MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Reproduktiv sağlamlıq / MƏQALƏLƏR

Qızlar üçün cinsi yetişkənlik mövzusunda müəllimlər üçün şagirdlərlə məşğələ

Məşğələnin sonunda şagirdlər:
► Cinsi yetişkənlik dövründə qızların orqanizmində baş verən anatomik və fizioloji dəyişiklikləri şərh edirlər;
► Şəxsi və intim gigiyena vərdişlərini inkişaf etdirirlər.

İs üsul və formaları:
► mühazirə, müzakirə, viktorina, qruplarda iş.

Resurslar:
► Proyektor, interaktiv löhvə, nümayiş üçün material (slaydlar, şəkillər, rəngli kartlar), cinsiyyət sisteminə, mayalanmaya, şəxsi və intim gigiyenaya, idman növlərinə, sağlam qidalanmaya aidolan plakatlar.

Məşğələnin gedişatı
Sinif otağında cinsiyyət sisteminə, şəxsi və intim gigiyenaya, idman növlərinə, sağlam qidalanmaya aid müxtəlif plakatlar asın.

Məşğələni qızlara bu sualları verməklə başlayın:
► Sizcə dərs nə üçün ancaq qızlara keçirilir?
► Söhbət nədən gedəcək?
► Plakatlarda hansı mövzular əks olunub?
► Yeni və sizə maraqlı olan plakatlar hansılardır?

Şagirdləri dörd qrupa ayırın. Hər qrupa onlara maraqlı olan bir və ya bir necə plakat ayırın və əvvəlki dərslərdə alınan biliklərə əsasən, plakatın mövzusuna uyğun təqdimat hazırlamağı təklif edin. Bu iş üçün onlara 10 dəqiqə vaxt ayırın. Sonra hər qrupun nümayəndəsinin çıxışını təşkil edin. Təqdimat zamanı şagirdləri plakatlardan və şəkillərdən istifadəyə sövq edin. Uşaqlarla birlikdə əsas və düzgün fikirləri cəmləyib tezis şəklində lövhədə yazın. Plakatlarda qızlara tanış və aydın olmayan məlumatları, bununla bağlı ortaya çıxan sualları da lövhədə qeyd edin. Bundan sonra şagirdləri daha geniş məlumatla tanış etmək olar: Bu gün biz cinsi yetkinlik dövründə qızların orqanizmində baş verən dəyişikliklər, qadın orqanizminin quruluşu, qadın gigiyenası və menstruasiya dövründə gigiyenik vasitələrin düzgün seçilməsi və istifadəsi haqqında söhbət edəcəyik. Əgər sizdə suallar yaransa, mühazirənin sonunda onlara cavab verəcəyəm. Biz artıq bilirik ki, qızlarda baş verən cinsi yetişkənlik və fiziki dəyişikliklər bunlardır:

► Qızlarda, adətən, cinsi yetişkənliyin fiziki əlamətləri oğlanlara nisbətən bir az tez - 9-13 yaş arasında başlayır.
► Estrogen və digər hormonlar fiziki dəyişikliklərə səbəb olur.
► Bir çox qızların cinsi inkişafı 16 yaşına kimi tamamlanır. Bəzi qızların cinsi inkişafı isə 18 yaşa kimi davam edir.
► Bu yaşlarda fiziki inkişafın da sürəti artır: boy və çəki sürətlə artır.
► Qasıq və qoltuqaltı nahiyələrdə tüklər əmələ gəlməyə başlayır.
► Süd vəziləri inkişaf etməyə başlayır, döş gilələri nahiyəsi həssas olur.
► Dəridə tər və piy vəzilərinin fəaliyyəti daha da aktivləşir və bədənin iyi dəyişir.
► Dəridə aknelər (sızanaqlar) inkişaf edə bilər.
► Yumurtalıqlar böyüməyə və hormon istehsal etməyə başlayır.
► Ovulyasiya və aybaşı (menstruasiya) başlayır.
► Nəsilartma qabiliyyəti yaranır. Cinsi aktivlik hamiləliklə nəticələnə bilər.

Qadının reproduktiv sistemi. Cinsiyyət sistemi reproduktiv sistem adlandırılır. O, cinsiyyət məhsullarının (hormonlar və cinsi hüceyrə) hazırlanmasında işritak edən, mayalanma prosesini təmin edən, insanın doğulmasına səbəb olan orqanlardan ibarətdir. Qadın reproduktiv sisteminin quruluşunu bir daha da dəqiqləşdirək. Qadın cinsiyyət sistemi cüt yumurtalıq və fallop borularından,
uşaqlıqdan, uşaqlıq yolundan, böyük və kiçik cinsi dodaqlardan, klitordan, bartolin vəzilərindən ibarətdir. Yumurtalıqlarda, gələcək nəsil haqqında irsi infomasiya daşıyan və qadına uşaq sahibi olmaq imkanı verən hüceyrələr yerləşir. Yumurtalıqların iki əsas funksiyası vardır:

► cinsiyyət hüceyrələrinin saxlanması və aylıq yetişməsi;
► endokrin funksiya (yumurtalıqlar qana qadın cinsiyyət hormonları – estrogen, progesteron hormonları, həmçinin az miqdarda androgenlər (kişi cinsiyyət hormonları) ifraz edirlər).

