VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Ekologiya / MƏQALƏLƏR
Ev təsərrüfatında havanın çirklənməsi dedikdə, yemək bişirmək, evi isitmək və işıqlandırmaq üçün yanacaqların səmərəsiz şəkildə yandırılması nəticəsində evin içindəki və ətrafındakı havanın çirklənməsi və nəticədə həm daxili, həm də açıq havanın çirklənməsi nəzərdə tutulur. Ev təsərrüfatında havanın çirklənməsi uşaqların sağlamlığına təsir edə bilən qapalı hava çirklənməsinin bir növüdür.
“Ev təsərrüfatında havanın çirklənməsi” terminindən istifadə edildikdə, yemək bişirmək, istilik və işıqlandırma ehtiyacları üçün səmərəsiz texnologiyalardan istifadə etməklə yanacağın natamam yanması nəticəsində ayrılan çirkləndiricilərin qarışığı nəzərdə tutulur. Bu, evin içərisində, eləcə də evə yaxın ərazilərdə, məsələn, həyətyanı sahədə və ya icma sahələrində baş verir. Evdə yemək bişirmə, istilik və işıqlandırma ehtiyacları üçün səmərəsiz texnologiyalarda geniş istifadə olunan yanacaqlara daxildir:
- odun
- biokütlə
- daş kömür
- kerosin.
“Ev təsərrüfatında havanın çirklənməsi” termininin bu çirklənmə mənbələrini daha ümumi xarakterli “qapalı mühitdə hava çirklənməsi” terminindən fərqləndirilməsinin bir sıra səbəbləri mövcuddur :
1. Ev təsərrüfatında havanın çirklənməsinin sağlamlığa təsirlərinə məruz qalma əsasən təkcə evin içində deyil, evlərə və yaşayış sahələrinə yaxın ərazilərdə baş verir. Ev təsərrüfatında havanın çirklənməsinin bəzi mənbələri evin çölündəki sahələrdə ola bilər. Məsələn, ev təsərrüfatlarının əsas yemək bişirmə avadanlıqları evdən kənarda və ya həyətdə (soba və ya ocaq kimi) ola bilər;
2. Məişət işləri üçün çirkləndirici yanacaqlardan istifadə açıq havanın çirklənmə səviyyəsinə əhəmiyyətli dərəcədə töhfə verərək, ilkin mənbədən uzaqda olan icmalara da təsir edir;
3. Digər növ mənbələrdən, məsələn, radon, toz və kif nəticəsində qapalı mühitin çirklənməsinə istinad etmək üçün “qapalı mühitdə hava çirklənməsi” terminindən istifadə edilə bilər;
4.“Qapalı mühit” termini effektiv havalandırmanın və ya bacanın problemi həll edə biləcəyinə işarə edir. Lakin, ev təsərrüfatında havanın çirklənməsində əsas məsələ çirkləndirici yanacaqların səmərəsiz texnologiyalarla yandırılmasıdır.
Açıq havanın çirklənməsi ətraf (açıq) mühitdəki havanın çirklənməsidir. Çirklənmiş açıq hava ev və binalara daxil olaraq, qapalı mühitdə və ev təsərrüfatında havanın çirklənməsinə töhfə verə bilər. Açıq havanın çirklənməsi əsasən nəqliyyat və enerji təchizatı üçün mədən yanacaqlarının yandırılması, açıq havada yandırma və tullantıların idarə olunması işləri, kənd təsərrüfatı fəaliyyətləri, istehsalat işlərindən yaranan çirkləndiricilər, eləcə də təbiət hadisələrindən (qum fırtınaları və ya təbiət yanğınları kimi) qaynaqlanan çirkləndiricilər hesabına baş verir.
