VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Reproduktiv sağlamlıq / MƏQALƏLƏR
Uşaqlıq boynu xərçənginə görə skrininq proqramlarının aparılması həm uşaqlıq boynu xərçəngi hallarının azaldılmasına, həm də bu xərçəng növündən ölüm hallarının azalmasına imkan verir. Skrininq metodlarına isə Papanikolau testi (uşaqlıq boynundan yaxmanın mikroskopik müayinəsi) və HPV-nin (insanın papilloma virusunun) müvafiq tiplərinin aşkar edilməsinə yönəlmiş laborator analizlərdən ibarətdir.
Uşaqlıq boynu xərçənginin iki əsas tipi vardır - yastı hüceyrə karsinoması və adenokarsinoma. Uşaqlıq boynunun yastı hüceyrə karsinoması daha çox rast gəlinir. Skrininq hər iki tip xərçəng xəstəliyinin erkən mərhələdə müəyyən edilməsinə imkan verir. Skrininq həm də bu tip xərçəng xəstəliklərinin inkişafına səbəb olan patologiyaların və ya prekursorların aşkar edilməsinə yardım edir. Xərçəng xəstəliyiin erkən mərhələdə aşkar edilməsi və müalicəsi isə irəliləmiş uşaqlıq boynu xərçənginin qarşısını almağa imkan verir.
Qeyd edilməlidir ki, uşaqlıq boynu xərçəngi hallarının azaldılması və bu xərçəng növündən ölüm hallarının azalmasında skrininqin əhəmiyyətli rolu və faydası aydın məlumdur. Lakin skrininqin qadın əhalisinin hansı qrupu arasında və hansı tezliklə aparılması, habelə hansı metoddan (Pap-test, HPV-yə skrininq və ya hər ikisi) istifadə hələ də müzakirə mövzusudur.
Uşaqlıq boynu xərçənginin yayılması və risk faktorlar
Dünyada uşaqlıq boynu xərçəngi qadınlar arasında geniş yayılmışdır. Bu xərçəng növünə rast gəlmə halları və ondan ölüm halları ölkədən ölkəyə fərqlənir və bu fərq məhz skrininq və HPV-yə qarşı vaksinasiya proqramlarının olub olmaması ilə bağlıdır. Uşaqlıq boynu xərçənginin əksər halları inkişafda olan ölkələrdə qeydə alınır. ABŞ-da isə gənc yaşlı qadınlar arasında uşaqlıq boynu xərçəngi və bu xərçəng ilə bağlı ölüm halları çox nadirdir. Avropa Uşaqlıq Boynu Xərçəngi Assosiasiyasının məlumatına əsasən Avropada hər il 60.000 qadında uşaqlıq boynu xərçəngi qeydə alınır və 30.000 qadın bu xəstəlikdən hər il dünyasını dəyişir. Hazırda Avropada 175.000 qadın uşaqlıq boynu xərçəngi ilə yaşayır.
• HPV (insanın papilloma virusu). HPV virusunun yüksək riskli ştammları ilə infeksiyanın mövcudluğu uşaqlıq boynu xərçənginin inkişafına səbəb olan mühüm amildir. Uşaqlıq boynu xərçənginin inkişafına təsir göstərən əksər risk faktorları məhz HPV virusuna yoluxma riskini artıran faktorlardır. Bunlara cinsi münasibətlərin erkən yaşlarda başlanması, çoxsaylı cinsi partnyorların olması və ya yüksək risk qrupuna aid şəxslərlə cinsi əlaqələrin olması aiddir. Bununla yanaşı HPV infeksiyasının təmizlənməsini əngəlləyən faktorlar, o cümlədən, immun sisteminin zəifliyi və ya supressiyası uşaqlıq boynu xərçənginin inkişaf riskini artırmış olur.
• HPV infeksiyası daha çox aktiv cinsi həyat keçirən qadınlarda, xüsusilə də gənc qadınlarda rast gəlinir. Əksər gənc yaşlı qadınlarda HPV infeksiyası spontan olaraq 8-24 ay ərzində təmizlənmiş olur. Yaşı 30-dan yuxarı olan qadınlarda HPV infeksiyası halları azalmış olsa da, həmin yaşda olan qadınlarda infeksiyanın uzun müddət qalması riski artmış olur.
• Digər risk faktorları. Uşaqlıq boynu xərçənginin inkişafı aşağıdakı digər risk faktorları ilə əlaqələndirilir: kontraseptiv preparatların (həblərin) istifadəsi və tütünçəkmə (məhz yastı hüceyrə xərçənginin yaranması tütünçəkmə ilə sıx bağlıdır).
Skrininqin faydası
Uşaqlıq boynu xərçənginə görə skrininq xərçəng önü (prekanser) və ya xərçəng xəstəliyinin erkən mərhələsini müəyyən etməyə imkan verir. Tətbiq edilən Papanikolau testinin (Pap-test) və ya uşaqlıq boynundan yaxmanın mikroskopiyası uşaqlıq boynu xərçəngi halları və ondan ölüm hallarını azaltdığı tədqiqatlarda çoxdan təsdiqini tapıb. ABŞ-da Pap-test əsasında skrininq proqramlar 1950-ci illərdən tətbiq olunmağa başlamış və artıq 1980-ci illərin ortalarında uşaqlıq boynu xərçəngi halları ABŞ-da 70%-dək azalmışdır. 1970-ci illərdən başlayaraq isə uşaqlıq boynu xərçəngi halları və onlardan ölüm halları davamlı şəkildə azalır.
SKRİNİNQLƏ BAĞLI TÖVSİYƏLƏR.
