VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Reproduktiv sağlamlıq / MƏQALƏLƏR
Hamiləliyi normal keçən hər bir qadın doğuş zamanı ağırlaşmalarla üzləşə bilər. Həkimlər və tibb müəssisələri bu ağırlaşmaların öhdəsindən gəlməyə hazırdırlar.
Yenidoğulmuşun üzləşdiyi ən böyük təhlükə onun vaxtından əvvəl doğulmasıdır. Vaxtından həddindən çox əvvəl doğulması onun sağ qalmasını çətinləşdirir. Məsələn, ağciyərlər nəfəs almağa hazır deyil, onun bədəni özünü isitmək üçün kifayət qədər enerji hasil etmir.
Hamiləliyin tam başa çatması üçün 40 həftə lazımdır. Tam 37 həftədən əvvəl doğulmuş uşaq vaxtından əvvəl doğulmuş hesab olunur. Belə uşaqlarda yetişməmiş ağciyərlər, tənəffüs və həzm problemlərinin yaranması ehtimalı artır. Vaxtından əvvəl doğuşların səbəbi infeksiya və iltihab ola bilər, amma əksər hallarda səbəb məlum deyil. Əvvəlki hamiləliyin vaxtından əvvəl doğuşla nəticələnməsi növbəti hamiləliklərin vaxtından əvvəl doğuşla nəticələnməsi riskini artırır.
Bəzi həyat təhlükəsi yaradan preeklampsiya kimi hallarda vaxtından əvvəl doğuş müalicə üsulu hesab olunur. Əlbəttə ki, həkimlər belə hallarda da dölün ana bətnində daha uzun müddət qalıb inkişaf etməsinə çalışırlar. Eyni zamanda da körpənin ağırlaşmalardan zədələnmə riskini azaltmaq üçün steroidlərdən istifadə edilir. Bəzi hallarda vaxtından əvvəl doğuşlar heç bir tibbi göstəriş olmadan qeysəriyyə əməliyyatı nəticəsində baş verir. Tədqiqatlar göstərir ki, hamiləliyin 37 və 38-ci həftəsində doğulan uşaqların hətta 39 həftədə doğulan uşaqlarla müqayisədə daha çox tibbi problemləri olur. Buna görə də 39-cu həftəsinə çatmamış hamiləliklərdə ciddi göstəriş olmadığı hallarda doğuşun stimulyasiyası və yaxud qeysəriyyə əməliyyatının aparılması məsləhət görülmür.
Uzunsürən doğuşlar
Qadınların az faizində, xüsusən ilk dəfə doğanlar arasında, doğuşun uzun sürməsi daha çox müşahidə olunur. Belə hallarda həm ana, həm də uşaq müəyyən təhlükələrlə üzləşirlər. Məsələn, dölyanı maye vaxtından əvvəl açıldıqda həm ana, həm də döldə infeksiya riski artmış olur. Təyin edilmiş vaxtda doğuş baş verməyən hallarda tibb işçiləri dölün monitorinqinə başlayır və onun ürək döyüntülərini, aktivliyini, dölyanı mayenin həcmini və s. izləyirlər. Lazım olduqda tibb işçiləri doğuşun induksiyasını (doğuşun stimulyasiyası) həyata keçirirlər.
Dölün qeyri-düzgün gəlişi
İdeal doğuşda əvvəlcə dölün başı doğulur və bu zaman onun üzü anasının arxasına və çənəsi döş qəfəsinə sıxılmış halda olur. Beləliklə, doğuş uşağın başının doğuş kanalının ən dar hissəsinə daxil olunması ilə başlayır
Az hallarda doğuş sağrı və ya aşağı ətrafların gəlişi ilə baş verir. Sağrı gəlişi doğuşdan xeyli qabaq ultrasəs müayinəsi zamanı aşkar olunur və əksər hallarda hamiləliyin son dövrlərində döl çevrilir və baş gəlişində doğulur.
