Qeyri-infeksion xəstəliklər (QİX) xroniki gedişi və dərin ictimai-sosial mahiyyəti ilə xarakterizə edilən, yoluxucu olmayan xəstəliklər qrupuna aiddir. Bu xəstəliklər qrupunda 4 əsas patologiya üstünlük təşkil edir:
- ürək-damar xəstəlikləri
- onkoloji xəstəliklər
- xronik obstruktiv ağciyər xəstəlikləri
- şəkərli diabet
Tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik kimi ümumi risk faktorları nəticəsində yaranan QİX əksər ölkələrdə xəstəlik yükünün böyük hissəsinin və vaxtından əvvəl ölümlərin əsas səbəbidir.
Hesablamalara görə ürəyin işemik xəstəliyi və beyin-damar xəstəliklərinin 80%-nə tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma və fiziki passivlik kimi davranış risk faktorları səbəb olur. Davranış risk faktorları dörd əsas metabolik və ya fizioloji dəyişikliyə gətirib çıxara bilir: yüksək qan təzyiqi, piylənmə ilə nəticələnən artıq bədən çəkisi, hiperqlikemiya və hiperlipidemiya. Artıq çəki və piylənmə də öz növbəsində qan təzyiqi, xolesterol və triqliserid səviyyələrinə mənfi təsir göstərə bilər.
Qeyri-infeksion xəstəliklər və onların risk faktorları ilə bağlı təhlükə
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən dünyada hər il təxminən 6 milyon, o cümlədən tütün çəkən 5,4 milyon və tütün tüstüsünün təsirinə ikincili məruz qalan 600 min insan tütünlə bağlı səbəblərdən dünyasını dəyişir. Bu rəqəmin 2030-cu ilə kimi 8 milyonadək (illik ölüm hallarının 10%-i) artması proqnozlaşdırılır. Spirtli içkilərdən sui-istifadə nəticəsində baş verən orta illik 3,3 milyon ölüm hadisəsinin yarısı məhz QİX-lə bağlıdır. Bununla yanaşı, dünya miqyasında hər il 3,2 milyon insan fiziki passivlik, təqribən 1,7 milyon insan meyvə və tərəvəz qəbulunun azlığı və 2,8 milyon insan artıq bədən çəkisi və ya piylənmə səbəbindən vəfat edir.
Azərbaycanda bu problemin miqyası
Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələnmə və ölüm hallarının əsas səbəblərini QİX təşkil edir. 2014-cü ildə ölkədə ümumilikdə 55,6 min ölüm halı qeydə alınmış və bunların 63,2%-i QİX-lə bağlı qan dövranı xəstəlikləri (33,2 min), onkoloji xəstəliklər (6,5 min), tənəffüs orqanlarının xəstəlikləri (1,5 min), qidalanma, maddələr mübadiləsi pozuntuları və endokrin sistemin xəstəlikləri (1,0 min), o cümlədən şəkərli diabet səbəbindən baş vermişdir. Statistikaya görə son illərdə QİX səbəbindən xəstələnmə və ölüm göstəricilərində davamlı artım müşahidə olunur.
Azərbaycanda QİX-lə bağlı aparılan araşdırmaların nəticələri göstərir ki, QİX hallarının böyük əksəriyyətinin baş verməsi tütünçəkmə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk faktorları ilə bağlıdır.
Tədqiqatlar göstərir ki, kişilərin təxminən 50%-i tütündən istifadə edir, onların əksəriyyətində (93%-də) istifadə gündəlik xarakter daşıyır. Bundan başqa, ətraf mühitdən tütün tüstüsünə məruz qalmanın (evdə, ictimai yerlərdə və/və ya iş yerində passiv tütünçəkmənin) geniş yayılması müəyyən olunmuşdur. Passiv tütünçəkmənin ən yüksək səviyyəsi kişilər üçün ictimai yerlərdə (76,6%), qadınlar üçün evdədir (41,2%).
Azərbaycanda kişilərin 27%-i, qadınların isə 18,6%-i spirtli içkilərdən mütəmadi istifadə edirlər.
18 yaşdan yuxarı olan əhali arasında artıq çəki və piylənmə müvafiq olaraq 35,8% və 21,9% təşkil edir. Piylənmədən kişilərə nisbətən daha çox qadınlar əziyyət çəkirlər (müvafiq olaraq 16,4% və 27,2%).
Əhalinin yalnız 6,4%-i məqsədli şəkildə idmanla məşğul olur.
Azərbaycan zəngin tərəvəz və meyvə məhsulları ilə məşhur olsa da, əhalinin 40%-dən çoxu bu məhsullardan gündəlik istifadə etmir. Yaş qrupları, cinslər arasında əhəmiyyətli fərqin olmaması ilə əhalinin əksəriyyəti (84,9%-i) gün ərzində ÜST tərəfindən tövsiyə edilən həcmdən az meyvə-tərəvəz istifadə etdiyini bildirmişdir. Ev təsərrüfatlarının yarısından çoxu (54%) doymamış yağlardan istifadə edir.
Tədqiqatlara əsasən hipertoniyanın (bütün mərhələləri daxil olmaqla) 18 yaşdan yuxarı əhali arasında yayılması 39,4% təşkil etmişdir. Hipertoniyanın ikinci və üçüncü mərhələlərinin yayılması isə 24,9% olmuşdur. Respondentlərin 16,7%-də ac qarına qanda qlükozanın miqdarı artıq olmuş, 10,6%-də isə şəkərli diabet aşkar olunmuşdur.
Beləliklə, kişilər arasında tütünçəkmə və spirtli içkilərdən istifadə etmə, qadınlar arasında isə artıq çəki problemi üstünlük təşkil edir.
Ümumilikdə böyüklərin 62,7%-də QİX-in bir və ya iki risk amili, 32,4%-də isə üç və ya daha çox risk amili aşkar olunmuşdur. Üç və ya daha çox risk amili olan böyüklər arasında kişilərin payı qadınlara nisbətən artıqdır.