VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Sağlam qida / MƏQALƏLƏR

Valideynlərə tövsiyələr

Hörmətli valideynlər! Düzgün və sağlam qidalanma uşağınızın sağlam gələcəyinə proqramlaşdırılmış sağlam həyat tərzinin təminatıdır. Övladlarınızın düzgün qidalanmasına ciddi fikir verin, onları təsadüfi qidalardan uzaq tutun. Uşağın normal inkişafı üçün onun menyusunda tərkibi dəmir və C vitamini ilə zəngin olan ət, balıq, toyuq, yumurta, paxlalı bitkilər, yaşıl tərəvəzlərin olması önəmlidir. Məktəblilərin qidalanması ilə bağlı vacib amillərdən biri də su və maye qəbuludur. Ən xeyirli maye adi təmiz su, yeni sıxılmış qatqısız meyvə şirəsidir. Hər gün uşaqların rasionunda müxtəlif çeşidli qidalar: ət, kərə yağı, süd, çörək, yarma, meyvə və tərəvəzlər olmalıdır. Digər ərzaqlar: balıq, yumurta, xama, kəsmik, pendir rasionda həftədə 2-3 dəfə mütləq olmalıdır.

Uşaq:
► gündəlik 5 dəfə 3-4 saat fasilələrlə qidalanmalıdır,
► qidanı sakit şəraitdə qəbul etməlidir,
► qidalanma pozulmaları varsa, həkim-dietoloqun məsləhəti ilə
qida rasionunda korreksiya aparılmalıdır,
► idmanla məşğul olursa, fiziki yüklənmənin növündən asılı olaraq həkim-dietoloqun məsləhəti ilə qida rasionunda korreksiya aparılmalıdır.

Uşaqlarınızın qidalanmasının rejimə düşməsi üçün çalışın ki, onlar:
1. İstənilən qida məhsulunu xırda tikələrlə qəbul etsinlər.
2. Qidanı yaxşı çeynəsinlər.
3. Ayaqüstü qidalanmadan imtina etsinlər.
4. Gündəlik qida rasionunu 4-5 hissəyə bölsünlər və hər gün eyni vaxtda yeməyə adət etsinlər.
5. Yeməkarası və yeməkdən dərhal sonra mayelər içməsinlər (çay, qəhvə).
6. Təzə hazırlanmış xörəklərlə qidalansınlar.
7. Qidalanan zaman hal-hazırda daha çox istifadə olunan mayonez və ketçupdan imtina etsinlər.
8. Gündəlik olaraq qida rasionunda meyvə və tərəvəzdən istifadə etsinlər.
9. Qida rasionunda istər içkilərin, istərsə də ərzaqların təbii olmasına diqqət yetirsinlər.
10. Ərzaq məhsulları alarkən etiketləri diqqətlə oxusunlar.
11. Gün ərzində fiziki fəallıqlarını təmin etsinlər ki, qəbul etdikləri qidalar asan həzm olunsun.
Bu sadə şərtlərə əməl etməklə uşaqlarınız həm sağlamlıqlarını qorumuş olacaq, həm də özlərini daha gümrah hiss edəcəklər. Uşaqları tez və hazır yemək sistemindən, yəni “Fast-food”
yeməklərindən çəkindirmək lazımdır! “Fast-food” kateqoriyasından olan bütün qida növlərindən
uşaqları uzaq tutaraq, onları gözlənilməz və təhlükəli xəstəliklərdən sığortalamaq olar. Çünki “Fast-food” qidalarının tərkibində xüsusi rəngləndirici maddələrin qatqı kimi istifadə edilməsi, duz və ya
şəkərin miqdarının normadan dəfələrlə artıq olması, yüksək kalori tərkibli bu qidaların küçələrdə gigiyenik tələbata uyğun olmayan şəraitdə hazırlanması onlardan bol-bol istifadə edən uşaq orqanizmini bir sıra problemlərlə üz-üzə qoya bilir. Məsələn, bu növ qidaların hazırlanması zamanı istifadə olunan doymuş yağlar ürək-damar xəstəliklərinin səbəbi olan "pis" xolesterolun səviyyəsini qanda artırır. Həmçinin duru yağların təkrar istifadəsi onkoloji problemlərin yaranmasına səbəb ola bilər.
Uşaqlara məsləhət görülməyən qidalar siyahısı:
 qızardılmış bütün qida növləri
 üzərinə bol tomat sousu və ya mayonez çəkilmiş xəmirli (un)
məmulatlar
 çox şirin olan sərinləşdirici bütün qazlı sular
 tərkibində yüksək kalorili yağ olan şirniyyatlar
 saflaşdırılmış şəkər - artıq kalori mənbəyidir
 hidrogenizə olunmuş yağlar və piylər
 çox ədviyyatlı, stimulyatorlu qida
 kimyəvi əlavəli qida (konservantlar, dad və rəng
stabilizatorları, şirinliyi artıran maddələr)
Yeniyetmələri daha çox meyvə-tərəvəzin qəbuluna həvəsləndirmək üçün bu ərzaqların evdə daim olması, valideynlərin meyvətərəvəzdən çoxlu istifadəsi tövsiyə olunur.