VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Reproduktiv sağlamlıq / MƏQALƏLƏR

Uşaq sahibi olmaq arzusunda olan qadının sağlamlığı

Uşaq sahibi olmaq arzusundasınız?

 

Siz nə vaxtsa uşağınız olmasını istəyirsinizsə, ona indidən hazırlaşın. Sağlam uşaq sahibi olmaq istəyirsinizsə, öz sağlamlığınıza hamilə olmazdan əvvəl qayğı göstərməyə başlayın. Bəzi qadınlara hamiləliyə hazır olmaq üçün bir neçə ay tələb olunur, bəziləri üçün isə - daha uzun müddət. 

Görüləcək tədbirləri planlaşdırın

Hamilə olmazdan öncə hamilə olmaq arzunuz haqqında həkiminizlə danışın. O, sizin sağlamlıq durumunuzu nəzərdən keçirib, sağlamlıq problemləriniz olduğu halda bu problemlərin hamiləliyə mümkün təsiri haqda sizinlə söhbət aparacaq və tələb olunduqda həmin problemlərin hamiləliyə təsirinin azaldılması və ya aradan qaldırılması üçün müvafiq müalicəvi və profilaktik tədbirlərin görülməsini məsləhət edəcək. Hamilə olmağa hazırlaşan qadının müayinəsi zamanı həkim əvvəlki hamiləliklərin gedişində yaranmış problemlər, hal-hazırda qəbul edilən dərmanlar, uşaqlıqda və ya 18 yaşdan sonra alınmış vaksinlər barədə  soruşacaq və gələcək hamiləliyinizin sağlam keçməsi və körpənizin sağlam olması üçün görüləsi tədbirlər barədə məsləhətlər verəcək.

Sizin sağlamlığınızda olan problemlər

Həkimlə söhbət edərkən mövcud olan sağlamlıq problemləriniz haqda ona məlumat verməyi unutmayın. Bu problemlər sırasında aşağıdakılar barədə həkimə məlumat vermək xüsusən önəmlidir:  cinsi yolla  yoluxan infeksiyalar (CYYİ), şəkərli diabet, qalxanabənzər vəzin xəstəlikləri, epilepsiya, hemofiliya, talassemiya, yüksək qan təzyiqi, virus infeksiyaları (məs., hepatit, İİV), autoimmun xəstəliklər (məs., qırmızı qurd eşənəyi) və digər (məs., ürək-damar xəstəlikləri, bədxassəli törəmələr) xronik xəstəliklər.

Sizin həyat tərziniz

Zərərli vərdişləriniz (tütünçəkmə, spirtli içkilərin qəbulu, narkotik maddələrdən istifadə) olduqda, məişət zəminində zorakılığa məruz qaldığınız hallarda, habelə müxtəlif toksik maddələrlə məişətdə və ya iş yerində sıx təmasda olduğunuz hallarda da bu haqda həkimə məlumat vermək məsləhətdir.

Dərmanların qəbulu və hamiləlik

Hamiləlik dövründə müəyyən dərmanlarıqəbulu döldə anadangəlmə qüsurların yaranmasına səbəb ola bilər. Buna görə də qəbul etdiyiniz və ya qəbul etməyə planlaşdırdığınız  dərmanlar, bitki mənşəli preparatlar və digər qida əlavələri haqda həkimə məlumat vermək vacibdir. Həkimdən məsləhət almamış istifadə etdiyiniz heç bir dərmanın qəbulunu dayandırmayın və heç bir yeni dərmanın qəbuluna başlamayın. Həkim qəbul etdiyiniz dərmanlar arasından sizin üçün ancaq zəruri olan və həmçinin hamiləliyinizə zərərsiz və ya ən az zərərli olan dərmanların siyahısının müəyyənləşdirilməsinə yardım edəcək.

Bəzi hallarda hamilə qadın müəyyən sağlamlıq problemləri ilə əlaqədar dərmanlar qəbul etməlidir. Məsələn, astma, epilepsiya, yüksək qan təzyiqi, depressiya, həyacan, böyrək və ya qaraciyər xəstəliyi hallarında həkim tərəfindən bir sıra dərman preparatları müalicə üçün təyin edilir. Həmin xəstəliklərin müalicəsi ilə yanaşı dölə potensial zərərin azaldılması üçün həkimin məsləhətinə ehtiyac duyulur.

Həkim bəzi vaksinlərin hamiləlikdən əvvəl, hamiləlik müddətində və ya doğuşdan sonra vurulmasını məsləhət edə bilər.

