VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
ÜST-ün məlumatlarına görə, 30% xərçəng xəstəliklərinin qarşısını sağlam həyat tərzinin sadə qaydalarına riayət edilməsilə almaq olar. Sağlam həyat tərzi anlayışına sağlam qida, tütünçəkmədən və spirtli içkilərdən imtina, stress vəziyyətlərinin azalması, vaksinasiya, fiziki fəallıq, uzun müddət günəşdə qalmaqdan yayınmaq daxildir. Həmçinin bura, yaşa (hormonal vəziyyət) və risk qrupuna (irsi meyllilik) müvafiq olaraq, müntəzəm profilaktik yoxlama və xərçəng şişlərinin olmasının müayinə edilməsidə daxildir. İldə heç olmasa bir dəfə terapevtə, ginekoloqa, uroloqa, qastroenteroloqa getmək lazımdır ki, onkolji xəstəlik erkən mərhələdə aşkar edilib vaxtında müalicə təyin edilsin.
Hətta sağlam orqanizmdə belə hər gün xərçəng hüceyrələri əmələ gəlir, ancaq onlar müəyyən şəraitlərdə şiş əmələ gətirməyə başlayırlar. Əgər insan sağlam həyat tərzi keçirirsə, genetik amil yoxdursa xəstəlik yaranmır.
Tütün
Həyat tərzinin sağlamlaşdırılmasında və xərçəngin profilaktikasında tütündən imtina əsas əhəmiyyət daşıyır. Tütündən istifadə dünyada xərçəngdən ölüm riskinin ayrıca ən böyük qarşısı alına bilən amilidir və hər il təxminən xərçəngdən ölüm hallarının 22%-i təşkil edir. Tütünçəkmə ağciyərin, qida borusunun, udlağın, ağız boşluğunun, boğazın, böyrəklərin, sidik kisəsinin, mədəaltı vəzin , mədənin və uşaqlıq yolu boynunun xərçəngi kimi növlərinin inkişafına gətirir. ÜST-nin məlumatlarına görə, ağciyər xərçənginin 70% -i tütünçəkmə nəticəsində yaranır. Sübut edilmişdir ki, ikincili tütün tüstüsü (ətraf mühütdə mövcud olan) siqaret çəkməyən yaşlı insanlarda ağciyər xərçəngini yaradır.
Fiziki aktivlik, sağlam qidalanma, piylənmə və artıq çəki
Müntəzəm fiziki aktivlik və bədən çəkisinin normada saxlanması, sağlam pəhriz ilə yanaşı xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır. Oturaq həyat tərzi onkoloji xəstəliklərin əmələ gəlməsinin əsas risk amillərindəndir. Fiziki fəaliyyət və aerob fiziki yüklənmə onkoloji xəstəliklərin profilaktikasının ən önəmli qeyri-farmakoloji üsuludur. İstənilən yaşda olan sağlam böyüklər fiziki aktivliyə və ya orta intensivli aerob fiziki məşqlərə həftədə ən azı 150 dəqiqə ayırmalıdır. Oturaq həyat tərzi keçirən insanlar yüngül intensivli fiziki məşğələlər proqramından başlamalıdırlar. Fiziki aktivlik/aerob fiziki məşqlər həftədə bir neçə dəfə aparılmalıdır. Hər bir məşqin müddəti 10 dəqiqədən çox olmalı və həftə ərzində 4-5 gündən az olmamaqla bərabər şəkildə bölüşdürülməlidir. Fiziki aktivliklə müntəzəm məşğul olmaq vacibdir. Fiziki fəaliyyətin nümunəsi qismində piyada turizm, qaçış və ya sürətlə qaçış, velosiped gəzintisi, avarçəkmə, üzgüçülük, ayaq xizəyi idmanı və aerobika kimi idman məşqlərini sadalamaq olar. Bundan başqa gündəlik fəaliyyət, məsələn, sürətli gəzinti, pilləkənlərlə qalxmaq, ev işlərinin görülməsi, bağda iş, aktiv əyləncə tədbirləri də nümunə ola bilər.
