VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
- İLK YARDIM
- Terminologiya. Ilk yardım nə deməkdir.
İlk tibbi yardımın göstərilməsi məsələsini araşdıran Beynəlxalq ekspert komissiyası ilk yardım dedikdə, təsadüfi şahid tərəfindən (və ya zərərçəkənlə) minimal tibbi ləvazimatlarla və ya onsuz (əl altında olan vasitələrlə), vəziyyəti qiymətləndirdikdən sonra göstərilən yardımı nəzərdə tutur.
“İlk yardım” termini beynəlxalq termindir, əksər ölkələrdə istifadə olunur. Son vaxtlara qədər “ilk yardım” və “ilk tibbi yardım” terminləri yanaşı işlədilirdi. Hal-hazırda ilk tibbi yardım termini rəsmən istifadə olunmur və köhnəlmiş hesab olunur. Terminoloji problemləri rəsmən aradan qaldırmaq üçün “ilk tibbi yardım” termini tədricən rəsmi sənədlərdən çıxarılmalıdır.
İlk yardım, tibbi yardım hesab olunmur və zərərçəkənə tibbi yardıma qədər göstərilir (xüsusi tibbi alətlərdən, avadanlıqlardan, dərmanlardan və tibbi manipulyasiyalardan istifadə etmədən). Tibbi yardımdan fərqli olaraq, ilk yardımı istənilən şəxs göstərə bilər. Tibb işçiləri isə ilk yardımı Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş həcm-də göstərməyi bir vəzifə borcu olaraq bacarmalıdırlar.
Müəyyən kateqoriyaya aid olan şəxslər üçün ilk yardımın göstərilməsi müvafiq qanun və qaydalara əsasən vəzifə borcu hesab olunur. Bunlar Fövqəladə Hallar Nazirliyinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Yol Polisinin və s. qurumların əməkdaşları, hərbiçilər, əməyin mühafizəsi mütəxəssisləri, tibb işçiləri, hadisənin şahidləri, nəqliyyat vasitələrinin sürücüləri və sairə şəxslərdir (bax: “Əhaliyə bədbəxt hadisələr zamanı tibbi yardım göstərilməsinin hüquqi əsasları”).
Hadisənin şahidi hadisə yerində nə edəcəyini bilmədikdə və ya zərərçəkənə (xəstəyə) lazımi yardım göstər-mək iqtidarında olmadıqda, o, kömək çağırmalı və sonra təcili tibbi yardım xidmətini aktivləşdirməlidir. Bunun üçün təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının 103 nömrəli telefon nömrəsinə və ya Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” Çevik reaksiya idarəsinə (tel.: 112 qaynar xətt) məsləhət və kömək üçün müraciət etməlidir. Belə müraciət ilk yardımın tərkib hissəsidir.
Zərərçəkənə (xəstəyə) yardım göstərmədikdə və ya onu təhlükəli vəziyyətdə qoyduqda, Azərbaycan Respub-likasının Cinayət Məcəlləsi müvafiq məsuliyyət nəzərdə tutur (bax: “Əhaliyə bədbəxt hadisələr zamanı tibbi yardım göstərilməsinin hüquqi əsasları”).
- İlk yardımın vacibliyi
Xəstəxanayaqədərki dövrdə hadisə yerində zərərçəkənin həyatı ona göstərilən ilk yardımın keyfiyyətindən asılıdır. Tez bir zamanda – ürəyin və tənəffüsün qəflətən dayanmasının ilk dəqiqələrində, digər hallarda isə –1 saat (yəni “qızıl vaxt”) ərzində və yüksək səviyyəli ilk yardımın ardıcıl göstərilməsi əlillik və ölüm hallarının sayını azaldır.
İlk yardım, zərərçəkənə göstərilən yardımın ən vacib mərhələsidir. Aydın məsələdir ki, hadisə zamanı heç bir tibbi nəqliyyat vasitəsi tibb işçiləri ilə həmin anda hadisə yerində peyda olub, tibbi yardım göstərə bilməyəcək. Bədbəxt hadisənin ilk anında hadisə yerində ilk yardımı zərərçəkənə özü, sağ qalan hadisə iştirakçısı ilə qarşılıqlı, hadisənin təsadüfi şahidi, daha sonra hadisə yerinə gələn təcili tibbi yardım işçiləri göstərirlər.
Buna görə də əhalinin geniş təbəqələrinə ilk yardımın əsaslarının öyrədilməsi əsas məqsəd olmalıdır və onla-ra ölkəmizdə qəbul olunmuş təhsil standartları və tədris protokollarına uyğun təlimlər keçirilməlidir.
