VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Zərərli vərdişlər / MƏQALƏLƏR
Tütün epidemiyası ictimai səhiyyə sahəsinin qarşısına çıxan ən böyük təhlükələrdən biridir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin apardığı araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, qeyri-infeksion xəstəliklərin (QİX) əksəriyyətinin baş verməsi tütündən istifadə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır.
Tütündə aşkar olunan nikotin fiziki və psixoloji asılılıq yaradır. Tütün tüstüsü ilə nəfəs aldıqda nikotin ağciyərə daxil olur: oradan dəm qazı və tütünün tərkibində olan digər zəhərli maddələrlə (toksinlərlə) tez bir vaxtda qana sorularaq, beyinə, ürəyə, endokrin və digər orqanlara zərərli təsir göstərir. Faktiki olaraq, venadaxili yeridilən maddələrlə müqayisədə nikotin tüstüsü beyinin limbik sisteminə daha sürətlə – 7 saniyə ərzində çatır və dərhal asetilxolin reseptorlarını stimullaşdırır.
Nikotin mübadiləsi qaraciyərdə baş verir.Onun əsas metaboliti kotinindir. Kotinin qanda 48 saatadək qalır və bir indikator olaraq insanın tütünçəkən olduğunu bildirir. Nikotinin toksik xüsusiyyəti onun yüksək dozasının beyin neyromodulatoru olan asetilxolin reseptorlarının blokadası ilə izah edilir. Hamiləlik zamanı aktiv və passiv tütünçəkmə qadın və dölün sağlamlığına mənfi təsir göstərir: nikotin ciftdən keçərək amniotik mayedə və yenidoğulmuşun göbək ciyəsi qanında aşkar edilir. Nikotin ana südü və hətta tütünçəkən qadının servikal seliyində müəyyən edilir. Aktiv tütünçəkən (ATÇ) və passiv tütünçəkən (PTÇ) qadınlarda hamiləlik zamanı yaranan risk faktorlarına uşaqlıqdankənar hamiləlik, düşük, dölün antenatal ölümü, vaxtından əvvəl doğuş, yenidoğulmuşun bədən kütləsinin azlığı, döl qişalarının vaxtından əvvəl cırılması, ciftin vaxtından əvvəl qopması və anadangəlmə anomaliyalardan olan üst dodağın yarıqları (“dovşan dodaq”) aiddir. Bir sıra sübutlara əsasən tütün tüstüsündə olan nikotin digər zərərli kimyəvi maddələrlə birlikdə tütünçəkmə vərdişindən qurtarmağa mane olur. Tütündən asılılıq çox zaman təkrar müdaxilə və tütünçəkmədən çoxsaylı imtina cəhdləri tələb edən xronik xəstəlikdir, lakin buna qarşı effektiv müalicə üsulları mövcuddur.
Tədqiqatlar göstərir ki, tütündən imtina etmək və bu vəziyyətdə daimi qalmaq üçün tütünçəkənlərin həm fiziki, həm də psixoloji asılılıqlardan azad olması lazımdır. Psixi asılılıq zamanı tütünçəkən insan davranışında əhəmiyyətli dəyişikliklər tələb edən bir vəziyyətlə üzləşir. Emosional olaraq tütündən imtinaya cəhd göstərən şəxs bu zaman sanki yaxın dostunu itirmiş kimi hisslər keçirir.
Müxtəlif amillərə təsir etdiyinə görə orqanizmdən nikotinin və onun yan məhsullarının xaric edilməsi üçün uzun müddət tələb olunur. Əksər hallarda müntəzəm tütünçəkənlərdə nikotin və / və ya onun yan məhsulları hətta tütünçəkməyə fasilə verdikdə belə 3-4 gün bədəndə qalmağa davam edir.
Nikotin sakitləşdirici bir vasitə kimi sinir hüceyrəarası informasiya axınının qarşısını alır. Tütünçəkənin sinir sistemi nikotinə uyğunlaşdığından tütünə tələbi daha çox artır. Bu da öz növbəsində tütünçəkənin qanında nikotinin miqdarını artırır. Zamanla, tütünçəkəndə nikotinə qarşı tolerantlıq (dözümlülük) inkişaf edir. Əvvəllər az miqdar nikotindən alınan təsiri əldə etmək üçün daha çox nikotin istifadəsi vərdişinə tolerantlıq deyilir. Bir müddət tütündən istifadə edən şəxs tütünçəkməni təxirə salarsa o əsəbi, acıqlı və gərgin olur. Tütün çəkdikdə narahatçılıq, əsəbilik və bu kimi xoşagəlməz hisslər müvəqqəti keçir.