MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Reproduktiv sağlamlıq / MƏQALƏLƏR

Erkən nikah

Ailə qurmaq xoşbəxtlikdir, amma erkən yaşında ailə qurularkən bunu demək çətindir, çünki belə hallarda uşaqların (əksər hallarda qızların) uşaqlıq dövrü kəsilib qısalmış olur və onların əsas hüquqları pozulur. Cinsi yetişkənlik və fiziki qabiliyyət ilə ümumi yetişkənlik, kamillik və həyatını idarə etmək qabiliyyəti arasında böyük fərq var.

Qurana görə, nikaha girən ər və arvad maarifləndirilmiş və kamallı olmalıdır. Beləliklə, müqəddəs kitabda uşaq yaşında nikaha girilməsinə dəstək verən bir söz də yoxdur. Azərbaycan tərəfindən
1992-ci ildə ratifikasiya edilmiş Uşaq Hüquqları Konvensiyasında (UHK) qeyd olunur ki, 18 yaşına çatmamış olan hər bir kəs uşaq sayılır. Uşaq Hüquqları Konvensiyası uşaqların öz fikirlərini sərbəst
ifadə etməsi hüququnu, eləcə də zərərli praktikalar, o cümlədən erkən ərə verilməkdən qorunmaq hüququnu təsdiq edir.

Erkən nikah fərdlərə, onların uşaqlarına, ümumilikdə ailə institutuna (sisteminə) və bütövlükdə cəmiyyətə mənfi təsir göstərir. Erkən nikaha girən qızlar ana və uşaq ölümü, təhsildən və inkişafdan
məhrum edilmə, sosial və iş imkanlarının məhdudlaşması, yoxsulluq, məişət zorakılığı kimi ciddi problemlərlə üzləşir. Nikahda olan gənc qadınlar çox vaxt ərindən asılı vəziyyətdə, həyat yoldaşının tam nəzarəti altında olur. 15-19 yaşında olan qadınlar digər yaş qruplarında olan qadınlarla müqayisədə ailədə qərarvermə prosesində daha az iştirak edir.

58 faiz hallarda erkən nikah valideynlərin təzyiqi nəticəsində baş verir. Valideynlərin təzyiqi nəticəsində olan erkən nikahların üçündən biri qızın etirazına baxmayaraq baş verir. Səbəblərin bir
qrupu Azərbaycanda mövcud olan ənənələr və mədəniyyət ilə, digəri isə cəmiyyətin sosial-iqtisadi durumu ilə bağlıdır. Hər iki qrupdan olan səbəblər bir-biri ilə sıx əlaqədədir. Müxtəlif regionlarda sorğu iştirakçıları müxtəlif səbəblər göstərirlər. Bir bölgədə daha çox iqtisadi problemlər və qızın öz arzusu göstərilirsə, digər bölgədə əsas səbəb kimi ənənə göstərilir.

2011-ci ildə keçirilmiş Demoqrafiya və Sağlamlıq Sorğusunun nəticələri əsasında. Azərbaycanda aparılmış tədqiqata görə 42% hallarda erkən nikah qızın öz arzusu nəticəsində baş verir. Çox hallarda valideynlər də razı olur. Onlar qorxur ki, gələcəkdə qızını istəyən münasib adam olmayacaq, erkən nikah qızının bəxtidir və onu təngə gətirmək lazım deyil. Digərləri qorxur ki, indi verməsələr, qız həmin adamla sonra qaçar, özünü və ailəsini ləkələyər. Qaçırılmaların əksəriyyəti qızın öz razılığı ilə olsa da, əsl qaçırılmalara da rast gəlinir.

Bir sıra ailələr hesab edir ki, qızın həyatında ən böyük nailiyyət ərə getməkdir və buna nail olmaq üçün o, erkən yaşa, tamamlanmamış təhsilə baxmayaraq, nikaha girmək şansını əldən verməməlidir. Belə fikirlə böyüdülən yeniyetmə qız təhsilini davam etmək deyil, ərə getmək arzusunda olur. Azərbaycanda nikahdan əvvəl cinsi əlaqələrə cəmiyyət tərəfindən ciddi qadağa qoyulub. Valideynlərin sosial və iqtisadi durumu və onlarda erkən nikaha qarşı olan münasibət arasında sıx əlaqə var. Erkən nikahın qəbul edilməsi təhsili aşağı səviyyədə olan valideynlər arasında daha çox yayılmışdır.

