MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Reproduktiv sağlamlıq / MƏQALƏLƏR
Məşğələnin sonunda şagirdlər:
Reproduktiv sağlamlıq məfhumunu izah edirlər;
Qadın və kişi orqanizminin xüsusiyyətlərini şərh edirlər;
Reproduktiv sağlamlığı qorumaq üçün şəxsi plan hazırlayırlar.
İş üsulları:
Fikirləş – cütlükdə bölüş – ümumiləşdir
Müzakirə
Resurslar:
Multimedia qurğuları, insanın (hər iki cinsin) reproduktiv sistemini əks etdirən şəkillər
Məşğələnin gedişatı
Bu gün məşğələmiz reproduktiv sağlamlıq barədədir. Əvvəlcə gəlin, sağlamlığın tərifini verək. Sizcə, sağlamlıq nədir? Bu sözün tərifini fikirləşin, sonra parta yoldaşınızla bölüşün, ümumi bir tərif
hazırlayıb sinfə təqdim edin.
Təlimçi üçün qeyd
Şagirdlərə “Fikirləş – cütlükdə bölüş – ümumiləşdir” üsulu ilə işləmək üçün 3 dəqiqə vaxt verin. Vaxt bitdikdə cütlüklərin cavablarına qulaq asın, tərifləri lövhədə qeyd edin. Sonda təklif edilmiş təriflərin sırasından ən yaxşısını seçməyi və ya onların əsasında yeni bir tərif hazırlamağı xahiş edin. Sinfin gəldiyi ümumi nəticəni iri hərflərlə lövhədə qeyd edin, sonra Ümumdünya Səhiyyə Təşkilatının sağlamlığa verdiyi tərifi slaydda (və ya əvvəlcədən yazılmış iri kağızda) göstərin: Sağlamlıq - yalnız xəstəlik və fiziki qüsurların yoxluğu deyil, insanın tam fiziki, ruhi və sosial rifah halıdır. İndi sinfin verdiyi tərif ilə rəsmi tərifi müqayisə edin. Fərqli məqamları müzakirə edin. Sonra aşağıdakıları söyləyin: Reproduktiv sağlamlıq ümumi sağlamlığın vacib tərkib hissəsidir. Reproduktiv sözü çoxmənalı sözdür, tibbdə bu söz çoxalma, nəsilvermə, nəsilartırma mənasında işlənir. Reproduktiv
sistem – çoxhüceyrəli canlı orqanizmlərdə (heyvanlar, bitkilər, göbələklər və s.) cinsi çoxalmaya cavabdeh olan orqanlar sistemidir.
Deməli, reproduktiv sağlamlıq həmin sistemin normal fəaliyyət göstərməsidir. Əvvəlki tərifin şablonundan istifadə edərək reproduktiv sağlamlıq üçün belə bir tərif çıxara bilərik: Reproduktiv sağlamlıq – nəsilvermə sisteminin xəstəlik və fiziki qüsurlarının yoxluğu deyil, insanın tam fiziki, ruhi və sosial rifah halıdır. Bu sistemin normal fəaliyyəti həm insan, həm də bütövlükdə cəmiyyət üçün vacibdir. Ağacın bitməsi və inkişafı üçün sağlam toxum, münbit torpaq, su və günəş şüası vacib olduğu kimi, insanın sağlam uşaq dünyaya gətirməsi üçün reproduktiv sağlamlığının qorunması vacibdir. İndi isə gəlin, reproduktiv sistemlərin quruluşu ilə tanış olaq. Dərsin bu hissəsində Reproduktiv sistemin şəkillərini multimedia qurğuları vasitəsilə və ya plakatlarda göstərib, ayrılıqda hər bir orqanın quruluşu və funksiyası barədə məlumat verin. Sonra şagirdləri bu sual ətrafında müzakirələrə dəvət edin: Sizcə, reproduktiv saqlamlığa nə ziyan vura bilər? İdeyalar tükəndikdə həyat tərzi, qidalanma, zərərli vərdişlər, psixoloji vəziyyət və s. kimi faktorları şagirdlərin yadına salın. Verilən cavabları bu kateqoriyalar altında ümumiləşdirin. Məşğələnin sonunda şagirdləri “Reproduktiv sağlamlığı qorumaq üçün şəxsi plan” hazırlamağa dəvət edin. Bu iş üçün onlara vaxt
verin. Şagirdlər öz planlarını bütün siniflə bölüşə bilərlər (könüllü şəkildə).