UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Ekologiya / MƏQALƏLƏR

Qlobal iqlim dəyişikliyi

İqlim dəyişikliyi reallıqdır. Yer kürəsi istiləşir, dəniz səviyyəsi yüksəlir, buzlar əriyir və bu faktlara dair çoxlu birbaşa sübutlar var. Son 3 onilliyin qeydləri sübut edir ki, yer kürəsi hazırda daha istidir və sənayenin yaranmasından əvvəlki dövrlərə nisbətən indi hava şəraiti daha ekstremal və daha az proqnozlaşdırılır.

19-cu əsrin sonlarından bəri orta qlobal səth temperaturu Selsi üzrə 1,1 dərəcə (°C) artmışdır. Qlobal istiləşmənin böyük hissəsi son 35 ildə baş vermişdir. 

Arktik dəniz buzları 1981-2010-cu illər arasındakı orta göstəriciyə nisbətən hər on ildə 13% azalır. Qrenlandiyada buz kütləsi 2002-ci ildən bəri azalır. Ən çox buz itkisi 2009-cu ildən başlamışdır. Ümumilikdə Qrenlandiya 2002-ci ildən bəri 275 milyon metrik ton buz itirmişdir. Buzların əriməsi ilə dəniz səviyyəsi yüksəlir. Son 20 ildə dəniz səviyyəsinin qalxma sürəti demək olar ki, iki dəfə artmışdır.

İnsanın iqlimə təsiri faktiki olaraq müəyyən edilmişdir. İqlim və bütün yer elmləri üzrə qlobal ekspertlər  istiləşmənin, dəniz səviyyəsinin qalxmasının, okeanların turşulaşmasının və hava şəraitinin dəyişməsində əsas rolu insanların oynadığının qənaətindədirlər. Qalıq yanacaqların yandırılması, meşələrin qırılması ilə birlikdə kənd təsərrüfatı və sənaye ilə əlaqəli digər istixana qazları atmosferi sürətlə dəyişmiş, yerin “termal örtüyü”nü artırmış, havanı və okeanları isitmişdir.  Antropogen (insan tərəfindən törədilən) istixana qazı olan CO2-nin atmosferdə ən azı 500-1000 il qalacağı gözlənilir. CO2 səviyyəsinin sənayedən əvvəlki dövrlərdə olan səviyyəsi ilə (280 ppm) müqayisədə yüksək olduğunu (417 ppm) göstərən elmi sübutlar  bunun insan və digər canlıların sağlamlığı üçün mənfi nəticələrinin olduğu qənaətindədir.

İqlimə həssas sağlamlıq riskləri aşağıda sadalanmışdır:

  • ekstremal hava hadisələri nəticəsində xəsarət və ölüm
  • istiliklə bağlı xəstəliklər
  • tənəffüs xəstəlikləri
  • su ilə ötürülən xəstəliklər və su ilə əlaqəli digər sağlamlıq təsirləri
  • zoonozlar
  • transmissiv xəstəliklər
  • qeyri-qənaətbəxş qidalanma və qida ilə ötürülən xəstəliklər
  • qeyri-infeksion xəstəliklər
  • psixi və psixososial sağlamlıq

Daha çox kim təsirlənir?

  • Gənclər və yaşlılar
  • Qeyri-qənaətbəxş qidalanan xəstələr
  • Əlillər
  • Aşağı və orta gəlirli ölkələr
  • Kasıb icmalar
  • Təhsilə çıxışı az olanlar
  • Miqrantlar və köçkünlər
  • Çöldə yaşayan və/və ya işləyən insanlar