Az hallarda dölün köndələn gəlişi qeyd olunur və belə hallarda doğuş kanalına birinci uşağın çiyini daxil olur. Dölün düzgün olmayan gəlişi uşaqlıq və doğuş kanalının zədələnməsi, doğuşun qeyri-normal gedişatı riski ilə bağlıdır. Həkim uşağın gəlişini fiziki müayinə zamanı təyin edir. Bəzən bunun üçün ultrasəs müayinəsi tələb olunur. Hamiləliyin sonuna 6-8 həftə qalmış dölün düzgün olmayan vəziyyəti aşkar olunursa, onun doğuşa qədər düzəlməsi şansı yüksəkdir. Amma doğuş vaxtı yaxınlaşdıqca və uşaq böyüdükcə dölün vəziyyətinin dəyişməsi çətinləşir. Məlumdur ki, 28-ci həftədən əvvəl düzgün olmayan vəziyyətlərin 90%-i 37-ci həftəyə qədər düzəlir, 37-ci həftədən sonra qeyd olunan qeyri-düzgün vəziyyətlərin 90%-i isə olduğu kimi qalır. Belə hallarda düzgün olmayan gəlişlərdə həkimlər, adətən, hamiləyə qeysəriyyə əməliyyatı təklif edirlər.
Döl qişalarının vaxtından əvvəl cırılması
Normada uşaqlıqda uşağı əhatə edən qişalar bilavasitə doğuş qabağı cırılır və dölyanı sular axır. Bəzi hallarda qişalar vaxtından tez yırtılır, bu isə ananın və dölün infeksiyaya məruz qalması ehtimalını artırır. Bu cür hallarda həkimlər ananı və dölü infeksiyadan qorumaq üçün müvafiq profilaktik tədbirlər görür və ya doğuşun stimullaşdırılmasını təmin edir. Hamiləliyin həftəsindən asılı olaraq həkimlər (mama-ginekoloqlar) ya doğuşu dərhal stimullaşdırmağa çalışa bilər, ya da vəziyyətdən asılı olaraq təbii doğuşun başlanması üçün 24 saat gözləyə də bilər. Lakin nəzərə almaq lazımdır ki, döl qişalarının cırılması ilə amniotik mayenin (adətən 800 ml-dək maye olur) xaric olunması ana və döldə infeksiya riskini artırmış olur. Buna görə də suların vaxtından əvvəl xaric edilməsi hallarında doğuşun stimullaşdırılmasını 24 saatdan (bəzən isə 48 saat) gec başlamaq tövsiyə olunmur. Əgər həkimlər və ya ananın özü gözləmə mövqeyini seçərsə, bu zaman ananın temperaturu hər 4 saatdan bir ölçülməli, dölün ürək döyüntüləri və ana bətnində hərəkətləri hər 24 saatdan bir müəyyən edilməli və həmçinin amniotik mayenin rəngi və qoxusu monitorinq ounmalıdır. İnfeksiyaya şübhə yarandıqda təxirəsalınmaz tədbirlərin görülməsi, o cümlədən, doğuşun stimullaşdırılması aparılmalıdır.
Dölün göbək ciyəsinin düşməsi
Göbək ciyəsi uşağın həyat xəttidir. Onun vasitəsi ilə uşaq anadan oksigen və digər qidalandırıcı maddələr alır. Bəzi hallarda dölyanı maye axandan sonra göbək ciyəsi sallanıb uşaqlıq yolunda hiss olunur. Bu, dölə qanın gedişinin kəsilməsi və ya çətinləşməsi səbəbindən təhlükəlidir və belə hallarda təcili olaraq qadını tibb müəssisəsinə çatdırmaq lazımdır.
