VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Digər mövzular barədə / MƏQALƏLƏR
PNEVMOKOKA QARŞI PEYVƏND BARƏDƏ VALİDEYNLƏR ÜÇÜN MƏLUMAT
Oxuyun və düzgün seçim edin!
2013-cü ilin dekabr ayından etibarən Azərbaycanda pnevmokok infeksiyası əleyhinə peyvəndin tətbiqinə başlanmışdır.
Pnevmokok nədir?
Pnevmokok - pnevmoniya və meningit kimi kəskin infeksion xəstəliklərə və onların ağır fəsadlarına səbəb ola bilən bakteriyadır.
Dünyada 5 yaşına qədər meningitlə xəstələnən uşaqların 50%-i, pnevmoniya ilə xəstələnən uşaqların isə 20%-i vəfat edir.
Pnevmokok infeksiyası necə yayılır?
Pnevmokok infeksiyası asqırma və yaxın təmas zamanı asanlıqla hava-damcı yolu ilə ötürülür.
Pnevmokokdan uşağımı qorumağım nə qədər vacibdir?
Olduqca vacibdir! Bu xəstəliyi ən ağır keçirən kiçik yaşlı uşaqlardır. Hətta keyfiyyətli tibbi yardım olduğu təqdirdə belə, pnevmokok infeksiyası uşağın həyatı üçün çox təhlükəli ola bilər. Pnevmokokun törətdiyi xəstəliklərin fəsadları karlıq, beyin zədələnməsi ola bilər. Xəstəlik hətta ölümlə də nəticələnə bilər.
Mənim uşağımın pnevmokok infeksiyasına yoluxma ehtimalı varmı?
Bəli! Böyüklər arasında pnevmokok bakteriyalarının 70%-dən çox yayılması hər bir uşağı yoluxma təhlükəsi ilə üz-üzə qoyur. Böyüklərdə bu infeksiyaya yoluxma özünü həmişə büruzə verməsə də, eyni hal uşaqlarda ölümcül ola bilər.
Mən öz uşağımı pnevmokokdan necə qoruya bilərəm?
Sizin üçün şad xəbərimiz var! 2013-cü ilin dekabr ayından etibarən Azərbaycanda pnevmokok infeksiyası əleyhinə immunizasiya aparılır. Siz öz uşağınızı peyvənd edilmə yolu ilə qoruya bilərsiniz. Dövlət tibb müəssisələrində peyvəndlər PULSUZ edilir!
Azərbaycanda pnevmokok infeksiyasının profilaktikası üçün hansı vaksindən istifadə olunur?
Azərbaycanda Belçikanın GlaxoSmithKline şirkətinin istehsal etdiyi Synflorix (PCV-10) vaksinindən istifadə olunur. Bu peyvənd dünyanın aparıcı laboratoriyalarında klinik sınaqlardan keçirilmiş, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən sertifikatlaşdırılmış, tam təhlükəsiz vaksindir.
Synflorix vaksini (PCV-10) Kanada, Fransa, Böyük Britaniya da daxil olmaqla, dünyanın 80-dən çox ölkəsində qeydiyyata alınmışdır.
Pnevmokok əleyhinə peyvənd damcı, yoxsa inyeksiya yolu ilə edilir?
Synflorix vaksini (PCV-10) maye şəklində buraxılır. Steril iynə ilə məhlul 0,5 ml yığılır və körpənin bud nahiyəsinin ön yan hissəsinə əzələ daxilinə yeridilir.
Vaksinin bir şprisdə digər vaksinlərlə qarışdırılması yolverilməzdir!
Mən uşağıma peyvəndi nə vaxt vurdurmalıyam?
İki aylığından başlayaraq bütün uşaqlar pnevmokok infeksiyasına qarşı peyvənd almalıdırlar. Peyvənd uşağın 2, 4 və 6 aylığında vurulur.
