UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR

Reproduktiv Sağlamlıq (oğlanlarda)

Yetkinlik dövrü nədir?

Sən böyüdükcə bədənində xeyli dəyişikliklər baş verir. Bu dəyişikliklər daha çox yetkinlik dövründə müşahidə edilir. Yetkinlik hər bir insanın həyatında baş verən normal (fizioloji) prosesdir. Bu dövrdə qızların və oğlanların orqanizmində, görünüşündə və davranışında dəyişikliklər baş verir. Həmin dəyişikliklər oğlanların tədricən kişiləşməsi prosesinin başlanğıcıdır. Bədənində baş verən dəyişiklikləri bilmək səni bir çox problemlərdən və əsassız narahatlıqdan qoruya bilər. Həmin dəyişikliklər hər bir insanda baş verir.

Kişi olmağı necə müəyyən etmək olar?

Kişiləşmənin başlanmasına dəlalət edən çox əlamətlər vardır, məsələn, bədənin böyüməsi, səsin dəyişməsi, bədənin müxtəlif yerlərindən tüklərin çıxması. Əksər oğlanlarda yetkinlik 11-14 yaş arası başlayır. Lakin yadda saxlamaq lazımdır ki, yetkinlik oğlanın orqanizmi buna hazır olduqda başlayır. Hər bir oğlan uşağının bədəni isə unikaldır. Bu səbəbdən yetkinlik fərqli yaşlarda başlayır və özünəməxsus sürətlə inkişaf edir.

Qızlar niyə məndən hündürdür?

Yəgin fikir vermisən ki, qızların bir çoxu oğlanlardan hündürboy və zahirən güclü görünür. Amma böyüklərə nəzər yetirdikdə görə bilərsən ki, kişilərin əksəriyyəti qadınlardan hündür və canlı olur. Bu nə üçün belədir?

Məsələ burasındadır ki, qızlarda yetkinlik dövrü və bununla bağlı bədənin böyüməsi oğlanlardan daha tez  başlayır. Adətən qızlarda yetkinlik dövrü 9-13 yaşlarında başlayır. Oğlanlarda isə yetkinlik dövrü bir qədər gec, 11-14 yaşında başlayır. Buna görə də müəyyən müddət ərzində qızlar oğlanlardan daha hündür olur.

Lakin oğlanlarda yetkinlik dövrü başladıqdan sonra onların boyu tez bir zamanda qızlara çatır və hətta onlar daha hündürboylu olur. Burada genetika mühüm rol oynayır. Belə ki, əgər sənin valideynlərinin boyu balacadırsa, bu zaman sənin də boyun müəyyən ehtimalla balaca olacaq. Əksinə, valideynləri hündürboy olan qız və oğlanların boyu da hündür olur. Düzdür, bu heç də o demək deyil ki, sənin boyun hündür ola bilməz. Hər bir uşağın inkişafına genetik yaddaşla yanaşı digər amillər, xüsusilə də qidalanma və idman mühüm təsir göstərir.

Mənim əzələlərim nə zaman inkişaf edəcək?

Yetkinlik dövründə bəzi oğlanlarda əzələlər, boy-buxun daha yaxşı inkişaf edir. Digər uşaqlar onlara baxıb narahat olmağa başlayır. Əksər hallarda oğlanlar əzələlərin böyüməsi və ya inkişafı ilə bağlı narahatlıq keçirir. Yəqin fikir vermisən ki, sənin bəzi dostlarında döş əzələləri (onlar pektoralis adlanır) inkişaf etməyə başlayıb. Başqalarında çiyinlər genişlənir (çiyin əzələləri deltoid adlanır) və onlara hamı enlikürək deyir. Digər dostlarının boy-buxunu isə onlardan geri qalır. Yadda saxla ki, yetkinlik hər bir uşaqda öz bioloji cədvəli üzrə baş verir. Burada prosesi tələsdirmək olmaz. Sənin orqanizmin hazır olduqda yetkinlik də özünü biruzə verməyə başlayacaq. İdman etməklə və ya ağırlıq qaldırmaqla əzələlərin böyüməsinə təsir etmək olar. Lakin nəzərə al ki, yetkinlik dövrü başlamadan ağırlıq qaldırma əzələlərin böyüməsinə deyil, onların güclənməsinə kömək edir. Əzələlərinin böyüməsinə yardım etmək üçün yaxşı və sağlam qidalanma və düzgün fiziki aktivlik tələb olunur. Fiziki aktivlik dedikdə isə üzmək, futbol oynamaq, velosiped sürmək, bir  sözlə, idmanla məşğul olmaq başa düşülür. Əgər hansısa dövrdə ağırlıq qaldırmaq istəsən, öncə valideynlərin və həkimlə məsləhətləşmək mütləq tövsiyə olunur. Həkim məsləhəti səni düzgün və təhlükəsiz məşq etməyə istiqamətləndirər. Elastik qaytan (jqut) əzələlərin böyüməsi və güclənməsinə çox müsbət təsir göstərir və onlardan istifadə tövsiyə olunur.