Ev təsərrüfatında havanın çirklənməsi evdə yemək bişirmək, istilik və işıqlandırma ehtiyacları üçün səmərəsiz texnologiyalardan istifadə etməklə yanacağın səmərəsiz şəkildə yandırılması nəticəsində baş verən çirklənmədir. Bunun nümunələrinə açıq ocaqda odun yandırmaq və ya səmərəsiz sobada kömür yandırmaq daxildir. Ev təsərrüfatında havanın çirklənməsi qapalı mühitdə havanın çirklənməsinin bir növüdür və açıq havanın çirklənməsinə əhəmiyyətli dərəcədə töhfə verir.
Qapalı mühitdə havanın çirklənməsi bina və tikililər daxilində və ətrafında, xüsusilə bina sakinlərinin sağlamlığı və rahatlığı ilə əlaqədə havanın keyfiyyətini müzakirə etmək üçün tez-tez istifadə olunan ümumi termindir. Ev təsərrüfatında havanın çirklənməsindən əlavə, bura qapalı mühitdə gündəlik məhsul və materiallarda (məsələn, tikinti materiallarında olan formaldehid və ya mebeldə olan benzol kimi) rast gəlinən yanmayan hava çirkləndiriciləri də daxildir. Tütün çəkmə kimi şəxsi fəaliyyətlər və qapalı məkanlarda istifadə olunan məhsullar, o cümlədən təmizlik məqsədilə istifadə edilən kimyəvi maddələr də qapalı mühitləri çirkləndirə bilər. Bundan əlavə, rütubətli şəraitdən qaynaqlanan bioloji çirkləndiricilər, məsələn, kif, qapalı mühitdə havanın çirklənməsinin başqa bir formasıdır.
Ev təsərrüfatında havanın çirklənməsi açıq havanın da çirklənməsinə töhfə verir. Çöldəki ocağın yaratdığı "məhəllə çirklənməsi" yaxınlıqdakı evlərə və ev təsərrüfatlarının bayır sahələrinə keçə, ev təsərrüfatlarının üzvlərini və qonşu evləri çirkləndiricilərin təhlükəli səviyyələrinə məruz qoya bilər.
Pnevmoniya bütün dünyada uşaq ölümünün əsas səbəblərindən biridir. Erkən uşaqlıq dövründə ev təsərrüfatında havanın çirklənməsinə məruzqalma uşağın aşağı tənəffüs yollarının infeksiyasına, o cümlədən pnevmoniyaya yoluxma riskini demək olar ki, iki dəfə artırır. 2019-cu ildə dünyada 5 yaşadək uşaqlar arasında 237 min ölüm halı ev təsərrüfatında havanın çirklənməsindən qaynaqlanan pnevmoniya ilə əlaqələndirilib. 2019-cu ildə bu, dünyada pnevmoniyadan ölən 5 yaşadək uşaqların 44%-ni təşkil edib .
İnsan sağlamlığı üçün zərərli olan bir çox çirkləndiricilər evdə yemək bişirmə, istilik və işıqlandırma ehtiyacları üçün çirkləndirici yanacaqlardan və səmərəsiz texnologiyalardan istifadə nəticəsində əmələ gələ bilər. Bu slayddakı təsvirdə odun, daş kömür, ağac kömürü, kerosin, heyvan təzəyi və bitki tullantısı kimi çirkləndirici yanacaq nümunələri göstərilir. Bunlar səmərəsiz texnologiyalar, o cümlədən səmərəsiz sobalar, açıq ocaqlar və yandırma, zəif havalandırılan və ya düzgün işləməyən kaminlər, ev peçləri, generatorlar və su qızdırıcıları, neft və kerosin lampalarından istifadə etməklə yandırılır və ev təsərrüfatında hava çirkləndiriclərinin səviyyələrinin artmasına səbəb olur.
Yanma zamanı müxtəlif kimyəvi maddələr qazlar və ya hissəciklər (asılı maye və bərk hissəciklər) şəklində ayrılır. Uşaqların sağlamlığı üçün ev təsərrüfatında təhlükə yaradan əsas hava çirkləndiriciləri:
- hissəciklər (PM)
- dəm qazı
- qara karbon
- azot dioksid
- kükürd dioksid
- Yanma zamanı ayrılan hissəciklərin bir hissəsini də digər müxtəlif üzvi və qeyri-üzvi birləşmələr, məsələn, polisiklik aromatik karbohidrogenlər, benzol və formaldehid təşkil edə bilər.
