VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Ekologiya / MƏQALƏLƏR

Gündəlik həyatda geniş yayılmış kimyəvi maddələr

Kimyəvi maddələr geniş çeşiddə məhsullarda vacib funksionallığı təmin edir. Qabaqcıl təcrübələrə riayət edildikdə, bir çox kimyəvi maddələr yüksək təhlükəsizliklə istifadə edilə bilər. Bununla belə, gündəlik əşyalarda zəhərli kimyəvi maddələrin təhlükəsiz olmayan şəkildə istifadəsi ictimai səhiyyə və ətraf mühit baxımından böyük narahatlıq doğurur.

Uşaqlar məhsulun həyat dövrünün müxtəlif mərhələlərində, məsələn, istehsal, istifadə və ya təmas və maddələrin mühitə buraxılması zamanı təsirə məruz qala bilərlər.

Bu səhifədəki şəkillərdə ev, məktəb və ya açıq məkanlar kimi uşaqların vaxt keçirdiyi yerlərdə mövcud ola biləcək geniş yayılmış kimyəvi maddələrin bəzi nümunələri göstərilir.

Uşaqların sağlamlığı üçün təhlükəli olan bəzi kimyəvi maddələr bitkilərin, zəhərli heyvanların və ya dəniz qidalarının təbii toksinləridir. Buraya ilanlar, əqrəblər, hörümçəklər, arılar tərəfindən zəhərli dişləmə və sancma da daxildir. Digər təbii toksikantlar, məsələn, ftorid, qurğuşun, arsen və ya asbest təbii şəkildə torpaqda, havada və ya suda mövcud ola bilər.

Aşağıdakı siyahıda düzgün istifadə edilmədikdə, həddindən artıq istifadə olunduqda, uşağın əli çatan yerə qoyulduqda və ya məhsula dair təlimatlara diqqətlə əməl etmədən istifadə edildikdə, uşaqların sağlamlığı üçün təhlükəli ola bilən istehlak məhsulları, bitkilər və materiallara dair bəzi nümunələr verilmişdir:

  • ev təsərrüfatında çirklənmiş havada aşkar olunan toksik maddələr, məsələn, qapalı mühitdə yanma nəticəsində yaranan dəm qazı
  • pestisidlər, o cümlədən insektisidlər, rodentisidlər, herbisidlər
  • məişət məhsulları, o cümlədən ağardıcı, təmizləyici, yuyucu, həlledici vasitələr, kerosin (parafin)
  • kosmetika, məsələn, bəzi ətirlər, şampunlar, dırnaq məhsulları
  • bitkilər və göbələklər, məsələn, bəzi giləmeyvələr, toxumlar, yarpaqlar
  • asılılıq yaradan preparatlar, məsələn alkoqol, qanunsuz narkotik vasitələr, tütün; və s.
  • əczaçılıq məhsulları, məsələn, sedativ, analgetik, kontraseptiv vasitələr, şərbətlər və ağrıkəsicilər.

Nümunə: 

2010-cu ildə həll olunan maye yuyucu kapsulların istehlak bazarlarına daxil olmasından bəri, toksikoloji mərkəzlər uşaqlarda bu məhsullarla bağlı zədələnmə və zəhərlənmə hallarının artması tendensiyasını müəyyən etmişdir. Parlaq rəngli və yumşaq olan kapsullar yumşaq oyuncaqları və ya şirniyyatları xatırladır və azyaşlı uşaqlar üçün olduqca cəlbedici olur. Kapsulların tərkibində qida borusuna və gözlərə toxuma dağıdıcı zədə yetirə bilən, həmçinin yuxululuq kimi sistem təsirləri yarada bilən konsentratlaşdırılmış yuyucu vasitə vardır. Bu məhsulların təhlükəli olması məhsulun üzərində açıq şəkildə qeyd edilməli və onlar uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Kimyəvi maddələr gündəlik həyatda istifadə olunur – onlar insan və heyvan sağlamlığının qorunması, gigiyenanın yaxşılaşdırılması, məhsulların mühafizəsi, xəstəlik daşıyıcıları ilə mübarizə, xəstəliklərin müalicəsi və faydalı materialların hazırlanmasına kömək etmək kimi çoxsaylı faydalara malikdir. Bununla belə, kimyəvi maddələr uşaqların sağlamlığı və ətraf mühit üçün risklər də yarada bilər.

