UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

"Həyatımızı sağlam yaşayaq" Giriş

Giriş

Qəhrəman Haqverdiyev,

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru

Əziz oxucu,

Bu kitab, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalının birgə əməkdaşlığı nəticəsində həyata keçirilən “Narkomaniyaya YOX deyək!” hekayə müsabiqəsinin yekunudur. Sizə təqdim olunan hekayələr sağlamlığın qorunmasının vacibliyini göstərən və zərərli vərdişlərə qarşı cəmiyyətin hər bir üzvünün töhfə verməsinin əhəmiyyətini izah edən əsas məqamları vurğulayır.

Sağlamlıq insan həyatının ən qiymətli sərvətidir və onun qorunması hər bir fərd üçün əsas prioritet olmalıdır. "Sağlamlıq yalnız xəstəliyin olmaması deyil, həm də tam fiziki, ruhi və sosial rifah halıdır." Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu aforizmi sağlamlığın qorunmasının insan həyatında nə qədər vacib olduğunu bir daha diqqətə çatdırır. Sağlamlıq cəmiyyətin davamlı inkişafının əsasıdır və hər bir fərdin bu rifaha nail olması ümumi rifahın təməlini təşkil edir.

Mövcud statistik məlumatlar göstərir ki, narkotik asılılığı, tütün və alkoqol istifadəsi kimi zərərli vərdişlər dünyada milyonlarla insanın həyatını təhlükəyə atır. ÜST-nin məlumatına görə, hər il tütünçəkmə səbəbindən təxminən 8 milyon insan dünyasını dəyişir. Bu, hər il 8 milyondan çox ailənin əzizlərini itirməsi, bir çoxunun xəstəliklərə qarşı çətin mübarizə aparması deməkdir. Üstəlik, tütün istifadəsi ürək-damar sistemi xəstəlikləri, xüsusən ağciyər xərçəngi və digər onkoloji xəstəliklər, şəkərli diabet və xroniki tənəffüs xəstəliklərinin əsas səbəblərindən biridir.

Alkoqol istifadəsi hər il 3 milyon insanın ölümünə səbəb olur, bu ölümlərin bir çoxu yol-nəqliyyat qəzalari, zorakılıq hadisələri və müxtəlif xroniki xəstəliklər nəticəsində baş verir.

Narkomaniyanın fəsadları isə, daha ağır, daha təhlükəlidir. Narkotik madələrdən istifadə həm fərdin, həm də cəmiyyətin rifahına ciddi ziyan vurur, insanın psixoloji və fiziki sağlamlığını məhv edir. Bu sahədə aparılan elmi araşdırmalar narkotik maddələrin beyinə olan dağıdıcı təsirini, eyni zamanda istifadəçilərdə depressiya, aqressivlik və müxtəlif psixi pozuntular yaratdığını sübut edir.

Bu zərərli vərdişlərdən qorunmaq üçün səhiyyə işçiləri tərəfindən paytaxtda və regionlarımızda müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir, ictimai səhiyyə mütəxəssisləri fəal təbliğat aparırlar. Bu maarifləndirmə tədbirləri bizim Mərkəzin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir və əməkdaşlarımız sözün əsl mənasında yorulmadan, böyük əzmkarlıqla təşviqat aparır, əhali arasında sağlam həyat tərzini təbliğ edir, davranışları dəyişməklə xəstəliklərin əsas risk amillərinin qarşısını almaq üçün müvafiq tövsiyələr verirlər. Biz sosial şəbəkələrdə də aktiv təbliğat aparır, zərərli vərdişlərin sağlamlığa təhlükəli təsir etdiyini vurğulayır,  xüsusən gənc nəsli düzgün yönəltməyə çalışırıq, güclü aludəçilik yaradan bu vərdişlərdən uzaq olmağa çağırırıq!..

Bizim www.isim.az rəsmi sayta daxil olaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərlə, maarifləndirici nəşrlər, o cümlədən mobil tətbiqlərlə tanış olmaq mümkündür. Əlbəttə, maarifləndirmə və məlumatlandırma çox əhəmiyyətlidir və onlar əhali arasında yayılır, öz təsirini göstərir. Lakin yalnız səhiyyə işçiləri və ya ayrı-ayrı qurumlar tərəfindən aparılan təşviqat tədbirləri yetərli deyil. Cəmiyyətin bütün təbəqələri bu məsuliyyəti öz üzərinə götürməlidir. Uinston Çörçillin “Cəmiyyətin sağlamlığı – öz üzərinə götürdüyü məsuliyyətin dərəcəsi ilə ölçülür” sözləri bu ehtiyacı gözəl ifadə edir. Maarifləndirmə, təbliğat və təşviqat tədbirlərində bizimlə – səhiyyə işçiləri ilə yanaşı, həm də tanınmış şəxslərin – ədəbiyyat və mədəniyyət xadimlərinin, tanınmış insanların, müəllimlərin rolu böyükdür. Onlar cəmiyyətin müxtəlif təbəqələrinə daha tez nüfuz etmək, geniş auditoriyaya təsir göstərmək qabiliyyətinə malikdirlər.

İctimaiyyətin dəstəyi ilə sağlamlıqla bağlı təbliğat daha güclü və təsirli olur. Müxtəlif elmi araşdırmalar göstərir ki, tütün və alkoqol əleyhinə aparılan kütləvi təbliğat kampaniyaları bu zərərli vərdişlərin istifadəsini ciddi şəkildə azaldır. ABŞ-da aparılan araşdırmalardan birində qeyd olunur ki, sosial reklamların 3-4 il davamlı verilməsi tütün istifadəsini 20%-ə qədər azalda bilər. Bu kampaniyalar nəinki zərərli vərdişlərin qarşısını almağa, eyni zamanda sağlam həyat tərzini təşviq etməyə kömək edir.

"Sağlam bir insan, öz ailəsi və cəmiyyəti üçün dəyərli bir investisiyadır" – müasir dövrdə bu fikri də vurğulamaq yerinə düşər. Bu cür təbliğat fəaliyyətləri sağlam həyat tərzinin normal hal kimi qəbul edilməsinə, gələcək nəsillərin sağlam həyat tərzini mənimsəməsinə gətirib çıxarır.

Nəticə olaraq bir daha vurğulayırıq ki, hər kəs öz davranışı və fəal mövqeyi ilə sağlam cəmiyyətin qurulmasına kömək edə, müstəqil Azərbaycan dövlətimizin inkişafı, xalqımızın işıqlı sabahı naminə bu gün görülən işlərə töhfə verə bilər. Unutmayaq ki, sağlamlıq yalnız  bir fərdin deyil, həm də xalqın varlığı, inkişafı və gələcəyidir. Bu kitabda verilən nümunələr, bədii dillə verilən tövsiyələr, yazıçıların səsləndirdiyi sosial çağırışlar hər bir oxucunu sağlam həyata doğru ilhamlandırmaq məqsədi daşıyır, sağlamlığın əsaslarını və sosial məsuliyyəti vurğulayır, hər birimizə sağlamlığın ən dəyərli sərvət olduğunu bir daha xatırladır.

Mən bu müsabiqədə iştirak edən bütün yaradıcı insanlara, dəyərli yazıçılarımıza təşəkkür edir, azad və gözəl Azərbaycan dövlətimizin hər bir vətəndaşına, hər bir oxucuya cansağlığı, uzun ömür, qurub-yaratmaq eşqi, xoşbəxt sabahlar arzu edirəm.