Fol turşusunun qəbulu

Hamilə olmazdan 1 ay əvvəl və hamiləliyin ilk 5-6 ayı ərzində hər gün 400 mikroqram fol turşusunun qəbul edilməsi tövsiyə edilir. Fol turşusu B9 vitaminidir və B qrupu vitaminlərinə aiddir.  Fol turşusunun yuxarıda qeyd olunduğu kimi qəbul edilməsi uşağın baş beyini və onurğa beyinin inkişafı  qüsurlarının qarşısını almağa yardım edir.

 

 

Tütünçəkməni, spirtli içkilər və narkotik maddələrin qəbulu və hamiləlik

Hamiləlik müddətində tütünçəkmə, spirtli içkilər və  narkotik maddələrin qəbulu qadın və onun uşağı üçün çoxsaylı problemlərə (vaxtından əvvəl doğuş, anadangəlmə qüsurların inkişafı, yenidoğulmuşun ölümü) səbəb ola bilər. Buna görə də hamiləliyi planlaşdırdıqda və hamiləlik dövründə, habelə südlə əmizdirmə zamanı həmin zərərli vərdişlərdən çəkinmək önəmlidir. Bunu etməkdə çətinlik çəkdikdə isə mütləq məsləhət üçün həkimə müraciət etmək vacibdir.

Məişətdə və iş yerində toksik maddələrlə təmas və hamiləlik

Sintetik kimyəvi maddələr, metallar, o cümlədən ağır metallar, gübrələr, həşəratlara qarşı insektisidlər, kənd təsərrüfatında istifadə edilən pestisidlər, eləcə də pişik və it nəcisindən məişətdə və iş yerində kənar durmaq tövsiyə edilir. Əgər işiniz misal üçün kimyəvi laboratoriya və ya şüa mənbəyi olan yerlərdədirsə, əlavə məsləhət üçün həkimə  müraciət etmək tələb olunur.

Bədəçəkisi və hamiləlik

 

Artıq bədən çəkisi və ya piylənməsi olan qadınlar  hamiləlik dövründə müxtəlif ağırlaşmalar, ürək xəstəliyi, şəkərli diabet, xərçəngin bəzi növlərinin (uşaqlıq, döş vəziləri və yoğun bağırsaq) inkişafı ilə bağlı əhəmiyyətli dərəcəli risklərə məruz qalırlar. Bədən çəkisinin normadan aşağı olması da həm ana, həm də gələcək körpənin sağlamlığı üçün ciddi problemlər yaradır . Buna görə də bədən çəkisinin normada (BKİ 18.5-25 kq/kv.m) saxlanması  həm sağlam hamiləlik üçün vacibdir, həm də sağlam uzun ömürlü həyat üçün önəmlidir.

Ailə üzvlərinin sağlamlıq (və xəstəlik) tarixçəsi

Ailə üzvlərinin sağlamlıq (və xəstəlik) tarixçəsini öyrənmək gələcək uşağınızın sağlamlığının qorunması baxımından əhəmiyyətli ola bilər. Ailənizdə olan sağlamlıq problemləri haqda həkimə məlumat vermək vacibdir. Həmin məlumatlara əsaslanaraq həkim müəyyən genetik məsləhətin əldə edilməsini tövsiyə edə və bəzi irsi xəstəliklərə dair testlər təyin edə bilər. Genetik məsləhətlərin alınması üçün digər səbəblər əvvəlki bir neçə hamiləliyin düşüklə nəticələnməsi, yeni doğulan uşaqlarınızın naməlum və ya məlum xəstəliklər səbəbindən ölüm halları, hamilə olmaqda çətinliklər, eləcə də əvvəlki doğuşların anadangəlmə qüsurlu uşağın doğulması ilə nəticələnməsi halları ola bilər.

Psixi durum və hamiləlik

Sağlam psixi durumu olan insan öz həyatı haqqında müsbət düşünür, həkimin məsləhətlərinə riayət edir, psixi və emosional stressə dözümlü olur. Hər bir insan narahatlıq, qəm, kədər, stress hissi yaşaya bilər. Amma bu hislər davamlıdırsa, sizə psixoloji yardım tələb oluna bilər. 

Hamiləliyiniz sağlam olsun!

Hamilə olanda riayət etdiyiniz sağlam həyat tərzi ilə bağlı faydalı vərdişləri həyat boyu davam etdirin. Hamilə olduqdan dərhal sonra qadın məsləhətxanasında qeydiyyata düşün və həkim nəzarəti altında hamiləliyinizi davam etdirin.