UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Skolioz nədir?

Skoliozu olan insanların onurğasında "S" və ya "C" hərflərinə bənzəyən yan tərəfə (sağ və ya sola) əyrilik olur. Onurğaməz bəzən "onurğa sütunu" da adlanır, lakin o, bir sümükdən ibarət deyil. Onurğa qığırdaq adlanan elastik toxuma ilə bir birinə bağlanmış çoxlu sümüklərdən (vertebra və ya fəqərə adlanır) ibarətdir. Onurğa sümüklərinin yəni fəqərələrin məhz elastik qığırdaqla (fəqərələrarası disk də adlanır) birləşməsi, insanlara əyilmək, uzanmaq, müvazinatı qorumaq və hətta yerimək üçün imkan yaradır.

 

Onurğamıza arxadan və öndən baxdıqda, bütün fəqərələrin yuxarıdan aşağıya doğru uzanan xətt boyu yerləşdiyini görə bilərik. Lakin, skolioz zamanı onurğa fəqərələrinin birləşməsi düz xətt deyil, əyri bir xətt formalaşdırmış olur. Bəzən isə həmin fəqərələr sankı ətrafında burulmuş kimi olur.

 

Onurğanın kiçik dərəcəli əyilməsi adətən ciddi problem yaratmır. Ancaq onurlanın əyilməsi pisləşirsə, bu insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilir. Onurğanın çox ciddi əyilməsi oynaqların zədələnməsinə və onurğanın artritinə (oynağın iltihabı) səbəb ola bilər. 

Ağır dərəcəli onurğa sütunu əyriliyi isə qabırğaların çanaq sümüklərinə  sürtülməsinə gətirib çıxara və nəticədə ağrıya səbəb ola bilər. Əgər onurğa çox əyilirsə, insanlarda ağciyər problemləri də inkişaf edə bilər.

 

Hər yaşda olan uşaqlar, hətta körpələr də skoliozdan əziyyət çəkə bilər. Skoliozun ən çox yayılmış növü idiopatik skoliozdur. Adətən skolioz uşaqların yetkinlik dövrünə qədəm qoyduğu zamanlarda müşahidə edilir.

 

İdiopatik skoliozun səbəbi nədir?

İdiopatik skolioz sanki bir tibbi sirrdir. Hər hansı xəstəliyin adının qarşısında “idiopatik” termini adətən həmin xəstəliyin səbəbinin məlum olmadığı hallara istifadə edir. Həmin şəxslərdə skoliozun inkişafı səbəbi bəlli deyil, lakin mütəxəssislər bunun irsi olduğunu düşünür. 

İdiopatik skolioz ağır bel çantası daşımaq, qeyri-sağlam duruş və ya poza, idmanla məşğul olma və ya hər hansı digər hərəkətlər və ya fəaliyyətlərlə bağlı deyil və onlardan qaynaqlanmır. Skoliozun inkişaf edib etməməsi adətən sizdən asılı deyil. Bu, sizin genlərinizlə bağlıdır.

 Skoliozun əlamətləri və simptomları hansılardır?

Bəzən skoliozun olduğunu asanlıqla müəyyən etmək olar. Onurğanın əyriliyi bədənin sola və ya sağa əyilməsinə səbəb ola bilər. Skoliozunuz varsa, digərlərinə bir tərəfə əyilmiş kimi görünə bilərsiniz. Bəzi insanların bir çiyni digərindən daha yüksəkdə olur və ya bir kürək sümüyü digərindən daha qabarıq görünə bilər. Əgər onurğanızda əyilmə varsa, aşağıya və ya yan tərəfə əyildiyiniz zaman qabırğanız daha çox çıxa bilər.

 

Lakin, çox vaxt skolioz elə də aşkar görünmür. Buna görə həkimlər müntəzəm müayinənin bir hissəsi kimi sizdə skoliozun olub olmadığını yoxlayır. Azərbaycan Respublikasında uşaqların icbari dispanserizasiyası proqramı çərçivəsində bütün məktəb yaşlı uşaqların skolioza görə skrininqi hər il həyata keçirilir.

 

Skolioz diaqnozu necə qoyulur?

Skolioza şübhəniz varsa, həkimə müraciət etmək tövsiyə olunur. Həkim sizi müayinə edəcək və diaqnozun qoyulması üçün anamnez toplayacaqdır. Anamnezin bir hissəsi olaraq, həkiminiz ailə üzvlərinizdə müxtəlif xəstəliklərin olması barədə suallar verəcəkdir. Skolioz ailələrdə yayıldığı üçün yatın ailə üzvlərinizdə skoliozdan əziyyət çəkən şəxslərin olması sizdə də skoliozun olması ehtimalını artırmış olur. 

