VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Ekologiya / MƏQALƏLƏR
Qurğuşun yer qabığında təbii olaraq yaranan mavi-boz, ağır, yumşaq metal elementdir. Bu gün ətraf mühitdə qurğuşunun yayılması əsasən antropogen mənşəlidir. Sənayeləşmə, mədənçıxarma, əritmə, akkumulyatorlar kimi qurğuşun tərkibli məhsulların emalı və təkrar emalı, nəqliyyat vasitələrində və aviasiya yanacağında qurğuşunlu benzinin istifadəsi, eyni zamanda keramika və elektron əşyaların istehsalında qurğuşunun istifadəsi onun ətraf mühitə xaric olmasını artırmışdır.
2015-ci ildə qurğuşunun qlobal istifadəsinin təxminən 80%-i avtomobillər və digər nəqliyyat vasitələri üçün akkumulyatorlardan əldə edilmişdir. Qlobal qurğuşun istehlakı enerjiyə qənaət edən avtomobillərə artan tələbat səbəbindən artır.
Qurğusuna məruz qalma onun insan orqanizmində toplanması ilə nəticələnir. Qurğuşun ürək-damar, hematoloji, böyrək, mədə-bağırsaq və mərkəzi sinir sistemləri daxil olmaqla bir çox sistemə təsir edən toksikantdır. ÜST qurğuşunu ictimai sağlamlığı narahat edən 10 kimyəvi maddədən biri kimi müəyyən etmişdir.
Qurğuşunun üç forması var:
1. Elementar, təbii olaraq yer qabığında mövcuddur;
2.Üzvi, əvvəllər nəqliyyat vasitələrində qurğuşunlu benzində istifadə edilmişdir, insanlar üçün çox zəhərlidir və müəyyən peşələr istisna olmaqla məruz qalma ehtimalı azdır;
3. Qeyri-üzvi, bu gün boya və qurğuşun-turşu batareyaları da daxil olmaqla bir çox əşyada istifadə edilən qurğuşun forması və uşaqların ən çox məruz qaldığı formadır.
Uşaqlar, hamilə qadınlar və onların doğulmamış körpələri qurğuşuna məruz qalmanın sağlamlıq üçün mənfi təsirlərinə xüsusilə həssasdırlar. Erkən uşaqlıq dövründə və ya ana bətnində qurğuşuna məruz qalma beyin və MSS-nin inkişafına qalıcı və geri dönməz təsirlər göstərə bilər. Hamilə qadınların yüksək səviyyədə qurğuşuna məruz qalması düşük, ölü doğum, vaxtından əvvəl doğuş və aşağı çəkili doğuşa səbəb ola bilər. Qurğuşuna məruz qalmanın qarşısının alınması uşaqların sağlamlığı, inkişafı və gələcəyinin təminatının açarıdır. Benzin, boya, santexnika və lehimdə qurğuşun istifadəsinə dair son zamanlarda olan məhdudiyyətlər əhali səviyyəsində qanda qurğuşunun qatılığının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnmişdir.
2019-cu ildə qlobal miqyasda 2 milyondan çox insanın ölümü kimyəvi maddələrlə əlaqələndirilmişdir. Qurğuşuna məruz qalma bu ölümlərin təxminən yarısına aid edilmişdir.
Qurğuşuna məruz qalmanın nəticələri:
- İdiopatik inkişaf zəka çatışmazlığının qlobal yükünün 62,5%-I;
- Qlobal hipertenziv ürək xəstəliyinin 8,2%-I;
- Qlobal işemik ürək xəstəliyinin 4,6%-I;
- Qlobal insultların 4,7%-I əhatə edir.
Qurğuşuna məruz qalma mənbələri: evdə
- Qurğuşun əsaslı boya
- Köhnə borulardan içməli su
- Məişət əşyaları- qab-qacaq üzərindəki keramik şirələr, bəzi ənənəvi və ya bitki mənşəli vasitələr, bəzi oyuncaqla, zərgərlik, ədviyyatlar, mum rəngli karandaşlar
- Peşə riskləri- evdə aparılan təmir işləri, təkrar emal
Qurğuşunla əlaqəli bəzi peşələrə aşağıdakılar daxildir: tikinti, santexnika, rəssamlıq, duluzçuluq, qaynaqçılıq, akkumulyator istehsalı və ya təkrar emal sahəsi, şüşə istehsalı, silah istehsalı, zərgərlik, qurğuşun əritmə və s. Qurğuşunla çirklənmiş paltar, ayaqqabı və ya materiallar iş yerindən evə geri gətirildikdə ev sakinləri qurğuşuna məruz qalırlar. Eyni zamanda bu kimi iş yerləri evdə olduqda, qurğuşuna davamlı olaraq məruzqalma baş verir.