Göbək ciyəsinin sıxılması
Hamiləliyin gedişində dölün hərəkətləri nəticəsində göbək ciyəsi dəfələrlə dolaşıb açıla bilər. Bəzi hallarda doğuş zamanı göbək ciyəsi dartılmış və sıxılmış vəziyyətdə olduğundan dölün bədəninə gedən qanın axını məhdudlaşır. Bu isə dölün ürək döyüntülərini kəskin surətdə azaldır. Göbək ciyəsinin sıxılması hər 10 doğuşdan 1-də müşahidə olunur, qeysəriyyə əməliyyatının zəruriyyəti isə dölün ürək döyüntülərinin get-gedə azalması və ya digər distress göstəriciləri olduğu hallarda əmələ gəlir.
Amniotik (dölyanı) maye ilə emboliya
Bu, doğuş zamanı olan ən ciddi fəsadlardandır. Çox nadir hallarda amniotik mayenin (uşaqlıqda dölün ətrafında olan maye) kiçik miqdarı ananın qan dövranına düşür. Bu, adətən, çox ağır gedən doğuşlar və qeysəriyyə əməliyyatı zamanı baş verə bilər. Bu maye qan damarları ilə ağciyərlərə hərəkət edib ağciyər arteriyalarının tutulmasına səbəb olur və qəflətən başlamış ürəkdöyünmə, aritmiya (qeyri-müntəzəm ürək döyüntüsü), kollaps, şok, hətta ürəyin dayanması və ölümlə nəticələnə bilər. Bu hallar yayılmış qan laxtalanması ilə müşahidə edilir və ixtisaslaşdırılmış şöbədə intensiv müalicə tələb edir.
Preeklampsiya
Preeklampsiya hamiləliyin 20-ci həftəsindən sonra baş verən və yüksək qan təzyiqi və digər orqanların zədələnməsi (məs., böyrəklərin və ya qaraciyərin çatışmazlığı) ilə müşayiət olunan çox ciddi və ağır fəsadlara səbəb olan ağırlaşmadır. Preeklampsiya ciftin vaxtından əvvəl ayrılması, anada qıcolma və ya ifliclə müşayiət oluna, habelə ana və ya körpənin ölümü ilə nəticələnə bilər. Preeklampsiyanın yeganə müalicəsi doğuşdur. Bu məqsədlə ya doğuşun stimullaşdırılması, ya da qeysəriyyə kəsiyi ilə doğuşun aparılması tələb olunur. Əgər preeklampsiya hamiləliyin çox erkən həftələrində baş verərsə və döl doğuşa hazır deyilsə, bu zaman həkiminiz sizinlə doğuşun stimullaşdırılması və ya gözləmənin risklərini ciddi müzakirə edəcəkdir. Gözləmə mövqeyi seçildikdə həkiminiz sizi daha ciddi nəzarətə götürməli, sizin və gələcək körpənizin sağlamlığı daha yaxından və tez-tez monitorinq olunmalı, US müayinələri daha tez-tez təyin edilməli, böyrəklərin və qaraciyərin funksiyaları, qanın laxtalanmasını qiymətləndirməyə imkan verən qan analizləri daha tez-tez aparılmalıdır.
Uşaqlıq qanaxması
Doğuşdan sonra baş verən qanaxma zahılıq qanaxması adlanır; uşaqlıqdan, uşaqlıq boynundan və ya uşaqlıq yolundan baş verə bilər və çox təhlükəlidir.
Gecikmiş hamiləlik
41-42 həftəni bir az ötən hamiləliklərin əksəriyyətində heç bir problem müşahidə olunmur. Problem o vaxt yaranır ki, cift artıq dölə sağlam şərait yaratmaq üçün onu kifayət qədər qidalandıra bilmir. Risk 42 həftəsini aşan hamiləliklərdə daha yüksəkdir. Bu cür hallarda doğuşun stimullaşdırılması həkim tərəfindən təmin edilir. Əgər doğuşun stimullaşdırılması nəticə verməsə, bu zaman qeysəriyyə kəsiyi ilə doğuş təmin edilir.