UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR
İlıq bir bahar səhəriydi, günəşin işıqları göy üzünə səpələnmiş nazik buludların arasından utancaq bir qızın incə təbəssümü kimi görünürdü. Çılpaq budaqların üzərində qabaran tumurcuqlar ana təbiətin sehrli əlinin toxunuşuyla açılmağı gözləyirdi. Təzəcə cücərən otların arasından topa-topa bənövşələr baş qaldırırdı. Al-əlvan çiçəklərin məstedici, şirin ətri aləmə yayılmışdı. Quşlar şən nəğmələrini oxuyurdu.
Ancaq bütün bunlar insanoğlunun üzünü güldürməkdə, könlünü şad etməkdə aciz idi. Bəşəriyyətə elə bir bəla üz vermişdi ki, bu, əlbbəttə, indiyədək görülmüş bəlalara bənzəmirdi. Bir andaca meydana çıxan və dünyanın dörd bir tərəfinə yayılan epidemiya insanları evlərində əsir etmişdi. Böyükləri, uşaqları – hər kəsi qəmginlik, məyusluq hissi bürümüşdü.
İnsanlıq bu dəfə görünməz düşmənlə üz-üzəydi. Ölümcül virus hər an qapı arasından belə, süzülə, quru bir nəfəslə evin içinə ayaq aça bilərdi. Boş və səssiz küçələr vahimə saçırdı: hər yanda sanki qəfil təhlükənin soyuq harayı eşidilirdi.
Xəstəxanalar qızdırmadan sayaqlayan, boğulan xəstələrlə dolmuşdu. Palatalarda süni nəfəs aparatına qoşulmuş, sıxılmış dodaqlarının qanı qaçmış, iradəsi özündə olmayan ağır bədənləri sadə, monofunksional xəstəxana çarpayısına sərilmiş xəstələr nümayişkaranə şəkildə göstərilərək onlara baxanların canına üşütmə salırdı. Həkimlərin geyimi də fərqliydi, ağ xalatları kosmanavt skafandrını xatırladan geyimlər əvəz etmişdi.
Rasim həmişəki kimi səhər yuxudan ağrılarla oyandı. Bütün sümükləri gizildəyirdi. Beyni dumanlıydı. Hələ də gecə ovucdolusu içdiyi ağrıkəsici dərmanın təsiri altında idi. Dərmana qarşı allergiyası olsaydı, zəhərlənə, hətta ağzı köpüklənib ölə də bilərdi. Amma artıq öyrəncəliydi. Sanki həb yox, bir ovuc konfet atmışdı ağzına.
Üşüsə də, yerindən qalxa bilmirdi. Cansız, sönük gözlərini ətrafa dikdi. Üstünü qalın bir şeylə örtmək istəyirdi. Bayırda yaz günəşinin şəfəqləri parıldasa da, onun otağında qış soyuqluğu vardı. Əlini alnına qoyanda anladı ki, hərarəti yüksəlib, üstəlik titrətməsi də get-gedə artır. Narahat və təlaşlı halda “Birdən virus mənə də keçər, onda nə edərəm?” – deyə düşündü. Tiftiklənmiş yun adyalı boğazınacan çəkdi. Əllərini bir-birinə sürtüb isinmək istədi. Lakin üşütməsi keçmədi; dişləri bir-birinə dəyib şaqqıldayırdı.
Rasim tək yaşayırdı. Arvadı onu ən çətin günlərində, həyatındakı bütün al-qırmızı sapların qaraya boyandığı bir vaxtda atıb getmişdi. Elə o vaxtdan da özünü şərabla ovutmağa çalışır, hər fürsətdəcə içib dəmlənirdi.
Özünü sonsuz dərəcədə bədbəxt hesab edirdi. İnsan içinə çıxa bilmirdi. Hər kəs onu barmaqla göstərir, qulağı eşidə-eşidə “narkoman”, “əyyaş” deyirdilər. Dəfələrlə sərxoş halda yerə yıxılıb gülünc vəziyyətə düşmüşdü. Yenə də qonşuları ona acımış, yerdən qaldırıb evinə aparmış, yatağına uzatmışdılar.
