VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
Xolesterin nədir?
Lipid piyin digər adıdır. Lipidlər bədəndə asanlıqla yığılır və enerji mənbəyi kimi istifadə olunur. Xolesterin və triqliseridlər də lipidlərə aiddir. Hiperlipidemiya - qanda triqliseridlərin və xolesterinin həddindən artıq yüksək cəmləşməsidir. Bu hal ürək tutmaları və stenokardiya riskini artırır. Sağlam qidalanma və düzgün müalicə orqanizmdə lipidlərin səviyyəsinin azaldılmasına kömək edə bilər.
Xolesterin nədir?
Xolesterin qaraciyərimizdə yediyimiz yağlı yeməklərdən əmələ gələn yağlı kimyəvi maddədir (lipid). Xolesterin qanda müəyyən miqdarda olur. Sağlam qalmağınız üçün insana bir qədər xolesterin lazımdır. Xolesterin qanda lipoproteinlər adlanan hissəciklərin bir hissəsi kimi daşınır. Lipoproteinlərin müxtəlif növləri var, lakin onlardan ən çox xolesterinə uyğun olanlar aşağıdakılardır:
- Tərkibində xolesterin olan aşağı sıxlıqlı lipoproteinlər (ASLP) – LDL-xolesterin adlanır. Bu xolesterin ateromanın və ya qan damarının divarında kirəcin formalaşmasında əsas rol oynadığı üçün tez-tez pis xolesteroin adlandırılır. Ateroma müxtəlif ürək-damar xəstəliklərinin əsas səbəbidir. Adətən qanda xolesterinin təxminən 70%-i LDL xolesterin formasında olur, lakin faiz nisbəti insanlarda fərqli ola bilər.
- Tərkibində xolesterin olan yüksək sıxlıqlı lipoproteinlər (YSLP) – HDL-xolesterin adlanır. Bu xolesterin ateromanın (damar divarında kirəc) formalaşmasının qarşısını ala bildiyi üçün yaxşı xolesterin adlandırılır.
Triqliseridlər nədir?
Triqliseridlər bədəndə olan əsas piy formasıdır. Omba, bud və ya mədə nahiyəsində piy toplanması haqqında fikirləşdikdə, triqliseridlər haqqında fikirləşirsiniz.
Yeməyimizin tərkibində olan triqliseridlər həzm prosesinin və yağların parçalanmasının son məhsuludur. Yediyimiz hər bir yemək - karbohidratlar, yağlar və ya zülallar - dərhal orqanizmdə istifadə olunmursa triqliseridlərə çevrilir. Onlar kürəciklərə çevrilib qanda xolesterin kimi lipoproteinlərlə daşınır. Qida qəbulu gecikən halda piy hüceyrələri (dəri altı piy hüceyrələri) triqliseridlərdən enerji mənbəyi kimi istifadə edir.
Normada lipidlərin səviyyəsi nə qədərdir?
Yağlı kimyəvi maddələr (lipidlər) hər litr üçün millimol ilə ölçülür ki, bu ölçü lipidlərin 1 litr qanda necə cəmləşdiyini göstərir. Adətən mmol/l kimi işarə edilir. Aşağıdakı səviyyələr ümumiyyətlə arzuolunan hesab olunur. Lakin, həkiminiz fərdi xüsusiyyətlərinizə uyğun olaraq sizin üçün lazım olan səviyyəni tövsiyə edə bilər.
- Ümumi xolesterin (Eng. TC, total cholesterol) - 5.0 mmol/L və ya daha az
- Səhər acqarına LDL (ASLP) xolesterin: 3.0 mmol/L və ya daha az.
- YSLP (HDL) xolesterin: 1.2 mmol/L və ya daha çox.
- TC/HDL nisbəti: 4.5 və ya daha az.
- Triqliseridlər (TGs): səhər acqarına 1.7 mmol/L və ya daha az.