Vaksinin 3 dəfə vurulması orqanizmin adekvat immun cavab yaratması baxımından zəruridir. Vaksin 3 dəfədən az vurulduqda orqanizmin müdafiəsi zəif olur və ya immunitet ümumiyyətlə yaranmır.
Bu peyvənd uşağımı pnevmokokdan necə qoruyacaq?
İstənilən digər vaksinlər kimi Synflorix (PCV-10) orqanizmə infeksiyaya qarşı immun cavab yaratmaqda kömək edir. Beləliklə, uşaq pnevmokok infeksiyasından müdafiə olunur. Peyvənd olunmuş uşaq pnevmokok infeksiyası ilə rastlaşdıqda xəstləliklə daha yaxşı mübarizə aparır.
Mənim uşağım peyvənddən sonra xəstəliklərdən nə dərəcədə qorunacaq?
Peyvənd uşağın xəstəliyə tutulmamasına tam zəmanət vermir, lakin mümkün ağır fəsadların riskini ciddi şəkildə azaltmış olur. Uşağın qismən qorunması onun heç qorunmamasından daha yaxşıdır və ən azından xəstəliyin kəskinliyini aşağı saldığına görə uşaq üçün faydalıdır.
Mənim uşağım bu peyvəndə necə reaksiya verə bilər?
Əksər hallarda bu proses simptomsuzdur və reaksiya iynənin vurulduğu nahiyənin qızarması ilə məhdudlaşır. Qısa müddət iştahanın pozulması, inyeksiya yerinin bərkiməsi, hərarətin bir qədər qalxması (39°С-dən artıq olmayaraq) mümkündür.
Ağır fəsadlar (diareya, allergik reaksiyalar və s.) nadir hallarda baş verir.
Hansı hallarda mənim uşağıma bu peyvəndi vurmaq olmaz?
Əgər uşağın hərarəti yüksəkdirsə və ya kəskin xəstəliyi varsa, yaxşı olar ki, peyvəndin vurulmasını təxirə salasınız. Uşağa pnevmokoka qarşı əvvəlki peyvənd vurulması zamanı allergik reaksiya qeydə alınıbsa (statistikaya görə bu yalnız 1000 haldan birində mümkündür) bu halda peyvəndi vurmaq olmaz.
Peyvənd Təqvimi
Yaş
|
Peyvəndlər
|
Doğumdan sonra (12 saat ərzində) |
HepB - hepatit B xəstəliyinə qarşı |
4-7-ci gün
|
BSG - vərəm əleyhinə OPV - poliomielitə qarşı |
2 ay |
Hib - difteriya, göyöskürək, tetanus, hepatit B vəB tipli hemofil infeksiyayaqarşı OPV - poliomielitə qarşı Pk - pnevmokok infeksiyasına qarşı |
3ay |
Hib - difteriya, göyöskürək, tetanus, hepatit B və B tipli hemofil infeksiyaya qarşı OPV - poliomielitə qarşı |
4ay |
Hib - difteriya, göyöskürək, tetanus, hepatit B və B tipli hemofil infeksiyaya qarşı OPV - poliomielitə qarşı Pk - pnevmokok infeksiyasına qarşı |
6ay |
Pk - pnevmokok infeksiyasına qarşı |
12ay |
QPM - qızılca, parotit və məxmərəyə qarşı |
18ay
|
GDT - difteriya, göyöskürək və tetanusa qarşı OPV - poliomielitə qarşı |
6 yaş
|
QPM - qızılca, parotit və məxmərəyə qarşı DT - difteriya və tetanusa qarşı |
Əziz valideynlər!
Unutmayın ki, uşağınızın taleyi verdiyiniz qərardan asılıdır!
Qeyri-peşəkarların rəyinə etibar etmək əvəzinə ilk əvvəl Səhiyyə Nazirliyinin internet səhifəsinə (www.health.gov.az) müraciət edin, qaynar xəttə (9103) zəng vurun və ya öz həkiminizlə məsləhətləşin!