O isə bu yaxşılığın əvəzində hər kəsə qışqırar, söyər, evdən qovardı. Bu vəziyyətə düşməyində ən çox anasını günahlandırırdı. Deyirdi ki, əgər anası onu tək qoyub getməsəydi, hər şey fərqli olardı, tale onu fəlakətli əməllərə sövq etməzdi.
Əhval adamı idi, tez-tez dəyişir, haldan-hala düşürdü. Anasını xatirindən silmək üçün bir tanışının gizlicə verdiyi tozu burun pərlərini geniş açıb iyləmişdi. Elə o gündən də narkotikə əsir düşmüşdü. Əvvəl-əvvəl az miqdarda istifadə edirdi; ən çox da pərişan olanda, öfkəsinin şiddətli vaxtında narkotik maddələrlə özünü ovundururdu. Onda hələ arvadı və uşaqları yanında idi. Gecələr yatağında uşaq kimi ağlayır, anasının xiffətini çəkirdi. Titrəyən əllərində tutduğu anasının şəklinə baxıb niskilli, sızıltılı səslə deyirdi: “Məni niyə atıb getdin, ana? İkiniz də məni tək qoydunuz - sən də, Gülnar da. Mən sənsiz bu gen dünyada necə yaşayacağam? Kaş mən də öləydim, daha ağrılara dözə bilmirəm”.
Rasim kömür kimi qara gözləri olan qıvrım saçlı, al-qırmızı yanaqlı bir oğlan idi. Dərslərini yaxşı oxuyurdu, bununla belə, universitetə qəbul ola bilmədi. Əvəzində məktəbi bitirən kimi məhəllələrində yeni açılmış profilaktoriyada çilingər kimi işləməyə başladı. Qısa müddətdə buranın mühitinə alışdı, işinin ustalığına yiyələndi, dostluq, tanışlıq münasibətləri qurdu. Qazancı da pis deyildi.
Bir gün gözləri profilaktoriyanın qarşısındakı daş döşənmiş yoldan keçən mülayim baxışlı, sakit çöhrəli bir qıza sataşdı və elə həmin andaca ürəyində ona qarşı bir hərarət alovlandı. Qız da ilk dəfə Rasimi görəndə burnunun altında nazik bığı qaralan arıq, ucaboy oğlanın qədd-qamətinə, iti baxışlarındakı hökm və amiranəliyə biganə qalmamışdı.
Onlar ailələrinin razılığı və xeyir-duası ilə evləndi. Çox keçmədi ki, bu xoşbəxtliyi tüstü buludu kimi dağıldı. Hər şeyə baxmayaraq ayağa qalxmaq istədi. “Bir stəkan çay içsəm, düzələr”, - deyə düşündü. Üstündəki adyalı ehmalca götürdü, çarpayının kənarından yapışıb dikəldi. Tər və nəmişlik qoxan paltarlarını yerdən götürüb əsə-əsə əyninə keçirdi. Özünün paltar yumaq əlindən gəlmirdi, yuduzdurmağasa pulu yox idi. Bir vaxtlar əli pulla oynayırdı, bahalı maşınları təmir edirdi, işində şöhrət qazanmışdı. Qədrini bilmədi. Avara həyat hər şeyini yel kimi sovurub apardı. Yaxşı ki, qonşu Səmayə xala vardı. Anasının ən yaxın rəfiqəsi idi. Anası ölüm ayağında ikən bircə oğlunu Səmayəyə tapşırıb əbədiyyən gözlərini yummuşdu. Səmayə də etibarlı çıxmışdı. Eşidəndə ki, Rasimin arvadı çıxıb gedib, ona ana nəvazişini əsirgəməmişdi.