Ümumiyyətlə, LDL-xolesterinin (ASLP) səviyyəsi nə qədər yüksək olsa, sağlamlıq üçün daha çox risk təşkil edər. Lakin, orqanizminizdə xolesterinin səviyyəsinə bütün ürək-damar sisteminizin sağlamlığına olan riskin bir hissəsi kimi baxılmalıdır. Belə ki, yanaşı xəstəliklər (məs., şəkərli diabet, ürəyin işemik xəstəliyi, keçirilmiş infarkt və ya insult), habelə ürək-damar sisteminin mövcud vəziyyəti ilə yanaşı qanda HDL-xolesterinin səviyyəsindən asılı olaraq sağlamlığınızı qorumaq üçün fərdi LDL-xolesterin səviyyəsi fərqli ola bilər. Məsələn, şəkərli diabeti olan xəstələr üçün tövsiyə olunan LDL-xolesterinin səviyyəsi şəkərli diabeti olmayan şəxslərlə müqayisədə daha aşağı götürülür.
Məndə niyə hiperlipidemiya var?
Hiperlipidemiya bir çox hallarda həddindən artıq çox çəkili və ya qeyri-sağlam qidalanan insanlarda aşkar olunur. Bu həmçinin həddindən çox spirtli içki qəbul edilməsinin nəticəsi də ola bilər. Bəzi hallarda hiperlipidemiya irsi, yəni genetik faktorlarla bağlı ola bilər. İrsi hiperlipidemiya təxminən 500 nəfərdən 1 nəfərdə hiperlipidemiyanın səbəbidir.
Həmçinin şəkərli diabet və bir sıra digər xəstəliklər səbəbindən lipidlərin (yağların) metabolizminin pozulması da hiperlipidemiyaya səbəb ola bilər. Bu cür hallarda hiperlipidemiya ikincilidir. İkincili hiperlipidemiyaya səbəb olan xəstəliklər aşağıdakılardır:
- Qeyri-aktiv tiroid (hipotiroidizm).
- Obstruktiv sarılıq.
- Kuşinq sindromu.
- Nevrotik anoreksiya
- Nefrotik sindrom.
- Xroniki böyrək xəstəliyi.
Aşağıdakılar daxil olmaqla bəzi təyin edilmiş dərman preparatları da qanda xolesterinin səviyyəsinə təsir göstərə bilər:
- Tiazid diuretiklər (qan təzyiqinə nəzarət üçün istifadə edilən sidikqovucular).
- Qlükokortikoidlər (steroidlər).
- Siklosporin (orqan transplantasiyasından sonra istifadə edilir).
- Antiretrovirus terapiya (İİV-HİV infeksiyasının müalicəsi üçün istifadə edilir).
- Beta-blokatorlar (ürək döyüntülərinin tezliyinə nəzarət etmək üçün istifadə edilir).
- Kombinə edilmiş oral kontraseptiv həblər
- Atipik antipsixotiklər (bəzi psixi pozuntuların müalicəsində istifadə edilir).
- Retinol turşusu törəmələri (bəzi dəri problemlərinin müalicəsində istifadə edilir).
Hiperlipidemiya nə dərəcədə yayılmışdır?
Hiperlipidemiya kifayət qədər geniş yayılmışdır və ürək-damar, beyin-damar xəstəlikləri və xüsusilə də ürək tutmalarının inkişafına təsir edən mühüm risk amili kimi tanınır.
Ateroma və ürək-damar xəstəlikləri
Ateroma parçaları qan damarlarının (arteriyaların) divarı daxilində toplanan kiçik piy kürəcikləri şəklində olur. Ateroma həmçinin ateroskleroz və arteriyaların qalınlaşması və ya kirəc kimi də tanınır. Ateroma parçalarını tez-tez ateroma düyünləri adlandırırlar.
