MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Siqaret çəkməyin ziyanları barədə müəllimlər üçün şagirdlərlə məşğələ

Məşğələnin sonunda şagirdlər:

► Zərərli vərdişləri şərh edirlər.
► Siqaret çəkməyin sağlamlığa ziyanını izah edirlər.
► Təzyiqin növləri və təzyiqə müqavimət yollarını şərh edirlər.

Üsul və fəaliyyət növləri
Beyin həmləsi, diskussiya, qruplarda iş.

Resurslar
Mövzuya uyğun reklam və plakatlar, qəzet və jurnal materialları, təhlükəli vəziyyətlərin təsviri olan kartlar, iri kağız vərəqləri, flomasterlər, markerlər, siqaret kötükləri toplanmış su ilə dolu şüşə
qab.

Məşğələnin gedişatı
Məşğələnin əvvəlində şagirdlərə bu suallarla müraciət edin:

► Zərərli maddələr dedikdə ağlınıza nə gəlir?
► Zərərli vərdişlər ifadəsi nəyi nəzərdə tutur?

Şagirdləri tütün, alkoqol, narkotik, neyrotrop (psixotrop) dərmanlar; siqaret çəkmək, spirtli içkilər, narkotik maddələr, neyrotrop dərmanlar qəbul etmək barədə cavablarını səsləndirməyə
yönəldin. Şagirdlər çətinlik çəkdikdə özünüz əlavələr edin, hər yeni söz və ifadənin izahını verin. Zərərli vərdişlər haqqında söhbətinizi siqaret çəkmək üzərində modelləşdirin.

► Maraqlıdır, insanlar nə üçün siqaret çəkirlər? Onları buna nə vadar edir?

Şagirdlərin cavablarını lövhədə yazın, səslənməyən səbəbləri özünüz əlavə edin. Şagirdlər təxminən aşağıdakı cavabları verə bilərlər:

► İnsan özünü böyük hiss edir;
► Dostlarım çəkir;
► Siqaret çəkmək dəbdədir;
► Dadına baxmaq maraqlı idi;
► Stressdən azad olmaq üçün;
► Səbəbsiz, elə-belə və s.

Sonra qrupu iki yarımqrupa bölün. Birinci qrupa siqaret çəkməyin əleyhinə, ikinci qrupa isə lehinə arqumentlər yazmağı tapşırın. Yarımqruplara iri vərəqlər, markerlər verin və tapşırığı 5 dəqiqə ərzində tamamlamağı xahiş edin. İşlər hazır olduqda, təqdimatı təşkil edin. Siqaret çəkməyin lehinə arqumentlər hazırlamış qrupun hər bir müddəasına ümumi səylərlə əks-arqument gətirin. Bu zaman səbir və dözümlülük nümayiş etdirmək, fikirləri zor gücünə deyil, tutarlı arqumentlərlə təsbit etmək vacibdir.

Məsələn, arqumentlər və əks-arqumentlər cədvəli belə ola bilər:

Lehinə  /   Əleyhinə
Siqaret çəkmək insanı sakitləşdirir
Sizə elə gəlmirmi ki, siqaret əmzik rolunu oynayır: nə qədər ki, ağzınızdadır, sakitsiniz,
qurtaran kimi narahat olursunuz. Sakitliyə başqa, daha sağlam üsullarla nail olmaq olar,
məsələn, autotreninq, nəfəs gimnastikası, idman. Bu gün alimlər sübut ediblər ki, siqaret
çəkmək əsəb sistemini qıcıqlandırır, ürək döyüntüsünü çoxaldır.

Siqaret çəkmək dəbdədir
Siqaret çəkməyi tütün istehsalçıları və onların sifarişi ilə KİV (Kütləvi İnformasiya Vasitələri)
dəbə gətirmişdir. Onlar öz məhsullarının satılmasında maraqlıdırlar. Əslində isə siqaret çəkən insan heç də cəlbedici deyil: saralmış dişlər, ağızdan gələn pis qoxu və daimi öskürək. Əslində, indi idmanla məşğul olmaq və sağlam həyat tərzi keçirmək dəbdədir.

Hamı çəkir

Siz hamı kimi olmaq istəyirsiniz? Buna ki, “sürü instinkti” deyirlər. Fərd olaraq,
başqalarından yaxşı mənada seçilmək daha
maraqlıdır.