Səmayə yaxınlıqdakı məktəbdə xadimə işləyirdi. Axşam düşənə qədər Rasimin yanında qalır, öz puluyla aldığı ərzaqdan ona yeməklər bişirirdi. Əri öləndən sonra evdə tək qala bilmirdi. Övladı olmurdu, ona görə mehrini Səmayənin oğluna salmışdı. Əlinə nə düşsə, Rasimə gətiridi. Kirli paltarlarını aparıb öz evində yuyurdu. Hər söz düşəndə isə “Anana borcluyam, bala, vaxilə o, mənə çox kömək edib, indi mən də öz borcumu qaytarıram” - deyirdi. Hərdənsə Rasimin solğun və zəif görkəminə, xəstə adamlardakı kimi saralmış sifətinə diqqətlə baxır, ah çəkir, hüznlü ifadəylə məsləhət verirdi: “Gərək bu zəhrimardan vaxtında uzaqlaşaydın. Gül kimi ailən heç nədən dağıldı. Səni ona dadandıranın evi yıxılsın! İndi də gec deyil. Gəl səni müalicəyə aparım, sağal, qayıt evinə-eşiyinə. Qaytara bilsən, arvadını-uşaqlarını qaytar, yox əgər gəlməsələr, ayrı bir halal süd əmmiş tapaq sənə, onunla evlən. Bu yolun sonu heç də yaxşı olmayacaq”. Rasim ona ana qayğısı göstərən qonşusunun sözlərini bir qulağından alıb, o birindən buraxırdı.
Əsnəyib yuxulu gözlərini ovuşdura-ovuşdura miskin və səliqəsiz otaqda o baş-bu başa getdi, axırda yaxınlaşıb pəncərədən eşiyə boylandı. Acı və üzüntülü bir duyğu ilə damları parıldayan evlərə, izdihamsız küçəyə tamaşa elədi. Gözlərini yumub ciyərlərini təmiz hava ilə doldurmaq istəsə də, bacarmadı, sinəsi ağrıdı. Boğazından quru, xışıltılı öskürək qopdu. Sinəsini ha yumruqladısa da, bir xeyri olmadı. Gecədən masanın üstündə qalan yarısınadək dolu araq şüşəsini başına çəkib toxtadı. Yenidən pəncərəyə yaxınlaşdı. Birdən ona elə gəldi ki, başdan-başa uzanan bu nəhayətsiz aləmə sonuncu dəfə baxır. Doğan günəşi, şəhəri, uşaqlarını bir də görməyəcək, tər-təmiz ilıq havanı udmayacaq. Mızıldanıb köks ötürdü. Həm də ona görə məyusdu ki, karantin elan olunmuşdu, küçəyə-bayıra çıxa bilməyəcəkdi, bu isə o demək idi ki, daha iynə tapmaq dənizin dibində alma tapmaq qədər müşkül olacaqdı. Ürəyində acı-acı gileyləndi: “Səni lənətə gələsən, karantin, bizi evə zəncirlədin, bütün planlarımı alt-üst etdin. İndi mən malı kimdən istəyim, necə əldə edim?”
Hirslə hamama keçdi. Ovuclarına doldurduğu soyuq suyu şappıltıyla üzünə çırpdı. Əlini uzadıb ipləri yeyilmiş üz dəsmalını götürmək istəyəndə gözü səthi ləkələrlə dolu olan çatlaq güzgüdəki öz əksinə sataşdı. Güzgüdən ona baxan cod saqqallı, qaşqabaqlı adamı görəndə diksindi. Səksəkəli halda əlini pırtlaşıq saçlarına apardı. Güzgüdəki adam da ara vermədən təkrarladı onu. Bununla da onun özü olduğuna inandı. Necə də atasına oxşayırdı...
Yumruğunu düyünləyib ağzına apardı. Var gücü ilə dişlərini sıxdı. Sanki bununla illərlə anasına zülm edən kişini cəzalandırmaq, canını ağrıtmaq istəyirdi. Əlini ağzından çıxaranda su çanağındakı qırmızı ləkələri görüb təəccübləndi. Bir də baxdı ki, ovcu qan içindədir. Əlinin qanını yuyub dəsmalı yarasının üstünə basdı.