Ev təsərrüfatında havanın çirklənməsi sağlamlığa zərər verən çirkləndiricilərin - hissəciklər, qazlar və digər kimyəvi birləşmələrin mürəkkəb və daim dəyişən qarışığıdır. Ev təsərrüfatında yanmadan yaranan tüstünün komponentləri qismən nəqliyyat, sənaye çirklənməsi və tütün tüstüsünün məlum komponentləri ilə üst-üstə düşür. Evdə yemək bişirmək, istilik və işıqlandırma üçün yanma zamanı əmələ gələn çirkləndiricilərin növü və miqdarı aşağıdakılardan asılıdır:
- yanacağın tərkibi (o cümlədən tərkibindəki su);
- yanma şəraiti (yüksək və ya aşağı temperatur, hava axını və rütubət);
- yanma üsulu;
- bəzi texnologiyaların işləməsi.
Təbii qaz və maye qaz sağlamlıq üçün təmiz hesab olunur. Lakin onlar nasaz işləyən və ya yaxşı qulluq edilməyən məişət cihazlarında istifadə olunduqda, daxili mühiti təhlükəli dərəcədə yüksək miqdarda çirkləndiricilərlə, xüsusilə də dəm qazı ilə çirkləndirə bilər.
Bu slayd evdə yemək bişirmək, isitmə və işıqlandırma üçün istifadə edilən çirkləndirici yanacaqlar və səmərəsiz texnologiyalardan ayrılan dörd əsas hava çirkləndiricisinin xüsusiyyətlərini təsvir edir.
Hissəciklər (PM) havanın çirklənməsinin səviyyəsini ölçmək üçün qlobal miqyasda geniş istifadə olunan əvəzedici göstəricidir. O, havada asılı vəziyyətdə olan üzvi və qeyri-üzvi maddələrdən yaranan bərk və maye hissəciklərin mürəkkəb qarışığıdır. Bəzi hissəciklər birbaşa ayrılır, digərləri isə atmosferdəki reaksiyalar nəticəsində əmələ gəlir. PM-in əsas komponentləri sulfatlar, nitratlar, ammonyak, natrium xlorid, qara karbon, mineral toz və sudur. Bəzi hissəciklər gözlə görünəcək qədər böyük və ya tünddür. Ancaq digər hissəciklər o qədər kiçik olur ki, onları yalnız mikroskopla görmək mümkündür. Evdə yemək bişirmə, istilik və işıqlandırma ehtiyacları üçün səmərəsiz və nasaz texnologiyalardan istifadə etməklə çirkləndirici yanacaqların yanması daxili havaya əhəmiyyətli miqdarda çirkləndirici PM hissəciklərin yayılmasına səbəb ola bilər. Bu təlim modulunda, insan sağlamlığına əhəmiyyətli təsirlərinə görə PM-in iki əsas növü müzakirə olunur: Bunlar slaydın sol tərəfindəki şəkildə tək saç tükü və sahil qumu dənələri ilə müqayisədə vizuallaşdırılır:
- PM10: diametri 10 mikrondan (µm) aşağı olan hissəciklər. PM10 sol şəkildəki mavi dairələrlə təsvir edilir;
- PM2.5: diametri 2,5 µm-ə bərabər və ya ondan az olan hissəciklər. Kiçik PM olaraq da adlandırılan bu hissəciklər insan sağlamlığı üçün ən böyük risk hesab olunur. PM2,5 sol şəkildəki çəhrayı dairələrlə təsvir edilir;