Batareyaların, metalların və elektron tullantıların doğru saxlanmaması və təkrar emalı uşaqlarda qurğuşun zəhərlənməsinin ağır hallarına səbəb ola bilər.
Qurğuşuna məruz qalma mənbələri: qurğuşunla çirklənmiş ərazilər
- Sənaye- mədənçıxarma, əritmə, batareyanın istehsalı və təkrar emal, elektron tullantı qurğuları, kimya istehsalı
- Qurğuşunla çirklənmiş torpaq
- Sənaye tullantıları və metal şlakları olan poliqonlar
Uşaqlarda qurğuşuna məruz qalma yolları: Prenatal
Prenatal qurğuşun məruz qalma ananın bədən yükü ilə müəyyən edilir:
- Qurğuşun hamiləlik zamanı ana sümüyündən qana nəql oluna bilir - Kalsium çatışmazlığı
- Qurğuşun ciftdən asanlıqla dölə keçə bilir
- Ananın və yenidoğulmuşun qanındakı qurğuşun səviyyəsi arasında güclü qarşılıqlı əlaqə var
Qurğuşun (keçmiş məruz qalma nəticəsində) hamiləlik zamanı, xüsusilə anada kalsium çatışmazlığı olduqda metobolik stres altında ana sümüyündən qan dövranına və daha sonra cift vasitəsilə dölə asanlıqla keçə bilir. Tədqiqatlar göstərmişdir ki, yenidoğulmuşun qanında qurğuşunun səviyyəsi anasınkının 70-100%-i arasında ola bilər. Dölün qan-dövranına girdikdən sonra qurğuşun yetişməmiş qan-beyin baryeri vasitəsilə inkişaf etməkdə olan beyin toxumasına daxil ola bilir.
Uşaqlarda qurğuşuna məruz qalma yolları: Postnatal
- Udma
- Tənəffüs yolu ilə
Postnatal məruz qalmalar udma və tənəffüs yolu ilə baş verir. Uşaqlar qurğuşunla çirklənmiş qida və suyun istehlakı ilə qurğuşuna məruz qala bilərlər. Uşaqlar həmçinin qurğuşunu qeyri-qidalı maddələrlə, məsələn, qurğuşun boyası lopaları və ya kosmetika, çirklənmiş torpaq və toz vasitəsilə uda bilərlər. Qurğuşun ana südünə də keçə bilər (yalnız plazma hissəsi), lakin analar çox yüksək səviyyədə məruz qalmadıqca, qurğuşunun miqdarı ana südündə ətraf mühit mənbələri ilə müqayisədə çox kiçik miqdardadır. Ana südü ilə qidalandırmanın faydaları böyükdür və bu, yalnız xüsusi hallar (əks-göstərişlər) istisna olmaqla davam etməlidir. ÜST və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) həyatın ilk 6 ayı ərzində yalnız ana südü ilə qidalandırmağı, əlavə qidalarla birlikdə isə iki ilədək və daha çox ana südü ilə qidalandırmağı tövsiyə edir.
Hava-damcı yolu ilə qurğuşunun inhalyasiyası uşaqlar üçün əsas məruz qalma mənbəyi hesab edilmir və daha çox peşə fəaliyyətinə məruz qalan böyüklərdə rast gəlinir. Uşaqlar sənaye və fəaliyyətlər nəticəsində yaranan tüstü və tozun tərkibində olan tullantıların açıq yandırılması da daxil olmaqla havadakı qurğuşunun incə hissəciklərinə məruz qala bilərlər.
Qurğuşun dəri vasitəsilə də sorula bilər. Qurğuşunun üzvi formaları (məsələn, əvvəllər benzində istifadə edilən tetraetil qurğuşun) dəri vasitəsilə asanlıqla sorula bilir. Qeyri-üzvi qurğuşun, məsələn, kosmetik məhsullar, dəri vasitəsilə zəif sorulur və qeyri-əhəmiyyətli məruz qalma yolu hesab olunur.
Uşaqlar dinamik inkişaf fiziologiyasına malikdirlər, yəni onlar nevroloji və orqan inkişafının həssas dövrlərindən keçirlər. Bu proseslər pozularsa, uşaq ömrünün sonuna kimi mənfi sağlamlıq təsirlərinə məruz qalır.
Təxminən 2 yaşınadək uşaqlarda kəşfiyyat xarakterli davranışlar səbəbilə boya lopalarından, tozdan və ya çirklənmiş torpaqdan qurğuşuna məruz qalma ehtimalı böyükdür və qanda qurğuşunun səviyyəsi pik həddə çata bilər.