İlkin skrininq. Əksər ölkələrdə, o cümlədən ABŞ-da, uşaqlıq boynu xərçənginə görə skrininq yaşı 21 tamam olmuş qadınlarda başlanır. Digər ölkələrdə skrininqin başlanma vaxtı 20-25 yaş arası ola bilər. Hazırda bir çox mütəxəssis skrininqin başlanma vaxtını cinsi aktivliyə başlama vaxtı ilə əlaqələndirmir. Böyük Britaniyada uşaqlıq boynu xərçənginə görə skrininq 25 yaşında başlayır və yaşı 25-49 olan qadınlarda hər 3 ildən bir aparılır.
ABŞ və bir sıra digər inkişaf etmiş ölkələrdə yeniyetmələrin uşaqlıq boynu xərçənginə yoxlanması tövsiyə edilmir. Belə ki, yaşı 15-19 olan yeniyetmə və gənc qızlar arasında uşaqlıq boynu xərçəngi hər 100.000 nəfərə 0.1 hallarda yəni çox nadir hallarda rast gəlir. Həmçinin, yeniyetmələrdə HPV infeksiyası spontan olaraq aradan qalxmış olur.
21 yaşdan etibarən bütün qadınlar, o cümlədən, cinsi aktivliyi olmayan və ya heç zaman cinsi əlaqədə olmayan qadınlar skrininqdən keçməyə başlamalıdır.
Yüksək risk qrupuna aid qadınlarda skrininqə dair təlimat fərqli ola bilər. Bunu fərdi qaydada həkim təyin edir.
Yüksək risk qrupuna aşağıdakı qadınlar daxil edilir:
▪ əvvəllər aparılmış skrininqdə normadan kənara çıxmaların olması,
▪ anamnezdə tütündən istifadənin olması və ya qadının hazırda siqaret çəkməsi,
▪ əvvəllər skrininqdə iştirak etməmiş qadınlar,
▪ anamnezdə HPV mənşəli xəstəliyin olması,
▪ yeni cinsi partnyorları olan qadınlar,
▪ immun sistemi zəif olan qadınlar,
▪ anası ona hamilə olduqda dietilstilbestrol preparatını qəbul edibsə.
Yaşı 30-dan az olan qadınlar.
Yaşı 30-dan az olan qadınların uşaqlıq boynu xərçənginə görə yoxlanması hər 3 ildən bir Pap-test ilə aparılmalıdır.
Yaşı 30-dan yuxarı olan qadınlar.
Bir çox mütəxəssisin tövsiyəsinə görə yaşı >30-dan yuxarı olan qadınlarda skrininq aşağıdakı metodların istifadəsilə aparıla bilər:
• hər 3 ildən bir Pap-test
• hər 5 ildən bir Pap-test və HPV testinin kombinasiyası ilə.
SKRİNİNQİN DAYANDIRILMASI.
Yuxarı yaşlı qadınlarda uşaqlıq boynu xərçənginə görə skrininqin dayandırılması əvvəllər həmin qadınlarda skrininqin aparılması və onun nəticələrindən asılıdır.
Əvvəllər adekvat skrininqdən keçmiş qadınlar. Aşağıdakı meyarlara cavab verən yaşı 65-dən yuxarı olan qadınlar arasında skrininqin aparılması tövsiyə edilmir:
• Yüksək risk qrupunda olmayan qadınlar.
• Anamnezdə əvvəllər uşaqlıq boynundan yaxmanın mikroskopiyasında (Pap-test) yüksək dərəcəli displaziya olmadıqda.
Əvvəllər histerektomiya (uşaqlığın götürülməsi əməliyyatı) keçirmiş qadınlarda skrininqin qaydası.
Histerktomiya olunmuş qadınlarda skrininqlə bağlı tövsiyələr həm histerektomiyanın növündən və skrininqə olan göstərişlərdən asılıdır. Histerektomiya əməliyyatı zamanı uşaqlıq boynunun saxlanıb saxlanmamasına əmin olmayan qadınlarda uşaqlıq boynu xərçənginə görə skrininqə olan ehtiyacı təyin etmək üçün ilk növbədə həkim tərəfindən ginekoloji müayinə aparılmalıdır.
• Uşaqlıq boynu xərçəngi və ya xərçəng önü xəstəliklə bağlı olmayan səbəblərə görə histerektomiya keçirmiş qadınlar. Uşaqlıq boynu xərçəngi və ya xərçəng önü patologiya ilə bağlı olmayan səbəblərə görə total histerektomiya olunmuş qadınların uşaqlıq boynu xərçənginə görə skrininq olunmaları tövsiyə edilmir.
• Total histerektomiya zamanı uşaqlıq boynu da çıxarılmış qadınlarda uşaqlıq boynu xərçənginin inkişaf riski çox aşağıdır. Həmçinin, son illərin tədqiqatları göstərib ki, xoşxassəli xəstəliyə görə histerektomiya olunmuş qadınlarda histerektomiya ilə vaginal karsinomanın (uşaqlıq yolunun xərçəngi) inkişafı arasında heç bir əlaqə yoxdur.
• Subtotal histerektomiya (uşaqlıq boynu saxlanılmışdır). Subtotal histerektomiya olunmuş qadınlarda uşaqlıq boynu xərçənginin inkişaf riski uşaqlığı və uşaqlıq boynu olan qadınlarla eynidir və onların skrininqinə dair tövsiyələr də fərqlənmir.
• Uşaqlıq boynu xərçənginə görə histerektomiya. Xərçəng önü patologiyalar səbəbindən histerektomiya olunmuş qadınlarda skrininq fərqlidir və onun aparılmasına dair tövsiyələr əldə etmək üçün həkimlə məsləhətləşmək gərəkdir.