VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
Ümumi məlumat
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən onkoloji xəstəliklər bütün dünyada xəstələnmələrin və ölüm hallarının əsas səbəblərindəndir. Belə ki, 2012-ci ildə xərçənglə bağlı 14 milyon yeni xəstələnmə və 8,2 milyon ölüm halı baş vermişdir. Ölüm hallarına əsasən onkoloji xəstəliklər ürək-damar xəstəliklərindən sonra ikinci yerdə durur. 2012-ci ildə kişilərdə daha çox ağciyərlərin, prostat vəzisinin, düz bağırsağın, mədə və qaraciyər xərçəngi təyin edilmişdir. Qadınlarda isə daha çox süd vəzilərinin, düz bağırsağın, ağciyərlərin, uşaqlıq boynunun və mədə xərçəngi diaqnozu qoyulmuşdur.
Xərçəng yalnız bir hüceyrədən inkişaf edir. Sağlam hüceyrənin şişə çevrilməsi çoxmərhələli prosesdir.. Bu dəyişikliklər insanın genetik faktorları və üç kateqoriya xarici amillərin qarşılıqlı təsiri nəticəsində yaranır. Bu kateqoriyalara aşağıdakılar daxil edilmişdir:
• fiziki kanserogenlər, ultrabənövşəyi və ionlaşdırıcı şüalanma
• kimyəvi kanserogenlər, asbest, tütün tüstüsünün komponentləri, aflatoksinlər (qida məhsulları çirkləndiriciləri) və arsen (içməli su çirkləndiriciləri)
• bioloji kanserogenlər, bəzi viruslarla, bakteriyalar yaxud parazitlərlə törədilən infeksiyalar.
ÜST-nın xərçəngin öyrənilməsi üzrə beynəlxalq agentliyi (XÖBA) vasitəsilə kanserogen amillərin təsnifatı aparılır (classification of cancer causing agents).
Qocalma xərçəngin inkişafına təsir edən əsas amillərindən biri hesab olunur. Yaşa dolduqca xərçənglə xəstələnmə halları kəskin surətdə artır, buna da ola bilsin ki, yaşlandıqca bəzi xərçəng xəstəliklərinin inkişafına təsir edən risk amillərinin toplanması səbəb olur. İnsanın qocalması zamanı hüceyrələrin bərpa mexanizmlərinin effektivliyinin aşağı düşməsi ilə risk amillərinin ümumi toplanması artır.
Bütün dünyada tütünçəkmə, alkoqoldan istifadə, qeyri sağlam qidalanma və fiziki aktivliyin olmaması xərçəngin inkişafının əsas risk amilləridir. Bəzi xroniki infeksiyalar xərçəngin inkişafının risk amilləri hesab olunur. Hepatit B virusu (HBV), Hepatit C virusu (HCV) və insanın papiloma virusunun bəzi növləri (İPV) müvafiq olaraq qaraciyər, anal və uşaqlıq boynu xərçənglərinin inkişaf riskini artırır. İİV-infeksiyası bir sıra müxtəlif xərçəng növlərinin inkişaf riskini kəskin surətdə artırır.
Xərçəngdən ölüm hallarının 30%-dən çoxunun qarşısının alınması əsas risk amillərinin aradan qaldırılması və ya davranışın modifikasiyası yolu ilə mümkündür. Aşağıdakı risk faktorlarının profilaktikası və ya aradan qaldırılması nəzərdən keçirilməlidir:
- tütündən istifadə
- artıq çəki və piylənmə
- sağlam olmayan qidalanma, meyvə və tərəvəzlərdən lazımınca istifadə edilməməsi
- fiziki aktivliyin olmaması
- alkoqoldan istifadə
- HBV, HCV, İİV, İPV infeksiyası
- ionlaşdırıcı və ionlaşdırılmayan şüalanma
- şəhərlərdə havanın çirklənməsi
- evlərdə qatı yanacaq növlərinin istifadəsi nəticəsində otaqların tüstü ilə dolması.
Aşağıda xərçəngin bir sıra əhəmiyyətli risk faktorlarına dair daha ətraflı məlumat verilir.
Tütün
Tütündən istifadə xərçəngin inkişafının ən əsas risk amillərindəndir. Tütünçəkmə xərçəng xəstəliyindən bütün ölüm hallarının 20%-nə və ağciyər xərçəngindən ölüm hallarının təxminən 70%-nə səbəb olur. Tütünçəkmə xərçəngin digər növlərinin inkişafına, o cümlədən, ağciyərlərin, qida borusu, udlağın, ağız boşluğu, boğaz, böyrəklərin, sidik kisəsinin, mədəaltı vəzinin, mədənin və uşaqlıq boynunun xərçənginə gətirib çıxarır.