Uşaqların maddələr mübadiləsi böyüklərinkindən fərqlidir və udulan qurğuşunun absorbsiyası böyüklərə nisbətən yüksəkdir. Belə ki, uşaqlar udulan qurğuşunun 50%-ə qədərini (yetkinlər qəbul edilən qurğuşun dozasının 10%-ə qədərini) absorbsiya edə bilir, çünki uşaqlar bədənlərinin ölçüsünə görə böyüklərə nisbətən daha çox hava nəfəs alır, su içir və qida qəbul edirlər.
Anemiya ilə müşayiət olunan və ya olmayan dəmir çatışmazlığı hallarında qurğuşun absorbsiyası yüksələ bilər. Udulduqdan sonra qurğuşun böyüklərə nisbətən gənc uşaqlarda MSS-nə daha yüksək dərəcədə nüfuz edir. İnkişaf etməkdə olan sinir sistemi zəhərli zədələrə çox həssasdır. Hamiləlik və erkən uşaqlıq dövründə qurğuşuna məruz qalma uşaqların nevroloji inkişafına geri dönməz və ömürlük təsir göstərə bilər.
Uşaqların qarşıda uzun illəri olduğundan, qurğuşunun toksik təsirləri erkən və ya həyatın sonrakı dövrlərində üzə çıxa bilər.
Qurğuşun hər kəs üçün zərərlidir və aşağıda sadalanan orqan və sistemlərə zərər verə bilər:
- beyin;
- böyrəklər;
- qaraciyər;
- ürək-damar və qan dövranı sistemləri;
- reproduktiv sistem.
İnsanlar üçün qurğuşun məruz qalmasının təhlükəsiz səviyyəsi yoxdur. Yetkinlərdə qurğuşun məruz qalması işemik ürək xəstəliyi və insult riskinin artması ilə əlaqələndirilir. Hamilə qadınlarda və inkişaf etməkdə olan döldə mənfi doğum və sağlamlıq nəticələri ilə əlaqələndirilir. Gənc uşaqlar qurğuşun təsirinə həssasdırlar. Uşaqlıq dövründə qurğuşuna məruz qalma əqli qüsurlara, və davranış problemlərinə səbəb ola bilər.
Uşaq orqanizmində paylanması
- Qırmızı qan hüceyrələri vasitəsilə dövr edir
- Yumşaq toxuma və orqanlarda paylanır: qaraciyər, böyrəklər, ağciyərlər, beyin
- Sümüklərdə uzun müddət depolanır – 20 ilə qədər
- Zərər geri dönməz ola bilər: intellektual inkişaf potensialının azalması, davranış pozğunluqları ehtimalının artması, diqqət pozuntusu.
Bədənə daxil olduqdan sonra
- İlk olaraq qurğuşun qan axını ilə dövr edir, qurğuşunun 99%-i qırmızı qan hüceyrələrində, yalnız 1%-i plazmada dövr edir;
- Sonra yumşaq toxumalarda və orqanlarda, o cümlədən qaraciyər, böyrəklər və beyin toxumasında paylanır; və
- Nəhayət, sümüklərdə toplanır.
Bədəndəki qurğuşun yükünün böyük hissəsi sümüklərə paylanır. Uşaqlarda qurğuşunun 73%-i sümüklərdə toplanır. Sümükdə qurğuşunun konsentrasiyası yaşla arta bilər, bu da onun çox gec xaric olma prosesini göstərir. Hamiləlik və laktasiya zamanı qurğuşun sümüklərdən qan dövranına nəql olunaraq yüksək konsentrasiya təşkil edir. Qurğuşun bədəndən əsasən sidik (təxminən 2/3hissəsi) və nəcis (qalan hissəsi) vasitəsilə xaric olur. Bədəndəki qurğuşun yükünün böyük hissəsi sümüklərə paylanır. Uşaqlarda qurğuşunun 73%-i sümüklərdə toplanır.
Qurğuşunun toksikliyi
- İnsan orqanizminə qurğuşunun heç bir faydası yoxdur
- Çoxlu orqan və sistemlərə təsir edən bir neçə toksiklik mexanizmlərinə malikdir
- Sulfhidril qrupları vasitəsilə fermentləri inhibə edir
- Kalsiumun homeostazını və siqnalını pozur
- Sinaptik ötürülmə və nevroloji funksiyada mühüm rol oynayan protein kinaz C-ni aktivləşdirir və inhibə edir
- Oksidləşdirici stress
- Kanserogen ehtimalı
Mədə-bağırsaq: Abdominal kolik və ya qurğuşun kolikası qarın boşluğunun digər kəskin fövqəladə halları ilə səhv salına bilən qarın kramplarının ağrılı epizodudur. Mədə-bulantısı, qusma, iştahsızlıq və qəbzlik tez-tez və ishal isə daha az müşahidə olunur. Bu təsirlər ən çox qanda qurğuşunun səviyyəsi 50 μg/dL -dən çox olan uşaqlarda baş verir. Hemotoloji: Dəmir çatışmazlığı olan kiçik uşaqlar qurğuşun-qaynaqlı klinik anemiya ilə yüksək risk qrupuna aid edilirlər. Qurğuşunla təmasda olan uşaqlarda anemiya qanda qurğuşun səviyəsinin 10 μg/dL-dən az olduğu hallarda baş verir. Reproduktiv: Yetkinlərdə həm kişi, həm də qadın sonsuzluğu qanda qurğuşun səviyyəsinin 30 μg/dL-dən çox olması ilə əlaqələndirilir. Yeniyetmələrdə yetkinlik gecikə bilər.
