MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Zorakılıq / MƏQALƏLƏR
Məşğələnin sonunda şagirdlər:
► Etibarlı informasiya mənbəyi anlayışını izah edəcəklər;
► Onları maraqlandıran intim suallara cavab axtarmaq üçün taktika
müəyyənləşdirəcəklər.
Üsul və fəaliyyət növləri:
► Müzakirə, rollu oyun “Kor və bələdçisi”, cütlərlə iş
Resurslar:
► Göz bağlamaq üçün yaylıqlar
Məşğələnin gedişatı
Məşğələnin əvvəlində şagirdlərlə aşağıdakı istiqamətdə müzakirə
təşkil edin: Yeniyetmənin yaş dövrü ilə bağlı xeyli sualları olur. Bu suallara haradan və necə cavab tapmaq hərdən çətinlik yaradır. Sizdə belə suallar yarananda kimə müraciət edirsiniz?
Cavabları lövhədə qeyd edin. Güman ki, belə bir siyahı yaranacaq:
► bacım (qardaşım)
► dostum (rəfiqəm)
► valideynlər
► müəllimlər
► internet
► kitablar, jurnallar
Gəlin bu siyahıdakı “informasiya mənbələrini” təhlil edək. Adətən, siz bu tipli suallarınızı valideynlərinizə, müəllimlərinizə verməkdən çəkinirsiniz. Sizin üçün ən rahat informasiya kanalı
həmyaşıdlarınızdır. Ancaq unutmayın ki, bu halda informasiya birtərəfli və qeyri-mötəbər ola bilər. Çox zaman bəzi yeniyetmələr həqiqətə uyğun olmayan və ya kobud məzmunlu informasiya
yaymaqla həmyaşıdlarında psixoemosional pozğunluq yaradırlar. Odur ki, həmyaşıdları heç də həmişə mötəbər informasiya mənbəyi hesab etmək olmaz. Valideynlər və müəllimlər bu barədə sizə daha etibarlı məlumat ötürə bilərlər. Amma bu zaman sizinlə böyüklər arasında bir növ emosional gərginlik yarana bilər. Bu halda xüsusi hazırlığı olmayan böyük və elə siz özünüz də diskomfort hiss
edəcəksiniz. Odur ki, etibar etdiyiniz müəllimlərə, psixoloqa, həkimə bu suallarla müraciət etmək daha yaxşıdır. Başqa bir alternativ “Uşaq qaynar xətti”nə zəng etməkdir. Orada ixtisaslı psixoloqlar telefonla müvafiq sualları cavablandırırlar. Telefonda sual vermək sizin üçün psixoloji cəhətdən daha rahatdır. Kitab və jurnallarda da etibarlı informasiya tapmaq ehtimalı kifayət qədər böyükdür. Narahatlıq doğuran mənbələrdən biri internetdir. Sizcə, internetdə narahatlıq doğuran nədir?
Şagirdlərin cavablarını dinləyin. Fikirləri lövhədə qeyd edin. İnterneti çox zaman böyük informasiya yolu adlandırırlar, çünki o, bütün dünya boyu sonsuz miqdarda kompüterləri və onların istifadəçilərini birləşdirir. Biz internetdən bir çox məqsədlər üçün istifadə edirik: tədqiqat, ünsiyyət, alış-veriş, əyləncə və s. Son vaxtlar internet daha tez-tez informasiya mənbəyi kimi istifadə olunur.
Lakin çox vacibdir ki, informasiya dəqiq, mötəbər, yoxlanılmış olsun, insanların psixikasına əks-təsir göstərməsin. Vəziyyət isə belədir ki, bu gün praktik olaraq hər bir istifadəçi internetdə hər nə istəsə
yerləşdirə bilər. Bu məqamın mənfi tərəfi odur ki, doğru olmayan, etik normalara uyğun olmayan informasiyanın qarşısını almaq mümkün olmur. Hərdən insanlar yanılaraq hesab edirlər ki, internet
səhifələrində yerləşdirilmiş informasiya ən müasir, qiymətli və düzgündür. Ancaq informasiya mənbələrini tənqidi qiymətləndirmək üçün bir neçə meyar vardır.
Əsas meyar mənbənin və ya veb-sənədin müəllifinin etibarlılığıdır. Səhifənin mötəbərliyini öyrənmək üçün onun veb-ünvanını - URL ünvanını müəyyənləşdirmək faydalıdır. Məsələn, gov – göstərir ki, bu, dövlət müəssisəsinin saytıdır; edu –təhsil müəssisəsinin, universitetlərin saytıdır; com – kommersiya təşkilatlarında istifadə edilir; org - əsasən gəlirsiz işləyən ictimai təşkilatların saytıdır.