İlk yardımın göstərilməsi bütün dövlət strukturları üçün eyniləşdirilməlidir. İlk yardım müasir tələblərə cavab verməli, standartlara uyğun olmalı, daim inkişaf etdirilməli, müvafiq hüquqi sənədlərə əsaslanmalıdır.
Müvafiq qurum tərəfindən hər mərhələ üçün yardımın həcmi və yardım göstərənlərin səlahiyyəti daxilində müəyyən edilmiş işin hüdudu və həddi müəyyən edilməlidir. Məsələn, xilasedicinin göstərdiyi ilk yardımın həcmi çərçivəsinə bədənə daxil olmuş yad cisimin (bıçaq, dəmir, taxta parçası və s.) çıxardılması daxil deyil.
İlk yardım – birbaşa zədələnmə ocağında yaralı və xəstələrin halını yüngülləşdirə biləcək tədbirlər komplek-sidir. İlk yardım bilavasitə hadisə yerində və ya onun yaxınlığında xüsusi və əlaltında olan vasitələrdən istifadə etməklə göstərilir. Vaxtında, düzgün göstərilən ilk yardım zərərçəkənin həyatını xilas edib, sonradan baş verə bilə-cək fəsadları azaldır.
Hadisə qəfləti baş verdiyi üçün zərərçəkənə ilk yardımı ətrafda olan insanlar (bundan sonra xilasedicilər)
göstərməlidirlər. Onlar nəinki ilk yardımın göstərilməsini mükəmməl bilməli, həmçinin kütləvi hadisələr zamanı (zərərçəkənlərin sayı 3 nəfərdən çox olduqda) hadisə yerində çeşidləməni və ilk yardımı təşkil etməyi bacarmalıdır-lar (bax: “Kütləvi bədbəxt hadisələr zamani tibbi çeşidləmə – TRİAJ”).
Xilasedicilər mütəmadi, iki ildən bir attestasiyadan keçirilməli və ilk yardımın göstərilməsi üzrə tədbirlərə daima hazır olmalıdırlar. Onların əsas və son məqsədi zərərçəkənlərin həyatını xilas etməkdir.
Hər bir zərərçəkən özünü müdafiə olunmuş və etibarlı əllərdə hiss etməlidir.
- Zədələnmənin növündən asılı olaraq ilk yardım
Zədələnmənin növündən asılı olaraq ilk yardım tədbirləri müxtəlifdir. Fövqəladə hallarda əsas zədələnmə növləri aşağıdakılardır: travmalar (zədələnmələr), termiki yanıqlar, radiasiya zədələnmələri, kəskin kimyəvi zəhər-lənmələr, psixoemosional pozğunluqlar, epidemiyalar, kombinə olunmuş zədələnmələr (mexaniki – termiki, radia-siya – termiki, radiasiya – mexaniki və s.), bədbəxt hadisələr (boğulma, günvurma, istivurma, ilan sancması, məişət zəhərlənmələri). Bunları şərti olaraq iki profilə bölmək olar (cərrahi və terapevtik).
Cərrahi profilə bu travmalar aiddir: mexaniki zədələnmələr, uzunmüddətli sıxılma sindromu, sümük sınıqla-rı, xarici qanaxmalar, yanıqlar və s.
Tez-tez rast gələn terapevtik profilli zədələnmələrə isə radiasiya zədələnmələri, kəskin zəhərlənmələr, psixo-emosional pozğunluqlar və kütləvi infeksion xəstəliklər, həmçinin xroniki xəstəliklərin ağırlaşması aiddir.
- Kiçik yaşlı uşaqlara yardım göstərilməsinin xüsusiyyətləri
Xilasetmə işlərinin təşkili və uşaqlara yardım zamanı mütləq bir çox faktorları bilmək vacibdir. Ekstremal şəraitlərdə uşaqlarda özü-özünə və qarşılıqlı tibbi yardım aparılmır, ona görə də ilk yardım xilasedicilər və tibb işçiləri tərəfindən ilk növbədə uşaqlara göstərilməlidir. Uşaqların zədələnmə ocaqlarından çıxarılması və təxliyəsi yaxşı olar ki, qohumlarının (tanışlarının), yaşlı adamların müşayiəti ilə həyata keçirilsin. Beş yaşına qədər uşaqların vəziyyəti imkan verirsə, zədənin lokalizasiyasından və xarakterindən asılı olaraq onlar zədələnmə ocağından müt-ləq əl ilə çıxarılmalıdır.