Yumurtalıqları tənzim edən orqan baş beyində yerləşən və follikul-stimullaşdırıcı (FSH) və lüteinləşdirici (LH) hormonları sintez edən hipofizdir. Öz növbəsində, yumurtalıq hormonları üçün
əsas hədəf orqanı uşaqlıqdır. Digər hədəf orqanlar süd vəziləri, uşaqlıq yolu, sidik kisəsi, dəri, saç follikulları, sümüklər, damarlar və s. Bu səbəbdən cinsiyyət hormonlarının çatışmazlığı çox müxtəlif
şəkildə üzə çıxır.

Baş beyinin əsasında yerləşən hipofiz cinsi yetkinlik dövründə aktiv şəkildə hormonlar hazırlamağa başlayır. Hipofiz sizdə baş verən dəyişiklikləri tənzimləyən cinsiyyət hormonlarının hazırlanmasını stimullaşdırır, menstruasiyaya təsir edir və menstrual sikli tənzimləyir. Qadın cinsiyyət hormonu estrogendir. Aybaşı dövrü mürəkkəb və vacib tsiklik prosesdir. Aybaşı tsikli zamanı hormonların səviyyəsinin dəyişməsi nəticəsində reproduktiv sistemdə və bütün orqanizmdə dəyişikliklər baş verir (yumurta hüceyrəsi yetişir, onun mayalanması və inkişafı üçün şərait yaranır). Aybaşı müddəti belə hesablanır: əvvəlki qanaxmanın birinci günündən növbəti qanaxmanın ilk gününə kimi.

Normada aybaşı tsiklinin müddəti 21 gündən 35 günə qədərdir, əsasən 28 günlük müşahidə olunur.
Cinsi yetişkənlik dövründə qızların orqanizmindəki ən əsas dəyişkənlik – menstruasiyanın başlanmasıdır. Bu cinsi yetkinliyin əlamətidir və qızlarda/qadınlarda aylıq qanaxmanın olmasıdır (adətən 3-7 gün). Təxminən ayda bir dəfə uşaqlığın selikli qişası qopur və qanlı möhtəviyyat şəklində xaricə ifraz olunur. Müxtəlif qızlarda menstruasiya müxtəlif dövrlərdə (9-16 yaş arasında) başlayır. Menstrual tsikl – qadın reproduktivliyinin əsasıdır. 1,5-2 il müddətində aybaşı tsikli qeyri-müntəzəm ola bilər. Aybaşı zamanı itirilən qanın miqdarı müxtəlif qadınlarda müxtəlifdir, lakin adətən 5-8 xörək qaşığından çox olmur.

Qeyri-müntəzəm menstrual tsiklin yaratdığı əsas patoloji vəziyyətlər:
1. Qadın cinsiyyət sahəsinin infeksion-iltihab xəstəlikləri (uşaqlığın və uşaqlıq törəmələrinin iltihabı).
2. Cinsiyyət hormonlarının istehsalının pozulması ilə əlaqəli xəstəliklər.
3. Endokrin sistemin digər xəstəlikləri (məsələn, şəkərli diabet, böyrəküstü vəzlərin, qalxanvari vəzin və digərlərinin xəstəlikləri).
4. Bədən çəkisinin pozulması (həm artıq, həm də az çəki). Menstrual tsiklin pozulması fiziki və psixoloji yükün artıqlığı, taqətdən salan pəhrizlər, kəskin iqlim dəyişikliyi ilə də ortaya çıxa
bilər. Premenstrual sindrom (PMS). Bu menstruasiyanın başlamasına 1-14 gün qalmış üzə çıxan sindromdur. Süd vəzilərinin həssaslığının artması, şişkinlik, baş ağrıları, iştahanın dəyişməsi, sızanaqların yaranması, qəbz və ya ishal, əzələlərin gərilməsi, qarında ağrı, əzginlik, yorğunluq, əsəbilik müşahidə oluna bilər. PMS zamanı tövsiyələr:
► Yağı, şəkəri az olan qidalar yemək;
► Daha çox tərəvəz və meyvə yemək;
► Qəhvə və duzdan az istifadə etmək;
► Zülalla zəngin qida – balıq, ət, paxlalılar, yumurta yemək;
► Orta ağırlıqlı fiziki məşqlər;
► Şəxsi və intim gigiyena.