Fiziki aktivliyin olmaması, qidalanma ilə bağlı amillər, piylənmə və artıq çəki
Xərçənglə mübarizədə qidalanmanın dəyişdirilməsi ən vacib yanaşmalardan hesab edilir. Artıq çəki və piylənmə ilə xərçəngin bir çox növləri arasında, o cümlədən, qida borusu, çənbər və düz bağırsağın, süd vəzlərinin, uşaqlığın selikli qişasının və böyrəklərin xərçənginə səbəb olan əlaqə mövcuddur. Xərçəngin inkişafından qorunma məqsədilə ilk növbədə öz qidanızdan potensial kanserogen (yəni xərçəngə səbəb olan) tərkibli yemək və ərzaqları çıxartmaq vacibdir: qızardılmış yeməklər (əsasən balıq və qırmızı ət), hisdə qurudulmuş ət və balıq məhsulları, konservləşdirilmiş məhsullar, yağlı məhsullar, duz (gün ərzində 12 q.çox istifadə zamanı), “fast-food” yeməklər, saflaşdırılmış şəkər.
Passiv və ya az hərəkətli həyat tərzi də bədxassəli şişlərin yaranmasına səbəb olur. Bütün dünyada ən geniş yayılmış həzm sisteminin bədxassəli şişləri – düz və yoğun bağırsağın xərçəngidir. Bu xəstəliklərin yaranmasında az hərəkətli həyat tərzi mühüm rol oynayır.
Alkoqoldan istifadə
Ən təhlükəli müasir kanserogen alkoqol hesab edilir. Alkoqoldan istifadə bir çox xərçəng növlərinin, ağız boşluğunun, udlağın, boğazın, qaraciyərin, qida borusunun, çənbər və düz bağırsağın və süd vəziləri daxil olmaqla, xərçəngin yaranması üçün risk amilidir. Xərşəngin inkişaf riski qəbul edilən alkoqolun miqdarından birbaşa asılıdır. İnsanlarda xərçəngin bəzi növlərinin inkişaf riski (məsələn, ağız boşluğunun, udlağın, boğazın, qaraciyərin, qida borusunun xərçəngi) alkoqoldan böyük həcmdə istifadə etməklə yanaşı, onların həris tütün istifadəçiləri olduğu təqdirdə əhəmiyyətli dərəcədə artır.
İnfeksiyalar
Hepatit B virusu (HBV), Hepatit C virusu (HCV) və insanın papiloma virusunun bəzi növləri (İPV) müvafiq olaraq qaraciyər, anal bölgə və uşaqlıq boynu xərçənglərinin inkişaf riskini artırır. İİV-infeksiyası (insanın immunçatışmazlığı virusu) xərçəngin inkişaf riskini kəskin surətdə artırır, Helicobacter pylori bakteriyası mədə xərçəngi riskinin yaranmasına səbəb olur.
Ətraf mühitin çirklənməsi
Havanın, suyun və torpağın kimyəvi kanserogen maddələrlə çirklənməsi 1-4%-dək bütün xərçəng xəstəliklərinin yaranmasına gətirib çıxarır (XÖBA/ÜST, 2003-cü il). Ətraf mühitdə kimyəvi kanserogen maddələr içməli su, otaqlar içərisində çirklənmiş hava və yaxud atmosfer hava vasitəsilə təsir göstərə bilir.
Peşə fəaliyyəti ilə bağlı kanserogenlər
40-dan çox maddə, qarışıqlar və iş yerlərindəki şəraitin təsiri insanlara münasibətdə kanserogen sayılır və peşə fəaliyyəti ilə bağlı kanserogenlər kateqoriyasına daxil edilir. Məsələn, mezotelioma (plevranın yaxud döş boşluğunun xərçəngi) peşə fəaliyyəti ilə bağlı asbestin təsirindən əhəmiyyətli dərəcədə asılıdır. Ümumiyyətlə, azbestin təsiri ağciyər xərçəngi, bronxların, plevranın, mədənin, qida borusunun, yoğun bağırsağın, düz bağırsağın, yumurtalıqların və digər orqanların mezoteliomasının inkişafına səbəb olur.
Şüalanma
İonlaşdırıcı şüalanma insanlara kanserogen təsir göstərir. İonlaşdırıcı şüalanma gənc yaşlı insanları daha yüksək riskə məruz qoyaraq leykemiyanın və bir sıra bərk şişlərin yaranmasına gətirib çıxara bilir.
Ultrabənövşəyi (UB) şüalanma və, o cümlədən günəş şüalanması insan üçün kanserogen sayılır, dəri xərçənginin bütün əsas növlərinə, bazal-hüceyrəvi karsinoması (BHK), düzhüceyrəvi karsinoma (DHK) və melanomaya səbəb olur.
