UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Ekologiya / MƏQALƏLƏR

Uşaqların kimyəvi maddələrin təsirləri və onlara məruz qalma baxımından həssaslığı

Kimyəvi maddələrə gündəlik həyatda hər yerdə rast gəlinir

Kimyəvi maddələrə gündəlik həyatda hər yerdə rast gəlinir. İnsanlara məlum olan 160 milyondan çox kimyəvi maddə mövcuddur. Bu kimyəvi maddələrin 40 000-dən 60 000-ə qədəri kommersiya məqsədləri üçün istifadə olunur, bunlardan isə 6000-i kommersiya istifadəsində olan kimyəvi maddələrin ümumi həcminin 99%-ni təşkil edir. Bu 6000 kimyəvi maddənin uşaqlar üçün toksikliyi məlum deyil.

Uşaqlar hər gün bir çox müxtəlif kimyəvi maddələrin təsirinə məruz qalırlar. Kimyəvi maddələrin uşaqlara kəskin, xroniki, qarışıq təsirləri, yüksək dozada, aşağı dozada, ölümcül, ölümcül olmayan və sonrakı nəsillərə təsir göstərən toksikliyinin tam spektrinə dair hərtərəfli məlumat və tədqiqatlar yalnız qurğuşun, civə, bir neçə pestisid və bəzi davamlı üzvi çirkləndiricilər (DÜÇ) kimi az sayda kimyəvi maddələr haqqında mövcuddur.

ÜST-nin təxmini hesablamalarına görə, 2019-cu ildə dünya üzrə 2 milyon ölüm hadisəsi seçilmiş kimyəvi maddələrə məruz qalma ilə əlaqəli olmuşdur. Ürək-damar xəstəlikləri, ağciyərin xroniki obstruktiv xəstəliyi və xərçənglər 2019-cu ildə kimyəvi maddələrlə əlaqəli ölümlərin ən böyük hissəsini təşkil etmişdir. Bundan əlavə, hamiləlik və uşaqlıq dövründə kimyəvi maddələrə məruz qalma əlilliyin yaranmasında ciddi rol oynayır, potensial olaraq uşağın bütün həyatına təsir göstərir və vaxtından əvvəl ölümə səbəb olur.

Qlobal səviyyədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqların sağlamlığı üçün səkkiz ekoloji təhlükə müəyyən etmişdi. Bu təhlükələrin hamısı ya güclü kimyəvi komponentə malikdir, ya da kimyəvi maddələrin istifadəsi, həddindən artıq istifadəsi və ya təhlükəli istifadəsi ilə əlaqəlidir. Kimyəvi maddələr çox vaxt ətraf mühitdə insanların sağlamlığı üçün risklər yaradan xüsusi komponentdir. Məsələn, çirklənmiş qapalı məkan havası və açıq hava, qeyri-kafi və ya çirklənmiş su və antropogen ətraf mühit. “Köhnə” və “yeni”, antropogen və ya təbii kimyəvi maddələr uşaqların yaşadığı, təhsil aldığı, oynadığı və işlədiyi hər yerdə mövcuddur. Xüsusi daşıyıcı və ya mühitlərdə olan konkret kimyəvi maddələrin bəzi nümunələri aşağıda verilmişdir:

  • ev təsərrüfatında havanın və atmosfer havasının (açıq hava) çirklənməsi. Hissəciklər və ozon (O3), kükürd dioksid (SO2), azot oksidləri (NOx), polisiklik aromatik karbohidrogenlər (PAH) və dəm qazı (CO) kimi qazlar havanı çirkləndirən yanacaqların yanması nəticəsində yaranan tipik hava çirkləndiricilərindən bəziləridir, onların uşaqların xəstələnmə və ölüm hallarına təsiri aydın şəkildə nümayiş etdirilmişdir;
  • tütün tüstüsü zəhərli kimyəvi hissəciklərlə və PAH-larla zəngindir;
  • su: aşağı və orta gəlirli ölkələrdə (AOGÖ) əsas narahatlıq mikrobioloji çirklənmə olsa da, suyun tərkibində olan bir sıra kimyəvi çirkləndiricilər, xüsusən də arsen, qurğuşun, ftorid və bəzi pestisidlər əhalinin sağlamlığına böyük təsir göstərir; və
  • e-tullantılar və digər təhlükəli sənaye və ya kənd təsərrüfatı qalıqları çirklənmiş şəhər və kənd yerlərinin sayının artmasına səbəb ola bilər. Poliqonlarda təhlükəli metallar və davamlı üzvi çirkləndiricilər (DÜÇ) toplana bilər və ətraf mühiti, o cümlədən torpağı, tozu, havanı və suyu çirkləndirə bilər.

