VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Tütün çəkilməsinə icazə verilməyən yerlər!

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:

  • təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;
  • səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;
  • sanatoriya-kurort müəssisələrində və onların ərazilərində (açıq məkanlar istisna olmaqla);
  • idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə xüsusi ayrılmış yerlər istisna olmaqla onların ərazilərində;
  • restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
  • ticarət obyektlərində;
  • məişət obyektlərində;
  • sosial xidmət müəssisələrində;
  • yerləşdirmə vasitələrində (mehmanxana, istirahət mərkəzi, sanatoriya-kurort, pansionat, motel, hostel və s.) (tütün çəkənlər üçün otaqlar və xüsusi ayrılmış yerlər təşkil oluna bilər);
  • teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;
  • uşaq meydançalarında;
  • yerüstü qapalı və yeraltı piyada keçidlərində;
  • müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;
  • metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;
  • hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla), su nəqliyyatı vasitələrində (xüsusi ayrılmış yerlər istisna olmaqla);
  • tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;
  • liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;
  • taksafonlarda;
  • yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;
  • mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində (xüsusi ayrılmış yerlər istisna olmaqla).
  • “tütün məmulatı” - tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsuldur (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.).

Bütün növ qəlyanlar və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.

Tütündən istifadənin nəticələrindən qorunma sahəsində vətəndaşların vəzifələri:

  • qanunvericilik normalarına riayət etmək
  • başqa şəxslərin tüstüsüz ətraf mühitdə həyat fəaliyyəti üçün əlverişli şərait və sağlamlığın ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütündən istifadənin nəticələrindən qorunması hüquqlarının pozulması ilə nəticələnən hərəkətlər etməmək

Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Qanun Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.