MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Reproduktiv sağlamlıq / MƏQALƏLƏR
Uşaqların inkişaf mərhələləri:
► Körpəlik dövrü – doğulduğu gündən bir yaşa qədərdir. Bu dövrdə intensiv boy və çəki artımı baş verir, orta bədən uzunluğu 25 sm artır və 75-80 sm-ə çatır, çəki üç dəfə artır - 10,5-12 kq olur. Oturmağa (6 ay) və yeriməyə (1 yaş) başlayır. İlk 8 dişi çıxır. Şərtsiz reflekslərlə doğulur (göz qırpma, sorma, udma, defekasiya, sidiyə getmə və s.). Tədricən şərtli reflekslər inkişaf edir: baxır, gülür, səsə başını çevirir. Nitq inkişaf etməyə başlayır: qısa sözlər deyir.
► Erkən uşaqlıq dövrü – 3 yaşa qədərdir. Bu dövr danışma, psixoloji və hərəkət bacarıqlarının sürətli təkmilləşməsi və boyartımı ilə səciyyələnir.
► Birinci uşaqlıq dövrü – üç yaşdan 6-7 yaşa qədər sayılır. Kiçik motorika bacarıqları aktiv inkişaf edir, əllər və ayaqlar uzanır.
► İkinci uşaqlıq dövrü – altı-yeddi yaşdan 10 yaşa qədər sayılır. Əzələ sistemi güclü inkişaf edir. Bədən çəkisi və boy artır. Parta arxasında düzgün oturmamaqdan, ağır portfel daşımaqdan və
digər amillərdən onurğa sütunu əyilə bilər; düzgün qidalanmamaqdan mədə-bağırsaq xəstəlikləri əmələ gələ bilər; gigiyena qaydalarına riayət olunmaması bir çox hallarda helmintozların, bağırsaq infeksiyalarının və kəskin virus hepatitlərinin baş verməsinə səbəb olur.
► Yeniyetməlik dövrü – on yaşdan 19-a qədər (ÜST).
Yeniyetməlik uşaqlıq və yetkinlik arasındakı keçid dövrüdür və həyatın ikinci dekadasını əhatə edir.
Yeniyetmə artıq uşaq deyil, lakin hələ yetkin də sayıla bilməz. İnsan həyatında həlledici dövrlərdən biridir. Yeniyetməlik dövründə baş verən çox vacib bioloji, sosial, iqtisadi və demoqrafik hadisələr yetkinlik həyatına bir pillədir.
Yeniyetməlik və gənclik geniş imkanlar üçün bir pəncərədir:
► Ölkənin iqtisadi inkişafı, eləcə də şəxsin öz imkanlarının və bacarıqlarının inkişafı və həyatda tətbiq edə bilməsi gənclərin sağlamlığı və təhsil səviyyəsi ilə sıx əlaqəlidir.
► Gənclər cəmiyyətin iqtisadi və sosial inkişafını təmin edən
lokomotividir.
► Ölkənin gələcəyi üçün ən əhəmiyyətli investisiyalardan biri gənclərin sağlamlığına və inkişafına qoyulandır. Yeniyetmələrdə çoxsaylı dəyişikliklər müxtəlif yaşlarda baş verir. Bunu nəzərə alaraq yeniyetməlik dövrü şərti olaraq bölünür:
► erkən yeniyetməlik – 10-13 yaş
► orta – 14-16 yaş
► son – 17-19 yaş
Yeniyetməlik dövründə müşahidə olunan dəyişikliklər:
► cinsi yetişkənlik
► fiziki dəyişikliklər
► düşünmə qabiliyyətinin dəyişməsi
► sosial və qarşılıqlı təsirlərdə (münasibətlərdə) dəyişikliklər
► davranışda dəyişikliklər
Cinsi yetişkənlik – qız və oğlanın yetkinliyə keçid dövrünün bir əlamətidir. Cinsi yetişkənlik yeniyetməlik dövrünün əvvəlində başlayır, adətən 9-14 yaşlarında baş verir. Cinsi yetişkənlik dövründə mürəkkəb proseslər yalnız cinsiyyət orqanlarında deyil, bütün orqanizmdə gedir və bir çox fiziki dəyişikliklərə səbəb olur. Cinsi yetişkənlik və bununla bağlı cinsi əlamətlərin inkişafı (döşlər, tüklənmə, səs, bədən forması) cavabdeh olan hormonlar tərəfindən tənzimlənir.
Reproduktiv sistemin fiziologiyası. Aybaşı dövrü
Reproduktiv sağlamlıq və ailə planlaşdırması
Sağlam ailənin səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:
sadiqlik
birgə vaxtın keçirilməsi
ünsiyyət
mənəviyyat
minnətdarlıq
problemləri birgə həll etmə bacarığı
Sadiqlik – bütün ailə üzvlərinin bir-birinə sədaqəti, vəfalılığı və münasibətlərdə sabitliyidir. Nikaha sadiqlik ailənin möhkəm olmasının ən əsas şərtidir. Ailə və onun maraqları/işi digərlərindən üstün - birinci yerdə olmalıdır.
Sağlam ailə öz üzvlərinin inkişafı üçün vacib olan və irəliləməyinə kömək edən fəaliyyət/istiqamət seçir. Sağlam ailələr vaxtı birlikdə keçirirlər. Vacib məqamlardan biri (bu gün bir çox ailələrdə olmayan) ailənin birgə yemək vaxtıdır. Bunu birlikdə həm yeməkdən ləzzət almaq, həm də hər ailə üzvünün həyatında baş verənlər haqda danışmaq üçün sərf edirlər.
Ailələr birlikdə oynamağa və hamıya ləzzət edən nəyisə bütün ailə üzvləri ilə birlikdə etməyə vaxt sərf edirlər, ailə ənənələri yaradırlar (ad günləri, bayramlar və digər vacib hadisələr və s.). Ünsiyyət sağlam ailənin vacib amillərindən biridir. Bura dinləmək və bir-birinə dəstək daxildir. Uşağın valideynin sözünə qulaq asması kimi, valideynin də uşağı dinləməsi vacibdir. Ünsiyyətə
hər bir ailədə baş verə bilən münaqişə/konflikt də daxildir. Sağlam ailə münaqişəni ədalətlə müzakirə və həll edə bilir. Minnətdarlıq – sağlam ailədə bir-birinə bir heyranlıq var, ailə üzvləri bir-birinə hörmət və hər bir ailə üzvünün töhfəsinə/işinə görə təşəkkür edir. Hər bir ailə üzvünün nailiyyəti başqaları tərəfindən dəyərləndirilir. Hər bir ailə üzvü digərində yalnız yaxşı cəhətləri görməyə çalışır Mənəviyyat olan ailələrdə rifah hissi vardır. Belə ailələr uşaqlara yaxşını pisdən seçməyi, düzgün qərar qəbul etməyi öyrədir, valideynlər uşaqlarına yaxşı nümunə olmaq istəyirlər.
Problemləri həll etmə bacarığı – sağlam ailələr baş verə biləcək böhran vəziyyətlərdən çıxa bilirlər. Ailələrdə kiçik və ya böyük böhran ola bilər, amma sağlam ailə problemin həllini tapa bilir. Çox
vaxt üzvlərin bir-birinin dəstəyinə ehtiyacları olur. Sağlam ailələr öz problemlərini həll edə bilmədikdə, onun həlli üçün ailədən kənara müraciət etməyi də bacarır.