Civə ətraf mühitimizə necə daxil ola bilər?

Kimyəvi maddələr ətraf mühitə bir neçə proses vasitəsilə daxil ola bilər. Bu proseslərin bəziləri ətraf mühitdə təbii olaraq baş verir, digərləri isə insan fəaliyyəti ilə bağlıdır. Bu slaydda civənin ətraf mühitə daxil olaraq, havanı, torpağı, qidaları, yeraltı suları, su obyektlərini və balıqları necə çirkləndirə biləcəyi təsvir edilir.

Sənaye prosesləri, məsələn, kömürlə işləyən elektrik stansiyaları, kimyəvi istehsal və kustar üsulla kiçik miqyaslı qızıl hasilatı və kanalizasiya sistemləri ətraf mühitə kimyəvi maddələr buraxa, həmin maddələr burada buxarlanaraq havanı çirkləndirə bilər. Çirklənmiş hava xeyli məsafələr qət edərək, yağıntılar vasitəsilə torpağa, əkinlərə və su obyektlərinə çökə bilər. Torpağa çökən çirkləndiricilər həmçinin yeraltı sulara qarışa bilər ki, bu da vacib su ehtiyatlarını çirkləndirə bilər. Təhlükəli və pis idarə olunan tullantı sahələrinin yeraltı suları çirkləndirmək riski yüksəkdir.

Sənaye prosesi kimi insan fəaliyyətləri və yağış kimi təbii proseslər okeanlar və çaylar da daxil olmaqla su obyektlərini çirkləndirə bilər. Balıqlar qida, su və çöküntülərin istehlakı vasitəsilə sudakı kimyəvi maddələri uda bilər. Bəzi kimyəvi maddələr, o cümlədən civə, balıqlarda bioakkumulyasiya oluna bilər və onlar uşaqların kimyəvi maddələrə məruz qalmasının əsas mənbələrindən biridir.

Beləliklə, ətraf mühitin çirklənməsi kimyəvi maddələrin hava, su, torpaq və qidaların çirklənməsi yolu ilə uzun məsafələrə daşınmasına səbəb ola bilər. Çirklənmə mənbələrindən uzaqda olan icmalar qəbul etdikləri qida, içdikləri su və nəfəs aldıqları hava vasitəsilə təsirə məruz qalırlar. Qeyd etmək vacibdir ki, bu proses müxtəlif kimyəvi maddələrdə fərqli olur və səhiyyə işçiləri öz yerli icmalarındakı əsas zəhərli kimyəvi maddələr və uşaqların onların təsirinə necə məruz qalması barədə məlumatlı olmalıdırlar.

Uşaqların kimyəvi təhlükələrdən qorunması

  • Evlərdə, bağlarda və məktəblərdə istifadə olunan kimyəvi maddələrin təhlükəsiz saxlanmasını, qablaşdırılmasını və aydın etiketlənməsini təmin edin
  • Məktəblərdə müntəzəm təmizliyin aparılmasını və pestisidlər də daxil olmaqla məktəbdə və oyun meydançalarında istifadə olunan təmizlik materiallarının və hər hansı digər kimyəvi maddələrin təhlükəsiz saxlanmasını təmin edin
  • Heç vaxt kimyəvi maddələri içməli su butulkalarında saxlamayın. Bütün bu cür mayelər açıq şəkildə işarələnmiş qapalı qablarda, uşaqların görmədiyi və əli çatmadığı yerdə saxlanmalıdır
  • Əczaçılıq məhsulları və kimyəvi məhsullar üçün uşaqlara dayanıqlı paketlərin istifadəsini təşviq edin
  • Valideynləri, müəllimləri və uşaq baxıcılarını uşaqların vaxt keçirdikləri yerlərdə potensial kimyəvi təhlükələr barədə məlumatlandırın.

