MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Qeyri-infeksion xəstəliklər. Risk faktorları və profilaktika

Qeyri-infeksion xəstəliklər (QİX) xroniki gedişi və dərin ictimai-sosial mahiyyəti ilə xarakterizə edilən, yoluxucu olmayan xəstəliklər qrupuna aiddir.

Bu xəstəliklər qrupunda 4 əsas patologiya üstünlük təşkil edir:

  • ürək-damar xəstəlikləri
  • onkoloji xəstəliklər
  • xronik obstruktiv ağciyər xəstəlikləri 
  • şəkərli diabet  

Qeyri-infeksion xəstəliklərin ən mühüm və dəyişilə bilən risk faktorlarına aşağıdakılar aiddir: 

  • tütünçəkmə
  • fiziki aktivliyin azlığı
  • artıq çəki/piylənmə
  • hiperxolesterinemiya  
  • qeyri-sağlam qidalanma. 

Sağlam həyat tərzi QİX-in profilaktikasında əsas rol oynayır.

Sağlam həyat tərzinin təbliği aşağıdakı beş sahəni əhatə etməlidir: 

  • düzgün qidalanma və çəki üzərində nəzarət
  • müntəzəm fiziki aktivlik və idman 
  • tütünçəkmənin dayandırılması və tütündən azad mühitin yaradılması
  • stresin idarə edilməsi
  • müntəzəm həkim müayinələri. 

Təhlillər göstərir ki, yüksək enerjili qida növlərinin (məsələn, yağ və şəkərlə zəngin olan qidalar) çox həcmdə qəbulu piylənməyə səbəb olur. Meyvə və tərəvəzin qəbulu isə əks effektə malikdir.

Sağlam qidalanmanın xüsusiyyətləri

Doymuş yağ turşuları (yağlı ət, kərə yağı və s.)gündəlik kalorinin 10 faizdən az hissəsini təşkil etməli və polidoymamış yağ turşuları (zeytun, günəbaxan yağı, badam, yerfıstığı və s. ) ilə əvəz olunmalı

Transdoymamış yağ turşularından istifadə məhdudlaşdırılmalı

Gün ərzində istifadə edilən duzun miqdarı 5 qramdan az olmalı

Gün ərzində istifadə edilən meyvənin miqdarı 200 qram olmalı

Gün ərzində istifadə edilən tərəvəzin miqdarı 200 qram olmalı

Həftədə an azı 2 dəfə balıq istifadə edilməli

Qidalanmanın kalori tərkibi məhdudlaşdırılmalı

Fiziki aktivliyə dair tövsiyələr

İstənilən yaşda olan sağlam böyüklər orta intensivli aerob fiziki məşqlərə həftədə 2,5-5 saat və ya intensiv fiziki məşğələlərə həftədə 1-2,5 saat ayırmalıdırlar.

Şəkərli diabet zamanı istifadəsinə icazə verilən qidalar

  • Göbələk və tərəvəz supu, doğramac, yağsız balıq bulyonu
  • Yağsız mal əti, dovşan əti, toyuq
  • Çovdar və buğda çörəyi, kəpəkli çörək, 2–ci dərəcəli buğda unundan hazırlanan çörək
  • Buxarda bişmiş və bəzən qızardılmış yağsız balıq, konserv balıq (yalnız öz şirəsində              olarsa)
  • Yağsız pendir, qaymaqsız süd, digər süd məhsulları, yoqurt
  • Həftədə 2 dəfə yumurtanın ağı (yumurtanın sarısını yemək məhdudlaşdırılır)
  • Darı, arpa, qarabaşaq və yulaf yarması
  • Kahı, balqabaq, xiyar, pomidor, kələm, badımcan. Tərəvəzləri bişmiş və ya qaynadılmış formada yemək olar. Bişməmiş (çiy) halda yeməyə üstünlük verilməlidir. Kartof gündəlik       karbohidrat miqdarına uyğun olaraq qəbul edilməlidir.
  • Şirin olmayan meyvə və giləmeyvələr. Sorbitol və saxarinli jele, kompot və konfet
  • Çay, şirə və tərəvəz, meyvə və giləmeyvə həlimləri

