VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblinin psixi sağlamlığı / MƏQALƏLƏR
Bütün yeniyetmələr bəzən özlərini kədərli və ya dəyişkən əhval-ruhiyyəli hiss edir. Ancaq kədərli və ya pis əhval-ruhiyyə həftələrlə və ya daha uzun müddət sürürsə - və yeniyetmənin davranışında başqa dəyişikliklər varsa - bu depressiya əlaməti ola bilər.
Depressiya düzgün müalicə ilə yaxşılaşa bilər. Ancaq müalicə edilmədikdə problemlər davam edə və ya daha da pisləşə bilər. Peşəkar mütəxəssis tərəfindən aparılan terapiya ilə yanaşı, depressiyayası olan yeniyetmələr öz həyatlarında valideynlərdən və digər böyüklərdən əlavə dəstəyə ehtiyac duyur.
Əgər yeniyetmə yaşındakı uşağınızın depressiyaya düşdüyünü düşünürsünüzsə, mütləq onlarla danışmağa cəhd edin. Onların nə düşündüklərini, nə hiss etdiklərini anlamaq istədiyinizi bildirin. Danışmaq istəyirlərsə qulaq asın.
Depressiyanın olub olmadığını müəyyən etmək üçün həkim və ya psixoterapevtin qəbuluna yazılın. Əgər yeniyetmədə depressiya varsa, həkim necə kömək etməli olduğunuzu sizə və yeniyetməyə izah edə bilər. Depressiyanı erkən aşka edib, müalicə etmək daha yaxşıdır.
Yeniyetməmin depressiyaya düşdüyünü necə bilmək olar?
Yeniyetmədə depressiya olduqda, valideynləri həftələrlə və ya daha çox davam edən kədərli və ya pis əhval-ruhiyyənin olduğunu hiss edə bilərlər. Onlar digər dəyişiklikləri də müşahidə edə bilər, məsələn:
- Ətrafa dair neqativ yanaşma. Depressiyada olan yeniyetmələr ünsiyyət baxımından başqaları üçün çətin ola bilər. Onlar çox zaman məhz uğursuzluqlara və neqativ nəticələrə diqqət yetirir. Hər bir şeyin yaxşı və neqativ tərəflərini görmək əvəzində, onlar özlərində və həmçinin ətrafda daha çox neqativləri görməyə meyil edir.
- Aşağı enerji, səy, maraq və həzz. Yeniyetmələr əvvəllər zövq aldıqları şeylərə maraqlarını itirə bilər. Onlar ev tapşırıqlarına və ya ev işlərinə daha az səy göstərə bilər. Bəzən elə görünür ki, sadə işləri yerinə yetirmək üçün onlar həddən çox səy sərf etməli olur. Heç bir şey əyləncəli və ya maraqlı gəlmir onlara.
- Yuxu pozuntuları. Yeniyetmələr daha çox yata bilər və ya lazım olsa belə yuxudan qalxmaqda çətinlik çəkə bilərlər. Yuxuya getməkdə də çətinlik çəkə bilərlər.
- Qida qəbulunda dəyişikliklər. Depressiyadan əziyyət çəkən bəzi yeniyetmələr yeməyə daha az maraq göstərirlər və arıqlaya bilərlər. Bəziləri isə əvvəlkindən daha çox yeyə və kökələ bilər.
- Məktəbə davamiyyətin aşağı düşməsi. Yeniyetmələr depressiyada olduqda məktəb tapşırıqları və dərslərə hazırlıq onlara daha ağır gələ bilər. Onlar məktəb tapşırıqlarını tamamlamaya, az səy göstərməyə və ya imtahanlara az hazırlaşa bilər. Onların məktəbdə aldıqları qiymətlər aşağı düşə bilər.
- Dostlardan və ailədən uzaqlaşmaq. Yeniyetmələrin daha çox tək başına qaldıqları, dostları və ailə üzvləri ilə daha az vaxt keçirdikləri və ya onlarda uzaq durduqları aydın müşahidə edilə bilər.