Uşaqların mikro- və makro-mühitlərində kimyəvi maddələrə məruz qalması xüsusilə inkişafla bağlı və fizioloji həssaslıq dövrlərində funksional zədəyə və orqan zədələnməsinə səbəb ola bilər . Kimyəvi maddələr uşaqların nəfəs aldıqları havanı, içdikləri və ya çimdikləri suyu və ya yedikləri qidaları çirkləndirə bilər. Bəzi kimyəvi maddələr ətraf mühitdə uzun müddət qala bilər. Kimyəvi maddələrin toksikliyi və sağlamlıq üçün potensial mənfi təsirləri ilə bağlı ciddi bilik çatışmazlıqları qalmaqdadır .

Uşaqlar hava, su, qida, torpaq və ya toz kimi müxtəlif vasitələrlə kimyəvi maddələrə məruz qala bilərlər. Məruz qalma daşınma, istifadə və utilizasiya zamanı və ya yanma və ya sair proseslər nəticəsində baş verə bilər. Məruz qalına biləcək müxtəlif kimyəvi maddələrə aşağıdakılar daxildir :

  • təbii metallar, bitki və heyvan toksinləri
  • istehsal məhsulları, məsələn, karbohidrogenlər, pestisidlər, əczaçılıq məhsulları, təmizləyici məhsullar və
  • tullantılar, yanma ilə əlaqəli və digər əlavə məhsullar.

Hava: Qapalı məkanda və açıq havada olan çirkləndiriciləri fərqləndirmək vacibdir. Qapalı məkanda olan çirkləndiricilərə hissəciklər, qazlar, buxarlar, həmçinin bioloji material və liflər daxildir. Bu çirkləndiricilər əsasən tütün tüstüsü, sobalar və inşaat materiallarından qaynaqlanır. Evdə istifadə üçün pestisidlər və digər kimyəvi maddələr potensial məruz qalma riski yaradır. Açıq havada olan çirkləndiricilər nəqliyyatın sıxlığına, sənayeləşmənin miqyasına, vaxta (ilin və günün) və iqlimə görə dəyişir. Açıq havada olan 6 əsas çirkləndirici aşağıdakılardır: ozon (O3), hissəciklər (PM10 və PM2.5), qurğuşun, kükürd dioksid (SO2), dəm qazı (CO) və azot dioksid (NO2).

Su: İçmək, yemək bişirmək, süni uşaq qidaları hazırlamaq, çimmək və üzmək üçün istifadə olunur. Yeraltı və ya yerüstü nöqtəvari çirklənmə mənbələri (məsələn, sənaye tullantı suları) və ya kənd təsərrüfatı torpaqları və kənd ərazilərindən axınlar, torpağın çirklənməsi və atmosfer çöküntüsü kimi qeyri-nöqtəvari mənbələr tərəfindən çirklənə bilər. Narahatlıq doğuran bəzi çirkləndiricilər aşağıdakılardır: arsen, xrom, qurğuşun, civə, nitratlar, benzollar, pestisidlər, polixlorlu bifenillər (PCB) və xloramin və xlor kimi dezinfeksiyaedici maddələr.

Qida: Qidanın tərkibində boya, aromatizator və konservantlar kimi əlavələrdən tutmuş pestisid qalıqlarına və ya çirkləndiricilərə, mikotoksinlərə və zəhərli təsir yarada biləcək kifayət qədər yüksək dozada digər təbii toksinlərə (bəzi molyusk və balıqların toksinləri daxil olmaqla) qədər geniş çeşiddə çirkləndiricilər ola bilər. Civə və PCB-lər balıqları, mikotoksinlər isə meyvələri, taxılları və s. çirkləndirə bilər. Toksikantlara potensial məruz qalmanı qiymətləndirmək üçün süd verən qadınların, körpələrin və uşaqların qida rasionuna xüsusi diqqət yetirilməlidir.

Cift vasitəsilə məruz qalma: Çoxsaylı sübutlar göstərmişdir ki, bəzi kimyəvi maddələrə doğuşaqədərki dövrdə məruz qalma dölün inkişafında müxtəlif pozuntulara səbəb olur və uşaqların həyatının sonrakı mərhələsində onların sağlamlığına müxtəlif təsirlər göstərir. Hamiləlik dövründə döl kritik inkişaf mərhələlərindən keçir və bu proses pozulduğu təqdirdə geridönməz nəticələrə gətirib çıxara bilər. Qidada, suda, havada, tozda və torpaqda, eləcə də bəzi əczaçılıq məhsullarında kimyəvi maddələrə məruz qalan hamilə qadınlar cift vasitəsilə dölü də bu kimyəvi maddələrə məruz qoya bilər. Qurğuşun, etanol və metil civə, habelə talidomid və dietil-stilbestrol (DES) kimi əczaçılıq məhsulları da daxil olmaqla, bir çox kimyəvi maddələr ciftdən keçə bilər .