Dəm qazı rəngsiz, qoxusuz, dadsız, qıcıqlandırıcı olmayan qazdır. O, yana bilir və havada partlayıcı qarışıqlar əmələ gətirə bilər. Dəm qazı insan sağlamlığı üçün çox zərərlidir. İnsan bədəninə daxil olduqdan sonra, dəm qazı qanda həll olur və burada hemoqlobinə yapışmaq üçün oksigenlə rəqabət aparır. Bu proses toxumalar üçün oksigenin mövcudluğunu azaldır və çoxsaylı sağlamlıq problemlərinə səbəb ola bilər. Çox yüksək səviyyələrdə olduqda, dəm qazı sürətlə ölümə səbəb ola bilər. Evdə dəm qazı ilə çirklənmə, ilk növbədə, zəif havalandırılan sahələrdə kömür kimi karbon əsaslı yanacaqların yanmasından qaynaqlanır. Bundan əlavə, qaz və maye qaz (LPG) sağlamlıq üçün təmiz hesab olunur, lakin qaz cihazı, məsələn, soba və ya su qızdırıcısı nasazdırsa və ya yaxşı texniki qulluq edilmirsə, dəm qazı yarana və ev havasını çirkləndirə bilər. Dəm qazı insanlar tərəfindən görmə, qoxu və ya dad vasitəsilə aşkar edilə bilmir. Buna görə də, ətraf mühitdəki dəm qazı səviyyəsini aşkar etmək üçün digər vasitələr, məsələn, dəm qazı detektorları tələb olunur.
Azot dioksid fərqli, kəskin qoxusu olan qırmızımtıl-qəhvəyi qazdır . O, çox vaxt azot turşusu da daxil olmaqla, daha geniş azot oksidləri qrupu üçün göstərici kimi istifadə olunur. Azot dioksid qlobal miqyasda atmosfer havasının çirklənməsi səviyyələrində önəmli rol oynayır və eyni zamanda insan sağlamlığına çoxsaylı təsirlər, xüsusilə astma və digər tənəffüs problemləri ilə əlaqələndirilir. Yanacaqlarda olan azot yüksək temperaturda yanma zamanı azot dioksidə çevrilir. Qaz və maye qazda (LPG) daha aşağı miqdarda azot olur, lakin ventilyasiyasız qaz qızdırıcıları və sobalardan istifadə ilə əlaqədar evlərdə azot dioksid səviyyələri daha yüksək ola bilər .
Kükürd dioksid daş kömür, neft və biokütlə kimi tərkibində kükürd olan yanacaqların yanması nəticəsində yaranan kəskin qoxulu rəngsiz qazdır. Tarixən, kükürd dioksid havanın çirklənməsinin əsas komponentlərindən biri olub və əhəmiyyətli sayda tədqiqatlar onun insan sağlamlığına təsirlərinə yönəlib. Ev təsərrüfatında havanın çirklənməsində kükürd dioksidin səviyyəsi ilk növbədə yemək bişirmək və isitmə məqsədləri üçün daş kömür və kerosinin yanması ilə əlaqəlidir.
İnsanların havanın çirklənməsinə məruzqalma yollarına nəfəsalma və dəri və gözdən sorulma, həmçinin udma daxildir. Əsas məruzqalma yolu slaydda göstərildiyi kimi nəfəsalmadır. Havadakı çirkləndiricilər bir neçə amildən asılı olaraq tənəffüs sisteminin fərqli hissələrinə çatır. Hissəciklərin (PM) ölçüsü hissəciklərin tənəffüs sisteminə nə dərəcədə nüfuz edə biləcəyini təyin edən ən vacib amildir. Digər amillərə daxildir:
- çirkləndiricinin xüsusiyyətləri, məsələn, hissəciklərin ölçüsü və kimyəvi tərkibi;
- fərdin fizioloji xüsusiyyətləri, məsələn, xəstəliyin olması və ya fəallıq səviyyəsi, idman etməsi.
Slayddakı təsvir ölçülərindən asılı olaraq hissəciklərin tənəffüs sisteminə nə dərəcədə nüfuz edə biləcəyini göstərir:
- Ölçüsü 10 mikrondan (µm) böyük olan hissəciklər və ya iri hissəciklər nəfəsalma zamanı burun kanalından keçə bilməyəcək qədər böyükdür və burun və boğazda yığılırlar.