Şəkərli diabet zamanı istifadəsi məhdudlaşdırılan qidalar

  • Yağlı ət bulyonları
  • Yağlı ət növləri – donuz, ördək, qoyun, qaz, müxtəlif hisə verilmiş qidalar və kolbasa,              quyruq yağı
  • Piroqlar, bulkalar, peçenyelər, biskvit və yağlı şirniyyatlar
  • Yağlı balıq növləri, müxtəlif duzlu və hisə verilmiş balıq növləri, yağlı balıq konservləri,          kürü
  • Bütün növ duzlu pendir və kəsmiklər, şirin kəsmiklər, müxtəlif dərəcəli yağlı qaymaq, kərə    yağı
  • Ağ düyü, manna yarması və makaron məmulatları
  • Duzlu və turşuya qoyulmuş tərəvəzlər, noxud, lobya
  • Çiyələk, üzüm, əncir, banan, xurma, qənd, mürəbbə, konfet
  • Tərkibində çoxlu miqdarda qlükoza olan üzümlü, ərikli və digər şirələr, şəkərli limonadlar,    qazlı içkilər

Xərçəngin profilaktikası üçün:

  1. Meyvə və tərəvəzistifadə etmək lazımdır. Hər gün 400 - 500 q meyvə və tərəvəz yeməklə, mədənin, ağciyərin, bağırsaqların, sidik kisəsinin, udlağın, süd vəzinin xərçəngə tutulma riski iki dəfə aşağı salmaq olar. Qida lifləri orqanizmdən kanserogenlərin xaric olmasına kömək edir. Sarı, narıncı və qırmızı rəngli meyvələrə, məsələn, pomidor, boranı, xurma, ərik, çuğundur (qaynanmış şəkildə və şirəsi), yerkökü, çaytikanı və s. xüsusi üstünlük vermək lazımdır. Qadın onkoloji xəstəliklərinə irsi meyllilik zamanı kələmin bütün növləri xüsusilə faydalıdır (ağ kələm, kolrabi, brüssel və çin).
  2. Gündə 100 q-dan çox olmamaqla quş əti,yağsız mal yemək lazımdır. Qaynanmış və pörtlədilmiş qidaya üstünlük verin. Yağlı ətdən və qızardılmış qidadan imtina edin.
  3. Hisə verilmiş, duzlu, marinada qoyulmuş ərzaqları, konservləri məhdudlaşdırmaq və ya istisna etmək tövsiyə olunur. Həmçinin, həddindən artıq yağlı və kalorili qidanı: pendiri, kolbasanı, iç yağı, kərə yağı və undan hazırlanmış şirniyyat məhsullarını məhdudlaşdırın.
  4. Dəniz balığıməsləhətdir. Həftədə ən azı 2 dəfə balıq istifadə edilməli, bunlardan biri yağlı balıq olmalıdır.
  5. Yaşıl çaydan istifadə etmək lazımdır.Gündə ən azı 3 stəkan yaşıl çay içmək lazımdır – süd vəzi xərçəngi xəstəliyinin riski aşağı düşür.
  6. Bitki yağlarından istifadə etmək lazımdır.Qidanı zeytun, qarğıdalı və ya soya yağında bişirmək daha faydalıdır.
  7. Yeməklərə tez-tez sarımsaq, soğanvə göyərtiəlavə edin. Soğanda, şüyüddə və rozmarində süd vəzisini xərçəngdən qoruyan maddələr var. Ədviyyatlar istifadə edin (zəncəfil).
  8. İri üyüdülmüş, yodlaşdırılmış, minerallaşdırılmış duzistifadə etmək lazımdır və gün ərzində istifadə edilən duzun miqdarı 5 qramdan az olmalıdır.

Ürək-damar xəstəliklərinin profilaktikasına

Tütünçəkmədən imtina. İstənilən növ tütün məmulatlarından istifadə ÜDX-nin inkişaf riskini artırır. Həmçinin, passiv tütünçəkmə də ÜDX riskini artıran risk amilidir. Buna görə də tütün tüstüsü olan yerdən və siqaret çəkənlərin yanından kənar durmaq lazımdır. Tütünçəkmədən imtinaya qarşı heç bir yaş məhdudiyyəti yoxdur. Tütünçəkmədən imtina edildikdən 10-15 il sonra ürək-damar xəstəliklərinin inkişaf riski heç vaxt tütünçəkməyən insanların risk səviyyəsinə yaxınlaşır.

