MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları / MƏQALƏLƏR

Yol-nəqliyyat hadisəsi nəticəsində ilk tibbi yardım zamanı diqqət edilməli məqamlar

Kömək gələnə qədər əvvəlcə maşın işlək vəziyyətdədirsə, söndürün; maşından sızan benzin və ya hər hansı yanıcı maddəyə qarşı diqqətli olun; ətrafdakılara siqaret çəkməməyi bildirin.

Maşının arxa və ön tərəfinə qəza dayanma nişanı quraşdıraraq digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin edin.

Qəzaya uğramış maşında sıxılıb qalmış yaralı olarsa, yardım gəlməmiş çıxarmağa çalışmayın və onu sakitləşdirin.

Yaralıya sadə suallar verərək, şüurunun yerində olub-olmadığını öyrənə bilərsiniz. O, suallara məntiqli cavablar verirsə, deməli, şüurunu itirməyib.

Müxtəlif hallarda ilk yardım

İlk tibbi yardımın göstərilməsi zamanı bütün hərəkətlər tibbi əlcəklərdən istifadə edilməklə aparılmalıdır!

Onurğa zədələrində

Onurğa yaralanması zamanı boyunluq bağlanana qədər yaralı ilə danışarkən belə, boynunu oynatmamağına diqqət yetirmək lazımdır.

Tibbi yardım haqqında məlumatınız yoxdursa, təcili tibbi yardım maşını gələnə qədər yaralının yerindən tərpədilməsinə icazə verməmək ən doğru qərardır.

Sümük qırıqları zamanı

Qırıqların başlıca əlamətləri ağrı və şokdur. Qırılmış qol və ya ayaq şişir, forması pozulur və toxunduqda ağrıyır. Yaralıda sınıq olduğundan şübhələnirsinizsə, həmin hissəni oynatmamalı, yaralı hərəkət etməməlidir. Sarğı bezi ilə qırıq hissəni sabit vəziyyətdə saxlamaq, ağrı və şişi az da olsa, azaltmaq üçün soyuq kompres tətbiq etmək faydalı olar.

Ürəyin qapalı masajı və süni tənəffüs

Xəsarət alan şəxs müstəqil nəfəs almadıqda, steril salfet vasitəsi ilə ona süni tənəffüs verilməlidir.

Ləngimədən zərərçəkəni arxası üstə çevirib, kürəyi bərk və hamar müstəvi üzərinə (stol, döşəmə, torpaq və s.) uzadıb ürəyin qapalı masajına başlayın.

Bunun üçün qollarınızı dirsək oynağında tam açıq tutaraq, bir əlinizi digərinin üzərinə qoyaraq barmaqlarınızı qıfıl şəklində bir-birinə keçirin və döş sümüyünün aşağı hissəsinə qoyun (şəklə bax)

Aşağıdakı əlin barmaqları yuxarıya baxmalıdır.

Döş qəfəsini 30 dəfə 5-6 sm dərinlikdə sıxıb buraxın.

30 sıxmanı təxminən 18 saniyə müddətində etmək lazımdır.

Döş qəfəsinin sıxılma ritmi “Əsgər” sözünün dəfələrlə təkrarına uyğundur 3 dəfə döş qəfəsini sıxaraq “Əsgər” sözünü təkrarlayıb ritmi tutun və ucadan 4,5,6 ... sayaraq sıxmaları davam edin.

30 sıxmadan sonra iki ardıcıl süni tənəffüs

(30:2 nisbətində) verin.

Nəbz və tənəffüs bərpa olunmayıbsa, təcili tibbi yardım gələnə qədər süni tənəffüs verməyə və ürəyin qapalı masajına davam edin.

Tənəffüsü yoxlayın

Nəbzi təyin edin

Ürəyin qapalı masajına başlayın

30 dəfə - döş qəfəsini sıxma (5-6 sm dərinlikdə)

2 dəfə - süni tənəffüs

 

Qəza anında zəng edin:

103 - ilk zəng ediləcək telefon nömrəsi olmalıdır.

Bu nömrəyə Azərbaycanın istənilən bölgələrində mobil və ev telefonlarından pulsuz zəng edə bilərsiniz.

112 – nömrəli telefona maşında sıxılıb qalmış şəxs olduqda zəng edilməlidir.