Sağlam qidalanma xərçənglə mübarizədə mühüm yanaşmalardan biridir (ÜST). Artıq çəki və piylənmə ilə xərçəngin bir çox növləri (udlağın, çənbər və düz bağırsağın, süd vəzisinin, uşaqlıq yolunun selikli qişasının və böyrəklərin xərçəngi) arasında əlaqə var. Qidada çoxlu miqdarda meyvə və tərəvəzlərin istifadəsi bir çox xərçəng xəstəliklərindən müdafiə effekti verə bilər. Və əksinə, qidada həddən artıq qırmızı ət və ət konservlərinin istifadəsi kolorektal xərçəngin yüksək inkişaf riski ilə bağlıdır. Bundan başqa, qida ilə bağlı xərçəng xəstəliklərinin profilaktikasına kömək edən sağlam qida ürək-damar xəstəliklərinin inkişaf riskini aşağı salır. Kişilər üçün gündə 75 q-dan az, qadınlar üçün gündə 50 q-dan az yağ (xüsusilə doymuş) tərkibli balanslaşdırılmış pəhriz tövsiyə olunur. Gündəlik qidaya bitki tərkibli ərzaqlar və vitaminlər, xüsusilə, A, E, C, B qrupları daxil edilməlidir.
Xərçəng əleyhinə ərzaqlar
Xərçəngin profilaktikası üçün:
1. Meyvə və tərəvəz istifadə etmək lazımdır. Hər gün 400 - 500 q meyvə və tərəvəz yeməklə, mədənin, ağciyərin, bağırsaqların, sidik kisəsinin, udlağın, süd vəzinin xərçəngə tutulma riski iki dəfə aşağı salmaq olar. Qida lifləri orqanizmdən kanserogenlərin xaric olmasına kömək edir. Sarı, narıncı və qırmızı rəngli meyvələrə, məsələn, pomidor, boranı, xurma, ərik, çuğundur (qaynanmış şəkildə və şirəsi), yerkökü, çaytikanı və s. xüsusi üstünlük vermək lazımdır. Qadın onkoloji xəstəliklərinə irsi meyllilik zamanı kələmin bütün növləri xüsusilə faydalıdır (ağ kələm, kolrabi, brüssel və çin).
2. Gündə 100 q-dan çox olmamaqla quş əti,yağsız mal və donuz əti yemək lazımdır. Qaynanmış və pörtlədilmiş qidaya üstünlük verin. Yağlı ətdən və qızardılmış qidadan imtina edin.
3. Hisə verilmiş, duzlu, marinada qoyulmuş ərzaqları, konservləri məhdudlaşdırmaq və ya istisna etmək tövsiyə olunur. Həmçinin, həddindən artıq yağlı və kalorili qidanı: pendiri, kolbasanı, iç yağı, kərə yağı və undan hazırlanmış şirniyyat məhsullarını məhdudlaşdırın.
4. Dəniz balığı məsləhətdir. Həftədə ən azı 2 dəfə balıq istifadə edilməli, bunlardan biri yağlı balıq olmalıdır.
5. Yaşıl çaydan istifadə etmək lazımdır.Gündə ən azı 3 stəkan yaşıl çay içmək lazımdır – süd vəzi xərçəngi xəstəliyinin riski aşağı düşür.
6. Bitki yağlarından istifadə etmək lazımdır.Qidanı zeytun, qarğıdalı və ya soya yağında bişirmək daha faydalıdır.
7. Hazır yeməklərə tez-tez sarımsaq, soğan və göyərti əlavə edin. Soğanda, şüyüddə və rozmarində süd vəzisini xərçəngdən qoruyan maddələr var. Ədviyyatlar istifadə edin (zəncəfil).
8. İri üyüdülmüş, yodlaşdırılmış, minerallaşdırılmış duz istifadə etmək lazımdır və gün ərzində istifadə edilən duzun miqdarı 5 qramdan az olmalıdır.
Spirtli içkilərin istifadəsi, infeksiyalar, şüalanma
Spirtli içkilərin istifadəsini məhdudlaşdırmaq və ya tamamilə istifadədən çıxarmaq lazımdır, çünki spirtli içkilərin istifadəsi bir çox xərçəng növünün (ağız boşluğunun, boğazın, udlağın, qida borusunun, qaraciyərin, çənbər və düz bağırsağın və süd vəzinin xərçənginin) inkişaf riski amilidir. Xərçəngin inkişaf riski istifadə edilən spirtli içkilərin miqdarından birbaşa asılıdır. Çoxlu miqdarda spirtli içki qəbul edən adamlarda bəzi xərçəng növlərinin (məsələn, ağız boşluğunun, boğazın, udlağın, qida borusunun) inkişaf riski əhəmiyyətli dərəcədə artır.