- 10 və 2,5 µm arasında olan hissəciklər nəfəs borusuna, bronxlara və bronxiollara keçə biləcək qədər kiçikdir və onlarda qıcıqlanmaya və nəticədə öskürəyə səbəb ola bilər.
- Həm 2,5 µm-dən kiçik hissəciklər (PM2.5), həm də 0.1 µm-dən (PM0.1) kiçik olan ultra kiçik hissəciklər ağciyərə daxil ola, ağciyər baryerini keçə və qan dövranına sorula bilər və buradan digər orqanlara keçə və sistem təsirləri göstərə bilər.
Ev təsərrüfatında hava çirkləndiricilərinin miqdarı və uşaqların ev təsərrüfatında havanın çirklənməsinə məruz qaldığı müddət risk altında olan uşaqları və sağlamlığa potensial mənfi təsirləri müəyyən etmək üçün mühüm amillərdir. ÜST-nin havanın keyfiyyətinə dair təlimatlarına əsasən, kiçik hissəciklərin (PM2.5) gündəlik orta konsentrasiyası hər kubmetrə 15 mikroqramdan (μg/m3) yuxarı olmamalıdır. Yemək bişirmək üçün çirkləndirici yanacaqlar və səmərəsiz texnologiyalardan istifadə səbəbindən ev təsərrüfatında havanın çirklənməsini ölçən tədqiqatlar evlərdə PM2.5-in əhəmiyyətli dərəcədə yüksək olduğunu aşkar edib. Zəif havalandırılan evlərdə yemək bişirmək, isitmə və işıqlandırma üçün çirkləndirici yanacaqlar və texnologiyalardan istifadə nəticəsində yaranan tüstü PM2.5 üçün yolverilən səviyyədən 100 dəfə yüksək səviyyəyə çata bilər. Tədqiqatlardan birində müəyyən edildi ki, yemək bişirmək üçün odundan istifadə nəticəsində 24 saat ərzində PM2.5-in mətbəxdə orta konsentrasiyası 387 - 3100 μq/m3 arasında dəyişir. Ev təsərrüfatında havanın çirklənməsinə ən çox məruz qalanlar ev işləri ilə məşğul olaraq evdə və onun ətrafında ən çox vaxt keçirənlərdir. Qadınlar və uşaqlar ev təsərrüfatlarının digər üzvləri ilə müqayisədə ev təsərrüfatında havanın çirklənməsinə daha tez-tez və daha uzun müddət ərzində məruz qalırlar.
Uşaqların ev təsərrüfatında havanın çirklənməsinə məruz qalması.
Səhiyyə işçilərinin uşaqların ev təsərrüfatında havanın çirklənməsinə xüsusi həssaslığını və meyilliliyini ayırd etməsi vacibdir. Ev təsərrüfatında havanın çirklənməsi bütün dünyada insanların sağlamlığı üçün ekoloji təhlükə olsa da, hamı eyni dərəcədə təsirlənmir. Uşaqlar ev təsərrüfatında havanın çirklənməsindən digərlərinə nisbətən daha çox təsirlənən bir qrupdur.
Uşaqların ev təsərrüfatında havanın çirklənməsi ilə bağlı üzləşdiyi riskləri başa düşmək üçün meyillilik və həssaslıq anlayışlarını anlamaq vacibdir:
- meyillilik - havanın çirklənməsinə məruzqalmanın sağlamlığa təsir göstərmə riskini artıran anadangəlmə və ya qazanılmış fiziki meyilləri (məsələn, əvvəldən mövcud olan patologiya və ya xəstəlik kimi) ehtiva edir. Meyilliliyi olan əhali qrupu ümumi əhali ilə müqayisədə çirkli havaya daha böyük reaksiya verə bilər. Uşaqların hava çirklənməsinin təsirlərinə meyilliliyinə aid nümunələrə onların yaşı və inkişaf vəziyyəti daxildir;
- həssaslıq - yaşayış yeri və ya sosial-iqtisadi vəziyyət kimi xarici amillər səbəbindən havanın çirklənməsinə daha çox məruz qalan insanları aiddir.
