VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Reproduktiv sağlamlıq / MƏQALƏLƏR

Erkən nikah barəsində Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Afət Məmmədova sualları cavablandırır
  1. Afət xanım, hansı yaşda nikah erkən hesab olunur?

 Ailənin 18 yaşından tez qurulması erkən nikah hesab edilir. Erkən nikahı qadağan edən qanun və qaydaların olmasına baxmayaraq, bir çox ölkələrdə erkən nikah praktikası mövcuddur. Təəssüf ki, Azərbaycanda da erkən nikah halları istisna deyil.

  1. Erkən nikah niyə tövsiyə olunmur və problem hesab edilir?

 Erkən nikah – nikahda olan fərdlərə, onların uşaqlarına, ümumilikdə ailə institutuna (sisteminə) və bütövlükdə cəmiyyətə mənfi təsir göstərir. Erkən nikaha daxil olan qızlar ana və uşaq ölümü, təhsildən və inkişafdan məhrum edilmə, sosial və iş imkanlarının məhdudlaşması, yoxsulluq, məişət zorakılığı kimi ciddi problemlərlə üzləşirlər.

  1. Erkən nikah ilk növbədə uşaq hüquqlarının pozulması ilə səciyyələnir. Burada məhz hansı hüquqlar nəzərdə tutulur?

Azərbaycan tərəfindən 1992-ci ildə ratifikasiya edilmiş Uşaq Hüquqları Konvensiyasında (UHK) qeyd olunur ki, 18 yaşına çatmamış hər bir kəs uşaq sayılır. Ona görə də 18 yaşına çatmadan nikaha daxil olmaq – uşaqlıq dövrünün qısaldılması, uşaqların əsas hüquqlarının pozulması deməkdir. Erkən nikah xüsusilə qızlar arasında yayıldığına görə, UHK, uşaqların öz fikirlərini sərbəst ifadə etmək hüququnu, eləcə də zərərli praktikaları, o cümlədən erkən ərə verilməkdən qorunmaq hüququnu təsdiq edir. Digər tərəfdən, Azərbaycan qanunvericiliyinə görə ancaq rəsmi şəkildə qeydiyyata  alınan nikahlar  qanuni hesab edilir. Beləliklə, erkən ərə gedən qızlar rəsmi nikahda olan qadın sayılmır və onların uşaqları da nikahdan kənar doğulmuş kimi qeydə alınır.

  1. Təəssüf ki, erkən nikahların baş tutmasında valideynlərin rolu danılmazdır.

Aparılan araşdırmalar göstərir ki, erkən nikahların 58 faizi valideynlərin təzyiqi nəticəsində baş verir; belə olduqda erkən nikahların üçündən biri qızın etirazına baxmayaraq baş verir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində qeyd olunur ki, valideynlərin hüquqları uşaqların maraqlarına zidd olmamalıdır. Orada həm də qeyd olunur ki, hüquqlarından istifadə edərkən valdeynlər uşağın mənəvi, fiziki və psixi saqlamlığına zərər gətirə bilən hərəkətlərdən çəkinməlidirlər.

  1. Erkən nikaha daxil olan fərdlər hansı mənəvi-psixoloji təsirlərə, travmalara məruz qala bilərlər?

 Ölkəmizdə 2011-ci ildə aparılan Demoqrafiya və Sağlamlıq Sorğusunun nəticələri göstərir ki, nikahda olan gənc qadınlar ərindən asılı vəziyyətdə, həyat yoldaşının tam nəzarəti altında olurlar. Eyni zamanda, 15-19 yaşında olan qadınlar digər yaş qruplarında olan qadınlarla müqayisədə ailədə qərarvermə prosesində daha az iştirak edirlər.

  1. Bəs erkən nikahların sağlamlıq üçün hansı fəsadları var?

  Erkən nikahların tibbi aspektləri həm gələcək anaya, həm də dölə/körpəyə aiddir.      Beynalxalq araşdırmalara görə:

   -15-19 yaş arasında baş verən ölümlərin ən geniş yayılmış səbəbi hamiləlikdir;

- 19-25 yaşında qadınlarla müqayisədə 18 yaşdan kiçik olanlar üçün ana ölümü ehtimalı 2-5 dəfə artıqdır;

- 15 yaşından kiçik olanların hamiləliyinin fəsadları: özbaşına düşük, vaxtından əvvəl doğuş və uşağın ölü doğulması ehtimalı daha yüksəkdir.

