MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Reproduktiv sağlamlıq / MƏQALƏLƏR
Ailə dövlətin təməli, insanlığın, bəşəriyyətin də davamı üçün çox önəmli bir ünsürdür. Ailə məsələsi bütün dövrlərdə bütün insanları, dövlətləri düşündürən, onlar üçün hər şeydən zəruri olan bir məsələdir. Ailənin necə olması, təməlinin nə üzərində qurulması, övladların tərbiyəsi millətin və dövlətin gələcəyinin əsas şərtlərindəndir.
Ailə planlaşdırma xidmətləri reproduktiv yaşda olan kişi və qadınlar üçün nə vaxt və neçə yaşda uşağa sahib olmaq, uşaqlar arasında fasilənin qoyulma müddəti ilə bağlı məlumatlanmanı təmin edir.
► Hamiləlik üçün optimal yaş 18-35-dir.
► Doğuşdan növbəti hamiləliyə qədər ən azı 2 il fasilə olmalıdır.
► Doğuşların sayı dörd və daha çox olduqda ana və uşağın sağlamlığı üçün risk artır.
► Hamiləliyin planlaşdırılması və hamiləlikdən qorunmaq üçün bir sıra təhlükəsiz və effektiv metodlar mövcuddur.
► Cütlüyün hər ikisi ailənin planlaşdırılmasının sağlamlıqla bağlı üstünlükləri və mövcud olan seçimlər barədə məlumatlı olmalıdır.
► Kişi və qadınlar, o cümlədən yeniyetmələr də ailənin planlaşdırılması üçün özləri cavabdehdir.
Arzuolunmaz hamiləliyin aqibəti: 2011-ci ildə Azərbaycanda keçirilmiş sorğu göstərir ki, hamiləliklərin 41% süni abortlarla (arzuolunmaz hamiləliyin pozulması məqsədilə icra olunan ginekoloji əməliyyat) nəticələnir. Abort etdirən hamilələrin bir qismini yeniyetmələr və gənc qadınlar təşkil edir. Lakin unutmaq olmaz ki, bəzi vəziyyətlərdə abortlar qaçılmaz olsa da, əksər hallarda hamiləliyin qarşısını almaq mümkündür. İnsanlar lazım olduqda müxtəlif etibarlı üsullardan (kontraseptiv) istifadə edərək hamiləliyin qarşısını alırlar. Bunun üçün müxtəlif səbəblər, o cümlədən hamiləliyin qadının sağlamlığına zərər verməsi səbəb ola bilər.
Abort bəzi hallarda xoşagəlməz və bəzən təhlükəli nəticələrə gətirib çıxara bilər:
► Uşaqlıqdankənar hamiləliyin ehtimalı bir neçə dəfə artır.
► İnfeksion fəsadların ehtimalı böyükdür.
► Uşaqlığın deşilməsi ehtimalı var.
► Bəzi hallarda sonsuzluq yarana bilər.
► Sonrakı doğuşlarda fəsadların olma ehtimalı artır və bununla bağlı yeni doğulmuşların xəstələnmə, şikəstlik və ölüm halları artır.
► Vaxtından əvvəl doğuşların və özbaşına düşüklərin (uşaqsalmaların) sayı artır.
► Kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin sayı artır.