Sağlam pəhrizə riayət etmək. Gün ərzində:

✓    istifadə edilən duzun miqdarını 5 qramdan az edin.

✓    dənli bitkilərdən, meyvə və tərəvəzdən alınan liflərin miqdarını 30-45 qramadək çatdırın.

✓    istifadə edilən meyvənin miqdarını ən azı 200 qram (2-3 porsiya) edin.

✓    istifadə edilən tərəvəzin miqdarını ən azı 200 qram (2-3 porsiya) edin.

✓   Həftədə ən azı 2 dəfə balıq istifadə edin və bunlardan birinin yağlı balıq olmasına çalışın.

✓   Qida qəbulunda kalori tərkibinin məhdudlaşdırılmasına və bədən çəkisinin normal saxlanmasına çalışın.

 

Fiziki aktiv olmaq. İstənilən yaşda olan sağlam böyüklər fiziki aktivliyə və ya orta intensivlikli aerob fiziki məşğələlərə həftədə 2,5-5 saat və ya intensiv fiziki məşğələlərə həftədə 1-2,5 saat ayırmalıdırlar. Oturaq həyat tərzi keçirən insanlar mümkün risklər qiymətləndirildikdən sonra yüngül intensivlikli fiziki məşğələlər proqramından başlamalıdırlar. Fiziki aktivlik/aerob fiziki məşqlər həftədə bir neçə dəfə aparılmalıdır. Hər bir məşqin müddəti 10 dəqiqədən çox olmalı və həftə ərzində 4-5 gündən az olmamaqla bərabər şəkildə bölüşdürülməlidir. Miokard infarktı keçirmiş, aorta-koronar şuntlanma və ya dərialtı koronar müdaxilələr (məs., stentlərin qoyulması) almış və ya xronik ürək çatışmazlığı, sabit stenokardiyası olan xəstələr həftədə 3 dəfədən çox 30 dəqiqəlik orta intensivlikli aerob fiziki məşqlər etməlidirlər. 

Bədən çəkisinə nəzarət etmə: Bədən kütlə indeksi (BKİ) 18.5-24.9 kq/м2 arası saxlamaq sağlamlıq üçün vacibdir. Artıq bədən çəkisi və piylənmə ÜDX olduğu hallarda ölüm riskini artırır. Bütün səbəblərdən ölüm halları ilə BKİ arasında düz mütənasiblik mövcuddur. Belə ki, bütün səbəblərdən ölüm hallarının ən aşağı səviyyəsi BKİ-i 18.5-24.9 kq/m2 olan şəxslər arasındadır. Hesab olunur ki, BKİ 2 arasında olduqda artıq çəki, BKİ >30 kq/m2 çox olduqda isə piylənmə diaqnozu qoyulur.

BKİ ilə yanaşı Ümumdünya Səhiyyə Təşkilatı və digər aparıcı beynəlxalq tibb cəmiyyətləri tərəfindən bədən çəkisinin norma daxilində olub olmamasını müəyyən etmək üçün qarının dairəvi ölçüsündən istifadə etmək tövsiyə edilir. 

- Qarının dairəvi ölçüsü ≥94 sm-dən çox olan kişilər və ≥80 sm-dən çox olan qadınlara bədən çəkisinin artırılması məsləhət görülmür. Bu qrup şəxslərdə ürək-damar xəstəliklərinin inkişafı və həmçinin, müxtəlif səbəblərdən ölüm riski artmış olur.

- Qarının dairəvi ölçüsü ≥102 sm-dən çox olan kişilərə və ≥88 sm-dən çox olan qadınlarda bədən çəkisinin azaldılması tövsiyə edilir. Bu qrup şəxslərdə ürək-damar xəstəliklərinin inkişafı və həmçinin müxtəlif səbəblərdən ölüm riski əhəmiyyətli dərəcədə artmış olur.

