MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblinin psixi sağlamlığı / MƏQALƏLƏR

Yeniyetmə və dostluq

Yeniyetmə yaşlarında uzun illər davam edən dostluq əlaqələri yaranır. Bəzən yeniyetmənin o qədər dostu olur ki, valideynlər təəccüblənirlər: bunlar doğrudanmı dostdurlar? Bəlkə yeniyetmə ümumi maraqları olan dost seçə bilmir? Yeniyetmələr həvəslə digərləri ilə tanış olurlar. Qarşılıqlı maraq və ətraf mühiti birlikdə dərk etmək həvəsi onlar üçün xüsusi dəyər kəsb edir. Bu, o qədər əyləncəli məşğuliyyətə çevrilir ki, uşaqlar dünyadakı hər şeyi: dərslərini, evdəki öhdəliklərini və digərlərini yaddan çıxarırlar. Bu zaman ünsiyyət və dostluq ilk plana keçir.

Hər bir yeniyetmə yaxın dost arzulayır. Həm də elə bir dost ki, özü kimi ona yüz faiz etibar etsin və bu dost ona sadiq olsun. Belə dostun tapılması yeniyetmənin həyatında böyük əhəmiyyətə malik olacaq. Dostdan oxşarlıq, anlayış, qəbul etmə gözləyirlər. Yeniyetmə emosional cəhətdən artıq valideynlərindən az asılı olur. O, böyüklərin müdaxiləsi qadağan olunan şəxsi həyata malik olmaq istəyir. Ona görə dostuna bütün sirlərini etibar edəcək, ondan məsləhət alacaq, onunla problemlərini müzakirə edəcək. Məhz ideallaşdırma və gənclik maksimalizmi dostluq münasibətlərində paradoksallığın izlərini qoyur. Bir tərəfdən yeganə sadiq dosta tələb, digər tərəfdən isə dostların tez-tez dəyişdirilməsi.

Çox zaman eyni cinsdən, sosial statusdan, eyni qabiliyyətləri olan (düzdür, bəzən dostlar öz çatışmayan əlamətlərini tamamlamaq üçün dostu əks qabiliyyətli şəxslər sırasından seçirlər) yeniyetmələr dostluq edirlər. Dostluq seçici xarakter daşıyır və yeniyetmələr bu münasibətləri qoruyurlar. Lakin yeniyetməlik yaşında maksimalizm səciyyəvidir. Onlar hər şeyi ziddiyyətli görür, fikirləri çox kəskin və qəti olur. Onlar incəliklərə fikir verməklə özlərini çətinliyə salmırlar. Məhz bu səbəbdən, tez-tez onların ağzından bağışlanmayan xəyanət sözü çıxır. Xəyanət dedikdə isə hər şey nəzərdə tutula bilər, məsələn: o mənə vaxtında zəng etmədi və bizim dostluğumuza xəyanət etdi. Dostun necə olması haqqında, hər bir uşağın öz təsəvvürü var (çox zaman bu səthi görüntüdür). Əgər real davranış hər hansı şəkildə idealdan geri qalırsa, o zaman həmyaşıdı qeyri-dostlar sırasına keçir.

