VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Reproduktiv sağlamlıq / MƏQALƏLƏR

Hamilələrin qidalanması

Hamiləlik dövründə özünüzün və gələcək uşağınızın sağlamlığını təmin etmək üçün sizə aşağıdakı qaydalara riayət etmək məsləhət görülür:

1. Sağlam çəki çərçivəsində qalmaq üçün fiziki aktiv olun və sağlamlıq üçün faydalı olan qidalardan düzgün istifadə edin, sağlamlığa qısa və ya uzun müddətli mənfi təsiri olan qida növlərindən isə uzaq durun
2. Hər gün sağlamlığınız üçün vacib olan beş qida qrupundan ibarət olan məhsullardan istifadə edin:

  • Müxtəlif növ və müxtəlif rəngli tərəvəzlər
  • Meyvələr
  • Dənlilər, xüsusilə tam dənlərdən hazırlanmış məhsullar (çörək, bulğur, düyü, sıyıqlar və s.)
  • Yağsız ət, toyuq, hind toyuğu, balıq, yumurta, qoz/fındıq, tumlar və lobyalılar
  • Süd, qatıq, az duzlu şor, pendir və digər süd məmulatları 

 

3. Kifayət qədər su için: xüsusilə isti və rütubətli hava şəraitində su qəbulunu nisbətən artırın

4. Tərkibində doymuş yağlar (piy, kərə yağı, qaymaq və s.), şəkər və duzla zəngin olan qida məmulatlarının qəbulundan çəkinin.

5. Yeməklərin hazırlanması və saxlanılması qaydalarına diqqətlə riayət edin

6. Spirtli içkilərdən istifadə etməyin

7. Tütün və tütün məmulatlarından istifadə etməyin, habelə tütün tüstüsündən (passiv tütünçəkmə) daim uzaq olmağa çalışın.

Sağlam qidalanma ilə yanaşı həkimlər hamilə olan və ya hamilə olmağa hazırlaşan qadınlara qida əlavələri, o cümlədən, vitaminlər və mineralların qəbulunu da tövsiyə edə bilər. Məsələn, fol turşusu və elementar dəmirin bir sıra qida növlərində olmasına baxmayaraq həkimlər hamilə olmağa hazırlaşan və hamilə olan qadınlara hamiləlikdən 1 ay əvvəl və hamiləliyn ilk 4-6 ayı ərzində gündə 400 mkq dozada fol turşusu və 60 mq dəmirin əlavə olaraq qəbul edilməsini tövsiyə edir. 

 

Hamilə qadınlar hansı qida növlərindən imtina etməlidirlər?

 

 

Hamilə qadınlar aşağıdakı qida növlərindən uzaq durmalıdır:

• Listeria bakteriyaları ilə çirklənmə ehtimalı olan yumşaq pendir növlərindən (məsələn, kamamber, feta, mavi pendir)

• Çiy yumurtalardan, çünki onlar salmonella ilə çirklənmiş ola bilər 

Yuxarıda göstərilən beş qida qrupundan istifadə etməklə, habelə doymuş yağların, şəkərin və duzun  istifadəsini məhdudlaşdırmaqla, siz özünüzün və gələcək körpənizin sağlamlığını qorumaq üçün mühüm tədbirlər görmüş olarsınız.

Nəyə görə vitaminlər və minerallar mənim gündəlik qidalarımda vacibdir?

Vitaminlər və minerallar sizin orqanizminizin bütün funksiyalarında iştirak edirlər. Hamiləlik müddətində qadının fol turşusu və dəmirə ehtiyacı artır.

Mən hamiləliyim dövründəəlavə vitamin və mineralları neçəəldə edə bilərəm?

Prenatal vitaminlər və qida əlavələrindən istifadə edə bilərsiniz. Lakin xatırladılmalıdır ki, düzgün balanslaşdırılmış və yuxarıda qeyd olunmuş beş qida qrupundan gündəlik istifadə əslində sizin vitaminlərə və minerallara olan ehtiyacınızı ödəyə bilər.

Fol turşusu nədir və ona gündəlik ehtiyacım nə qədərdir?

Fol turşusu B qrup vitaminlərə (B9 vitaminidir) aiddir və hamilələr üçün vacibdir. Hamiləlikdən əvvəl və hamiləlik dövründə sizin bu vitaminə gündəlik ehtiyacınız 400 mikroqramdır. Bu dozada vitamini təkcə qida məhsullarından əldə etmək müşküldür. Ona görə də bütün hamilələr tərkibində həmin vitamin olan gündəlik qida əlavələri qəbul etməlidirlər. Bu vitaminin kifayət qədər qəbul edilməsi uşağınızı ən böyük onurğa beyin və onurğanın anadangəlmə defekti olan nevral boru defektindən qoruyacaq.