Uzun minilliklər ərzində qadınların intim gigiyenası bəşəriyyətin gözəl yarısı üçün vacib məsələ olmuşdur. İntim gigiyena vasitələrini necə seçməli? Aybaşı zamanı xüsusi bezlərdən istifadə etmək tövsiyə olunur. Yadda saxlamaq lazımdır ki, qanlı ifrazat hopmuş bezlər müntəzəm dəyişdirilməlidir,
çünki artıq bir neçə saatdan sonra çirkli bezlər həm bakteriyaların aktiv çoxalma yerinə, həm də bununla bağlı xoşagəlməz spesifik iy mənbəyinə çevrilir. Buna görə bezlər gün ərzində ən azı 4-5 dəfə dəyişdirilməlidir və genital nahiyə 2-3 dəfə yuyulmalıdır. Alt paltarı hər gün dəyişilməlidir; aybaşı zamanı ehtiyac olduqda daha tez-tez. Bədənin gigiyenası. Aybaşı zamanı (kritik dövrlərdə) intim gigiyenaya xüsusi diqqət yetirmək lazımdır. Orqanizmin mühafizə gücünün aşağı düşməsi ilə əlaqədar, bu günlərdə cinsi orqanlar infeksiyalara qarşı həssas olur. Qan bakteriyaların yaşaması və çoxalması üçün ideal mühitdir. Bu zaman vanna qəbul etmək, hamamda və ya hovuzda çimmək deyil, ilıq duş qəbul etmək məsləhət görülür.

Cinsi yetişkənlik dövrü başladıqda xarici cinsiyyət üzvlərinin təmizliyinə daha da ciddi yanaşılmalıdır, çünki qadınhormonlarının təsiri nəticəsində uşaqlıq yolunun təbii ifrazatı daha da
 çoxalır. Bu ifrazat genital nahiyədə və ya alt paltarda yığılaraq dərini qıcıqlandırır və qaşınma verir; belə hallarda mikroorqanizmlərin iştirakı iltihabi prosesinin başlanğıcına səbəb ola bilər. Bunun qarşısını yalnız gigiyenik tədbirlərlə almaq olar. Beləliklə, xarici tənasül üzvləri təmiz saxlanmalıdır: gündə iki dəfədən az olmamaqla, öndən arxaya doğru isti su ilə təmiz yuyulmuş əllərlə yuyunmaq
lazımdır. İnfeksiyaları anusdan uşaqlıq yoluna ötürməmək üçün, yuyunma və əllərin hərəkəti zamanı su axını öndən arxaya yönəlməlidir (həmçinin, təbii ehtiyacları icra etdikdən sonra
yuyunanda da bu cür istiqamətlənməlidir).

Güclü su axınını uşaqlıq yoluna yönəltmək olmaz. Birbaşa güclü su axını həm qoruyucu
qatları yuyur, həm də zərərli bakteriyaların uşaqlığa düşməsinə şərait yaratmaqla iltihab riskini artırır. Fərdi dəsmal təmiz və yumşaq olmalıdır. Cinsiyyət orqanlarına qulluq zamanı süngər və hamam lifindən istifadə etmək olmaz, süngər və hamam lifi ilə cinsiyyət orqanlarının çox həssas dərisində mikroskopik sıyrıqlar törətmək olar. Yuyunmadan sonra incə dəri örtüyünü cızmamaq üçün suyu silmirlər, qurudurlar. Uşaqlıq yolunun yalnız ətrafındakı dərini sabun ilə yumaq olar. Mühazirənin sonunda şagirdlərin suallarına cavab verin. Onların diqqətini öz təqdimatlarına yönəldin. Mühazirədə eşitdiklərinə əsasən, öz təqdimatlarında düzəliş və əlavələr etmək üçün onlara 5 dəqiqə vaxt verin. İş zamanı qruplara yaxınlaşmaqla tapşırığın yerinə yetirilməsinə nəzarət edin.

Mövzu üzrə “Bəli-xeyr” viktorinası keçirin. Hər bir şagirdə qırmızı və yaşıl rəngli 2 kart paylayın.

Tapşırığı belə izah edin:

Mən indi sizə müxtəlif mülahizələr söyləyəcəyəm. Əgər mülahizə doğrudursa, yaşıl kartı, səhvdirsə, qırmızı kartı qaldırın. Gəlin, başlayaq:
► Yumurta hüceyrəsi uşaqlıqda əmələ gəlir;
► Yumurtalıq cüt orqandır;
► Gigiyena düzgün qidalanma haqqında elmdir;
► Estrogen kişi hormonudur.

Şagirdlər üçün həyati baxımdan vacib olan digər suallar da qoya bilərsiniz.

Məşğələnin refleksiyasını bu suallar əsasında təşkil edin:
► Məşğələ sizdə hansı fikirlər yaratdı?
► Məşğələ zamanı nə hiss edirdiniz?

Bu refleksiya şagirdlərə öz fikir və hisslərini ayırd etməkdə kömək edəcəkdir.