Məşğələnin bu hissəsində bir gün əvvəldən içində su olan qabayığılmış siqaret kötüklərini  şagirdlərə nümayiş etdirin və siqaretin sağlamlığa zərəri barədə danışın: Bu saralmış məhlula fikir verin. Belə bir vəziyyət siqaret çəkən adamın ağciyərlərində də müşahidə olunur. Siqaretçəkmə zamanı bitki mənşəli aktiv maddələr nəfəsə çəkilən hava axınında orqanizmə daxil olaraq, yenidən buxarlanır və sonra ağciyərlərə və tənəffüs yollarına sorulur. Tərkibindəki psixoaktiv maddələr qana və baş beyninə tez nüfuz edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada tütünçəkmə ilə əlaqəli yaranan xəstəliklərdən hər 6 saniyədə orta hesabla 1 insan, hər il isə 5 milyon insan dünyasını dəyişir. Tütünçəkmənin yayılma tendensiyası azalmasa, proqnozlara görə
2020-ci ilə qədər hər il 10 milyon adam vaxtından əvvəl dünyasını dəyişəcək, 2030-cu ilə qədər isə tütün çəkmə vaxtından əvvəl ölümə səbəb olan ən güclü faktorlardan birinə çevriləcək. Tütünün istifadəsi ilə yaranan xəsətliklərə ürəyi və ağciyərləri zədələyən xəstəliklər daxildir. Tədqiqatçılar tütünçəkmə ilə impotensiyanın korrelyasiyasını (statistik əlaqə) qeyd edirlər. Cinsi zəiflik siqaret çəkənlər arasında 3 dəfə çox yayılmışdır. Gün ərzində iki qutu siqaret çəkən kişilərdə impotent olma riski, siqaret çəkməyənlərlə müqayisədə 40% yüksəkdir. Siqaret çəkən qadınlar sonsuzluqdan əziyyət çəkə bilərlər, hamiləlik dövrü onlarda problemli keçir. Ümumilikdə nikotin yumurtalıqların fəaliyyətinə mənfi təsir göstərir, menopauza daha tez başlayır. Siqaret çəkən qadınlar daha tez qocalırlar. Belə qadınların körpələri daha cılız və çəlimsiz doğulur, onlarda erkən yaşlarda ölüm riski yüksək olur. Çünki siqaretin tərkibindəki toksinlər dölün inkişafına mənfi təsir göstərir. Siqaret – xərçəng xəstəliyi səbəblərinin üçdə bir hissəsini təşkil edir. Əgər insan gün ərzində 10 ədəd siqaret çəkirsə, ağ ciyər xərçənginə tutulmaq riskini 24 dəfə çoxaldır. Siqaretə aludəlik xronik bronxit xəstəliyinin də səbəblərindəndir. Bu zaman ağ ciyərə gedən nəfəs yolları daralmış və zədələnmiş, ağ ciyər hüceyrələri isə ölmüş olur. Təngnəfəslik yarananacan artıq bronxların selikli qişası məhv
olmuş vəziyyətdə olur. Qəfil ölümlərin səbəbi damarların yığılması və ürəyin işemik xəstəliyidir ki, bu da siqaret çəkənlərdə 2 dəfə çox təsadüf edilir. Siqaret tüstüsünün qatı iyi dəriyə, nəfəs yollarına və paltara çökür. Sarımtıl-boz dişlər, ağızdan gələn pis qoxu da siqaret çəkənləri təqib edir. Üzün və əllərin dərisi nikotinin təsiri altında sarımtıl-boz rəng alır. Tez bir zamanda üzün dərisi alma qurusuna bənzəyir. Nikotin zəhərlənməsinə yalnız siqaret çəkən özü deyil, yaxınlıqdakı adamlar da məruz qalır. Buna passiv siqaret çəkmə deyirlər. Bunu nəzərə alaraq bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilir, siqaret çəkməyə ictimai yerlərdə qadağa qoyulur. Siqaretçəkmə qadağandır (bu məqsəd üçün xüsusi ayrılmış yerlər istisna olmaqla):

