MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblilərin sağlamlığı / MƏQALƏLƏR
“Gigiyena” sözü “hygienos” yunan sözündən əmələ gəlib və “sağlamlıq gətirən” deməkdir. Gigiyena xarici mühitin fiziki, kimyəvi, bioloji və ictimai amillərinin əhalinin sağlamlığına göstərdiyi təsiri öyrənən elmdir. Gigiyena ətraf mühiti ancaq onun insan orqanizminə təsiri nöqteyi-nəzərindən öyrənir. Həmçinin, gigiyenanı insanın sağlamlığını qorumaq haqqında elm adlandıra bilərik. Gigiyena sahəsində insan sağlamlığının qorunması üçün bir çox qaydalar işlənib hazırlanmışdır. Bu qaydalar iki qrupa bölünür: ümumi və şəxsi gigiyena qaydaları. Müasir biliklərə əsaslanan şəxsi
gigiyena qaydaları gündəlik vərdişlərə çevrilməlidir.
Çünki bu qaydalara əməl etməklə sağlamlığımızı qoruya bilərik. Sadə, gündəlik yerinə yetirilən gigiyenik prosedurlar insanın sağlam olmasına, orqanizmin normal inkişafına kömək edir, yüksək iş qabiliyyətini və aktivliyi saxlayır. Uşaqlıqdan şəxsi gigiyenaya riayət olunduqda, sonralar bu vərdişlər sağlamlığın şüurlu
qorunmasına çevrilir.
Gigiyenik qaydalara əməl etmək həm həmyaşıdlarla, həm də digər insanlarla ünsiyyət və sosial əlaqələrin qurulmasını asanlaşdırır. Təmiz saçlar, səliqəli dırnaqlar və gələn təravət iyi insan haqda yaxşı ilk təəssürat yaratmağa kömək edir. Müntəzəm gigiyenik prosedurlar yeniyetməni yeniyetməlik dövrü ilə bağlı bir çox problemlərdən və xəstəliklərdən qoruya bilər, məsələn, dəri problemləri (sızanaqlar), infeksion xəstəliklər və s.
Dərinin 5 əsas funksiyası vardır - qoruyucu, tənzimləyici, sekretor (böyrəklərə kömək), tənəffüs, metabolik (vit. D). Yeniyetməlik dövründə cinsi hormonların təsiri nəticəsində dərinin yağlanması artır və sızanaqlar (akne) əmələ gəlir. Ən çox sızanaqlar üzdə, sinədə, belin yuxarı hissəsində müşahidə olunur. Bəzi yeniyetmələrdə sızanaqların yaranmasına irsi meyllilik də səbəb ola bilər. Qidada ədviyyat, qəhvə, kakao, tünd çay, yağların və karbohidratların çox olması sızanağın kəskinləşməsi ilə nəticələnə bilər.
Sızanaqların profilaktikası dərinin mükəmməl təmizliyi və piy vəzi axarı tıxaclarının qarşısının alınmasıdır. Bundan ötrü üz isti su və keyfiyyətli neytral sabunla yuyulmalı, sonra soyuq su ilə yaxalanılmalıdır.
Lazım gəldikdə dərinin yağlılığını azaltmaq üçün onu 2%-lı salisil spirti ilə silmək olar. Fiziki aktivlik çox olduqda və idmandan sonra əlavə olaraq yuyunmaq tələb olunur. Sızanaqlar çox olduqda və yeniyetmədə narahatlıq yaratdıqda dəri həkiminə və ya həkim-kosmetoloqa müraciət edilməlidir. Yeniyetməlik dövründə qoltuqaltı və cinsiyyət üzvləri (genital) nahiyələrdəki tər vəziləri aktivləşir və bu da xoşagəlməyən xarakterik iyin yaranmasına səbəb olur. Ona görə yeniyetmələrə gündəlik duş qəbulundan sonra antiperspirant və ya dezodorantdan istifadə etmək məsləhət görülür. Dezodorant və antiperspirant arasında seçim tərləmənin intensivliyindən və yeniyetmənin şəxsi seçimindən asılıdır. Daha yaxşı olardı kı, gənclər gümrahlıq üçün səhər duş, axşam isə günün gərginliyini götürmək üçün vanna qəbul etsinlər. Yeniyetməlik dövründə saçlar daha tez yağlanır və mütəmadi qulluq tələb edir. Yağlı saçlar daha tez-tez, quru saçlar isə həftədə 1 və ya 2 dəfə yuyulmalıdır.