Bəzən çox geniş iqtisadi imkanlara malik olan ailələrdə də qızlarını erkən yaşında ərə verənlər olur. Onlar qızlarını öz dostlarının, şəriklərinin ailəsinə vermək, beləliklə, öz ətrafını daha da genişləndirmək/gücləndirmək, imkanlarını daha da artırmaq istəyirlər. Azərbaycanda, bir çox digər ölkələrdə olduğu kimi, ərə gedəndən sonra tezliklə uşaq sahibi olmaq qadının sosial durumunun tərkib hissəsidir. Ailələr bütün gücü ilə yeni evlənmişlərə onların mümkün qədər tez uşaq sahibi olması üçün təzyiq göstərir.

Bu erkən nikahda olanlara da şamil edilir. Erkən hamiləlik və doğuşlar isə ölüm, vaxtından əvvəl doğuş, doğuş gedişində ağırlaşmalar, az-çəkili uşağın doğulması və uşağın sağ qalmaması riskini artırır. Dünyada 15-19 yaşda olan qızların əsas ölüm səbəbi hamiləliklə bağlıdır. Bu yaşda olanların 20-24 yaşda olanlarla müqayisədə hamiləliklə bağlı ölüm ehtimalı 20-200% artır. 15 yaşından cavan olanların ölüm ehtimalı beş dəfə artır.

Erkən hamiləlik və doğuşların riskləri və mənfi nəticələri haqda kifayət qədər statistik məlumat mövcuddur.

Erkən hamiləliklə bağlı daha çox təsadüf edilən sağlamlıq
problemləri:
► Hamiləliklə bağlı hipertoniya;
► Anemiya;
► Pre-eklampsiya (hamiləliyin 20-ci həftəsindən sonra qan
təzyiqinin qalxması və sidikdə zülalın olması ilə müşayiət olunan
xəstəlik);
► Doğuşdan sonra depressiya yeniyetmələrdə daha çox yayılmışdır.

Çanağın fiziki yetişkənliyinin başa çatmaması səbəbilə obstruksiya (bronxlardan havanın keçməsinin çətinləşməsi), ləng doğuş və qanaxmalar baş verir. İki milyon yeniyetmədə çanaqdaxili
orqanların zədələnməsi nəticəsində fistula və ya məsələn, düz bağırsaq, sidik kisəsi və uşaqlıq arasında patoloji birləşmə və ya əlaqə yaranır (hər il dünyada təxminən 100000 yeni hal qeydə alınır).

Erkən nikah eyni zamanda uşağın inkişafı, həyata hazırlığı, gələcəkdə ailəsinə və cəmiyyətə öz töhfəsinin verilməsi üçün vacib olan təhsil almaq hüququnun ixtisara salınmasına qaçılmaz olaraq
səbəb olur. Ərə gedən yeniyetmələr təhsildən uzaqlaşırlar. Erkən nikaha girən yeniyetmələrin çox az faizi öz təhsilini davam etdirir.

Qızlar və qadınların təhsilinin aşağı səviyyədə olması onları ailədə asılı vəziyyətə salır. Bu həm də bütövlüklə cəmiyyətə mənfi təsir göstərir, onun inkişafını və tərəqqisini ləngidir. Yeniyetmə yaşında ərə gedənlər bir çox hallarda özünü yalqız və təcrid olunmuş hiss edirlər. Onlar adət-ənənələrlə bağlı öz qohumlardan ayrılmış olur və ərə getdiyi ailədə problemlərlə üzləşəndə onu müdafiə edən çətin tapılır.

Erkən nikahlar bir çox hallarda qeyri-stabil olub boşanma ilə nəticələnir. Bu isə tək qadınların özünə deyil, onların uşaqlarına da mənfi təsir edir. Qadın erkən yaşında nikaha giribsə, onun təhsili aşağı səviyyədədirsə, gəlir əldə etmə bacarıqları məhduddursa, yoxsulluğa düçar olur. Nikah rəsmi qeyd olunmayan hallarda vəziyyət daha da ağır olur: qadının aliment almağa hüquqi əsası olmur.

Məktəb və müəllimlər erkən nikahın qarşısının alınmasında böyük rol oynaya bilər. Azərbaycanda erkən nikaha girənlərin əksəriyyəti qızlardır, onlarla evlənənlərin yaşı isə 18-dən yuxarıdır. Azərbaycan Respublikasının cinayət məcəlləsində 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olan və ya cinsi xarakterli hərəkət edənlərə 3 il həbs cəzası müəyyənləşdirilib.

Rayon icra hakimiyyətlərinin nəzdində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar fəaliyyət göstərir. Komissiyanın vəzifələri uşaqların hüquqlarının qorunması, onların davranışına, məktəbdən yayınmasına və qanunsuz hərəkətlərin edilməməsinə nəzarət və bu sahədə mərkəzi və yerli dövlət strukturlarının əməkdaşlığının təmin olunmasıdır.