Kiçik yaşlı uşaqlar çox həssasdırlar və dərhal sizin inamsızlığınızı hiss edə bilərlər. Zədələnən uşağın etibarı-nı qazanmağa çalışın, əvvəlcə onun inandığı adamla, imkan daxilində valideynləri ilə söhbət edin. Əgər valideyn sizə qulaq asır və inanırsa, bu inam uşağa da keçir. Əsas odur ki, uşaq nə baş verdiyini və sizin nə etmək istədiyi-nizi başa düşsün. Uşağı atadan, anadan və ya inandığı adamdan ayırmayın.
- TƏCİLİ TİBBİ YARDIM XİDMƏTİ
Təcili tibbi yardım xidməti (sistemi) – xüsusi hazırlıq keçən mütəxəssislərdən ibarət və müasir tibb avadan-lıqları ilə təchiz olunmuş, əhaliyə xəstəxanayaqədərkı mərhələdə (hadisə yerində və təxliyə zamanı) və tibb müəs-sisələrində təcili və təxirəsalınmaz tibbi yardım göstərən şəbəkədir.
Təcili tibbi yardım xidmətinin əsas məqsədi personala travmaların qarşısını almaq tədbirlərini öyrətmək, hadisənin baş verdiyinə əmin olmaq və sistemi aktivləşdirmək, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilmə-sinə başlamaq, xəstələrə (zərərçəkənlərə) son diaqnozu qoymaq, onları müalicə üçün təhlükəsiz olaraq xəstəxanaya daşımaqdır.
Xilasedici hadisə yerində ilk yardımı, tibbi yardım göstərən personal gələnə qədər göstərməli və zərərçəkəni onlara təhvil verməlidir. Adətən bunlar təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının tibbi personalıdır. Stansi-yanın tibbi personalı öz növbəsində zərərçəkənə lazımi tibbi yardım göstərib, onu təhlükəsiz vəziyyətdə (uzanmış, oturaq, böyrüstə və s.) və mümkün qədər tez, müvafiq xəstəxanaya təxliyə edir.
Göründüyü kimi, zərərçəkənə göstərilən yardım bir neçə mərhələdən ibarətdir. Adətən, ilk yardımı təsadüfi insan həyata keçirir. Tibbi yardımın göstərilməsi üçün o, təcili tibbi yardım xidmətini aktivləşdirməlidir.
Azərbaycan Respublikas ərazisində təcili tibbi yardım xidmətini aktivləşdirmək üçün Böhran Vəziyyətlərin-də İdarəetmə Mərkəzinin “112” Çevik reaksiya idarəsinə (tel.: 112 qaynar xətt) və ya təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına (tel.: 103) zəng edilməlidir (zənglər pulsuzdur).
Beləliklə, hadisə yerinə tibbi yardım göstərilməsi üçün tibb personalı cəlb edilir və müvafiq xəstəxana zərər-çəkənə ixtisaslaşdırılmış yardımın göstərilməsi üçün şərait yaradır, onu qəbul etməyə hazır olur.
Bütün mərhələlərdə lazımi səviyyədə göstərilən yardım zərərçəkənin ölmə ehtimalını azaldır, həyatını xilas edir. Bu mərhələlər xilasedicinin hadisə yerinə gəlib, ilk yardım göstərməsi ilə başlayır və xəstəxanada göstərilən tibbi yardımla yekunlaşır. Bu ardıcıllıqla yardım göstərilməsi fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı çox vacibdir.
Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə dünya praktikasından məlumdur ki, qəzadan sonra lazımi yardım olmadıqda ağır yaralıların 40%-i bir saatdan sonra, 60%-i üç saatdan sonra, 95%-i isə altı saatdan sonra həyatlarını itirirlər.
Əgər xilasedicilər hadisədən sonrakı birinci 3 saat ərzində xilasetmə işlərinə başlayıblarsa, dağıntılar altında qalan insanlardan 90%-nin, 6 saatdan sonra başlayıblarsa – 50%-nin sağ qalması mümkündür. Müddət artdıqca insanların sağ qalma ehtimalı azalır, 10 saatdan sonra isə onları xilas etmək praktiki olaraq mümkün olmur.
* Təcili tibbi yardım xidmətinin (sisteminin) 10 klassik komponenti
- Zərərçəkənlərə göstərilən təcili və təxirəsalınmaz tibbi yardımın effektli (təsirli) standartlaşdırılmış normativlər və proqramlar əsasında aparılması. Hər mərhələ üçün yardımın həcmi və yardım göstərənlərin səlahiyyəti daxilində müəyyən edilmiş işin həddinin müvafiq qurum tərəfindən qəbul edilməsi. Məsələn, xilasedicilərin göstərdiyi ilk yardımın həcmi çərçivəsinə bədənə daxil olmuş yad cisimin (bıçaq, dəmir, taxta parçası və s.) çıxarılması daxil deyildir. Bu səbəbdən göstərilən yardım standartlaşdırılmalı və protokollar əsasında aparılmalıdır.