HBV/HCV (hepatit B və C virusları) və HPV (insanın papilloma virusu) kimi xərçəng yarada bilən virus infeksiyalarının səbəb olduğu xərçəng xəstəlikləri ölüm hallarının 20%-ni təşkil edir. Hepatit B və C virusları qaraciyərin xərçənginin inkişafına; insan papilloma virusu – uşaqlıq yolu boynunun xərçənginin inkişafına; Helicobacter pylori virusu - mədə xərçənginin inkişafına gətirir. Profilaktik tədbirlərə vaksinasiya və həmin infeksiyalara yoluxma hallarının qarşısının alınması daxildir
İonlaşdırıcı şüalanma insanlara kanserogen təsir göstərir. Şüalanma cavanlar üçün daha yüksək risk təşkil edərək, leykemiyanın inkişafına və bərk şişlərin yaranmasına gətirə bilər. Şüalanma vacib diaqnostik və terapevtik vasitədir. Ancaq radioloji tibbi prosedurlar müvafiq hallarda və lazımi qaydada elə təyin edilməlidir ki, şüalanmanın üstünlüyü onunla bağlı potensial risklərdən üstün olsun. Ultrabənövşəyi (UB) şüalanma və xüsusilə, günəş şüalanması insan üçün kanserogendir, bazalhüceyrəli karsinoma, yastıhüceyrəli karsinoma və melanoma kimi bütün dəri xərçəngi növlərinə səbəb olur. Həddən artıq təsirdən qaçmağa imkan verən günəşdən qorunma vasitələrinin və qoruyucu geyimin istifadəsi effektiv profilaktik tədbirdir. Hazırda UB şüalar buraxan süni günəşdə qaralma qurğuları da dəri xərçəngi xəstəlikləri və gözün melanoması ilə bağlı olduğuna görə insanlar üçün kanserogen hesab edilir.
Xərçəngin erkən aşkar edilməsi (skrininq)
Xərçəngin profilaktikası üçün vaxtında həkim müayinəsindən keçmək böyük əhəmiyyət kəsb edir. Xərçəngin bir çox növləri orqanizmdə əlamət büruzə vermədən inkişaf edir ki, artıq çox gec olur. Öz əhval-ruhiyyəmizə nəzarət etmək, həm də müntəzəm olaraq lazımi müayinədən keçmək lazımdır.
Onkoloqlar vaxtında onkoloji xəstəlikləri aşkar etmək üçün müxtəlif orqanların bir sıra müayinə proqramları (rentgen, endoskopik, ultrasəs, radioizotop, laboratoriya və b.) işləyib hazırlamışlar. Çünki tez aşkar edilərsə, xərçəngi uğurla müalicə etmək olar. Belə ki, bütün yaşlı qadınlar (hətta heç bir əlamət olmadıqda belə) müntəzəm olaraq ginekoloqa getməli və ildə bir dəfə Papanikolau testindən keçməlidirlər (uşaqlıq boynundan əldə edilmiş yaxmanın mikroskop köməyi ilə müayinəsi). Yaşı 50-ə çatmış hər bir insan isə hər il nəcisdə gizli qanın təyini üçün müayinə olunmalıdır. Əgər nəcisdə gizli qan aşkar olunursa, həmin şəxslərdə bağırsağın endoskopik müayinəsi aparılmalıdır. Alternativ olaraq yaşı 50-dən yuxarı olan insanlar bir başa kolonoskopiya və ya yoğun bağırsağın endoskopiyasını skrininq metodu kimi seçə bilər. Ağırlaşmış irsilik olduqda müntəzəm müayinələr 5 il əvvəldən aparılır. Əgər xəstədə xərçəngönü xəstəliklər və ya selikli qişada (displaziyanın, metaplaziyanın) patoloji dəyişikliklər aşkar edilmişdirsə, onların həkim nəzarətinə götürülməsi və daha tez-tez müayinəsi tələb oluna bilər.
Onkomarkerin – şişlərin yaratdığı zülalların – təyin edilməsinin də diaqnostik əhəmiyyəti var. Xərçəngin müəyyən növləri və lokalizasiyaları üçün xüsusi onkomarkerlər mövcuddur və onlar qan analizləri vasitəsilə təyin edilə bilər. Lakin qeyd edilməlidir ki, onkomarkerlərin səviyyəsinin yüksək olması heç də həmişə xərçəng xəstəliyi demək deyildir.