Aylar, illər ötdükcə ateroma parçaları böyüyə və qalınlaşa bilir. Beləliklə də, zaman ötdükcə qan damarının divarında yaranmış ateroma tədricən böyüyür və damarı daraldır. Hətta bəzi hallarda ateroma damarın mənfəzini tam bağlaya da bilər. Bu isə qanın arteriyadan axmasını azalda və ya tamamilə dayandıra bilər. Məsələn, ürəyin tac (koronar) damarlarının ateroma ilə daralması ürək tutmasına (stenokardiyaya) və ya mənfəzinin tam tutulması isə miokard infarktına səbəb olur.
Bəzən, ateromanın səthi zədələndikdə onun üzərində qan laxtası (tromb) yaranır və damarın mənfəzini daha da daraldır. Ateromanın qopması və ya ateroma üzərində formalaşmış trombun qismən qopması nəticəsində də qan damarının mənfəzi tam tutulmuş və qan axınının qarşısı alınmış olur. Bəzən isə ateromanın kiçik bir hissəsi qoparaq qan axını ilə digər orqanlara daşınır və daha kiçik damarlardan keçə bilmədikdə onların mənfəzini tutur. Ateroma hissəciklərinin qan axını ilə beyinə daşınması və orada kiçik damarların mənfəzini tutması nəticəsində beyin insultu yarana bilər.
Ümumiyyətlə, ateromanın səbəb olduğu ürək-damar xəstəliklərinə stenokardiya, infarkt, insult, beyin qan dövranının keçib-gedən (tranzitor) pozulması və periferik arterial damarların xəstəlikləri daxildir.
Məndə hiperlipidemiyanın olmasını necə öyrənə bilərəm?
Bir çox hallarda həkiminiz hiperlipidemiyanı sizdə infarkt və ya stenokardiya riskini qiymətləndirməyə çalışarkən müvafiq laborator analizlər təyin etməklə aşkar edir. Bu cür yoxlama yaşınız 40-dan çox olduqda illik sağlamlıq müayinəsinin bir hissəsi kimi aparılır. Lakin daha gənc yaşda infarkt və ya ürək tutması problemi olan yaxın qohumunuz olduğu halda sizin ürək-damar xəstəliklərinə görə müayinəniz daha erkən yaşlarda da aparıla bilər.
Adətən, qanda lipidlərin səviyyəsi acqarına verilmiş qan analizi ilə təyin olunur. Acqarına olmaq - ən azı 12 saat ac qalmağınız deməkdir. Lakin bu dövrdə su içə bilərsiniz.
Sizdə hiperlipidemiyanın irsi forması olduqda bədəninizdə həmçinin görünən dəyişikliklər baş verir:
- Vaxtından əvvəl gözün buynuz təbəqəsi qövsü – bu həkim gözlərinizə baxdıqda görünən ağ və ya boz halqadır.
- Vətəri ksantomalar – bu barmaq oynaqlarınızın vətərlərində və axil vətərində (topuğun arxa hissəsi) aşkar edilən bərk düyünlərdir.
- Ksantelazma – göz qapaqlarında toplanan piy.
Lipid səviyyəsini endirmək üçün nə edə bilərəm?
Qeyri-sağlam qidalanmadan sağlam qidaya keçmək orqanizminizdə xolesterinin səviyyəsini endirə bilər. Lakin, yalnız qidalanmanın dəyişdirilməsi nadir hallarda insanı ürək-damar xəstəliyinin yüksək risk qrupundan aşağı risk qrupuna keçirərək xolesterinin səviyyəsini endirir. Həmçinin sağlam qidalanma xolesterinin səviyyəsinin daha çox enməsinə əlavə kömək edir.
Sağlam qidalanmanın xolesterin səviyyəsini endirməklə yanaşı digər faydaları da vardır.
Qısaca olaraq, sağlam qidalanma:
- Hər gün ən azı beş porsiya meyvə və tərəvəz qəbul etmək, yəni hər qida qəbulu zamanı bir-iki porsiya meyvə və tərəvəzin yeyilməsi tövsiyə olunur. Son illər mütəxəssislər gündə 7 porsiya müxtəlif meyvə və tərəvəzlər qəbul etməyi məsləhət görür.