Boz xovlu, yayları cırıldayan divana sərələnib gözlədi. Ancaq dözə bilmirdi, bədəni sızıldayırdı. Dikəlib yerində vurnuxdu. Ağrıları get-gedə şiddətlənirdi. Sifəti ağrı və qəzəbdən əyilmişdi. Lap ilan kimi yerində qıvrılırdı. Qışqırmırdı, qorxurdu ki, birdən Səmayə xala duyuq düşər, təcili yardım çağırar. Xəstəxanaya getmək istəmirdi. Onun beynini dəlib ruhuna işləyən bir düşüncəsi vardı: xəstəxanaya düşsə, onu orada ölənədək saxlayacaqlar. Birtəhər ayağa qalxıb səbirsizcəsinə dolabı eşələdi. Amma ağrıkəsiciləri qurtarmışdı. Tərslikdən apteklər işləmirdi. Çölə də çıxa bilmirdi. Artıq dəli olmaq dərəcəsinə çatmışdı. Qollarını, başını divara çırpırdı. Ağzını tutub bağırdı. Ürəyinin uçunduğunu hiss etdi. Başında guppultu və küy yarandı. Ev başına hərləndi. Alnında, çənəsində tər damlaları puçurlandı. Gözləri qaraldı, guppultuyla yerə sərildi.
Yarıqaranlıq tunelin içi ilə gedirdi. Arabir qulağına əcaib səslər gəlirdi. Səslər gah yüksəlir, gah da alçalırdı.
Doktor, saturasiyası altmışdır, nəbzi çox zəif vurur. Təzyiqi də aşağıdır! Nə edəcəyik? - tibb bacısı təlaşlı halda dedi.
Burada ilk yardım edib xəstəxanaya aparacağıq. - Həkim cavab verdi, evdə qoyub gedə bilmərik, ölə bilər.
- Doktor, onun qollarına baxın! Hər yeri kəsik-kəsikdir. Bu ki...
- Hmm, mən də anladım. Yenə də məcburuq, aparmalıyıq.
Rasim gözlərini açanda özünü boş, işıqlı bir otaqda gördü. Başı hələ də ağrıyırdı. Nələr olduğunu və buraya necə düşdüyünü anlamağa çalışdı. Anidən qapı açıldı, ağ geyimli bir adam içəri girdi. Rasim həyəcanqarışıq heyrətlə ona baxdı. İlk dəfə idi ki, belə geyimli adam görürdü. Onun gözündə qalın sağanaqlı eynək, ağzında maska, əllərində əlcək, əynində skafandr vardı. Naməlum adamın kişi, yoxsa qadın olduğunu ayırd edə bilmədi.
Çox keçmədi, eyni görkəmdə daha üç nəfər otağa gəldi. Rasim qorxub mələfə ilə üzünü örtdü. Sanki qorxu və dəhşəti təmsil edən qarabasma görmüşdü və mələfəni üzündən kənar edəndə ətrafındakılar yox olacaqdı.
Otaqdakılardan biri sükutu pozaraq:
Özünüzü necə hiss edirsiz? - deyə nəzakətlə ona müraciət etdi.
Rasim bu sualı eşidib azacıq sakitləşdi. Ağ geyimli məxluqlar onun dilində danışırdılar, deməli, onlar da onun kimi ətdən, sümükdən ibarət idilər. Ona görə də üzünü açıb qısıq səslə soruşdu:
Bura haradır?
Siz xəstəxanadasız.- Ona ən yaxın olan adam dedi - Mən sizin həkiminizəm. Analizlərinizi götürmüşük, cavablarını gözləyirik. Deyin görək, nə şikayətiniz var? Sizi evinizdən gətirəndə huşsuz vəziyyətdə idiniz. Evinizdən bir qadın təcili yardıma zəng vurub. O, olmasaydı, bəlkə də, indi həyatda deyildiniz.
Hə, sağ olsun, xalamdır. - Rasim hərarətlə dedi - Mənə heç nə olmayıb,bir az üşütmüşəm. İndi yaxşıyam. Xahiş edirəm, icazə verin gedim.
Yox, biz sizi evə buraxa bilmərik. Sizdən yaxma götürülüb, neqativ cavab çıxsa, evə buraxılacaqsınız. İstirahət edin. - Həkim bunları deyib otaqdan çıxdı. Yanındakılar da onun dalınca getdilər.