Xərçəngin ayrı-ayrı növlərinin profilaktikası
Ağciyər xərçənginin profilaktikası: ağciyər xərçənginin profilaktikasının ən effektiv metodu tütünçəkmədən imtinadır. Tütünçəkməni tərgitməyin qoruyucu (profilaktik) effekti tütünçəkmənin müddətindən və intensivliyindən, həmçinin tütünçəkmənin tərgidilməsindan keçən vaxtdan asılıdır. Tütünçəkməni tərgidəndən 10 il sonra ağciyər xərçəngindən ölüm riski 30-50% aşağı düşür. Beləliklə, ağciyər xərçənginin ilkin profilaktikasında ən effektiv vasitə tütünlə mübarizədir. Asbest və radonla əlaqənin istisna edilməsi, meyvə və tərəvəzlərin çox istifadə edilməsi də ağciyər xərçəngi riskini aşağı salır.
Kolorektal xərçəngin profilaktikası: kolorektal xərçəngin ilkin profilaktikasının təsirli tədbirlərinə tütündən imtina, müntəzəm fiziki aktivlik, heyvan yağlarının az istifadəsi, menopauzadan sonra əvəzedici hormon terapiyası və müntəzəm skrininq aid edilir. Kolorektal xərçəngin müntəzəm kütləvi skrininqi və sonrakı kolonoskopiya və adenomatoz poliplərin götürülməsi ilkin profilaktika tədbirlərinə aiddir və kolorektal xərçəng riskini 66-80% aşağı salmağa imkan verir.
Mədə xərçənginin profilaktikası: mədə xərçənginin ilkin profilaktikası tədbirlərinə meyvə-tərəvəzlərin və bütöv dənli bitkilərin çox istifadəsi, duzlu və konservləşdirilmiş qidanın qəbulunu azaldılması, ərzaqların düzgün saxlanması, tütünçəkmədən imtina və qastroezofageal reflyüks xəstəliyinin müalicəsi aid edilir.
Süd vəzi xərçənginin profilaktikası: spirtli içkilərin azaldılması, fiziki aktivliyin təmin edilməsi, düzgün qidalanma və normal çəkinin saxlanması süd vəzi xərçənginin inkişaf riskini aşağı salır. Hətta gündə 30 dəqiqə müntəzəm fiziki aktivlik kifayətdir ki, süd vəzi xərçəngi riskini 35% azaltsın. Minimum 6 ay müddətində döşlə əmizdirməni seçən qadınlar süd vəzi xərçənginin inkişaf riskini aşağı salmış olur. Menopauzadan sonra əvəzedici hormon terapiyasının istifadəsi (kombinə olunmuş və ya yalnız estrogen tərkibli) süd vəzi xərçənginin inkişafı riskini artırır.
Süd vəzi xərçənginə qarşı mübarizədə əsas hədəflərdən biri onun erkən aşkar edilməsidir. Erkən aşkar edilmənin tövsiyə edilən strategiyaları:
erkən əlamət və simptomları müəyyən etməkdə məlumatlı olmaqdan
özünü müayinə etməkdən
süd vəzinin həkim tərəfindən müntəzəm olaraq klinik müayinəsidən ibarətdir.
Süd vəzinin özünü müayinə texnikasıdöş xərçəngi profilaktikasının əsas tərkib hissəsidir. Süd vəzi xərçəngi xəstəliyinin profilaktikasının effektivliyinin artırılması üçün süd vəzinin müayinəsi hər ay menstrual tsiklin 6-cı və 12-ci günü aparılır.Yaşı 45-dən yuxarı olan qadınlarda hər il mammoqrafiyanın aparılması süd vəzi xərçənginin erkən diaqnostikasının əsas elementlərindən biridir və əksər ölkələrdə skrininqin əsasını təşkil edir.
Uşaqlıq boynu xərçənginin profilaktikası: ÜST uşaqlıq boynu xərçənginin profilaktikası və onunla mübarizədə kompleks yanaşma tətbiq etməyi tövsiyə edir. Tövsiyə edilən tədbirlərə maariflənmə, vaksinasiya və skrininq kimi komponentlər daxildir. İlkin profilaktika 9-13 yaşlı qızlarda cinsi həyat başlayana qədər İnsan Papilloma virusuna (İPV) qarşı vaksinasiyadan başlayır. 21 yaşından başlayaraq, cinsi aktivliyi olan qadınlar ilkin olaraq hər il və daha sonra 2-3 ildən bir patoloji servikal hüceyrələrin və xərçəngönü patoloji ocaqların erkən aşkar edilməsi məqsədilə Papanikolau yaxması və ya uşaqlıq boynundan yaxma ilə skrininqdən keçməlidirlər.