- Mövcud resurslardan səmərəli istifadə edilməsi.
- Təcili və təxirəsalınmaz tibbi yardım göstərən personalla aparılan təlimlərin və onların hazırlığının müasir standartlara uyğun təmin edilməsi. Ölkə daxilində təhsil və təlimin müvafiq qaydada təsdiq edilmiş müasir tədris protokollarına uyğun aparılması.
- Zərərçəkənin təhlükəsiz və vaxtında xəstəxanaya çatdırılmasının təşkil edilməsi.
- İxtisaslaşdırılmış yardım göstərmək üçün zərərçəkənin mütləq xəstəxanaya təhvil verilməsi.
- Xəstəxana və xəstəxanayaqədərki mərhələdə yardım göstərən personal tərəfindən əlaqəli fəaliyyətin olması. Təcili yardım briqadasının xəstəxana ilə əlaqə saxlaması. Xəstəxanaların zərərçəkəni qəbul edib, lazımi ixti-saslaşdırılmış yardım göstərilməsi üçün hazır olması.
- Əhali arasında sanitar-maarifləndirmə işinin aparılması. Əhalinin ilk yardım barədə ümumi anlayışının olması, onların bu sahədə məlumatlandırılması və ilk yardım göstərməyi bacarması.
- Tibbi nəzarət və standartlaşdırılmış xəstəxanayaqədərki təcili yardımın müasir istiqamətlərə yönəldilməsi (uyğunlaşdırılması). Tibbi nəzarət təcili tibbi yardım xidmətinin planlaşdırılmasını, standartlara uyğun protokolların işlənib hazırlanmasını, təhsilin daima müasirləşməsini və maariflənməni, o cümlədən, göstəri-lən yardımın keyfiyyətinin artırılmasını özündə birləşdirir.
- Zərərçəkənlərə göstərilən yardım standartlaşdırılmalı və təhsil standartları əsasında protokollara uyğun təşkil olunmalıdır. Məsələn, bədənin müxtəlif nahiyələrindən xəsarət alan zərərçəkənin ilk növbədə diri olub-olma-dığı yoxlanılmalı; tənəffüsü, nəbzi təyin olunmursa, bərpa olunmalı; qanaxması dayandırılmalı; boyun yaxa-lığı qoyulmalı və bundan sonra digər tədbirlər görülməlidir.
- Təcili tibbi yardım xidmətinin və orada fəaliyyət göstərən personalın işinin daim qiymətləndirilməsi. Bu xidmətin iştirakçıları vaxtaşırı təkmilləşdirmə kurslarına göndərilməli və tutduqları vəzifəyə uyğun olmaları barədə sertifikasiyadan keçirilməlidirlər.
Dövlətimiz səhiyyənin inkişafına daima qayğı göstərir və şərait yaradır. Ölkəmizdə beynəlxalq standartlara
cavab verən yeni tibb müəssisələrinin istifadəyə verilməsi, təcili yardım xidməti üçün xarici ölkələrdə istehsal edilmiş muasir nəqliyyat vasitələrinin və avadanlıqlarının alınması buna əyani sübutdur.
* Təcili tibbi yardım xidmətinin mərhələləri
Təcili tibbi yardım xidməti xəstəxanayaqədər və xəstəxana mərhələrindən ibarətdir.
Tibbi yardım ali və ya orta ixtisas tibb təhsili almış (həkim, feldşer, tibb bacısı/qardaşı, əczaçı, diş həkimi, mama və digərləri) zəruri alətləri və dərman vasitələri olan istənilən tibb işçisi tərəfindən göstərilir.
Tibbi yardımın göstərilməsi, tibb işçilərinin lazımi tibbi avadanlıq ləvazimatlarla hadisə yerinə gəlib, yardım göstərməsindən başlayır. Xəstəxanayaqədərki mərhələdə tibbi yardım təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində, tibbi nəqliyyat vasitəsində, təcili yardım məntəqəsində, poliklinikalarda, ambulatoriyalarda, feldşer-mama məntəqələrində, travmatoloji məntəqələrdə və s. həmin müəssisənin tibb işçiləri tərəfindən, xəstəxana mərhələsində isə xəstəxana şəraitində həmin müəssisədə çalışan tibb işçiləri tərəfindən aparılır.
İstifadə edilən ədəbiyyat:
- Курс по неотложной медицине для Учебных центров в Евразии. Руководство для преподавателей. Американский Международный Союз Здравоохранения. 2005.
- ACLS Provider Manual. American Heart Association. 2015