- Riskli və ya zərərli davranışlara meyl etmə. Depressiya bəzi yeniyetmələrin pis və ya zərərli davranışlara meyl etməsinə, müxtəlif problemlərlə üzləşməsinə, çətin vəziyyətlərə tez-tez düşməsinə və ya daha çox mübahisə etməsinə səbəb ola bilər. Depressiyada olan yeniyetmələr riskli və təhlükəli davranışlara da meyl göstərə bilər. Bəziləri alkoqol, narkotik istifadəsinə başlaya bilər və ya özlərinə zərər yetirə bilər.
- İntihar haqqında düşüncələr və ya söhbətlər. Bəzi depressiyaya düşən yeniyetmələrin intihar düşüncələri ola bilər. Əgər yeniyetmənizin intihar etmək fikrində olduğunu düşünürsünüzsə, ondan ehtiyyatla, sakit tərzdə və sevgi ilə bu barədə soruşun. Müraciət edə biləcəkləri birinin olduğunu bilmək, yeniyetmələri bu düşüncələr əsasında hər hansı zərərli hərəkət etməkdən qoruya bilər. Əgər yeniyetməniz intihar haqqında düşünürsə və ya bu barədə danışırsa, dərhal kömək və dəstək üçün müraciət edin. Azərbaycan Uşaq Qaynar Xəttinin 116-111 və ya 050-680-22-80 nömrələrinə zəng edə və ya SMS göndərə bilərsiniz. Siz həmçinin yeniyetmənizi yaxında olan xəstəxananın təcili yardım şöbəsində və ya qəbul şöbəsinə apara və ya 103 Təcili tibbi yardım xidmətinə də zəng edə bilərsiniz.
Niyə bəzi yeniyetmələr depressiyaya düşür?
Uşaq və yeniyetmələr müxtəlif səbəblərdən depressiyaya düşə bilərlər. Tək bir səbəb yoxdur. Genlər, hormonlar və həyat hadisələri depressiyanın yaranmasında rol oynaya bilər.
Bəzi yeniyetmələr miras aldıqları genlərə görə depressiyaya daha həssas ola bilər. Genlər beynin əhval-ruhiyyə və enerjiyə cavabdeh olan sahələrinə təsir göstərir. Depressiyada olan yeniyetmələrin ailə üzvləri də depressiyaya düşə bilər.
Yetkinlik dövründə baş verən hormonal dəyişikliklər əhval-ruhiyyəyə təsir göstərə bilir. Bəzi yeniyetmələr mövsümi (qış, payız və s.) dəyişikliklərlə baş verən hormonal dəyişikliklərə həssas olur. Onlar hər il eyni vaxtda, payızda və ya qışda, gündüz saatlarının qısaldığı vaxtlarda depressiyaya düşə bilərlər. Buna mövsümi depressiya (və ya mövsümi affektiv pozuntu) deyilir.
Həyat hadisələri və şəxsi hadisələr depressiyanın inkişafında rol oynaya bilər. Bir çox yeniyetmə yakınlarının itkisi, ailədaxili problemlər və çətinliklər, ailədaxili münaqişələr və ya sağlamlıqla bağlı problemlərlə üzləşmiş olur. Bəziləri zorakılıq və ya təcavüzə məruz qala və ya travma ilə üzləşə bilər. Bu hallar heç də həmişə depressiyaya səbəb olmur. Lakin, bu növ hadisələr, hətta psixoloji və emosional baxımdan güclü olan və ətrafdakıların dəstəyini hiss edən yeniyetmələrdə depressiyaya gətirib çıxara bilər.
Yeniyetmələrin depressiyaya düşməsinə səbəb olan amillər və ya hadisələrdən asılı olmayaraq, vaxtında aşkarlama və düzgün müalicə onların yaxşılaşmasına kömək edə bilər.
Yeniyetmələrdə depressiyanın müalicəsi necə aparılır?
