VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

Sağlamlıq bədəni tanımaqdan başlayır

Yetkinlik hər bir insanın həyatında baş verən normal prosesdir. Oğlanlarda cinsi yetkinlik 10-14 yaşlarda başlayır və yeniyetmələrin görünüşündə və davranışında dəyişikliklər baş verir. Bu dəyişikliklər oğlanların tədricən kişiləşməsi prosesinin başlanğıcıdır. Bədənində baş verən dəyişiklikləri bilmək yeniyetmələri bir çox problemlərdən və əsassız narahatlıqlardan qoruya bilər.

Səsin dəyişməsi

Cinsi yetkinlik dövrünə xas olan əlamətlərdən biri səsin dəyişilməsidir. Qırtlağın genişlənməsi, onun əzələlərinin və səs tellərinin inkişaf etməsi səsin dəyişməsinə, tədricən kişi səsinə çevrilməsinə gətirib çıxarır. Odur ki, narahatlığa və səsi gizlətmək üçün danışmaqdan çəkinməyə səbəb yoxdur.

Tüklənmə

Yetkinlik zamanı bədəndə tüklənmə prosesi daha sürətlə gedir. Oğlanlarda üzdə və çənədə, dodaqların ətrafında tüklər çıxmağa başlayır, həmçinin sinədə, qoltuqaltında və bud-çanaq nahiyəsində tüklənmə müşahidə edilir. İfraz olunan hormonların təsiri ilə tüklənmə, əzələlərin böyüməsi və digər dəyişikliklər baş verir.  

9-19 yaş arası oğlanlarda  üzün tüklənməsinin təxmini təsviri

Dəri
Yetkinlik dövründə dəri daha yağlı və tərli ola bilər. Bu, piy və tər vəzilərinin funksiyasının artması ilə əlaqədardır. Bu vəzlərin funksiyasının artması dəridə civzələrin (sızanaqların) yaranmasına gətirib çıxarır.

Civzələr (akne) yeniyetmələr arasında çox yayılmış dəyişiklikdir. Civzələr piy vəzilərinin çox olduğu yerlərdə – üzdə, boyunda, sinə nahiyəsində əmələ gəlir.

Civzələrdən azad olmaq üçün məsləhətlər
Olar:

- Üzünüzü gündə iki dəfə sabunla ehtiyatla yuyun

- Üzünüzdə olan təri həmişə silin 
- Tərkibində yağ olmayan kosmetik vasitələrdən istifadə edin
- Balıq, meyvə və tərəvəzlə zəngin olan qidalar qəbul edin (bu, dərinizin 

  yağlanmasının azalmasına kömək edəcəkdir).
Olmaz:

  • Üzü süngər ilə sürtmək
  • Civzələri – s ızanaqları sıxmaq (bundan sonra çapıq qala bilər)
  • Dərini sürtən dar paltar geyinmək

Qoxu

Yetkinlik dövründə ifraz olunan hormonlar tərləmənin artmasına və ifraz olunan tərin qoxulu olmasına təsir göstərir. Dəri üzərinə ifraz olunan tər bakteriyalarla təmasa girir və nəticədə qoxu əmələ gəlir.

Tərləmədən qorunmaq üçün ilk növbədə müntəzəm olaraq duş qəbul etmək, yuyunmaq vacibdir (xüsusən də idman və ya fiziki aktivlikdən sonra). Yuyunub qurulandıqdan sonra qoltuqaltı nahiyə üçün tər əleyhinə vasitədən istifadə etmək olar.

Bədən quruluşu
Cinsi yetkinlik dövründə boyun artma sürəti çox yüksək olur , cinsi yetkinləşmə prosesi başladıqdan 2 il sonra isə ən yüksək həddə çatır. Əllər, ayaqlar, qollar, pəncələr bədənin digər hissələrinə nisbətən daha sürətlə böyüyür. Oğlanların və qızların boyu uşaq yaşlarında təxminən eyni olsa da, cinsi yetkinlik başladıqdan sonra vəziyyət dəyişir.  Oğlanların tədricən boyu uzanır, bədən quruluşu dəyişir, əzələ toxuması inkişaf edir, çiyinləri genişlənir.