Gecə düşmüşdü. Bədirlənmiş ayın parlaq ziyası otağı işıqlandırırdı. Rasimin ağrıları güclənmişdi. Daha dözə bilmirdi. Səbirsizcəsinə palatada vurnuxurdu. Əl-qolunu ölçə-ölçə kimisə telefonda hədələyirdi. Səsi xəstəxananın alaqaranlıq, bürkülü, usandırıcı dəhlizini başına götürmüşdü. Əlindəki stəkanı ağzına aparıb ikicə qurtuma boşaltdı. Qəzəbindən gicgahındakı damar tərpənirdi. Növbətçi həkim palataya daxil olub onu dilə tutmağa çalışdı, sakitləşməsini xahiş etdi.
Rasim kükrəyib özündən çıxdı:
Məni evə buraxın! Elə bu dəqiqə! Yoxsa öləcəyəm.- Bunu deyib vahiməli səslə hönkürdü.
Həkim yavaşca onun qolundan tutub stula oturtdu.
Nə olub, niyə belə deyirsiniz, sizi narahat edən nədir?
Stəkanı əlindən almaq istəyəndə Rasim etiraz etdi:
Əl vurmayın, görürsünüz ki, su içirəm!
Axı stəkan boşdur.
O, deyəsən, həkimi eşitmədi. Yenə yalvarmağa başladı:
Doktor, xahiş edirəm, buraxın evə gedim. Mən yaxşıyam.
Gecənin bu vaxtı sizi necə evə buraxaq? Səbirli olun, səhər açılsın, ərizə yazarsınız, biz də sənədləşdirib lazım olanı edərik. İndi isə yatın, gecdir.
Növbətçi həkim palatadan çıxdı. Rəhbərliyə zəng vurub baş verənləri bütün təfsilatı ilə danışdı. Onu da dedi ki, xəstə narkomandır və israrla evə getmək istəyir. Qərara alındı ki, xəstəyə sakitləşdirici iynə vurulsun. Vəziyyəti imkan versə, ertəsi gün evə buraxılsın.
Rasim sakitləşdiricinin təsiriylə ölgün, sönük gözlərini tavana zilləyib səssiz-hərəkətsiz dayanmışdı. Onun bu susqunluğu həkimi narahat edirdi. Hiss edirdi ki, tezliklə nə isə olacaq. Amma nə?..
Rasim əlindəki boş stəkanı elə bərk-bərk sıxmışdı ki, az qala cilik-cilik olacaqdı. Onun niyə belə etdiyini həkim yaxşıca anlayırdı. Belə xəstələr ilə ehtiyatlı olmaq lazımdır. Onlar özlərinə xəsarət yetirə və hətta yanlarındakı insana da hücum edə bilərlər.
Gecədən xeyli keçmişdi. Həkim yorulub taqətdən düşmüşdü. Addımını zorla atırdı. Birtəhər palatadan çıxıb xəstəxananın giriş-çıxış qapısına nəzarət edən mühafizəçilərinə yaxınlaşdı. Məsələni anladıb xəstənin cari durumunu və qaçacağından ehtiyat etdiyini söylədi, ayıq-sayıq olmalarını tapşırdı. Yenidən palataya qayıdanda gördü ki, xəstə yerində oturub fikrə gedib. Ona bir söz demədən öz otağına keçdi. Tərləmişdi. Eynəyini çıxardı, skafandrının yaxasını açdı. Qan-tər içində idi, çallaşmış saçları alnına yapışmışdı. Bayırda külək uğuldayır, yağış yağırdı. Pəncərənin pərdəsini çəkib başını çölə çıxaran kimi yağış damlaları küləyin təsirilə üzünə çırpıldı. Pəncərəni bağlayıb üz-gözünü sildi. Kreslosuna çöküb mürgülədi.
Qəflətən otağın qapısı açıldı və içəri girən iri əndamlı, bəstəboy tibb bacısı təlaşla:
Doktor, yetişin, xəstə özünü doğrayıb. - dedi.
