VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
Pasiyent üçün məlumat
Hemodializ - xroniki böyrək xəstələri üçün müalicə deyil, yaşam üsuludur!
Yadda saxlayın ki, hemodializ haqqında düzgün məlumatı yalnız həkim verə bilər.
Müalicəyə başlamazdan əvvəl dializ həkimi tərəfindən müayinə olunmağınız, ətraflı məlumat almağınız vacibdir! Bu məlumatlar sizin yaşam keyfiyyətinizi və müalicəyə inamınızı artırmağa xidmət edir.
Hemodializ nədir?
Hemodializ - böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan artıq maddələrin, azot qalıqlarının və mayenin xaric edilməsi üsuludur. Bu üsul böyrəklərin xroniki xəstəliyi (funksiyaların davamlı, geridönməz və proqressivləşən pozulmaları) zamanı aparılır. Böyrəklərin xroniki xəstəlikləri irsi xəstəliklər, şəkərli diabet, hipertoniya, uroloji patologiyalar, maddələr mübadiləsinin pozulmaları və transplantantın uyğunsuzluğundan sonra baş verir.
Hemodializin aparılması
Hemodializ həftədə 3 dəfə dövri olaraq daim aparılır. Müalicə hər dəfə 3-4 saat davam etməklə, həftədə 12-15 saat aparılır. Hemodializ aparmaq üçün qan damarlarına sərbəst giriş təmin olunmalıdır. Bu məqsədlə kateterdən istifadə olunur.
Kateter nədir?
Hemodializ aparmaq üçün xəstənin iri venalarından birinə (boyunda və ya qasıqda) müvəqqəti olaraq kateter daxil edilir. Kateter bəzən bir neçə ay və ya il xəstəyə xidmət edə bilər. Hemodializ zamanı sürətli qan dövranını təmin etmək məqsədilə arteriya və vena arasında süni birləşmə - fistula qoyulur.
Fistula nədir?
Fistula əməliyyat otağında yerli anesteziya altında qoyulur. Vena və arteriya bir - birinə tikildikdən sonra 2-8 həftə ərzində fistulanın formalaşması prosesi gedir. Bu müddətdə qanın axını xəstə tərəfindən dərinin üstündən hiss olunur. Barmaqla hiss edilən bu hal fistulanın fəaliyyətdə olduğunu göstərir.
Fistula qoyulduqda nəyə əməl etməli
• fistula olan qolda qan təzyiqini ölçmək olmaz
• fistula olan qola inyeksiya etmək, qan götürmək, sistem qoymaq olmaz
• biləyi və qolu sıxa biləcək saat, qolbaq, elastik geyimdən istifadə edilməməlidir
• həmin qol üstə yatmaq olmaz
• kəsici alətlərlə ehtiyatlı olmaq lazımdır
Düzgün qulluq etdikdə və fistulanın fəaliyyətinə daim nəzarət olunduqda, o, uzun müddət sizə xidmət göstərə bilər.
Hemodializ hansı rejimdə aparılmalıdır?
İdeal halda hemodializ 3-4 saat davam edir. İlk dövrlərdə və ümumiyyətlə böyrəklərin fəaliyyəti az da olsa saxlanılan hallarda seansların müddəti və tezliyi azaldıla bilər. Vaxtaşırı olaraq qanın analizləri aparılmalı və düzgün qərar yalnız bundan sonra dializ həkimi tərəfindən verilə bilər.
Xüsusi pəhriz gözləməyə ehtiyac varmı?
Hemodializ xəstələrinin əksəriyyəti müəyyən qaydalara əməl etməlidir:
• qida rasionunda kalium, fosfatlar, duzla zəngin qidalar məhdudlaşdırılmalıdır
• pəhriz fərdi qaydada dietoloq tərəfindən tərtib edilməlidir
• zülalın qəbul miqdarı xəstənin yaşam keyfiyyətini və əhvalını təmin etməlidir
• gün ərzində qəbul edilən suyun miqdarı məhdudlaşdırılmalıdır (dializlərarası dövrdə ödemlər, arterial hipertenziya, təngnəfəslik, bəzən boğulma, narahatlıq və s.-nin baş verməməsi üçün)
• dializlərarası dövrdə çəkiyə nəzarət edilməlidir (bədənin çəkisi ümumi çəkinin 2-3%-ə qədər arta bilər)
Hemodializin peritoneal dializdən (ev dializi) üstünlüyü
• hemodializ seansları stasionar şəraitdə tibb personalının nəzarəti ilə aparılır
• xəstə, xüsusilə yaşlı şəxs özünü arxayın hesab edir
• seansarası əlavə müalicəyə ehtiyac olmur, xəstə dializlərarası dövrdə şəxsi işləri ilə məşğul ola bilər
• şöbədə tibbi-sanitariya qaydalarına riayət olunduğuna görə infeksiyalaşma riski az olur
Dializ zamanı siz otura, uzana, kitab oxuya, televizora baxa bilərsiniz!
Dərman müalicəsi necə aparılmalıdır?
Dializ və pəhrizlə yanaşı, bir sıra xəstələr əlavə dərman müalicəsi almalı olurlar. Qan təzyiqi yuxarı olanlar hipotenziv dərman vasitələri, diurez saxlanılan xəstələr sidikqovucu dərmanlar istifadə etməlidirlər. Xəstələr yeməkdən əvvəl fosfor-birləşdirən preparatlar, sümüklərdə baş verə biləcək fəsadların qarşısını almaq məqsədilə vitaminlər və kalsium preparatları qəbul etməlidirlər.
Yadda saxlayın! Dərmanların doza və istifadəsi hər xəstə üçün həkim tərəfindən fərdi təyin edilir.
Dializ xəstənin şəxsi həyatına və rejiminə necə təsir edir?
Dializ müəyyən vaxt və mütəmadilik tələb etdiyindən, iş qabiliyyətli xəstələrin sosial şəraitinə öz təsirini göstərir. Bu baxımdan müalicə olunduğunuz dializ mərkəzi sizin iş şəraitinizə uyğun cədvəl tərtib edə bilər.
Ev dializi
Müalicə olunduğunuz dializ mərkəzi yaşayış yerindən çox uzaqda yerləşirsə və həftədə 3 dəfə ilin hər mövsümündə böyük çətinliklə bu məsafəni qət etməyə məcbursunuzsa, bu halda dializ ev şəraitində aparıla bilər. Bunun üçün sizə qulluq edən ailə üzvü müəyyən təlim kursu keçməlidir. Gündəlik iş günü olan xəstələr üçün də bu üsul məqsədəuyğundur.