Mənim bədənim niyə tüklənməyə başlayıb?

Yetkinlik zamanı bədəndə tüklənmə prosesi daha sürətlə gedir. Bəzi oğlanlarda üz və çənə sahələrində, dodaqların ətrafında tüklər çıxmağa başlayır. Həmçinin, sinədə, qoltuqaltlarında və paça zonasında tüklənmə müşahidə edilir. Yadda saxla ki, buna görə narahat olmaq lazım deyil. Bədənin tüklənməsi sənin kişiləşmənin bir hissəsidir və tam normal prosesdir. Yetkinlik dövründə sənin bədənində baş verən dəyişikliklər, o cümlədən, müxtəlif yerlərdə tüklərin çıxması ifraz olunan hormonların təsiri ilə bağlıdır. Tüklərin çıxmasına təsir edən hormonların bəzisi böyrəküstü vəzlərdən ifraz olunur. Digər hormonlar isə baş beyində yerləşən hipofiz vəzindən ifraz olunur. Hormonlar həm tüklənməyə, həm də əzələlərin böyüməsinə və s. dəyişikliklərə gətirib çıxarır. Belə ki, baş beyində yerləşən hipofizdən ifraz olunan hormonlar xayaların böyüməsinə və onlar tərəfindən testosteron deyilən hormonun ifrazına səbəb olur. Həmin testosteron hormonu isə bədənin müxtəlif yerlərinin tüklənməsinə təsir göstərir. Tüklənmə ilə bağlı hansısa tədbir görmək tələb olunmur. Bir qədər böyüdükdən sonra və ya tüklənmə səni çox narahat etdikdə, valideyn və ya həkimlə danışaraq üzqırxan və ya digər metodlarla tüklərin təmizlənməsi barədə məsləhət almaq tövsiyə olunur.

Şəkil. 9-19 yaş arası uşağın üzünün tüklənməsi prosesinin təxmini təsviri. 

Məndən niyə qoxu gəlir?

Sən yəqin tərin nə olduğunu bilirsən? Tərləmə necə baş verir? Ümumiyyətlə, sənin bədənin isti havada dəridə olan dəliklərdən tər ifraz edir. İnsan bədəninin ən xoşladığı temperatur 37°C. Ətrafda temperatur daha yüksək olduqda sənin bədənin tər ifraz edir. Dəri üzərinə dəliklərdən ifraz olunan tər su şəklində olur və ətraf mühitdə olan isti havanın təsiri nəticəsində tər havaya buxarlanır. Bu proses sənin bədəninin  soyumasına imkan verir. Bəzən bu tər qoxulu olur.. Yetkinlik dövründə ifraz olunan hormonlar tərləmənin artmasına və ifraz olunan tərin qoxulu olmasına təsir göstərir. Bəs tərin qoxulu olmasına nə səbəb olur? Tər əsasən sudan ibarətdir. Tərdə daha az miqdarda digər kimyəvi maddələr, o cümlədən, ammonium, sidik cövhəri, duzlar və şəkər də olur. Tər əslində qoxulu deyil. Lakin dəri üzərinə ifraz olunduqda tər bakteriyalarla təmasa girir və nəticədə müvafiq qoxu əmələ gəlir.

Mən özümü çox tərləmədən və pis qoxudan necə qoruya bilərəm?

İlk növbədə müntəzəm olaraq duş və ya vanna qəbul etmək vacibdir. Xüsusilə də idman və ya fiziki aktivlikdən sonra və ya isti günlərdə çox tərlədikdə duş və ya vanna qəbul etmək lazımdır. Həmçinin, qoltuqaltlarının tərləmədən və pis qoxudan qorunması üçün deodorantlardan istifadə edə bilərsən. Deodorantlar müxtəlif formalarda və ətirlərdə olur. Sən həm ətirli, həm də ətirsiz deodorantlardan istifadə edə bilərsən. Bəzi deodorantlar paltarda ağ ləkələr qoya bilər. Buna görə əksər hallarda həmin deodorantlar duş və ya vannadan sonra, paltarı qeyindikdən öncə istifadə edilir. Alternativ olaraq, sən şəffaf deodorantlardan da istifadə edə bilərsən. Sən deodorantdan (deodorant qoxunun qarşısını alır) və ya antiperspirantdan (həm qoxunun qarşısını alır, həm də tərləməni dayandırır) istifadə edə bilərsən. Əgər deodorant və ya antiperspirantlar sənə uyğun gəlmirsə, onda həkimlə danışmaq məsləhətdir.

Tərləmənin və pis qoxunun qarşısını almaq üçün deodorant/perspirantlardan və ya yalnız pis qoxunun qarşısını almaq üçün deodorantlardan istifadə etmək tövsiyə edilir.

Sağlamlıq  bədəni  tanımaqdan başlayır!

Bədənində baş verən dəyişiklikləri anlamaq və onlara hazır olmaq üçün daim valideynlərinlə və bəzən uşaq həkimi ilə məsləhətləşmək çox vacibdir.