- Belin dairəvi ölçüsünün bud səviyyəsində dairəvi ölçüyə olan nisbəti:  bu nisbət kişilərdə >0.9 və qadınlarda >0.85-dən çox olduqda abdominal piylənmənin olduğundan xəbər verir. 

Qan təzyiqini nəzarətdə saxlamaq. Qan təzyiqi normada <140/90 mm civə sütunundan aşağı olmalıdır. Həyat tərzinin dəyişdirilməsi qan təzyiqi normadan cüzi dərəcədə artmış xəstələrdə onun aşağı salınması üçün kifayət edə bilər. Bundan başqa, həyat tərzinin dəyişdirilməsi qan təzyiqinə qarşı dərman preparatlarını qəbul edən xəstələrə də tövsiyə olunur. Belə ki, bu qan təzyiqinin normallaşdırılması üçün tələb olunan dərmanların dozasının azaldılmasına gətirə bilər. Həyət tərzinin dəyişdirilməsinə aşağıdakı tədbirlər daxildir: artıq bədən çəkisi olan hallarda bədən çəkisinin azaldılması, duzun gün ərzində qəbulunun 5 qramdan az miqdaradək azaldılması, az hərəkətli həyat tərzi olanlar üçün müntəzəm fiziki fəaliyyətlə və ya idmanla məşğul olma. Yüksək qan təzyiqi olan  xəstələrə daha çox (gündə 4-6 porsiya, yəni 400 qram) meyvə və tərəvəzdən istifadə etmək,  doymuş yağlar və xolesterin qəbulunu azaltmaq tələb olunur. Siqaret çəkən xəstələr bu vərdişdən imtina etməlidir. 

Tütünəkmənin dayandırılması AXOX-un müalicəsində ilk və mütləq addımdır.

  •  Tütünəkmənin dayandırılması AXOX-un profilaktikası və xəstəliyin inkişafının qarşısının alınması üçün klinik və iqtisadi cəhətdən ən effektiv yol hesab olunur.
  •  Tütün asılılığı haqqında qısa şəkildə məlumatın verilməsi təsir əhəmiyyətlidir və siqaret çəkən hər bir şəxslə tibb müəssisəsinə hər gəlişində bu haqda təbliğat aparılmalıdır.
  •  Tütün asılılığının effektiv farmakoterapiya metodları mövcuddur və məsləhət vermə zamanı, əgər ehtiyac olarsa və əks göstəriş yoxdursa, onlardan ən azı biri təyin olunmalıdır.

Peşə faktorları:

İnhalyasiya olunan hissəciklərin və ya qazların törətdiyi zərərin qarşısının alınmasına yönəlmiş tədbirlər vasitəsilə peşə faktorlarının təsiri nəticəsində əmələ gəlmiş bir çox respirator xəstəliklərin inkişaf etməsini azaltmaq və ya nəzarət altında saxlamaq olar.

Aşağıdakı peşə sahələrində çalışan insanlarda AXOX yaranma riski artmış olur:

Taxılçılıq – taxıl unları, üzvi və qeyri–üzvi tozlar.

Heyvandarlıq - orqanik tozlar, ammonyak, hidrogen sulfid.

Müxləlif tozların təsirinə məruz qalma - kömür mədənçiliyi, sərt daş mədənçiliyi, tunel qazma, dəmir – beton işləri, inşaat işləri, qızıl mədənçiliyi, dəmir və polad istehsalı, kərpic istehsalı.

Kimyəvi maddələrin təsirinə məruz qalma – plastik, tekstil, rezin sənayesi, dəri istehsalı, qida istehsalı.

Çirkləndiricilərin təsirinə məruz qalma – yük maşını və avtomobil daşıyan maşınların sürücülüyü, avtomobil istehsalı və təmiri.

Peşə faktorları ilə törənən AXOX - u inhalyasiya olunan hissəciklər və ya qazların zərərli təsirini azaltmağa yönəldilmiş tədbirləri həyata keçirməklə azaltmaq və ya nəzarətdə saxlamaq olar.

Havanın çirklənməsi (ev və ətraf mühitdə)

Havanın çirklənmə riskinin azaldılması üçün həm cəmiyyət, həm də ayrı-ayrı fərdlər tərəfindən qoruyucu tədbirlərin aparılması vacibdir.