəyini və artıq böyüdüyünü anlamışdı...

- Kim var sizdə?

- Heç kim.

- Atan?

- Həbsdə.

- Anan?

- Ölüb.

- Qardaşın?

Kamilin iki il bundan qabaq başladığı  yeni “əyləncə”si ilk vaxtlar onu çox həyacanlandırırdı... Ancaq günlər keçdikcə onun bu “əyləncə”si əsl işgəncəyə çevrilirdi. Əvvəl etibarını itirdi, sonra dostlarından uzaqlaşdı, atası onu bu əyləncəyə sürükləyən adamı vurdu, həbsə düşdü, anası böyük oğlunun dərdi azmış kimi kiçik oğlunun da gözünün qabağında məhv olduğunu görə-görə xəstəliyə tutuldu,  sevdiyi qızla da ayrılmışdı. Aytəni çox sevirdi. Hətta adını sinəsinə yazdırmışdı. Get-gedə cılızlaşan və zəifləyən bədənində sevdiyi qızın adı da  solğun görünürdü...

- Nəyə gülürsən?

- Bilirsən, dünən yata bilmədim.

- Bəs nə bilirdin?

- Bütün gecəni it kimi ulamışam.

- Niyə?

- Təsir etmir. Əvvəlki kimi təsir etmir.

- Onda bir az yaradıcı ol...

- Necə?

- Məsələn, qardaşını düşün...

- Hər gün düşünürəm...

Kamil evində qalan axırıncı əşyanı da satıb, “əyləncə”sinə davam elədi. İki gündən sonra işgəncələri artmağa başlayanda dəli kimi hərəkətlər edir, ilan sancmış kimi qıvrılır, inildəyirdi... Özünə gələndə küçələri dolaşır, parklarda yatır, soyuqda qalırdı... Ancaq heç nə dəyişmirdi, heç nə düzəlmirdi... Əlində qalan sonuncu ümidinə-yaşıl pencəyinə baxıb, özünü söyür, sonra da pıçıltı ilə: “Yox, satmayacam, bunu da satmayacam”-deyirdi... 

Pencəyi əyninə geyinəndə qəribə görünürdü, yaşıl pencək böyük olurdu əyninə, sısqa bədəni itirdi yaşıl pencəyin içində... Başını yuxarı qaldırıb, göy üzünə səsləndi: “Bilirəm, məni görürsən, bilirəm, çox səhv etdim, ilk dəfə o zəhəri qəbul edəndə səhv etdim, aldandım, yanıldım, hər dəfə özümə söz verdim, bu axırıncıdı dedim, olmadı, axırıncı olmadı... İndi isə heç kim yoxdu yanımda, heç nəyim qalmayıb əlimdə. Bircə bu yaşıl pencəkdi məni tərk etməyən. Sanki məni hələ də xilas etmək istəyir. Bu ağ zəhərin əlindən qurtulacam, mütləq qurtulacam”! Kimdən, nədən qaçdığını bilmirdi, ancaq onu bilirdi ki, dayansa son ümidini də itirəcək, dayansa son inamı da yox olacaq, dayansa son xatirəsi də silinəcək...

Kamil özündən qaçdıqca əynində parlayan pencəyi sanki onu qaranlıqdan işığa aparırdı, çirkabdan təmizliyə çıxarırdı, yerdən göyə qaldırırdı... O gecə Kamil uzun müddətdən sonra ilk dəfə idi rahat yatırdı. İlk dəfə idi yuxuda qardaşı Şamili görürdü... Onun ağlında yalnız bir şey vardı. Yatmaq. Yuxu görmək. Gözlərini yuman kimi şirin yuxuya getmək. Uşaq kimi. Dinc. Qorxusuz, ağrısız. Rahat, səksəkəsiz... Susuzluqdan çat verən torpağın canına hopmuş yağış kimi istəyirdi yatmağı...Ağrılardan qurtulmaq ona əlçatmaz bir arzu kimi görünürdü, uzaq bir keçmiş kimi səslənirdi...Məyusluğun, küskünlüyün, nifrətin onu təqib etməsindən yorulmuşdu...

- Kamil, əziz qardaşım. Əgər canın sıxılsa, darıxsan, yorulsan, bu pencəyi əyninə geyin, onu çıxarma, o səni qoruyacaq...

- Qardaş, çıxa biləcəmmi bu quyudan? Qalxa biləcəmmi ayağa? Qovuşa biləcəmmi sevdiklərimə?

- Əlbəttə, mütləq alınacaq. İnan mənə. İnan ki, alınacaq. Pencəyini çıxarma əynindən, qoy o sənin sehirli pencəyin olsun.