Ətraf mühitlə bağlı bir çox təhlükələrdə olduğu kimi, uşaqlar çox vaxt bir neçə səbəbdən artan məruzqalma riski altındadırlar. Ev təsərrüfatında havanın çirklənməsi də bu baxımdan istisna deyil.
Uşaqlar böyüklərlə müqayisədə ev təsərrüfatındakı çirklənmiş havaya fərqli və özünəməxsus formalarda məruz qalırlar. Ev təsərrüfatında mövcud olan bəzi çirkləndiricilər ciftdən keçərək inkişaf etməkdə olan dölü ananın üzləşdiyi çirkləndiricilərə məruz qoya bilər. Tədqiqatlar nəticəsində doğuşaqədərki dövrdə ev təsərrüfatında havanın çirklənməsinə məruzqalma ilə bəzi mənfi doğum nəticələri riskinin artması arasında əlaqə müəyyən edilib. Uşaqlar kiçik olduğundan və çox vaxt yerə yaxın oynadıqlarından, onların bəzi çirkləndiricilərə məruz qalma səviyyələri böyüklərlə müqayisədə arta bilər. Bundan əlavə, bir çox xalqlarda körpələr və azyaşlı uşaqlar adətən evdə daha çox vaxt keçirir, çox vaxt ev işləri yerinə yetirilərkən valideynlərini müşayiət edirlər ki, bu da onların çirkli məişət havasına məruz qalmasını artırır.
Hələ yeriməyi öyrənməmiş uşaqlar anaları və ya başqa bir baxıcının yanında əhəmiyyətli dərəcədə çox vaxt keçirə bilər və evdə yemək bişirmə, istilik və işıqlandırma ehtiyacları üçün səmərəsiz texnologiyalardan istifadə ilə əlaqədar yanacaqların yanması səbəbindən əhəmiyyətli miqdarda hissəciklərə məruz qala bilərlər.
Evdə keçirilən vaxt coğrafi bölgə, iqlim, fəsillər və hava da daxil olmaqla bir çox amillərdən asılıdır. Bir ərazinin şəhər və ya kənd olması, habelə bölgənin iqtisadi inkişafı içəridə keçirilən vaxtın miqdarına təsir göstərə bilər. Sosial və mədəni aspektlər də ev təsərrüfatı fəaliyyətlərinə təsir göstərə bilər.
Dinamik inkişaf fiziologiyası səbəbilə, uşaqlar çirklənmiş ev havasında rast gəlinən çirkləndiricilərə daha çox məruz qalırlar.
Çünki onlar anabolikdir və sürətlə böyüyürlər, böyüklərdən daha sürətlə nəfəs alırlar və hər bədən çəkisi vahidinə daha çox hava ilə nəfər alırlar. Beləliklə, havadakı çirkləndiricilər böyüklərə nisbətən uşaqların daxili orqanizminə daha yüksək dozalarda nüfuz edir. Uşaqlar arasında ağızdan nəfəsalma daha çox rast gəlinir və burun filtrasiyası baş vermir ki, bu da öz növbəsində onların ev təsərrüfatında daha yüksək miqdarda çirkləndiricilərə, o cümlədən kiçik hissəciklərə (PM2.5) məruz qalmasına səbəb ola bilər.