Torpaq və toz: Uşaqlar müxtəlif yollarla torpaq çirkləndiricilərinə məruz qala bilərlər: çirklənmiş torpaqdan qalxan toz aerozollarının inhalyasiyası, torpağın və tozun udulması. Torpaq xüsusilə metallar və davamlı üzvi çirkləndiricilər (DÜÇ) kimi davamlı çirkləndiricilərə məruz qalmanın mənbəyi ola bilər. Tozun tərkibində pestisidlər, plastifikatorlar, antipirenlər və polisiklik aromatik karbohidrogenlər (PAH) kimi bir çox başqa kimyəvi maddələr ola bilər. Əlin ağıza təması və əşyaların (məsələn, çirklənmiş oyuncaqlar) ağıza aparılması kimi davranışlar və yer səthinə daha yaxın olmaları uşaqların böyüklərə nisbətən kimyəvi maddələrə daha çox məruz qalmasına səbəb olur və ya məruz qalma riskini artırır. 6 yaşa qədər uşaqlar üçün torpaq və toz udulmasının yuxarı faizi gündə 200 milliqramdır.

İnşaat materialları: Boyalarda olan qurğuşun, inşaat materiallarında olan asbest və bəzi yapışdırıcılarda və ağac məmulatlarında olan formaldehid .

İstehlak məhsulları: Oyuncaqlar, uşaq çarpayıları və uşaqların daimi təmasda olduğu digər materiallarda toksik komponentlər və ya çirkləndiricilər (məsələn, taxta oyuncaqlarda istifadə olunan qurğuşunlu boya) ola bilər. Plastik oyuncaqlarda bisfenol A (BPA) kimi ftalatlar və fenollar da daxil olmaqla plastifikatorlara rast gəlinə bilər. Uşaqlarda istifadə oluna bilən bir sıra məhsulların tərkibində toksik təsir göstərən kimyəvi maddələr (məsələn, bəzi kosmetik vasitələrdə olan civə) ola bilər.

2010-cu ildə Kimyəvi Təhlükəsizlik üzrə Beynəlxalq Proqram (IPCS) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ictimai sağlamlıq üçün ciddi narahatlıq doğurması baxımından prioritetləşdirilmiş 10 kimyəvi maddə və ya kimyəvi maddə qrupları ilə bağlı qərar qəbul edənlər üçün xüsusi hesabatlar təqdim etmişdir. Bu kimyəvi maddələr insan sağlamlığı, o cümlədən uşaqlar üçün təhlükəli hesab olunur.

İctimai sağlamlıq üçün ciddi narahatlıq doğuran 10 kimyəvi maddənin siyahısı əlifba sırası ilə aşağıda verilmişdir:

  • havanın çirklənməsi
  • arsen
  • asbest
  • benzol
  • kadmium
  • dioksin
  • qeyri-kafi və ya həddən artıq ftorid
  • təhlükəli pestisidlər
  • qurğuşun
  • civə

Bu kimyəvi maddələr xəstəlik yükünü artırır və ətraf mühitdə bu kimyəvi maddələrin düzgün idarə edilməsi və azaldılması vasitəsilə onlara məruz qalmanın qarşısını almaq mümkündür.

Uşaqların kimyəvi təhlükələrdən qorunması

  • Səhiyyə işçilərinə zəhərli kimyəvi maddələrə məruz qalmanın (xüsusilə uşaqlarda) müəyyən edilməsi, profilaktikası və müalicəsi üzrə təlim keçin
  • Qapalı yerlərdə lazımsız kimyəvi maddələrin istifadəsini məhdudlaşdırın
  • Səhiyyə işçilərinə Uşaqların Ətraf Mühit Amilləri ilə bağlı xəstəlik anamnezi üzrə təlim keçin
  • Kimyəvi təhlükəsizlik və sağlamlıq mövzularının tədrisini məktəb proqramlarına daxil edin
  • Kimyəvi maddələrin təhlükəsiz istifadəsi və utilizasiyası haqqında uşaqların sağlamlığını qoruyan qanunvericiliyin qəbulunu təşviq edin
  • Çirklənmə yerlərini və ocaqlarını aradan qaldırmaq və uşaqların sağlamlığının prioritet olmasını təmin etmək üçün müvafiq səlahiyyətli orqanlara müraciətlər edin.
  • Evlərin, məktəblərin çirklənmiş ərazi və yerlərin yaxınlığında tikilməməsini təmin etmək üçün yerli səlahiyyətli orqanlarla əlaqə saxlayın.

06.06.2024