“İslaq” (nəm) yuxular
Cinsi yetkinlik dövründə yeniyetmə mələfənin nəm olduğunu müşahidə edə bilər. Bu, “islaq” (nəm) yuxu və ya pollyusiyadır,  yuxuda baş verən eyakulyasiya ilə əlaqədardır. İslaq yuxular heç də həmişə seksual xarakterdə yuxular zamanı qeyd olunmur. “İslaq” (nəm) yuxular cinsi yetkinlik dövründə oğlanlar üçün normal əlamət sayılır və cinsi yetkinlik prosesinin bir hissəsidir. Bu əlamət necə başlayırsa, eləcə də başa çatır, bu prosesə müdaxilə edilməməlidir.

Qeyri-ixtiyari ereksiya 
Oğlanlarda cinsi yetkinlik dövründə qeyri-ixtiyari, spontan ereksiya (cinsi orqanın sərtləşməsi – bərkiməsi prosesi) baş verir. Ereksiya cinsiyyət üzvünün böyüməsi və bərkiməsidir. Ereksiya cinsiyyət orqanına toxunmadan və seksual fantaziyalar düşünmədən baş verir. Bu gözlənilməz ereksiyalar ictimai yerlərdə (məktəb) baş verdikdə çaşqınlıq yarana bilər. Belə hallar normal sayılır və vaxt keçdikcə daha az-az baş verir. Bu gözlənilməz vəziyyətdən çıxmaq üçün geniş şalvar geymək lazımdır ki, qeyri-ixtiyari ereksiyanı gizlətmək mümkün olsun.

Döş vəzilərinin böyüməsi
Cinsi yetkinlik dövründə oğlanların çoxunda döş vəziləri böyüməyə başlayır. Belə təsəvvür yaranır ki, döş giləsinin altında şişkinlik əmələ gəlib. Döş vəzi çox həssas və hətta ağrılı ola bilər. Bir neçə aydan sonra bu şişkinlik çəkilir. Oğlanlarda həqiqi döş vəziləri inkişaf etmir. Cinsi yetkinlik dövrü üçün səciyyəvi olan bu vəziyyət hormonal dəyişikliklər nəticəsində əmələ gəlir.  

 Tövsiyələr

  • Cinsi yetkinlik dövründə yaranan hormonlar bəzən yeniyetmələrin əhval-ruhiyyəsinin dəyişməsinə səbəb olduğundan, belə hallarda yaşca sizdən böyük olan və etibar etdiyiniz bir şəxslə hisslərinizi bölüşün.
  • Yeniyetməlik dövründə kaloriyə olan ehtiyacın çoxalmasından və hormonal səbəblərdən iştahınız çox arta və yoldaşlarınızla küçədə tez-tez qida qəbulu istəyiniz yarana bilər. Belə vəziyyət yetkinlik dövründə həddindən artıq kiloların alınmasına gətirib çıxarar. Odur ki, sağlam və düzgün qidalanmağa diqqət yetirmək vacibdir.
  • İdmanla məşğul olmaq çox faydalıdır, lakin yeniyetməlik dövründə oğlanların əksəriyyəti “üçbucaq” bədənə sahib olmaq üçün əzələ yığmağa çalışırlar. Bu zaman böyüyən əzələlərin dəriyə uyğunlaşmaması meydana çıxır, nəticədə bədəndə çatlar yaranır. Buna görə də əzələlərin tam inkişafı vacibdir. Əzələlərin böyüməsinə yardım etmək üçün isə, sağlam qidalanma və düzgün fiziki aktivlik (üzmək, futbol oynamaq, velosiped sürmək və s.) tələb olunur.
  • Şəxsi gigiyena qaydalarına əməl etmək (gün ərzində cinsiyyət orqanlarının gigiyenası) və həftədə 2 dəfədən az olmamaqla duş və ya vanna qəbul etmək yeniyetmələrin sağlamlığı üçün vacib şərtlərdəndir.

Əziz yeniyetmələr! Bədəninizdə baş verən dəyişiklikləri başa düşmək və onlara hazır olmaq üçün daim valideynlərinizlə və bəzən uşaq həkimi ilə məsləhətləşmək çox vacibdir.

 

Valideynlərin nəzərinə! Hər bir valideyn oğlan övladının cinsi yetişkənliyi barədə məlumatlı olmalı, gələcəyin kişisinin necə inkişaf etməsinin normalarını və normadan kənarlaşmaları bilməlidir.