- Meyvə və tərəvəzlə yanaşı yediyiniz yeməklərin üçdə bir hissəsinin nişasta (kraxmal) tərkibli qida məhsullarından ibarət olması (məs., dənli bitkilər, bütövdənli çörək, kartof, düyü, makaron) sağlamlığınız üçün vacib olan karbohidratlarla orqanizminizi təmin edir.
- Yağlı ət, pendir növləri, üzlü süd, qızardılmış ərzaq, yağ və s. kimi yağlı yeməklərin qəbulunu məhdudlaşdırmaq məsləhət görülür. Əksinə az-yağlı, tərkibində monodoymamış və ya polidoymamış yağlar olan qida məhsullarından istifadə tövsiyə olunur.
- Hər həftə rasionunuza 2-3 porsiya balıq və balıq məmulatlarının daxil edilməsi çox faydalıdır. Həmin porsiyalardan ən azı birinin yağlı balıq olması məsləhət görülür. Qeyd: hamilə olduğunuzda, həftədə yağlı balığı iki porsiyadan daha çox yeməməlisiniz.
- Gündəlik qəbul edilən duzun həcmi 5 qramdan çox olmamalıdır. Uşaq və yeniyetmələr isə gündə daha az miqdarda duz qəbul etməlidir.
- Qırmızı ət yeyirsinizsə, çalışın yağsız olsuz. Ən məsləhətlisi isə ev quşlarının ətindən (məs., toyuq, hinduşka) istifadədir.
Qızardılmış yeməklərdən istifadə edirsinizsə, çalışın onlar günəbaxan və zeytun kimi bitki yağlarının istifadəsi ilə hazırlansın.
Hiperlipidemiyanın müalicəsi necə aparılır?
Ürək-damar xəstəliklərinin inkişafı baxımından əgər siz yüksək risk qrupuna daxilsinizsə, bu zaman mühüm əhəmiyyət kəsb edən həyat tərzinin dəyişdirilməsinə yönəlik tədbirlərlə (fiziki aktivliyin artırılması, sağlam qidalanma, tütünçəkmənin tərgidilməsi, spirtli içkilərdən istifadənin dayandırılması) yanaşı müvafiq dərman preparatlarının istifadəsi həkiminiz tərəfindən tövsiyyə oluna bilər.
Bu adətən aşağıdakılardan ibarətdir:
- Qan analizində xolesterin və ya triqliseridlərin səviyyəsi yüksək olduqda, həyat tərzinin dəyişdirilməsi ilə yanaşı həkiminiz sizə statin qrupuna aid dərman preparatları yaza bilər. Statin qrupuna daxil dərman preparatlarının sayı çoxdur və müxtəlif adları vardır (simvastatin, rozuvastatin, atorvastatin və s). Onlar qaraciyərdə xolesterini əmələ gətirən kimyəvi maddənin (fermentin) funksiyasını blok edir.
- Qan analizinizdə triqliseridlərin səviyyəsi yüksək olduqda isə sizə həkiminiz tərəfindən omeqa-3 yağ turşuları və ya fibrat həblərin qəbulu tövsiyə oluna bilər. Orqanizminizdə triqliseridlərin səviyyəsi 10.0 mol/l-dən yuxarı olduğu halda həkimə müraciət etmək məsləhətdir.
- Ürək-damar xəstəliyi riskini azaltmaq üçün həyat tərzinin dəyişdirilməsinə aid aşağıdakı məsləhətlər bütün xəstələrə verilməlidir:
- Siqaret çəkirsinizsə siqareti tərgidin.
- Sağlam qidalanmaya riayət edin.
- Gündəlik qəbul edilən duzun miqdarı 5 qramdan az olmalıdır.
- Çəkinizi və qarının dairəvi ölçüsünü nəzarətdə saxlayın.
- Müntəzəm olaraq fiziki aktivliyinizi təmin edin.
- Spirtli içkilərin qəbulundan çəkinin.