MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblinin psixi sağlamlığı / MƏQALƏLƏR

Depressiya zamanı təhlükə amilləri və onun səbəbləri

Depressiya – ruh düşkünlüyü, yüksək halsızlıq, gərəksizlik hissi, intihara dair fikirlər, iştahanın azalması, yuxusuzluq, psixomotor tormozlanma və ya oyanıqlıq, həmçinin müxtəlif somatik simptom və şikayətlərlə müşayiət olunan, əhval-ruhiyyənin enməsi ilə səciyyələnən psixi pozuntudur. Tibbi mənada depressiya, bu terminin adi anlamından – ümidsizlik, əzginlik və kədər halından – fərqlənir və tibbi yardım göstərilməsini tələb edir. Bir əlamət və ya sindrom kimi depressiya bir çox somatik və ya psixi xəstəliklərin əlaməti və ya nəticəsi kimi meydana gələ bilər. Belə hallarda heç də həmişə depressiyanın ümumi patogenetik mexanizmlərə malik olmasını, onun xəstəliyə ikinci psixoloji reaksiya olmasını (özünü göstərməsini) və ya onun digər xəstəlikdən asılı olmayaraq yaranmasını müəyyənləşdirmək mümkün olmur. Digər hallarda depressiya, müstəqil affektiv pozuntu (depressiv epizod, rekurrent depressiya, distimiya, depressiv reaksiya) və ya bipolyar affektiv pozuntunun tərkib hissəsi olur (bax: Bipolyar affektiv pozuntu üzrə klinik protokol).

Depressiya daha çox psixi pozuntunun bio-psixo-sosial modelinə uyğun gəlir. Depressiya zamanı aşağıdakı bioloji amillər mühüm rol oynayırlar: irsi xarakter daşıyan depressiyaya meyllilik, bəzi somatik xəstəliklər (xüsusilə xronik və residivləşən), spirtli içki və narkotik maddələrin qəbulu, bəzi dərman maddələri (hipotenziv maddələr, H2 blokatorları, kortikosteroidlər, estrogenlər/ progesteronlar, interferonlar, lipofil β blokatorlar). Psixoloji amillər arasında uşaqlıqda yaşanan psixotravmalara, ailə və şəxsiyyətlərarası problemlərə, həyatda baş verən mühüm dəyişikliklərə, yaxın adamın ölümü və ya ağır xəstəliyi ilə bağlı həyəcan hissinə və tənhalığa daha mühüm əhəmiyyət verilir. Depressiyanın inkişafına səbəb olan sosial amillərə müharibə daxil olmaqla, arzuolunmaz sosial dəyişiklik, təbii fəlakət, qəza, yoxsulluq, işsizlik, cinayətkarlıq, sosial müdafiəsizlik aiddir.