Hal-hazırda suni qaralma məqsədilə ultrabənövşəyi (UB) şüalanma (məs., Ultrabənövşəyi-A şüalarından istifadə edən solyarilər) insanlarda dərinin xərçəng xəstəlikləri və gözlərin melanomasının inkişafına səbəb olur və kanserogen təsirə malikdir.
Ultrabənövşəyi şüaların daha qısadalğalı (200-280 nm) zonası («ultrabənövşəyi C») dəri tərəfindən fəal sovrulur. UB şüaların sonrakı zonası dalğasının uzunluğu 280-320 nm olan UB-B şüalarıdır. UB-B şüalar kanserogen təsir göstərir. UB-B zonasının əsas hissəsi də ozon ekranı tərəfindən udulur. Yer səthinə UB şüaların yalnız təxminən 300 nm-dən yuxarı uzunluqlu dalğaları çatır.
Stresslər və depressiyalar
Sübut olunmuşdur ki, stres və depressiyalar immuniteti aşağı salır və xronik xəstəlikləri kəskinləşdirir, bu da xərçəngin həm yaranmasına, həm də irəliləməsinə təkan yaradır.
Xərçəngin müxtəlif növlərininin ikişafına təsir edən spesifik risk amilləri
Süd vəzisi xərçənginin inkişafının risk amilləri (ÜST):
• Yaş həddi – xəstələnmə halları 50 və daha yuxarı yaşda olan qadınlarda rast gəlinir;
• Ailə üzvlərində və yaxın qohumlarda xərçəng halları - ailə üzvləri və yaxın qan qohumları arasında süd vəzisinin xərçəngi olan qadınlarda süd vəzisinin xərçənginin yaranma riski daha yüksəkdir. Ana, bacı yaxud qızında süd vəzi xərçənginin olması təqribən bu riski iki dəfə artırır. Lakin bilmək lazımdır ki, süd vəzi xərçəngi ilə xəstələnmiş qadınların 70-80%-nin nəslində bu xəstəlik əvvəllər qeydə alınmamışdır.
• Əvvəllər süd vəzi xərçəngi diaqnozu qoyulmuş qadınlarda yeni şişin yaranması riski. Bir süd vəzisində xərçəng olan qadının ikinci süd vəzisində də yeni şişin, yaxud da elə həmin süd vəzisinin digər tərəfində şişin əmələ gəlmə ehtimalı yüksəkdir.
• Menstrual dövrün xüsusiyyətləri: aybaşının 12 yaşadək başlanması; 55 yaşdan sonra menopauzanın başlaması süd vəzi xərçənginin inkişafı riskini artırır.
• Anamnezdə hamiləliklərin olmaması, yaxud ilk uşağın 30 yaşdan sonra doğulması süd vəzi xərçənginin inkişafı riskini artırır. Menopauzadan sonra piylənmə və artıq çəki də xərçəngin inkişafı riskini artırır.
• Hormonal terapiya. Menopauza dövründə əvəzedici hormonal terapiyanın (yalnız estrogen tərkibli və ya kombinə olunmuş preparatlar) istifadəsi də xərçəng riskini artırır.
• Keçmişdə hamiləliyin qarşısını alan həblərin qəbulu: oral kontraseptivlərin qəbulu süd vəzi xərçənginin inkişafı riskini artırmış olur.
• İrsiyyət. Süd vəzinin xərçəngi ilə xəstəlik hallarının 5-10%-i bəzi genlərin irsi dəyişiklikləri ilə (mutasiyalarla) bağlıdır. BRCA1 və BRCA2 genlərində dəyişikliklər daha geniş yayılmışdır. Bu gen dəyişiklikləri olan qadınlarda həyat ərzində süd vəzinin xərçəngi ilə xəstələnmə hallarının ehtimalı 80% artır. Digər gen dəyişiklikləri də süd vəzi xərçənginin yaranma riskini artırır.
• Fiziki aktivliyin olmaması (az hərəkətli həyat tərzi);
• Yüksək yağ tərkibli pəhriz;
• Gün ərzində bir porsiyadan çox alkoqoldan istifadə
Uşaqlıq boynu xərçənginin yaranmasının risk amilləri
• Erkən cinsi həyata başlama
• Cinsi partnyorların çoxsaylı olması (həm qadında, həm də onun partnyorunda)
• Tütünçəkmə
• İnsanın papilloma virusu (İPV) ilə infeksiya
• İİV-infeksiya
• Orqanların köçürülməsi səbəbindən immuniteti zəiflədən dərmanların qəbulu, onkoloji xəstəliyə görə kimyəvi terapiyanın aparılması, müxtəlif xəstəliklərin müalicəsi üçün steroidlərdən daimi istifadə.