Saçın xüsusiyyətindən asılı olaraq (yağlı və ya quru) müvafiq növ şampun istifadə edilir. Başı yuyan zaman dərini dırnaqlarla cızmaq/zədələmək olmaz. Saçlar ilıq su ilə yaxşıca yaxalanmalıdır. Dəsmalla qurudulduqda saçları bərk sıxmaq və burmaq məsləhət deyil. Qalın və uzun saçlar üçün seyrək dişli daraq istifadə olunmalıdır, sonra isə fırça-daraq və ya sıx dişli daraqla daranmalıdır.
Duş və ya vanna qəbulundan sonra dırnaqlar daha rahat kəsilir: əl dırnaqları həftədə bir dəfə, ayaqlarda isə iki həftədən bir. Dırnağın iti kənarlarının dəriyə batmaması üçün onlar əllərdə yarımdairəvi formada kəsilməlidir. Ayaq dırnaqları düz kəsilməlidir. Pis ayaq qoxusunun qarşısını almaq üçün ayaqları sabunla yuduqdan sonra yaxşı qurulamaq lazımdır.
Ayaqqabıların və corabların təbii materiallardan olması da buna kömək edir. Dişlər fırça ilə damaqdan dişlərin ucu istiqamətində təmizlənməlidir, arxa dişlər, daxili və çeynəyən səthlər və dilin üstü də unudulmamalıdır. Dişlər gündə 2-3 dəfə: səhər və günorta yeməkdən sonra və axşam yatağa getməzdən əvvəl fırça vasitəsi ilə, diş tozu və ya diş pastası ilə təmizlənməlidir. Hər yeməkdən sonra ağız boşluğu yaxalanmalıdır və gündə bir dəfə dişlərin arası flos (bu məqsəd üçün hazırlanmış xüsusi ip) ilə təmizlənməlidir ki, yemək qalıqları dişləri çürüdən mikrobların çoxalmasına səbəb olmasın. Çox isti və çox soyuq yeməklər diş minasını zədələyir.
Yeməklərin normal temperaturda olmasına fikir vermək lazımdır. Dişlər ağrımasa da ildə iki dəfə diş həkiminin müayinəsi vacibdir. Dişlərin zədələnməsinin qarşısını almaq müalicə etməkdən daha asandır.
Yeniyetməlik dövründə skeletin sümükləşməsi prosesi gedir. Bədən uzun müddət düzgün olmayan vəziyyətdə qaldıqda və fəqərələr birtərəfli yüklənməyə məruz qaldıqda onurğa sütununda əyrintilər əmələ gəlir (kifoz, skolioz və lordoz). Belə dəyişikliklər, xüsusilə, uşağın stulda və ya parta arxasında düzgün oturmaması nəticəsində əmələ gələ bilər. Əgər şagird daim sinəsi ilə partanın
qabaq hissəsinə söykənərsə, o zaman döş qəfəsinin inkişafında müxtəlif pozğunluqlar əmələ gələ bilər. Bu da öz növbəsində ağ ciyərlərin, ürəyin və iri qan damarlarının fəaliyyətinə mənfi təsir
göstərir.
Qızlarda çanağın normal inkişafına mane olan vəziyyət xüsusi diqqət tələb edir. Tez-tez bərk səth üzərində tullanmaq, hündürdaban ayaqqabı geymək bədən quruluşunda dəyişiklik yarada bilər. Rahat olmayan mebel, dar paltar və ayaqqabı, dar yaxalıq və dar bel qayışı iri qan damarlarını sıxır, toxumaların qidalanmasının pozulmasına səbəb olur.