İnkişaf etməkdə olan fiziologiya ilə əlaqədar olaraq, uşaqların immun, tənəffüs və mərkəzi sinir sistemləri tam formalaşmayıb və ətraf mühitin qıcıqlandırıcılarına, o cümlədən ev təsərrüfatında havanın çirklənməsinə çox həssasdırlar. Tam formalaşmamış tənəffüs sistemi çirklənmiş havanın əsas hədəfidir. Yeni doğulmuş körpələr böyüklərdə mövcud olan alveolların yalnız 30-50%-nə malik olur. Alveolların inkişafı ən sürətlə həyatın ilk 18-24 ayında baş verir, lakin 8 yaşa qədər davam edə bilər. Bu dövrdə uşaqlarda ağciyər səthinin sahəsinin ağciyər həcminə nisbəti böyüklərə nisbətən daha yüksək olur, həmçinin böyüklərə nisbətən, ağciyər səthinin sahəsinin bədən çəkisinə nisbəti daha böyük olur. Bu amillər havanın çirklənməsindən qaynaqlanan hissəciklərin daha çox udulmasını asanlaşdırır.
Uşaqlarda tənəffüs yolları böyüklərə nisbətən daha kiçikdir, buna görə də havanın çirklənməsi nəticəsində yaranan iltihab daha çox tənəffüs yollarının mütənasib dərəcədə daha çox tıxanmasına səbəb olur. Böyüklərdə yalnız kiçik bir reaksiyaya səbəb ola biləcək çirklənmiş havanın yaratdığı qıcıqlanma azyaşlı uşağın tənəffüs yollarında potensial olaraq əhəmiyyətli dərəcədə obstruksiya ilə nəticələnə bilər.
Ağciyər funksiyasında həssaslıq səbəbilə birdəfəlik dəyişikliklərin baş verməsi imkanları uşaqlıq dövrünün müxtəlif mərhələlərində mövcudluğunu saxlayır. Alveolların inkişafı 2 yaşadək əhəmiyyətli dərəcədə tamamlansa da, ağciyərin inkişafı yeniyetməlik dövründə də davam edir və somatik inkişaf ilə paralel baş verir. Qadınlarda təxminən 18 yaşa, kişilərdə isə 20-23 yaşa qədər tamamlandığı hesab edilir. Uşaqların sistemləri tam inkişaf edənə qədər (yetkinlik dövrü səviyyəsində), havanın çirklənməsinə məruzqalma funksiyanı geridönən və geridönməz şəkildə dəyişə bilər.
Sonuncusu, koqnitiv inkişafın tam başa çatmaması da uşaqların çirkli havaya məruz qalma riskini artırır. Azyaşlı uşaqlar ev təsərrüfatında havanı çirkləndirən mənbələrdən kənarda qalmağı bilmirlər, ən kiçik uşaqlar isə ümumiyyətlə müstəqil kənarlaşmaq qabiliyyətinə malik deyillər. Uşaqlar həm də böyüklərdən daha çox fiziki aktiv olmağa meylli olduğundan, bu, onların nəfəsalma sürətlərini və ev təsərrüfatında havanın çirklənməsinə məruz qalmalarını artırır. Uşaqlarda tənəffüs simptomları (məsələn, bronxospazm) meydana çıxmağa başlayanda onların müvafiq məşğuliyyətlərini dayandırmaq ehtimalı böyüklərdən daha azdır və bu, uzun müddət məruz qalma və daha kəskin şəkildə xəstələnmə ilə nəticələnə bilir.
Uşaqların tənəffüs yolları böyüklərə nisbətən daha dardır. Nəticədə, hava çirkləndiricilərinə məruz qalma nəticəsində yaranan qıcıqlanma tənəffüs yollarının mütənasib olaraq daha böyük obstruksiyası ilə nəticələnə bilər. Bu slayddakı qrafik böyüklər və vaxtında doğulmuş körpə arasında tənəffüs yollarının ölçüsündəki fərqi göstərir. Böyüklərə təsir etməyən qıcıqlanma uşaqların ağciyərlərinin ciddi obstruksiyası və ya zədələnməsi ilə nəticələnə bilər, çünki onlar ödemin təsirinə böyüklərə nisbətən daha həssasdırlar. Şəkildə göstərildiyi kimi, bir millimetr (mm) ödem böyüklər üçün tənəffüs yolunun diametrini 19%, vaxtında doğulmuş körpənin hava yolunun diametrini isə 56% azalda bilər.