VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Nikotindən yaranan abstinent (imtina) sindromu nədir?

Tütünçəkmədən imtina etməyə cəhd göstərərkən fiziki asılılıq xoşagəlməz abstinent sindromunu əmələ gətirir. Sindromun ilk əlamətləri adətən son siqaretdən bir neçə saat keçdikdən sonra müşahidə olunur və 2-3 gündən sonra ən yüksək həddinə çatır. Bu zaman nikotin və onun əlavə məhsullarının bir qismi artıq orqanizmdən xaric olunur. Sindrom bir neçə gündən bir neçə həftəyədək davam edir. Tütünçəkmədən imtina edildikdə o, gündəngünə azalır. Dəfələrlə, uzun müddət və / və ya yüksək dozada tütündən istifadə edən insanlar tütün qəbulunu birdən-birə tam dayandırdıqda, siqaret sayını kəskin azaltdıqda, hətta şüurlu olaraq tütünçəkmədən imtina etdikdə onlarda nikotin çatışmazlığı müxtəlif ağırlıq dərəcəsi olan bir qrup simptomlar yaradır. Bu simptomlar kompleksinə abstinent sindromu deyilir. Müalicəyə başlayarkən pasiyentə izah edilməlidir ki, belə vəziyyətə hazır olsun.

Abstinent sindromuna daxilıdir:
* Döş qəfəsində ağırlıq və ya diskomfort hissi (Sinədə sıxılma
hissi)
* Baş gicəllənmə
* Baş ağrıları
* Depressiya
* Diqqəti cəmləşdirmə problemi
* Tütün istəyi
* Tərləmə
* Yuxu pozulması
* Ürək ritminin yavaşlaması (bradikardiya)
* Məyusluq və qəzəb hissi
* Həyəcan
* Səbirsizlik
* Qıcıqlanma
* Ağız yaraları
* Yorğunluq
* Öskürək, ağız quruluğu, boğaz ağrısı, burun suyunun axması
* İştahanın artması / bədən çəkisinin artması
* Qəbzlik və meteorizm
Bu simptomlar insanı yenidən tütünçəkmə vərdişinə qayıtmağa və simptomlar yox olanadək qanda nikotin səviyyəsini artırmağa məcbur edir. Tütünçəkmənin neqativ təsirini, habelə yaranan asılılığın ağır fəsadlara səbəb olduğunu nəzərə alaraq, onun profilaktikası və həmçinin müalicəsi kompleks yanaşmanı və sübuta əsaslanan tədbirlərin tətbiqini tələb edir. Kompleks şəkildə təqdim olunmuş klinik-təşkilati profilaktik müdaxilə fərdi və qrup səviyyəsində həyata keçirilir və erkən diaqnostika, korreksiya və monitorinq üzərində əsaslandırılmışdır.

Kompleks yanaşmaya daxildir:
► Müalicə-profilaktika müəssisələrində tütünə qarşı siyasətin tətbiqi: tütün tüstüsündən azad mühitin yaradılması, xəstəxanalarda siqaret çəkilməsinin qadağan edilməsi, siqaret çəkən personalın tütünçəkmədən imtina etməyə stimullaşdırılması və onlara yardım edilməsi, siqaret çəkən xəstələr üçün hesabat və nəzarət sisteminin yaradılması.
► Müalicə-profilaktika müəssisələrinin (feldşer məntəqələri, xüsusiləşmiş qəbul otaqları / tibbi profilaktika şöbələri, sağlamlıq mərkəzləri) rəhbərlik və personalının tütünə qarşı siyasətə cəlb edilməsi, onlara təlimlərin keçirilməsi və tütündən asılılığın bütün mərhələlərində ixtisaslaşmış tibbi yardımın göstərilməsi (sahə həkimi, ümumi praktik həkimi, ixtisas həkimləri).
► Əhalinin maariflənməsi – tütündən imtina etmək üçün əhalini stimullaşdırmaq, tibb personalını mükafatlandırmaq, pasiyent və onların ailələrinin evlərinin tütün tüstüsündən azad edilməsini
təmin etmək, ərazi səviyyəsində müalicə-profilaktika müəssisələri və tibbi profilaktika mərkəzləri arasında qarşılıqlı əlaqə yaratmaq.
► Tütündən asılılığın müalicəsində yardımın göstərilməsi: tütünçəkən pasiyentlər üçün qeydiyyat sisteminin istifadəsi, profilaktik məsləhətləşmə və dinamik müşahidənin aparılması.