Emosiyalarınızı tanıyandan və idarə etməyi öyrənəndən sonra neqativ hisslər yaradan saytlardan uzaq durmaq sizin üçün asan olacaq. Tam mənada kişi və ya qadın kimi böyümək üçün mənəvi,
estetik və etik dəyərlər vacibdir. İndi isə gəlin informasiya kanalının mötəbərliyi və etibarlılığının
vacibliyini anlamaq üçün bir rollu oyunda iştirak edək. Oyunda iştirak edərkən hamınız növbə ilə kor adam və onun bələdçisi rolunda olacaqsınız. Gəlin cütlüklərə bölünək. Hər cütlükdə bir nəfər
kor adam, o biri isə onun bələdçisi olacaq. “Korlar” gözlərini yaylıqla bağlayırlar, bələdçilər onları sinifdə bir dövrə gəzdirir və sonra onlara təqdim edəcəyim şəkli “korlara” izah edirlər. Sonra
rollar dəyişir: sinifdə bir dövrə vurandan sonra mənim paylayacağım başqa bir şəkil yeni “kora” izah edilir. Sonda hər bir “kor” ona izah edilən şəklə baxır və öz təəssüratı ilə real şəkli müqayisə edir.
Şagirdlərə gözlərini bağlamaq üçün yaylıqlar verin. Hər bir bələdçiyə bir şəkil təqdim edin, şəkli sözlərlə “korlara” bacardıqları qədər aydın izah etməyi tapşırın. Oyunun gedişatına nəzarət edin.
5 dəqiqədən sonra şəkilləri yığın, rolları dəyişdirin və yeni şəkillər paylayın. Növbəti 5 dəqiqə bitdikdə oyunu dayandırın. Hərəyə ona izah edilən şəklə baxmaq üçün 1 dəqiqə vaxt verin.
Şagirdləri bu suallar ətrafında refleksiyaya dəvət edin:
► Özünüzü “kor” kimi necə hiss edirdiniz?
► Bələdçi olanda nə hiss edirdiniz?
► Sizə izah edilən şəkillə reallıqdakı şəkil arasında nə qədər fərq var idi? Bələdçi həmin şəkli sizə nə dərəcədə dəqiq izah edə bilmişdi?
► Şəklin obrazı sizin beyninizdə nə dərəcədə təhrif olunmuşdu?
► Bələdçiniz “informasiya kanalı” kimi nə dərəcədə uğurlu idi?
► “İnformasiya kanalı” olmaq insanın üzərinə hansı məsuliyyəti qoyur?
Hər hansı suala cavab axtaranda bu təcrübəni yada salmağı və mötəbər informasiya mənbəyinə müraciət etməyi şagirdlərə tövsiyə edin. Məşğələdə öyrəndiklərinə və şəxsi təcrübələrinə əsasən,
repdroduktiv sağlamlıq məsələlərində onları maraqlandıran suallara cavab tapmaq üçün informasiya mənbələrinin reytinq cədvəlini qurmağı xahiş edin. Yəni bu cədvəldə şagird özü üçün ən mötəbər saydığı mənbəni I yerdə qeyd edir, qalanlarını isə azalan sıra ilə düzür. Bir neçə şagirdin reytinq cədvəli ilə tanış olun və onların sıralama arqumentlərinə qulaq asın. Gələcək məşğələlərin qurulmasında sizə kömək məqsədilə aşağıda verilmiş sorğu vərəqini məşğələnin sonunda şagirdlərə paylayın və sualları anonim cavablandırmağı xahiş edin. Bu sorgu vərəqlərinin təhlili sinfinizin şagirdlərinin üzləşdikləri problemlər və maraq dairəsi barədə məlumat verəcək.
Sorğu vərəqi
(2, 4, 5, 6,7 və 8-ci suallara bir neçə cavab verilə bilər)
1. Cinsiniz
Qız
Oğlan
2. Cinsi yetişkənlik, bu zaman baş verən dəyişikliklər barədə
geniş məlumatı kimdən (haradan) alırsınız və gələcəkdə kimdən
almaq istəyirsiniz? Fikrinizi əsaslandırın.
Həkimdəm
Valideynimdəm
Müəllimdən
Xüsusi ədəbiyyatdan
Dostlarımdan
_______________________________________________________
3. Sizin özünüzdən, xarici görünüşünüzdən xoşunuz gəlirmi?
Fikrinizi əsaslandırın.
Bəli
Xeyr
Bilmirəm
4. Sizin ailədə münasibətlər necədir? Başqa bir variantınız
varsa əlavə edin.
Səmimi
Münaqişəli
Gərgin
Dostcasına
Başqa_______________________________________________
5. Ailənizdə ən gizli hisslərinizi deyə biləcəyiniz bir adam
varmı? Səbəbini və kim olduğunu qeyd edin.
_______________________________________________________
6. Cinsi yetişkənlik barədə ilk informasiyanı kimdən almısınız?
Valideynlərimdən
Sinif yoldaşlarımdan
Özümdən böyük dostlarımdan
Tibb işçisindən
Kitablardan
Müəllimimdən
Televiziyadan
İnternetdən
Ailə üzvlərimdən
7. Sizcə, ailə insana nə verməlidir?
Tənhalıqdan qurtuluş
Valideyn olmaq şansı
Cəmiyyətdə status
Doğmalıq
Məsuliyyət
Xoşbəxtlik
Digər ____________________________________________
8. Aşağıdakılardan hansı barədə siz daha çox informasiya
almaq istərdiniz?(bir neçəsini qeyd edə bilərsiniz)
Hamiləlik
Erkən nikah
Cinsi yolla yoluxan xəstəliklər və onlardan qorunma
Zərərli vərdişlər
Gigiyenik qaydalar
Sağlam ailə
Başqa_______________________________________________