Həkim cəld qaxıb iti yerişlə xəstənin olduğu palataya doğru addımladı. İçəri girəndə gördü ki, o, yerində yoxdur. Hirsindən coşub “Hanı?” - deyə xəbər aldı. Tibb bacısı həyəcan içində əli ilə yandakı hamam otağına işarə etdi. Növbətçi həkim qapıya yaxınlaşanda mühafizəçinin hökmlü səsini eşitdi. “Dur ayağa, nə hoqqa çıxarırsan, yekə kişisən”.
Məlum oldu ki, xəstə özünü hamamda sındırdığı stəkanın parçası ilə doğrayıb. Mühafizəçilər duyuq düşən kimi qapını sındırıb içəri daxil olmuşdular. O, al-qan içində heysiz vəziyyətdə uzanmışdı. Növbətçi həkim tez əyilib onun nəbzini yoxladı. Xəstənin huşu özündə olmasa da, səsləri eşidir, reaksiya verirdi.
Rasimi palataya aparıb yatağına uzatdılar. Üzərində dərin kəsik izləri olan qollarını mələfə ilə bərk-bərk sıxıb bağladılar. Çoxlu qan itirdiyindən, ona sistem qoşub bədəninə maye köçürdülər. Xəstəxananın reanimasiya şöbəsi olmadığına görə bütün prosedurlar palatada həyata keçirildi. Növbətçi həkim həyəcan və yorğunluqdan ayaq üstə güclə dayanırdı. Üst-başı, xəstənin yatağı , döşəmə qana boyanmışdı.
Həkim baş verənlərə görə özünü və tibb bacısını günahlandırırdı. Üzünün hər cizgisindən qorxu, gərginlik və peşmanlıq yağırdı. Başını hüznlə silkələyib dedi:
Əgər o ölsəydi, nə cavab verəcəkdim? Axı mən sənə inanmışdım.
Tibb bacısı pərişan halda cavab verdi:
Doktor, vallah, tez-tez qapısını açıb baxırdım. Qəfil səs eşitdim. Elə bil nəsə yerə düşüb sındı. Özümü içəri atdım. Xəstə hamam otağında qışqırırdı. Mühafizəçilər qapının cəftəsini qırıb içəri girdilər.
Növbətçi həkim xəstənin biləyindən tutub nəbzini yoxladı. Vəziyyətinin stabilləşdiyinə əmin olduqdan sonra onu tibb bacılarının nəzarətində qoyub yorğun-yorğun dəhlizə çıxdı. Telefonla vəziyyəti rəhbərliyə məruzə elədi. Ardından təcili yardıma zəng vurub xəstəni təcili cərrahiyyə şöbəsinə köçürmək üçün çağırış etdi.
Rasim gözlərini açmışdı. Başını tərpədib sağa-sola boylanırdı. Həkim onun ən xırda hərəkətinə belə göz qoyurdu.
Bir neçə dəqiqədən sonra təcili yardım maşını xəstəxananın qarşısında dayandı. Xərəyə qoyulanda Rasim növbətçi həkimin qolundan tutub mülayimcəsinə dedi:
Bağışlayın, doktor, özüm də bilmirəm bütün bunlar necə oldu... məni ölümdən qurtardınız... xahiş edirəm, bağışlayın... bu hadisədən sonra çox düşünmüşəm. Özümə söz vermişəm, bundan sonra normal həyata başlayacam. Yuxumda anamı gördüm, mənə baxıb elə ağlayırdı... Ona da söz verdim ki, müalicə olunacağam.
Rasimin sözləri həkimi sevindirdi, bütün yorğunluğu ipək parça kimi sürüşüb üstündən düşdü.
Yeni həyatında uğurlar! - deyib, qolunu ehmalca çəkdi. - Apara bilərsiniz.
Xəstəxananın əməkdaşları gecəki hadisədən danışırdılar. Növbətçi həkimin otaqdakı tibbi kuşetkaya uzanıb gözlərini yummağı ilə yuxuya getməyi bir oldu. Oyananda günorta idi. Əynini dəyişib palatanın qarşısından keçəndə ayaq saxlayıb içəri baxdı: Rasim qayıtmışdı, sakitcə əyləşib çay içirdi...
Məlahət Hümbətqızı