Nəyə görə hamiləlik dövründə dəmir vacibdir və onu gündə nə qədər qəbul etmək lazımdır?

 

Dəmir sizin orqanlarınıza və toxumalarınıza oksigen daşıyan qırmızı qan hüceyrələrinin tərkib hissəsidir. Hamiləlik dövründə dəmirə olan ehtiyac sizi və uşağınızı kifayət qədər oksigenlə təmin etmək zəruriyyətinə görə ikiqat artır. Hamilələr üçün dəmirin gündəlik dozası 60 mg-dır. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə ilk antenatal müayinə  zamanı hər bir hamilə qadına gündəlik dozası 400 mkq fol turşusu və 60 mq dəmir qəbul etmək tövsiyə edilməlidir. Siz, həmçinin dəmirlə zəngin olan mal-qoyun əti, quş əti, balıq, lobya və noxud, eləcə də qara gavalı suyundan da istifadə edə bilərsiniz. Dəmirin daha yaxşı mənimsənilməsi üçün C vitamini ilə zəngin olan sitrus meyvələri (limon, portağal və s.) və tərəvəzlərdən pomidor yeyə bilərsiniz.

 

Nəyə görə hamiləlik dövründə kalsium vacibdir?

 

 

Kalsium sizin uşağınızın sümükləri və dişlərinin formalaşması üçün istifadə edilir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə hamilə qadınlar gündə 1200 mg kalsium qəbul etməlidir. Kalsiumun ən yaxşı mənbəyi süd və süd məmulatlarıdır (şor, pendir, qatıq və s.). 

Nəyə görə hamiləlik dövründə D vitamini vacibdir?

 

 

D vitamini kalsium ilə birgə uşağınızın sümük və dişlərinin formalaşmasında iştirak edir. O, eləcə də dəri və gözlərin sağlamlığı üçün də vacibdir. Bütün qadınlar, o cümlədən hamilələr gündə 400 BV (beynəlxalq vahid) və ya 10 mkq D-Vitamini qəbul etməlidirlər. Bunun ən yaxşı mənbələri yağlı balıq növləridir (məsələn, qızıl balıq). Bu vitamin günəş şüası təsiri altında dərinizdəəmələ gəlir. Ona görə gündüz havada qalmaq faydalıdır.

Hamiləlik zamanı çəkim nə dərəcədə artmalıdır?

Sizin çəkiniz hamiləlikdən əvvəl normal idisə, hamiləlik dövründə o, 11-16 kq artmalıdır. Çəkisi normadan aşağı olan qadınların çəki artımı hamiləlik dövründə daha çox olmalıdır.

Artıq çəki və ya piylənmə nə dərəcədə mənim hamiləliyimə təsir göstərə bilər?

Artıq çəkisi və piylənməsi olan qadınlarda hamiləliklə bağlı problemlərin yaranması ehtimalı daha yüksəkdir. Bunlara hestasion diabet (hamiləlik dövründə şəkərli diabet), yüksək qan təzyiqi, preeklampsiya, vaxtından əvvəl doğuş və qeysəriyyə kəsiyinə yaranan ehtiyac aiddir. Çəkisi artıq olan analardan doğulan uşaqlarda da müəyyən problemlərin olması ehtimalı daha yüksəkdir: anadangəlmə defektlər, doğuş zamanı zədələrə səbəb olan makrosomiya (uşağın həddindən çox böyük olması) və yenidoğulmuşun piylənməsi.

Qida və içkilərlə qəbul etdiyim kofein hamiləliyimə necə təsir edə bilər?

Kofeinin hamiləliyə göstərdiyi təsir haqda kifayət qədər tədqiqatların olmasına baxmayaraq, nəticələri tam aydın deyil. Mütəxəssislərin əksəriyyəti hesab edir ki, gün ərzində 200 mg-dək kofeinin qəbulu (təxminən iki fincan kofe) hamilələr üçün zərərsizdir. Ümumiyyətlə hamiləlik zamanı kofe qəbulunun məhdudlaşdırılması daha məsləhətdir. Kofeinsiz kofedən istifadəyə üstünlük verilməsi məqsədəuyğundur.

Pəhrizimdə balıq və molyusk/xəənglərin olması hamiləliyim üçün nə dərəcədə faydalıdır?

Balıq və digər dəniz məmulatlarının tərkibində olan omeqa-3 yağlı turşular  uşağınızın beyin inkişafı üçün olduqca faydalıdır. Buna görə hamiləlik və döşləəmizdirmə müddətində həftədə heç olmasa 2 dəfə balıq yeməniz və digər dəniz məhsullarının qida rasionunuza daxil edilməsi məsləhət görülür.