Uşaqlar kimyəvi maddələrə məruz qalma baxımından xüsusilə zəif olurlar. Bu məruz qalmalara aşağıdakılar daxildir:

  • Müxtəlif və unikal məruz qalma formaları: Bəzi kimyəvi maddələr ciftdən keçə və inkişaf etməkdə olan dölə zərər verə bilər. Ana südü ilə qidalanan körpələr və uşaqlar ana südündə olan kimyəvi maddələrə məruz qala bilərlər. Bununla belə, ana südü ilə qidalanmanın uşaq ölümü hallarını azaltdığını və yetkinlik dövrünə qədər verdiyi sağlamlıq faydalarını nəzərə alaraq, analara südlə qidalandırmanı dayandırmaq tövsiyə edilməzdən əvvəl xüsusi qiymətləndirmə aparılmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) həyatın ilk 6 ayı ərzində yalnız ana südü ilə qidalandırmanı, 2 yaşa qədər və daha artıq müddət üçün isə əlavə qidalarla yanaşı ana südü ilə qidalandırmanı davam etdirməyi məsləhət görür. Uşaqlar araşdırıcı davranışlara malik olur və tez-tez əlin ağıza təması və əşyaların ağıza aparılması hərəkətlərini həyata keçirir ki, bu da onların tərkibində təhlükəli maddələr ola biləcək toz və torpağa məruz qalmasını artırır. Uşaqlar öz bədən ölçüsünə nisbətən böyüklərdən daha çox hava udur, daha çox su içir və daha çox qida qəbul edirlər. Hava, su və ya qida məhsulları çirklənibsə, uşaqlar böyüklərlə müqayisədə bədən çəkisinin hər kiloqramı üçün daha çox çirkləndirici qəbul edə bilər.
  • Dinamik inkişaf fiziologiyası: Döl və uşaqlar hüceyrələrin intensiv bölünməsi və differensiasiyası daxil olmaqla sürətli inkişaf dövrlərindən keçirlər. Bu proseslərin zəhərli kimyəvi maddələr tərəfindən pozulması uşağın səhhətinə bütün ömrü boyu təsir edəcək mənfi nəticələrə səbəb ola bilər. Uşaqların maddələr mübadiləsi böyüklərdən fərqli olduğuna görə, uşaqlarda kimyəvi maddənin toksikliyi də onların böyüklərə təsirləri ilə müqayisədə fərqli ola bilər. Uşaqlar müxtəlif həssaslıq mərhələlərindən keçirlər. Müəyyən yaşlarda uşaqların inkişaf prosesləri müxtəlif kimyəvi maddələrin təsirinə məruz qalır. Bu dövrlərdə məruz qalma uşağa ömrünün sonuna qədər təsir göstərə bilər. Son olaraq, uşaqlar riski daha zəif başa düşürlər və toksikantlara məruz qalmalarını artıran davranışlara yol verə bilərlər.
  • Daha uzun ömür gözləntisi: Uşaqların gözlənilən ömür müddəti böyüklərdən daha uzun olur, yəni xəstəliyin inkişaf edə biləcəyi dövr daha böyükdür. Kiçik yaşlarında zərərli maddələrə məruz qalmış uşaqlarda məruz qalma vaxtı ilə xəstəliyin yaxud sağlamlığa mənfi təsirlərin yarandığı vaxt arasında latent dövr uzun ola bilər.
  • Böyüklərdən asılılıq: Uşaqlar kimyəvi maddələrin təsirlərini aradan qaldıra, özlərini təhlükəli kimyəvi mühitdən çıxara, təhlükəli vəziyyətləri qiymətləndirə bilmirlər və kiçik uşaqlar kimyəvi tərkiblə bağlı xəbərdarlıq etiketlərini oxuya bilmirlər.