VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Zorakılıq / MƏQALƏLƏR
“Uşaq əməyi” anlayışı uşaqları uşaqlığından məhrum edən, onların haqqlarını pozan, fiziki və əqli inkişafına zərərli təsir göstərən iş kimi başa düşülür. Bu gün dünyada 160 milyon uşaq əməyindən istifadə olunur. Onların yarısı təhlükəli işlərdə çalışır. Uşaq əməyindən istifadə uşaqları sosial və mənəvi cəhətdən də təhlükəliyə atır. Onların məktəbdə təhsilinə mane olaraq məktəb davamiyyətinə və ya məktəbi erkən tərk etmələrinə şərait yaradır. Məktəbi iş saatları ilə balanslaşdıra bilməyən uşaqlar məktəbə getməkdən imtina edir.
Son onilliklər ərzində beynəlxalq ictimaiyyət uşaq əməyinin bütün formalarını qadağan etmək üçün əsaslı beynəlxalq hüquqi baza işləyib hazırlamışdır. 154 ölkə tərəfindən təsdiq edilmiş Uşaq Hüquqları Konvensiyasına əsasən, uşaq əməyinin istismarı qadağandır. Buna baxmayaraq uşaq əməyindən istifadə uşaqların fundamental hüquqlarını təhdid edən problem olaraq qalmaqdadır. Uşaq əməyi uşaqları təkcə ağır fiziki əməyə cəlb etmək deyil, eyni zamanda travmatik təsirlərə də səbəb olan, sağlamlıq üçün təhlükə yaradan işlərə məcbur edilməkdir.
Uşaq əməyinin təhlükəli növləri
Təhlükəli uşaq əməyi və ya təhlükəli iş, təbiətinə və ya yerinə yetirildiyi şəraitə görə uşaqların sağlamlığına, təhlükəsizliyinə və ya mənəviyyatına zərər vura bilən işdir. Təhlükəli iş fəaliyyətlərinə daxildir:
- Uşaqların fiziki, psixoloji və ya cinsi zorakılığa məruz qaldığı iş;
- Yeraltı, su altında, təhlükəli yüksəkliklərdə və ya qapalı yerlərdə işləmək;
- Təhlükəli maşın, avadanlıq və alətlərlə işləmək və ya ağır yüklərin daşınması ilə bağlı işlər;
- Uşaqların, məsələn, təhlükəli maddələrə, komponentlərə və ya proseslərə və ya onların sağlamlığına zərərli olan temperaturlara, səs-küy səviyyələrinə və ya vibrasiyalara məruz qala biləcəyi qeyri-sağlam mühitlərdə işləmək;
- Uzun saatlarla və ya gecə vaxtı, xüsusilə ağır şəraitdə işləmək, uşağın hərəkət azadlığının əsassız olaraq məhdudlaşdırıldığı və işəgötürənin ərazisində qalmağa məcbur edildiyi iş.
Birləşmiş Millətlər Təşkilatlı (BMT) uşaq əməyinin aradan qaldırılması üçün daha güclü tədbirlər görmək üçün Üzv Dövlətləri səfərbər etməyə və bu istiqamətdə dəstəkləməyə çalışır.
Ölkəmizin Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşından 18 yaşına kimi şəxslərlə əmək müqaviləsi bağlanarkən qanunvericiliyə əsasən onların qanuni nümayəndələrinin (valideynlərinin və ya övladlığı götürənlərin, qəyyumlarının, yaxud qanunla onları əvəz edən şəxslərin) yazılı razılığı tələb edilir. Məcəllədə yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, onlar üçün əlavə təminatlar, güzəştlər də əksini tapıb.