VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Gender zorakılığı


Baş verən ailə zorakılığı hadisəsinin hər 10 qurbanından biri kişi, doqquzu qadındır. Bu, ailə münaqişələrinin əsas qurbanlarının qadınlar olması haqqında danışmağa əsas verir. Törədilən zorakılığın xüsusiyyətindən asılı olaraq zorakılığın bir neçə növünü müəyyən etmək olar:
 fiziki
 psixoloji (emosional)
 cinsi
 iqtisadi
 sosial
 etinasızlıq
 zərərçəkmişə nəzarət etmək məqsədilə uşaqlardan istifadə

Fiziki zorakılıq – fiziki güc və ya silahdan istifadə edərək qadına qəsdən vurulan zədə və ya travmadır. Bura daxildir: qətl; fiziki hücum (müxtəlif əşyalardan istifadə edərək və ya onlardan istifadə etmədən döymək, ayaq ilə döymək, soyuq və odlu silahla hücum etmək); işgəncə (buz vannası, siqaretlə dərini yandırmaq, yaraların
üzərinə duz səpmək); fiziki olaraq yuxudan, qidadan, işıqdan, vacib istifadə əşyalarından məhrum etmək; fiziki məhdudiyyətlər (ip, qandal və ya zəncirdən istifadə) və hərəkət (yerdəyişmə) azadlığından məhrum etmək; tibbi və digər əsas xidmətlərin alınmasında maneə yaratmaq. Psixoloji (emosional) zorakılıq – qadın üzərində onu təcrid və ya təhqir etməklə nəzarətdir. Psixoloji zorakılıq özünü daimi tənqid, təhqir, alçaldılma ilə ifadə edir; özünə, zərərçəkmiş və ya digər şəxslərə qarşı zorakılıq təhdidləri; ev heyvanlarına qarşı zor tətbiq etmək və ya əşyaları sındırmaqla hədə-qorxu gəlmək; təqib; qurban üzərində nəzarət; qurbanın sosial dairəsi üzərində nəzarət; qurbanın müxtəlif vasitələrə çıxışına nəzarət (sosial və tibbi yardımın alınması, dərmanlara, nəqliyyata çıxış, dostlarla ünsiyyətə, təhsil almağa, işə nəzarət və s.); emosional zorakılıq; qurbanı onu alçaldan hərəkətləri etməyə təhrik etmək; qurbanın gün rejiminə nəzarət və s. Psixoloji zorakılıq nisbətən daha çox yayılıb və demək olar ki, ona ailədə baş verən bütün zorakılıq hallarında rast gəlinir.

Təkrarlanan zorakılıq halları əhəmiyyətli dərəcədə psixoloji əzablara, posttravmatik stresslərə, depressiyaya, aradan qalxmayan qorxu hissinə, bəzən isə daha ağır nəticələrə, məsələn, intihara cəhdə gətirib çıxarır. Cinsi zorakılıq – vaginal, oral və ya anal cinsi əlaqəyə məcbur etmək; qrup şəklində zorlamaq; ləyaqəti alçaldan cinsi hərəkətlər; fahişəliyə təhrik etmək; qorunmamış cinsi əlaqəyə təhrik etmək; arzuolunmaz hamiləlik, abort, təhlükəli abort; cinsi alçaldılma, zorla soyundurmaq; oral kontraseptivlərdən və digər kontrasepsiya üsullarından sui istifadəyə məcbur etmək; seksual xarakterli hərəkətləri müşahidə etmək və ya onlara baxmağa məcbur etməkdir.
Cinsi partnyor tərəfindən edilən zorakılıq qadınların sağlamlığı üçün mənfi təsirlə nəticələnə bilər. Bunlar hadisədən dərhal sonra və ya bir müddətdən keçdikdən sonra üzə çıxa bilər. İqtisadi zorakılıq – qadının yaşayış vasitələrinə çıxışlardan məhrum edilməsi və onun üzərində nəzarətdir. Bu, zərərçəkmiş və onun uşaqlarından gəlirlərin gizlədilməsi, ailə büdcəsinin xərclənməsi, maliyyə məsələləri ilə bağlı qərarların müstəqil verilməsi, vəsaitlərin xərclənməsinə ciddi nəzarətin olması deməkdir. Zorakılığın bu növü qanun pozuntusu hesab edilmir, amma çox təhlükəlidir. Bu, cəzadan yayınaraq psixoloji, fiziki və cinsi zorakılıq etməyə şərait yaradır. Bununla da qurban ona zərər vurandan asılı olur. Sosial zorakılıq – qurbanın təcavüzkar tərəfindən təcrid edilməsi zorakılığın gec aşkar olunmasının ən vacib səbəbidir. Bu, təcavüzkar tərəfindən qurbanın tədricən valideynləri, qohumları və dostlarından başlayaraq, bütün sosial dairəsi ilə əlaqələrinin tamamilə kəsilməsində öz əksini tapır. İşləməyə qadağanın qoyulması da bura daxildir. Etinasızlıq – qadının əsas ehtiyaclarının (qida, geyim, tibbi yardım, təhsil və s.) ödənilməsinə laqeyd münasibətdir. Zərərçəkmişə nəzarət etmək məqsədilə uşaqlardan istifadə – bura girov kimi götürülən uşaqlara edilən fiziki və cinsi zorakılıq, onların böyüklərə qarşı fiziki və psixi zorakılıq törətməyə məcbur edilməsi, uşaqları manipulyasiya etmək məqsədilə valideynlik hüquqları naminə mübarizənin aparılması, qurbanların üzləşdiyi eyni psixoloji təsirləri yaşamaq üçün uşaqların zorakılıq hadisəsinin şahidləri olmağa məcbur edilmələri aiddir.

Məişət zorakılığının şahid uşaqlara təsirinin nəticələri:
 yüksək səviyyədə narahatlıq
 depressiya
 özünü aşağı qiymətləndirmə
 fiziki yorğunluq
 gecə qarabasmaları

Zorakılıq uzun müddət davam edirsə, qurban yardım və dəstək almırsa, acizlik, çıxılmazlıq, ümidsizlik, təcrid, qorxu, özünə və düşdüyü vəziyyətə görə rüsvayçılıq hissləri dərinləşə bilər. Bu zaman posttravmatik stress pozuntuları və onun nəticələri meydana çıxa bilər.