Yoğun bağırsağın xərçənginin (kolorektal xərçəng) yaranmasının risk amilləri
- Yaş həddi (çox vaxt 50 yaşdan yuxarı insanlarda təsadüf olunur)
- Kolorektal xərçəngin qan qohumluğunda rast gəlməsi
- Əvvəlki kolonoskopiyalarda adenomatoz poliplərin qeydə alınması
- Bağırsaqların iltihab xəstəlikləri (Kron xəstəliyi, Xoralı kolit)
- Yüksək yağ və qırmızı ət tərkibli qidalar
- Liflər, meyvə və tərəvəzlərdən çox az istifadə
- Fiziki aktivliyin olmaması
- Tütünçəkmə
- Alkoqoldan istifadə
- Piylənmə
Endometrianın xərçənginin (uşaqlığın xərçəngi) yaranmasının risk amilləri
• Yaş həddi - çox vaxt 50 və daha böyük yaşda olan qadınlarda təsadüf olunur
• Estrogenin yüksək səviyyəsi ilə bağlıdır
• Menstrual dövrün xüsusiyyətləri (aybaşının 12 yaşadək başlanması; 55 yaşdan sonra menopauzanın başlaması)
• Anamnezdə hamiləliklərin olmaması, yaxud ilk uşağın 30 yaşdan sonra doğulması
• Progesteronsuz hormonal terapiya
• Sonsuzluq
• Ailə anamnezində (qan qohumlarında) yoğun bağırsağın xərçənginin olması
• Piylənmə
• Tamoksifendən istifadə.
Ağciyər xərçənginin yaranmasının risk amilləri
- Yaş həddi (xəstəlik əsasən 55-65 yaşlı insanlarda təsadüf edir)
- Tütünçəkmə
- Passiv tütünçəkmə
- Ağciyər xərçənginin qan qohumlarında qeydə alınması
- İrsi meyllilik
- Rodon yaxud azbestin təsiri.
Yumurtalıqların xərçənginin yaranmasının risk amilləri
• Yaş həddi (adətən 50 yaşdan yuxarı insanlarda təsadüf edir)
• Yumurtalıqların xərçənginin yaxın ailə üzvlərində rast gəlməsi (məs., xəstənin anası, qızı, bacısı, nənəsi, xalası)
• BRCA1 yaxud BRCA2 genlərində irsi mutasiya
• Anamnezində hamiləliklərin olmaması
• Piylənmə.
Prostat xərçənginin yaranmasının risk amilləri
- Yaş həddi (adətən 50 yaşdan yuxarı kişilərdə təsadüf olunur)
- Prostat xərçənginin ailə üzvlərində qeydə alınması (məs., xəstənin atası, qardaşı yaxud oğlunda)
- Yüksək tərkibli qidaların qəbulu, meyvə və tərəvəzlərdən çox az istifadə
Dəri xərçənginin yaranmasının risk amilləri
- Günəşin ultrabənövşəyi şüasının təsiri yaxud solyaridən istifadə
- Dərinin açıq fenotipi (ağ dərili insanlarda günəş şüasının təsiri daha yüksək riskə malikdir)
- Ailə anamnezində dəri xərçəngi, əsasən də melanomanın olması
- İl ərzində günəşli günlər çox olduğu iqlim şəraitində yaşamaq.
Mədə xərçənginin yaranmasının risk amilləri
• Xərçəng öncəsi xəstəliklər (bağırsaq metaplaziyalı xroniki atrofik qastrit, pernisioz anemiya və adenomatoz poliplər)
• Həddindən artıq duzdan istifadə (duzlu, hisə verilmiş, konservləşdirilmiş ərzaq məhsullarından istifadə)
• Tütünçəkmə
• Helicobacter pylori infeksiyasının olması
• Qastroezofagel reflyuks (uzun müddət ərzində)
• Ailə anamnezi. Əgər mədə xərçəngi bir çox yaxın qohumlarda baş verirsə, insanın özündə də xəstəliyin yaranma ehtimalı artır
• Fiziki aktivliyin azlığı.
Risk amillərinə məruz qalan, yaxud sağlam həyat tərzi keçirməyən hər bir insanda onkoloji xəstəliklər yaranmır. Məsələn, bütün siqaret çəkənlər ağciyər xərçənginə tutulmurlar. Əslində biz hamımız uzun müddət ərzində kanserogenlərin az miqdarda təsirinə məruz qalırıq. Bizim immun sistemimiz bəzi anomal hüceyrələri şişə çevrilməmişdən əvvəl məhv etmə gücünə malikdir.
Əksər hallarda bir neçə risk amilinin uzlaşması (məsələn, eyni insanda irsiyyət, genetik meyllilik, yaş, pəhriz, tütünçəkmə, immun sisteminin vəziyyəti və s. amillərin təsiri) tələb olunur ki, normal hüceyrənin xərçəngə çevrilməsi baş versin.