MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Uşaqlara qarşı zorakılıq və onun profilaktikası

Zorakılıq (kobud rəftar) - Uşaq sağlamlığına, onun həyatına, inkişafına və ləyaqətinə faktiki zərər vura bilən pis fiziki və/və ya emosional davranışın bütün formalarıdır. Azərbaycanda bütün məişət
zorakılığı və ailədaxili cinayət hadisələrinin 40%-ni uşaqlara qarşı zorakılıq halları təşkil edir.

Valideynlər, qəyyumlar tərəfindən uşaqlara qarşı kobud rəftar və qayğısızlıq uşaq sağlamlığına, onun yaşamasına, inkişafına təsir göstərir. İnsanlarla uşaq vaxtı qəddar davranışın çox ağır sosial nəticəsi vardır. Bu yalnız uşağın sağlamlığına, rifah və inkişafına mənfi təsir göstərmir, eyni vaxtda
gələcək nəsillərin həyatını müəyyən edir. Uşaq böyüyüb yaşa dolanda və öz uşaqlarını böyüdəndə/tərbiyə edəndə, onların davranışı, əsasən, uşaqlıq təcrübələri ilə müəyyən olunacaq və qapalı bir dairə yaranacaqdır.

Zorakılığın (kobud rəftarın) 4 növü vardır:
1. Fiziki
2. Psixoloji (emosional)
3. Cinsi
4. Etinasız münasibət (ehtiyaclarına biganəlik və ya mənəvi qəddarlıq)

Nədənsə, cəmiyyətdə “zorakılıq” sözü adətən cinsi və fiziki zorakılıqla assosiasiya olunur. Daha ağır nəticələri olan və digər zorakılıq növlərində də yer alan emosional zorakılıq kölgədə qalır, etinasız münasibət isə çoxları tərəfindən ümumiyyətlə, zorakılıq kimi qiymətləndirilmir.

Fiziki zorakılıq – 18 yaşına çatmayan uşağa qarşı fiziki və psixi sağlamlığın ciddi (tibbi yardım tələb edən) pozulmasına, inkişafdan geriləməyə gətirib çıxaran qəsdən travma və/və ya zədələrin vurulmasıdır.

Fiziki zorakılığa məruz qalmış yeniyetmələrin davranış
xüsusiyyətləri:
► Evdən qaçmaq halları
► Spirtli içkilərin və narkotik maddələrin istifadəsi
► İntihar cəhdləri
► Kriminal və cəmiyyətə zidd davranış

Cinsi zorakılıq - böyüklər tərəfindən cinsi şəhvət və ya mənfəət əldə etmək məqsədi ilə uşağın razılığı olduqda və ya olmadıqda, onun cinsi hərəkətlərə cəlb edilməsidir. Uşağın cinsi əlaqəyə razılıq verməsi bunun zorakılıq olmamasına əsas vermir, çünki:► böyükdən asılı olan uşaq sərbəst qərar verə bilmir;
► cinsi xarakterli hərəkətləri dərk etmir;
► onun üçün mənfi nəticələri qabaqcadan təsəvvür etmək
iqtidarında deyil.

Cinsi zorakılığa məruz qalmış yeniyetmələrin davranış
xüsusiyyətləri:
► Depressiya və ya aqressiv davranış;
► Özünü öldürmək hədələri və ya cəhdləri;
► Pis vərdişlər;
► Evdən qaçmaq;
► Daha zəiflərə qarşı zorakılıq və s.

Etinasız münasibət (ehtiyaclarına biganəlik və ya mənəvi qəddarlıq) - uşağa adi qayğının göstərilməməsi, tərbiyəsinə dair öhdəliklərin vicdanla yerinə yetirilməməsi və nəticədə onun sağlamlığının və inkişafının pozulmasıdır. Ailədə etinasız münasibətlə üzləşən uşaq vaxtında qida, geyim, təhsil, tibbi yardımla təmin edilmir, yaşayış yeri olmur və ya yararsız olur. Ona nəzarət və qayğı göstərilmir. Belə uşaq valideyn diqqət və məhəbbətinin nə olduğunu bilmir.

Uşağa qarşı etinasızlığın əlamətləri:
► Yorğun, yuxulu görünüş, solğun sifət, şişkin göz qapaqları
► Mövsümə və ölçülərinə uyğun olmayan səliqəsiz geyim
► Pintilik, pis qoxu
► Çəki və boya görə həmyaşıdlardan geriləmə
► Pedikulyoz, qoturluq
► Tez-tez baş verən “bədbəxt hadisələr”
► İrinli və xronik infeksion xəstəliklər
► Dişlərdə karies
► Lazımi peyvəndlərin alınmaması
► Nitqdə və psixi inkişafda geriləmə
Etinasız münasibət görən uşaqların davranış xüsusiyyətləri:
► Daim ac və susuzdur;
► Tez-tez dərs buraxır.
Davranışın dəyişkənliyi:
► İnfantildir və ya böyüyün roluna girir;
► Aqressivdir və ya özünə qapanır, ruh düşkünlüyü var;
► Yaxşıya-pisə fərq qoymadan dostluq edir, ünsiyyət qura bilmir;
► Ziyan gətirməyə meyillidir, heyvanlara qarşı qəddardır.