  1. Yeniyetmə hamilədə hansı ağırlaşmalar baş verə bilər?

Hamiləlik zamanı yeniyetmələrdə daha tez-tez qan təzyiqinin  qalxması (hipertoniya), qan azlığı (anemiya), preeklampsiya – dəqiq səbəbi məlum olmayan hamiləliyin 2-ci yarısında qan təzyiqinin qalxması və sidik ilə zülalın itirilməsi (proteinuriya) müşayiət olunur. Bu vəziyyət ağır hallarda ana və körpənin  həyatı üçün təhlükə yarada bilər. Yeniyetmələrdə doğuşdan sonrakı depressiya halları da daha tez-tez müşahidə olunur.

Doğuş zamanı yeniyetmələrdə çanağın fiziki yetişkənliyi başa çatmadığı səbəbindən obstruktiv doğuş (adekvat doğuş fəaliyyətinə baxmayaraq, doğum kanalında dölün gələcək hissəsinin irəliləyişi müşahidə olunmur), ləng doğuş, qanaxma, həmçinin eklampsiya (çox vaxt dölün və ananın ölümü ilə nəticələnə bilən qıcolmalar) kimi fəsadlar daha tez-tez rast gəlinir.

  1. Yeniyetmə ananın körpəsinin hansı problemləri ola bilər?

Ananın fiziki problemləri səbəbindən doğulan uşaqların azçəkili olması ehtimalı daha yüksəkdir və bununla bağlı onların xəstələnmə və ölüm ehtimalı da artır, perinatal ölümlərin sayı 2-5 dəfə yüksəkdir. Əhəmiyyətli amillərdən biri də – demək olar ki, özü uşaq olan anaların körpələri böyütmək üçün kifayət qədər bilik və bacarıqlarının olmamasıdır. Bu qadınların reproduktiv sağlamlıq haqqında əsas məlumatlarının yoxluğu/çatışmaması, cinsi münasibətləri müzakirə etmək bacarıqlarının olmaması özlərinin, eyni zamanda körpələrinin sağlamlığına ciddi təhlükə yaradır.

  1. Yeri gəlmişkən, reproduktiv sağlamlıq nə deməkdir?

Bu suala cavab verməzdən əvvəl, mənə elə gəlir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sağlamlığın ümumi tərifini yada salmaq lazımdır: Sağlamlıq yalnız xəstəliyin və şikəstliyin olmaması deyil, sağlamlıq – insanın tam fiziki, əqli və sosial rifah halıdır.  Reproduktiv sağlamlığa gəldikdə isə, mənə elə gəlir ki, onu da izah etmək lazımdır:

- İnsan orqanizmində bir çox orqan və sistemlər var, məs. ürək-damar, tənəffüs, sinir və s., həmçinin nəsilartırma orqanları, yəni reproduktiv sisitem vardır. Reproduksiya sözünün mənası – özünəbənzərin yaradılması deməkdir və  sağlamlıq anlayışının çox vacib tərkib hissəsidir;

Beləliklə, reproduktiv sağlamlıq (RS) – reproduktiv sistem, onun funksiya və orada baş verən proseslər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı deməkdir.

 RS-ə daxildir: Gigiyena,Təhlükəsiz analıq, Ailə Planlaşdırılması, Cinsi yolla yoluxan infeksiyalarının profilaktikası, Reproduktiv orqanların xərçəng xəstəliklərinin qarşısının alınması, sonsuzluq və s.

  1. Nikahdan əvvəl gənclərin reproduktiv sağlamlıq barədə nəyi bilməsi vacibdir?

        Bunlar ÜST-nin bir necə tövsiyəsidir:

  • İnsanlar onları qane edən və təhlükəsiz cinsi əlaqədə olmaq, istədiyi zaman və istədiyi sayda dünyaya uşaq gətirmək iqtidarındadırlar.
  • Hamiləlik üçün optimal yaş 18-35-dir.
  • Doğuşdan növbəti hamiləliyə qədər ən azı 2 il fasilə olmalıdır.
  • Doğuşların sayı dörd və daha çox olduqda ana və uşağın sağlamlığı üçün risk artır. Amma bu demək deyil ki, dörd və daha çox uşaq olmamalıdır ailədə. Bu o deməkdir ki, çox uşaq istəyənlər göstərilən fasiləni gözləməlidir və daha ciddi həkim nəzarəti altında olmalıdır.