- Lap nağıllardakı olduğu kimi?

- Lap həyatda olduğu kimi...

- Oxuyacam, tələbə olacam, sevəcəm, ailə quracam, qızım olacaq, oğlum olacaq... Oğlumun adını Şamil qoyacam. İnan mənə, inan qardaş!

- İnanıram, inanıram sənə. Hər şey yaxşı olacaq, qardaşım!

Bəzən inam xilas edir bizi, bəzən də inandığımız adamlar... Kamili isə bütün ümidini, inamını, xəyalını, arzusunu ifadə edən yaşıl pencək xilas etməli idi. Çünki onun yaşıl pencəkdən başqa heç nəyi qalmamışdı... Sinif yoldaşı Cavidlə qarşılaşanda utanmışdı. Əynindəki yaşıl pencəyə qısılmışdı. Özünü cansız və tükənmiş hiss edirdi. Sinif yoldaşı Cavidlə eyni parta arxasında oturduğu illəri xatırlayıb, köks ötürdü. Bir-birinə dedikləri arzuları, gələcəklə bağlı düşüncələri yada düşdü. Cavid həkim olmaq istəyirdi, Kamil müəllim. Cavid arzusuna çatdı, Kamil isə...

- Getmə...

- Bağışla, getməliyəm...

 - Alınacaq, eşidirsən məni, alınacaq, baxarsan, mən təslim olmayacam...!

- Bilirəm, bilirəm ki, alınacaq...

Satmağa heç nəyi və heç kimi qalmayanda anlayır insan əslində nə qədər aciz olduğunu... Hər şeydən utanır, çəkinir, qapanır özünə... O zəhərin rəngi ağ olsa da, adamın həyatını qaraldır əslində. Elə qaraldır ki, qara rəngdən başqa bir rəng tanımırsan, ağrılardan başqa bir şey hiss etmirsən, tənhalıqdan başqa heç nə yaşamırsan... Bir də özünü tərk etmək qorxusu dolur içinə... Necə? Çox adi bir şəkildə. Bir də görürsən ki, o ağ zəhər bütün həyatını alıb əlindən... Susmaq da kömək etmir belə olanda... Danışmağa isə heç kimin olmur...

- Nə hiss edirəsn?

- Üşüyürəm...

- Nə istəyirsən?

- Üşüməmək istəyirəm.

- Çıxar o pencəyi, qış geyimi deyil o.

- Yox, mən içimdə üşüyürəm.

- Niyə...?!

- Çünki rədd edirəm zəhəri içimdən...

Kamilin çətin günləri arxada qalmışdı. Bir il idi ki, uzaqlaşmışdı sevimli “əyləncə”sindən. Artıq özünə qarşı yeni bir hiss yaranmışdı. Bu hissin adı “inam” idi. Özünü təmizləmək ən ağır iş imiş... Ən böyük qələbə öz üzərində qələbə qazanmaq imiş... Kamil öz üzərində qaləbə qazanmışdı və onun bu qələbəsi çox şeylərin məğlubiyyəti demək idi: ümidsizliyin, inamsızlığın, məsuliyyətsizliyin, etibarsızlığın məğlubiyyəti idi...

- Necə bacardın?

- İnandım...

- Necə inandın?

- Yoxladım.

- Necə yoxladın?

- Çətin oldu?

- Ölümü hiss elədim...

- Bəs indi?

- Yaşamağı seçdim...

Hər bir ağrının öz yaddaşı var. Bəzi ağrıların isə yaddaşı bizi özümümüzdən çıxarır, ruhumuzu işğal edir, sevdiklərimizi ayırır bizdən... Belə ağrıların bir adı var: “Nəfs” ağrısı... Bu ağrını yaşayanlar hər gün bir az da yaxınlaşır ölüm qapısına...

- Əziz şagirdlər! Tanış olun, yeni müəlliminiz Kamil müəllim!-direktorun zəhmli səsi bütün sinfə yayıldı.

- Salam, uşaqlar!

- Salam, müəllim! Uşaqlar bir ağızdan səsləndi.

Yaşıl pencəkli, dolu bədənli, yanaqları köz kimi qızaran, gözləri bərq vuran bu müəllim elə ilk görüşdəcə şagirdlərdə böyük maraq və sevgi oyatmışdı. Şagirdlər həmin gün öz aralarında ən çox Kamil müəllimin yaşıl pencəyindən  danışırdılar...

- Alo!

- ....

- Ata, mənəm Kamil!

- ...

- Dərsdən çıxdım, evə gedirəm. Gələndə nəsə alım?

- ...

- Baş üstə, ata!

 

Tural Cəfərli