VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
Diabet zamanı qanda şəkərin miqdarının uzun müddət normadan yuxarı olması ayaqlarda xırda damarların və sinirlərin zədələnməsinə səbəb olur ki, bu da diabetə xas olan və ən çox rast gəlinən ağırlaşmalardandır. Belə hallarda diabet xəstəsinin ayaqları, xüsusilə də pəncələri, yaralanmalara daha çox məruz qalır. Diabet zamanı ayaqlarda hissiyyatın azalması səbəbindən xəstə aldığı kiçik zədə və yaraları adətən diqqətindən yayındırır. Bu cür zədələnmələr isə sonradan ağır və bərpa edilməz ağırlaşmalara gətirib çıxara bilər.
Diabet xəstəsi, pəncələrə qulluqla bağlı sadə qaydalara riayət etməklə, belə halların baş verməsinin qarşısını ala bilər.
Diqqət!!! Təhlükəlidir!
1. Zədələnmə riskini nəzərə alaraq, dırnaqların və döyənəklərin təmizlənməsi zamanı iti və kəsici əşyalardan (qayçı, döyənək bıçaqları, ülgüc) istifadə etməyin. Həmçinin döyənək və ya dırnaqları yumşaldan vasitələrdən (döyənək məlhəmlərindən, plastırlardan) heç vaxt istifadə etməyin.
2. Pəncələrdə zədələnmiş dərini təmizləmək üçün spirtli məhlullardan (yodun spirtli məhlulu, brilliant yaşılı – “zelyonka”), həmçinin qatılaşdırılmış tünd kalium permanqanat məhlulundan istifadə etməyin.
3. Ayaqları qızdırıcının (elektrik daxil olmaqla), buxar istilik batareyalarının, elektrik qızdırıcılarının köməyilə isitməyin.
4. Ayaqqabısız gəzməyin (hətta evdə belə). Bu, həm pəncənin dərisinin zədələnmə riski, həm də pəncəyə düşən ağırlığın artması ilə bağlı məsləhət görülür. Yüksək sürtülmə ehtimalı olduğu üçün yalın ayağa ayaqqabı geyinməyin.
5. Bütün gün ərzində və ya intensiv fiziki yük (tez yürüş, başqa hərəkət aktivliyi) nəzərdə tutulubsa, yeni ayaqqabı cütü geyinməyin.
6. Siqaretçəkmə orqanizminizə ziyandır, xüsusən də ayaqlarınızın sağlamlığı baxımından təhlükəlidir. Siqareti atmaq heç zaman gec deyil!
Ayaq arteriyalarında hissiyyatın və pulsasiyanın təyin edilməsi məqsədilə ildə bir dəfədən az olmamaq şərtilə həkim müayinəsindən keçmək məsləhət görülür.