Qanda qurğuşun səviyyəsi qurğuşun məruz qalmasının ən yaxşı biomarkeridir. Elimi tədqiqatlar kapilyar qan təhlilinin uşaqlarda və hamilə qadınlarda qurğuşunun qanda yüksək səvyyəsini aşkar etmək üçün ideal metod olduğunu sübüt etmişdir. Qanda qurğuşun səviyyəsini təyin etmək üçün iki müxtəlif üsulla nümunə götürülə bilər :
- kapilyar barmaq və ya daban qanının təhlili aşağı qiymətli və ixtisaslı laborator mütəxəssislərtələb etməyən kiçik miqdarda qan nümunəsi ilə xəstənin olduğu məkanda rahat şəkildə həyata keçirilir;
- venoz qan nümunələri yüksək dəqiqliyə malik olub mürəkkəb avadanlıq və yüksək ixtisaslı mütəxəssislər tələb edir. Qanda qurğuşunun yüksək səviyyəsini təsdiqləmək və fərdi müalicə kursunu təyin etmək üçün venoz qan nümunələri önəmli haseb edilir.
Qurğuşun konsentrasiyasını təyin etmək üçün qan nümunələrinin təhlili iki müxtəlif üsulla həyata keçirilə bilər:
- Portativ anodik sıyırma voltametriyası (ASV) aşağı qiymətli, yalnız barmaq və ya daban kapilyar qan nümunələri tələb edən və ixtisaslı laboratoriya işçiləri tələb etməyən bir üsuldur. O, uşaq sağlamlıq klinikalarında və ya laboratoriyalardan uzaqda olan epidemiyaya cavab tədbirləri kimi skrininq fəaliyyətləri üçün uyğundur.
- Elektrotermal atom udma spektrometriyası (ETAAS) və induktiv birləşdirilmiş plazma kütlə spektrometriyası (ICP-MS) təlim keçmiş laboratoriya işçiləri tələb edən çox dəqiq laboratoriya üsullarıdır. Bu üsulla 0,065 μg/dL və 0,015 μg/dL-ə qədər qanda qurğuşun səviyyəsini aşkar etmək mümkündür.
ICP-MS qurğuşun nümunəsinin ətraf mühit mənbəyini müəyyən etmək üçün də istifadə edilə bilər. Qanda qurğuşun səviyyəsi yüksək olan uşaqlarda dəmir çatışmazlığı anemiyası da ola bilər. Dəmir çatışmazlığı qurğuşun udulmasını/absorbsiyasını artırır.
Özünüzü və uşaqları qurğuşunun sağlamlığa vurduğu ziyanlı təsirindən necə qoruya bilərsiz?
Məlum olduğu kimi qurğuşun konsentrasiyası havada, məişətdə, əşyalarda daima az və ya çox miqdarda mövcuddur və ondan tam olaraq qurtulmaq mümkün deyil. Ziyanı minimuma endirmək üçün aşağıdakı tədbirləri görmək olar:
- Evdə təmir işləri gedərkən bir müddətlik başqa evdə yaşamaq;
- Təmir bitdikdən və ya evə yeni mebel əşyaları aldıqdan sonra ən azı bir ay müddətində mütəmadi olaraq pəncərələri açaraq evi havalandırmaq;
- Uşaqları kimyəvi maddələrlə təmasdan uzaq saxlamaq;
- Gigiyena qaydalarına əməl etmək;
- Meyvə və tərəvəzlərlə təmiz yumaq;
- Sağlam şəkildə qidalanmaq;
- Uşaq oyuncaqlarını alarkən keyfiyyətinə diqqət etmək;
- Evin tozunu nəm dəsmalla təmizləmək;
- İş yerində qurğuşunla təmas ehtimalı varsa qoruyucu maska, paltar və əlcəkdən istifadə etmək daha sonra duş qəbul etmək;
- Mütəmadi həkim müayinəsindən keçmək;
- Zərərli vərdişlərdən uzaq olmaq;
Qeyd edək ki, qurğuşunun orqanizmdə normadan artıq olması antikvar həvəskarları, eləcə də qara metallurgiya müəssisələrinin və ya tikilməkdə olan obyektlərin yaxınlığında yaşayan insanlar arasında da müşahidə olunur.