VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Digər mövzular barədə / MƏQALƏLƏR
Peyvəndlərdən imtina etməyin!
İnfeksion xəstəliklər çox təhlükəli olub, ağır formalarında hətta ölümlə də nəticələnə bilər. Peyvənd isə uşaqlarda yoluxucu xəstəliklərə qarşı immunitet (xəstəliyə tutulmama qabiliyyəti) yaradır. Buna görə də uşaqların bu xəstəliklər əleyhinə peyvənd olunması vacibdir.
Peyvəndlərin aparılması nəticəsində bir sıra xəstəliklər qlobal səviyyədə aradan qaldırılıb. Ağır yoluxucu xəstəlik olan poliomielitə yoluxanların sayı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlər nəticəsində ölkəmizdə sıfıra endirilib. Ümumdünya Səhiyyə Təşkilatı 2002-ci ildə Azərbaycana “Poliomielitdən azad ölkə” statusunu verib.
Hazırda Azərbaycanda hepatit B, vərəm, poliomielit, difteriya, göyöskürək, tetanus, B tipli hemofil infeksiya, qızılca, parotit, məxmərək xəstəliklərinə qarşı peyvənd aparılır.
Dövlət tibb müəssisələrində Peyvəndlər dövlət hesabına edilir.
Yoluxucu xəstəliklərin başlıca profilaktika yolu peyvənddir!
Peyvəndlərin məhz vaxtında və bütövlükdə aparılması uşaqların sağlamlığını qoruyur!
Qızılcanın, epidemik parotitin və məxmərəyin profilaktikası
Qızılca, epidemik parotit və məxmərək əleyhinə peyvənd bu xəstəliklərin profilaktikasının ən uğurlu üsuludur. Uşaqları qızılca-parotit-məxmərək əleyhinə vaksinlə (üç infeksiyaya qarşı ) peyvənd etmək vacibdir. Bu peyvəndin 1-ci dozası Milli peyvənd təqviminə uyğun olaraq, uşaqlara 12 aylığında, 2-ci dozası isə 6 yaşında vurulur.
Difteriyanın, göyöskürəyin, tetanusun, Hib infeksiyanın və hepatit B-nin profilaktikası
Difteriya, göyöskürək, tetanus, Hib infeksiya və hepatit B-dən qorunmanın ən effektiv yolu vaksinasiyadır. Hepatit B əleyhinə HepB vaksininin ilk dozası yenidoğulmuşlara doğuşdan sonra 12 saat ərzində vurulmalıdır.
Çoxkomponentli vaksinin üstünlüyü bir neçə xəstəliyə qarşı vaksinlərin bir inyeksiyada yeridilməsidir.
Vərəmin profilaktikası
Vərəm infeksiyasına yoluxmanın qarşını almaq məqsədilə bütün yenidoğulmuşlar 4-7 günlükdə vərəm əleyhinə BCG vaksini ilə peyvənd olunmalıdırlar. Bu peyvənd uşaqlar arasında vərəm meningiti və vərəm infeksiyasının digər ağır formalarının baş verməsinin qarşısını alır.
Diqqət !
- Poliomielitə qarşı vaksin pipetlə uşağın ağız boşluğuna damızdırılır, digər vaksinlər isə inyeksiya yolu ilə yeridilir.
- Bir yaşa qədər uşaqlarda bu inyeksiyalar bud əzələsinə vurulur.
- Peyvənddən sonra uşaqda baş verə biləcək reaksiyalar barədə həkimdən öyrənin.
- Peyvənddən sonra reaksiya olduqda dərhal həkimə müraciət edin.
İmmunoprofilaktika (peyvənd) müxtəlif infeksion xəstəliklərin qarşısının alınmasında ən effektiv vasitələrdəndir.
Peyvənd uşağa infeksiyaya qarşı immun cavab yaratmaqda kömək edir. Nəticədə, uşaq infeksiyaların əksəriyyətindən müdafiə olunur.