► səhiyyə, mədəniyyət, təhsil, idman müəssisələrində (təşkilatlarında), əhaliyə xidmət göstərən ticarət və məişət obyektlərində;
► tütün məhsulları hazırlayan və vətəndaşlara xidmət üçün təyinatları olan obyektlərdən, ventilyasiya sistemləri olan binalardan başqa ictimai qidalanma yerlərində;
► dövlət idarəetmə orqanlarının, yerli icra və idarəetmə orqanlarının, təşkilatlarının binlalarında;
► vağzalların bütün növlərində, aeroportlarda, yeraltı keçidlərdə, metro stansiyalarında;
► ictimai nəqliyyatın bütün növlərində, uzaq tədqiqat qatarları, siqaretçəkmə üçün xüsusi yerlərin ayrıldığı sərnişin gəmiləri və təyyarələri istisna olmaqla qatarların vaqonlarında, gəmilərdə, təyyarələrdə;
► bir neçə kirayənişinin yaşadığı mənzillərin yardımçı otaqlarında;
► yaşayış evlərinin yardımçı otaqlarında – girişlərdə, zirzəmilərdə, çardaqlarda;
► ictimai nəqliyyat dayanacaqlarında;
► parklarda və şəhər bağlarında.
Biz bu gün sizinlə daha çox siqaret və onun ziyanı barədə danışdıq. Digər zərərli maddələr və vərdişlər də insan üçün təhlükədir. Onlar hamısı asılılıq yaradır ki, bu da ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Asılılıq necə yaranır? Yorğun olanda uzanmaq, ac olduqda qida qəbul etmək, keçirilmiş stressdən sonra bir stəkan su içmək insanın əhvalını dəyişir, bəzi hallarda isə yüksəldir. Buna səbəb orqanizmdə yaranan endorfinlərdir. Onlara “xoş əhval zülallari” da deyirlər. Lakin bu zülalları bəzən başqa yolla da artırmaq olur: zərərli maddələr, o cümlədən spirtli içkilər, narkotiklər və digər toksiki vasitələrdən ilk istifadədə orqanizmdə endorfinlər yaranır. Buna görə də içki içmiş, siqaret çəkmiş, narkotik qəbul etmiş insanın əhvalı yüksəlir, o, qısa müddətə rahatlanır. Növbəti istifadələr zamanı orqanizm artıq qəbul edilmiş dozalara cavab vermir, əhvalın yüksəlməsi üçün daha böyük miqdarda maddə tələb olunur. Beləliklə, psixoloji asılılıq yaranır. İnsan hər dəfə çətinliyə düşəndə o maddələrdən istifadə etməyə başlayır, vaxtaşırı istifadə sistematik istifadəyə çevrilərək vərdiş yaradır. Qəbullararası fasilə getdikcə azalır, dozalar artır. Orqanizmdə bir çox proseslər sıradan çıxır, zərərli maddələr bütün sistemləri dağıdır. Proseslər o qədər dərinləşir ki, zərərli maddəni vaxtında qəbul etməyən insanda fıziki pozğunluqlar, ağrılar baş verir. Beləliklə, fiziki asılılıq yaranır. Yeniyetməlik dövründə sizə qarşı edilən təzyiqlərə davam gətirməyi və “yox” deməyi öyrənmək olduqca vacibdir. Təzyiqlər dedikdə KİV-dəki reklamlar, dostların təklifləri, başqalarına (daha çox böyüklərə) oxşamaq arzusu, işbazların təkidi və s. nəzərdə tutulur. Cidd-cəhdlə inandırma da təzyiqin bir növüdür. Bu cür insanlara etibar etmək olmaz. Onlara rədd cavabı verməyi öyrənmək lazımdır. İndi isə gəlin, müxtəlif situasiyaları nəzərdən keçirək və təhlükəsiz davranış modellərini müəyyənləşdirək. Verilmiş vəziyyətlər üçün tutarlı imtina cavabı hazırlayın (tapşırıq qruplarda icra oluna bilər). Vəziyyət 1. Bir qrup yeniyetmə ilə həyətdə oynayırsınz. Birdən
onların biri cibindən ağ toz çıxarır və dadına baxmağı təklif edir. Digər yeniyetmələr sizi həvəsləndirir. Vəziyyət 2. Qonşuluqda sizdən yaşca böyük olan yeniyetmə sizə siqaret kimi bükülmüş nəyi isə çəkməyi təklif edir. Onun sözünə görə, bu sizin xoşunuza gələcək. Vəziyyət 3. Aptekin yaxınlığında içində həblər olan bağlama tapmısınız. Dostlarınız onların dadına baxmağı təklif edir. Vəziyyət 4. Yoldaşlarından birinin ad günüdür. Təklif edir ki, gəl bu gün spirtli içki içək.
Qrupların işinin müzakirəsi “Hansı qrupun arqumentləri daha tutarlı idi?” sualı ətrafında aparılmalıdır.

Məşğələnin refleksiyasını aşağıdakı yarımçıq cümlələri tamamlamaqla təşkil edin:
► Bu gün öyrəndim ki, ...
► Mənim üçün aktual olan informasiya ...