VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Reproduktiv sağlamlıq / MƏQALƏLƏR

Ana südü ilə qidalanmanın üstünlükləri

Ana südü tərkibindəki balanslaşdırılmış komponentlərin, hormonların, müxtəlif boy faktorlarının, çoxlu miqdarda bioloji aktiv maddələrin və müdafiə faktorlarının (immunoqlobulinlər, fermentlər) olmasına görə körpələrin boyümə və inkişafı üçün ideal qidadır. Ana südü həmçinin ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissəsidir. 

 

Ana südünün tərkibi (hər 100 ml)

 

 

 

Ana südünün bütün komponentlərinin tərkibi və nisbəti körpənin mədə-bağırsaq sisteminin funksional imkanlarına müvafiq olduğu üçün ana südündəki fermentlər (amilaza, lipaza, fosfotaza, proteaza) və daşıyıcı zülallar körpə tərəfindən asanlıqla mənimsənilir.

Ana südünün tərkibindəki hormonlar və müxtəlif boy faktorları uşaqda iştahanın və metabolizmin tənzimlənməsində çox böyük əhəmiyyət kəsb edir.

Nə keyfiyyətinə, nə də balanslaşdırılmış komponentlərinin tərkibinə görə ana südündə olan bioloji aktiv birləşmələri tam təkrarlamaq mümkün deyil. Ana südünün tərkibində olan immunoqlobulinlər immuniteti, həmçinin bağırsağın selikli qişasının səthi boyu yerləşərək yerli immuniteti təmin edir.

Ana südü 0-6 aylıq uşaqların qidalanması üçün “qızıl standart” hesab olunur. Vaxtından əvvəl doğulan uşaqlarda ana südü demək olar ki, həyatlarının mühafizəsini təmin edir. Bu uşaqlar üçün ana südünün əsas üstünlüyü onlarda çəkinin daha yaxşı artması, infeksion-iltihabi xəstəliklərin daha az inkişaf etməsidir.

 

Körpələrin və anaların sağlamlığı baxımından ana südünün üstünlükləri:

 

 

  • Uşağı infeksiyalardan müdafiə edir.

  • Uşağın immun sistemini aktivləşdirir.

  • Xroniki xəstəliklərin inkişafının qarşısını alır.

  • Daha böyük uşaq yaşlarında diabet və piylənmənin əmələ gəlmə riskini azaldır.

  • Daha böyük uşaq yaşlarında hipertoniya xəstəliyi və aterosklerozun əmələ gəlmə riskini azaldır.

  • Allergik reaksiyaların əmələ gəlmə riskini azaldır.

  • “Ani uşaq ölümü” sindromunun yaranması riskini azaldır.

  • İdrak (dərk etmə) proseslərinin inkişafına kömək edir.

  • Döş əmərkən uşaqda həzz alma hormonları – endorfinlər əmələ gəlir (endorfinlər isə stress hormonlarına təsir edərək onların səviyyəsini azaldır. Mayalanma anından 3 yaşınadək uşaqda formalaşan bu hormonal fon həyatın sonunadək depressiyaların qarşısının alınmasına kömək edir).

  • Ana ilə körpə arasında lap erkən dövrlərdə tam emosional yaxınlıq yaradır.

  • Hamiləlikdən qorunmanın fizioloji metodu hesab olunur.

  • Doğuşdan sonrakı qanaxmaların və anemiyanın yaranma ehtimalını azaldır.

  • Hamiləlikdən əvvəlki bədən kütləsini bərpa etməyə kömək edir.

  • Süd vəziləri və yumurtalıqları müxtəlif şişlərdən qoruyur.

  • Anada osteoporozun qarşısını alır.

 

Ana südü heç bir xəstəlikdə qida rejimini pozmağa imkan vermir və təmiz maye mənbəyi olaraq orqanizmi susuzlaşmadan müdafiə edir. Məsələn, diareya zamanı uşaqda ana südünün qəbulu davam etdirilir, lakin digər maye və qidalardan əksər hallarda imtina edilir.

Ana südü erkən yaşlı uşaqları pnevmoniyadan qoruyur. İnfeksiyaya qarşı maddələrin konsentrasiyaları ana südündə uşağın bir yaşından sonra da qalmaqda davam edir və infeksiyalardan müdafiə edir. 

 

Ana südü ilə qidalanan uşaqların süni qida qarışıqları ilə qidalanan uşaqlara nisbətən üstünlükləri:

 

 

  • Bəzi vaksinlərə daha yaxşı reaksiya verirlər.

  • İmmunoloji faktorların hesabına anti-genlərin təsirindən və onlara olan kəskin reaksiyalardan (məs., inək südünə olan allergik reaksiyalardan) müdafiə yaranır.

  • Fiziki inkişafları ilə seçilirlər.

  • Sinir sistemləri daha sakit olur.

  • Təmkinli, mehriban, xeyirxah olurlar.

  • Valideyn qayğısına qarşı optimal davranış qaydaları yaranır.

  • Çənənin forma və inkişafının yaxşılaşması ilə dişləm anomaliyaları azalır.

Döşlə qidalanma doğuşdan sonrakı sonsuzluğu (laktasion amenoreya), proporsional olaraq uşağın döşlə qidalanmasının tezliyini və müddətini artırır.

Döşlə qidalanmanın hamiləliyin qarşısını alan üsul kimi effektivliyi doğuşdan sonra 6 ay müddətində 98%təşkil edir.

Döşlə qidalanmanın erkən başlanması doğuşdan sonra ananın orqanizminin bərpasına kömək edir, uşaqlığın yığılmasını tezləşdirir və qanaxma ehtimalını azaldır (bununla bağlı ana ölümü göstəriciləri aşağı düşür). Qanaxmanın azalması nəticəsində həmçinin hemoqlobin ehtiyatları ananın bədənində qorunur və dəmir ehtiyatları ilə bağlı vəziyyət yaxşılaşır.