Yeniyetmələrdə depressiyanın müalicəsində effektivliyi və faydası sübuta yetirilmiş bir sıra müdaxilələr və müalicəvi yanaşmalar mövcuddur. Bunlara söhbət əsasında qurulan terapiyaların aşağıdakı növləri daxildir:
* koqnitiv davranış terapiyası (CBT)
* dialektik davranış terapiyası (DBT)
* şəxslərarası terapiya (IPT)
* bağlantı-əsaslı ailə terapiyası (ABFT)
Bu müalicə yanaşmalarının hər biri depressiyanın müxtəlif aspektlərinə yönəlmişdir. Psixoloq, psixiatr və psixoterapevtlər yeniyetmənin müalicəsində bunlardan bir neçəsini istifadə edə bilər. Müalicənin təfərrüatları yeniyetmənin ehtiyaclarından və simptomlarının şiddət səviyyəsindən asılıdır.
Mütəxəssislər yeniyetmənin müalicəsinə başlamazdan əvvəl diqqətlə onu müayinə edəcək, ətraflı məlumat əldə etməyə cəhd göstərəcklər ki, optimal və effektiv müalicə planı hazırlansın. Tövsiyə etdikləri müalicəni izah etmək üçün onlar sizinlə və uşağınızla ətraflı danışacaqlar. Bəzən həkimlər depressiyada olan yeniyetmələrə kömək etmək üçün dərmanlar da təyin edə biləər.
Terapiya depressiyada olan yeniyetmələrə necə kömək edir?
Terapiya yeniyetmələrə depressiyalarını daha yaxından araşdırmağa və çözməyə kömək edir. Terapiyada yeniyetmələr aşağıdakıları öyrənə bilər:
* başa düşüldüklərini və başqalarına daha yaxın olduqlarını hiss etmək,
* hissləri, düşüncələri və onlar üçün əhəmiyyət kəsb edən hadisələr haqqında danışacaq,
* güclü emosiyalar və əhval-ruhiyyəni idarə etmək,
* zərərli və ya riskli davranışları azaltmaq,
* enerji və motivasiyanı bərpa etmək,
* duyğularını, düşüncələrini və dünyagörüşlərini yaxşılaşdırmaq,
* müxtəlif hadisələrdə özlərini idarə etmə bacarıqlarına yiyələnmək və onları tətbiq etmək,
* lazım olduqda sağlam ailə münasibətlərini və bağlarını bərpa etmək və ya müvafiq davranış və ünsiyyət sərhədlərini müəyyən etmək,
* daxili güclərini inkişaf etdirmək,
* ümid və şəfa tapmaq, sevinc və nikbinliyi artırmaq.
Yeniyetməmin depressiyada olduğuna şübhəm varsa, nə etməliyəm?
Əgər uşağınızın depressiyada olduğunu düşünürsünüzsə:
* Onlarla söhbət edin. Əlavə sevgi, qayğı və dəstək göstərin. Onlara qayğı göstərdiyinizi və nə hiss etdiklərini və daxilən yaşadıqlarını eşitmək istədiyinizi bildirin. Depressiyada olduqları zaman bir çox yeniyetmələr özlərini tək, uzaq və ya sevilməyən hiss edirlər. Kiçik qayğı jestləri onlarda tənhalıq hissini aradan qaldırmağa kömək edir.
* Onları həkim müayinəsinə aparın. Depressiyanı yoxlamaq üçün yeniyetmənizin həkimi və ya psixi sağlamlıq üzrə mütəxəssisin qəbuluna düşün. Həkim həmçinin yeniyetmənin simptomlarına səbəb ola bilən digər sağlamlıq və ya psixi sağlamlıq problemlərini araşdıracaqdır. Müəyyən ediləcək psixi sağlamlıq və digər problemlərdən asılı olaraq, yeniyetməyə yardım etmək üçün onun özünün və sizin nə edə biləcəklərini ətraflı izah edəcək. Həkim həmçinin tərtib edilmiş müalicə planını sizinlə və yeniyetmə ilə bölüşəcəkdir.