Müvəffəqiyyətli olmaq, həmyaşıdlarının arasında təsdiqlənmək yeniyetmə üçün çox vacibdir. Bu səbəbdən yeniyetmənin şəxsiyyətinin formalaşmasında referent qrup – yeniyetmənin baxışlarını və həyat tərzini qəbul etdiyi qrup böyük rol oynayır. Bu qrup həyətdə, sinifdə, dərnəkdə, qonşuluqda və s. ola bilər. Məhz bu zaman valideynlər xüsusilə diqqətli olmalıdırlar, belə ki, bu qrup uşağın gözündə valideynlərindən daha çox nüfuza malik olur və onun davranışlarına və digərləri ilə münasibətlərinə təsir edir. Uşaq məhz bu qrupun üzvlərinin fikirlərinə qulaq asacaq, məhz burada özünü təsdiq etməyə çalışacaq. Niyə yeniyetmələr qruplara bu qədər meyillidirlər? Bənzərsiz olmaq və özlərini təsdiq etmək arzularına baxmayaraq, yeniyetmələr öz yanlarında kimisə hiss etməyi, kiməsə lazımlı olmağı istəyirlər. “Biz” anlayışı verən qruplar onları özünü güclü hiss etməyə, daxili mövqelərini təsdiq etməyə kömək edir, lakin bəzən düşünülməmiş hərəkətlərə yönəldir. Belə ki, yeniyetmələrin heç biri tək qalmaq istəmir, qrup isə - gücdür, dostluqdur. Özlərinin müəyyən dəstəyə aidiyyətini, mənsubiyyətini qeyd etmək üçün onlar eyni tərzdə geyinir, gizli işarələr sistemini hazırlayır, danışıqlarında müəyyən jarqon sözlərdən istifadə edirlər. Bu, qrupun üzvləri arasındakı məsafəni qısaldır, yaxın münasibətləri qeyd edir. Ən çətini isə yalnızlıqdakı gərəksizlik hissidir. Tək qaldıqda yeniyetmədə kompleks yaranır, o təşviş hiss edir və özünü itirir. Qrupdakı bu
tələbi, hissi biz tənhalıq qarşısında qorxu adlandırırıq. İstənilən kollektivdə seçicilik münasibətləri yaranır. Dostluq münasibətləri, adətən, kollektivin bütün üzvləri arasında yaranmır. Yeniyetmələrin kollektivində münasibətlər eyni prinsiplə qurulur. Yeniyetmə yaşlarında uşaqlarda, adətən, vərdişlər, meyillər, bacarıqlar olduqca aydın şəkildə formalaşır. Hər bir yeniyetmə hər hansı xüsusiyyətlərin fərdi (individual) dəstinə malik olur. Bu yaşda hər bir insanda artıq xasiyyətin əsas xüsusiyyətləri formalaşmış olur. Yeniyetmələrdə psixi proseslərin – təfəkkür, yaddaş, qavrama və təxəyyülün inkişafı müxtəlif səviyyədədir. Yeniyetmə digər uşaqlardan sinir sisteminin xüsusiyyətləri, temperamenti ilə fərqlənir. Bundan başqa, formalaşdığı mühit də yeniyetmədə öz izini qoymuşdur. Yeniyetmə dostunda onun üçün əhəmiyyətli olan hansı keyfiyyətlərin olduğunu bilir. Buna görə şəxsi ünsiyyət üçün dostun seçilməsi həmişə fərdidir, eyni zamanda sadiq dost yeniyetmə üçün
çox vacibdir. Kiçikyaşlı uşaqlarla müqayisədə, yeniyetmə yaşında dostlara qarşı tələblər daha böyük və ciddidir. Oyunlar zamanı sadəcə birlikdə vaxt keçirmək, eyni sinifdə oxumaq və hətta ümumi maraqlar yeniyetməni qane etmir. Yeniyetmənin tələbi artır, o, dostunun onu anlamasını, onun dərdinə şərik olmasını və hətta müəyyən dərəcədə dostunun onun özünün bir hissəsi olmasını istəyir. Yeniyetmələr hesab edirlər ki, əsl dost həmişə kömək etməli, heç zaman xahişə
imtina etməməli, heç zaman bəlada qoymamalı, pis hadisələr zamanı dərdə şərik olmalı, pis vəziyyətdə qoymamalı, satmamalı, məsləhət verə bilməli, sirri qorumalı və boş şeylərə görə qəlb sındırmamalıdır. Demək olar ki, yeniyetmə dostunda ideal insanı görmək istəyir. Bəzən ideal dost axtarışı yeniyetməni dost haqqında ilkin təsəvvürlərinə uyğun gəlməyən dostluqlara gətirib çıxarır. Sinifdə və ya həyətdə layiqli dost tapmayan və ya keçmiş dostu ilə hər hansı münaqişə nəticəsində münasibətlərində soyuqluq yaranmış yeniyetmə pis vəziyyətə düşə bilər. Tək qalmamaq üçün yeni
ünsiyyət dairəsi tapmağa çalışaraq, o, təsadüfi əlaqələrə girə bilər. Əgər yeniyetmənin valideynləri ilə etimadlı münasibətləri yoxdursa və problemlərini bölüşmək üçün heç kəs yoxdursa, təsadüfi dostluq təhlükəli ola bilər. Dostlar yeniyetmələrə böyük təsir göstərə bilərlər. Əgər valideynlər övladlarının münasib olmayan insanla dostluq etdiyini görürlərsə, bu insanların mənfi cəhətləri barədə uşaqlarını məlumatlandırmalıdırlar. Bu, valideynlərdən böyük bacarıq, səy və səmimiyyət tələb edir. Lakin dost yeniyetməyə müsbət təsir edirsə, yeniyetmə məktəbdə nailiyyətini artıra bilər, özündə yeni istedadlar aşkara çıxarar, həmçinin yaxın insanlarla münasibətləri dəyişə və onlarla yaxınlaşa bilər. Beləliklə, dostluq yeniyetmə üçün böyük əhəmiyyətə malikdir və onda öz gücünə inam yaradır. Əgər şagirdlər mətni özləri oxuyacaqlarsa, onlara oxumaq və vərəqdə qeydlər aparmaq üçün 20 dəqiqə vaxt verin. Sonra bir neçə şagirdi öz qeydləri ilə bölüşməyə dəvət edin. Əsas diqqəti şagirdlərin qəbul etmədikləri və mübahisə doğuran qeydlərə yönəldin. Onların arqumentlərini dinləyin. Ola bilər ki, eyni fikir bir şagirdə məqbul, başqasına mübahisəli görünsün. Həmin şagirdlərə diskussiya aparmaq üçün şərait yaradın.

Məşğələni aşağıdakı tezislərlə ümumiləşdirə bilərsiniz:
► dostluq meyarları yeniyetməlik dövründə dəyişir və genişlənir;
► yeniyetmənin dostları onun ən yaxın adamları olur,
xarakterlərində ciddi fərq olmur;
► dostların çox olması üçün insanın rəftarı əsas şərtlərdəndir;
► əgər dostun yoxdursa, onda günahkar sən özünsən;
► dostluqda yoldaşlarını və qrup üzvlərini anlamaq da əsas şərtdir;
► dostların fikir və hisslərinə hörmət etmək vacibdir.