Psixoloji (emosional) zorakılıq – uşaqda emosional inkişafın, davranışın və cəmiyyətə uyğunlaşma bacarıqlarının pozulmasına səbəb olan, bir dəfə və ya təkrarlanan psixi təsirin göstərilməsi, valideynlər, digər böyüklər tərəfindən uşağın rədd edilməsidir. Bir daha təkrar edək ki, bütün zorakılıq növləri bu və ya digər dərəcədə emosional zorakılıqla bağlıdır. Uşaqlara qarşı psixoloji (emosional) zorakılıq geniş yayılmışdır və bütün sosial qruplarda rast gəlir. Onun baş verməsində sosial vərəsəlik mexanizmi böyük rol oynayır. Vaxtı ilə zorakılığa məruz qalmış hər üçüncü valideyn özü də zorakılıq edir.

Psixoloji (emosional) zorakılığa aiddir:
► Fiziki güc tətbiq etməməklə uşağın hədələnməsi, ləyaqətinin təhqir edilməsi və alçaldılması, aşkarcasına qəbul edilməməsi və daim tənqid olunması
► Uşağın lazımi stimullardan məhrum edilməsi, təhlükəsiz əhatədə olmaq və valideyn məhəbbəti kimi əsas ehtiyaclarının nəzərə alınmaması
► Valideyn tələbkarlığının uşağın yaşı və inkişaf səviyyəsinə uyğun olmaması
► Uşaqda psixi travmaya səbəb olan kobud psixi təsirin göstərilməsi
► Uşağın qəsdən təcrid olunması
► Uşağın qeyri-sosial və ya dağıdıcı davranışa (alkoqolizm, narkomanlıq və s.) cəlb edilməsi və ya həvəsləndirilməsi

Psixoloji zorakılığa məruz qalmış yeniyetmənin xüsusiyyətləri:
► Nitqində əhəmiyyətli dərəcədə çatışmazlıqlar
► Çətinliklə tərbiyə olunma, depressiya
► Aqressivliyin artması, özünü məhvə aparan davranış
► Özünü qiymətləndirmənin aşağı səviyyədə olması
► Tənhalıq hissi
► Dostların olmaması
► Psixosomatik xəstəliklər
► Həmyaşıdlarla müqayisədə ümumi inkişafda geriləmə

Zorakılığın daha çox baş verdiyi ailələrin xüsusiyyətləri:
► Cəzanın tərbiyə üsulu olduğuna əminlik
► Valideynlərin tələbkarlığı uşağın yaşı və inkişaf səviyyəsinə uyğun deyil
► Emosional-psixoloji mühit pozulmuşdur
► Valideynlər gəncdir
► Valideynlər stress vəziyyətindədir
► Valideynlər (və ya biri) zərərli vərdişlərdən əziyyət çəkir
► Valideynlərin (və ya birinin) psixi xəstəlikləri vardır
► Patriarxal-avtoritar qaydalar mövcuddur
► Uşağın valideynlərlə münasibətləri pisdir
► Ana işdə həddindən artıq məşğuldur
► Uşaq uzun müddət doğma atasız yaşamışdır
► Atalıq və ya anasının məşuqu olub
► Ana xroniki xəstədir, əlildir və ya əksər vaxtı xəstəxanadadır
► Sosial və iqtisadi həyat səviyyəsi aşağıdır. Ailənin çoxsaylı problemləri vardır
► Valideynlərdən birinin və ya hər ikisinin xroniki xəstəlikləri, əlilliyi, əqli geriliyi vardır;
► Uşaqlıqda kobud rəftarla və ya cinsi zorakılıqla qarşılaşmışlar
► Cəmiyyətdən təcrid olunmuşlar
► Arzu olunmayan hamiləlikdən doğulmuşlar
► Uşaqlar xoşagəlməz qohumlara oxşayırlar
► Uşaqların əlilliyi, irsi xəstəliyi, müəyyən xüsusiyyətləri vardır.

Göründüyü kimi, belə hallar daha çox problemli ailələrdə baş verir və belə ailələrin uşaqları asanlıqla insan alverinin qurbanına çevrilə bilər, narkomaniyaya, alkoqolizmə cəlb oluna bilərlər. Uşaqlara qarşı zorakılığın profilaktikası müxtəlif səviyyələrdə aparılmalıdır. Əhalinin rifah halının yaxşılaşdırılması, ailəyə dəstək, tibbi nəzarətin gücləndirilməsi, zorakılıq problemi barədə cəmiyyətin məlumatlandırılması (kütləvi informasiya vasitələri ilə), zorakılıq baş vermiş ailələrdə zərərçəkənlərə tibbi yardım, məsləhətləşmə, sosial yardım və dəstəyin verilməsi və s. problemin aradan qaldırılması üçün əhəmiyyətlidir.