Həkiminiz sizi ortopedik cərrahın müayinəsinə göndərə bilər. Bu mütəxəssislər sümük və əzələ xəstəliklərinin müalicəsi ilə məşğul olur. Onlar hər il skoliozu olan bir çox yeniyetmələri müayinə və illər ərzində müşahidə etdiyindən, sizin də müalicəyə ehtiyacınızın olub olmadığına dair tövsiyə verə biləcəklər.

 

Həkimlər skoliozla bağlı onurğanın əyilmə dərəcəsini aşağıdakı kimi təyin edir:

* Yüngül dərəcəli əyrilik 20°-dən azdır.

* Orta dərəcəli əyrilik 25° ilə 40° arasındadır.

* Şiddətli əyrilik 50°-dən çoxdur.

 

Şiddətli əyriliklər ağciyərlərə təsir göstərə bilər. Ortopedik cərrahlar və skoliozun önlənməsi və müalicəsində ixtisaslaşmış digər mütəxəssislər adətən onurğa əyriliyinin ağırlaşmaması üçün müvafiq tövsiyələr verə bilər.

 

Skolioz necə müalicə olunur?

Yüngül dərəcəli onurğa əyriliyinin əksər hallarının müalicəsinə ehtiyacı yoxdur. Onurğanızda yüngül dərəcəli əyrilik varsa, onun pisləşməməsi üçün müntəzəm müayinələrə getməlisiniz. Yeniyetmələrdə sümüklər hələ də böyüdüyü üçün skoliozun da pisləşmə ehtimalı yüksəkdir. Beləliklə, skolioz diaqnozu qoyulandan sonra həkiminiz sizi növbəti illərdə təqib edəcək, mütəmadi müayinə edərək skoliozu nəzarətdə saxlayacaqdır.

Həkiminiz onurğa əyriliyinin daha da pisləşəcəyini və ya sağlamlığınıza problem yarada biləcəyini düşünürsə, onun qarşısını almaq üçün sizə bel korseti taxmağı tövsiyə edəcəkdir. Korset mövcud əyriliyi aradan qaldırmır, lakin onun daha da pisləşməsinin qarşısını almağa kömək edir.

Şiddətli skoliozu olan şəxslərdə cərrahi əməliyyat tələb oluna bilər.

Skoliozun aradan qaldırılması üçün hansısa sürətli bir həll yolu yoxdur. Bel korsetinin taxılması və ya cərrahi əməliyyatdan tam bərpa uzun müddət çəkə bilər. Bəzi insanlar üçün bu çətin ola bilər. Oxşar problemlə üzləşmiş şəxslərlə ünsiyyətin qurulması, onların fərdi təcrübələrini eşitmək faydalı ola bilər.

 

Bel korseti.

Bir neçə fərqli bel korseti mövcuddur. Əgər korsetə ehtiyacınız varsa, ortopedik cərrahlar onu hər gün və gecə neçə saat geyinməli olduğunuza dair tövsiyələr verəcək.

Korset onurğa əyriliyinin pisləşməsinə mane olan dəstəkləyici bir cihaz rolunda çıxış edir. Korset onurğanızı düzəltməyəcək, yəni skoliozu aradan qaldırmayacaqdır. Ancaq korset effektivdirsə, onurğanın əyriliyinin daha da pisləşməsinə imkan verməyəcəkdir.

Əgər korset taxacaqsınızsa, ən uygununu seçməkdə həkimlər sizə yardımçı olacaqdır. Düzgün korset əslində sizdə olan onurğa əyriliyi üçün ən uyğun olanıdır. Korset həmçinin komfortlu olmalıdır ki, siz onu davamlı istifadə edəsiniz. 

Korsetin vaxtında və düzgün istifadəsi cərrahi müdaxilə ehtimalını əhəmiyyətli dərəcədə azaldır və ya aradan qaldırır.

 

Cərrahi əməliyyat

Şiddətli və ya ağır dərəcəli skoliozu olan bəzi yeniyetmələrdə “spinal fyujn” deyilən bir cərrahi əməliyyata ehtiyac yarana bilər. Əməliyyat zamanı ortopedik cərrah onurğa sütununu mümkün qədər düzəldir və fəqərələri xüsusi metal çubuqlar və vintlər ilə bir birinə bərkidir. Sonra cərrah bəzi fəqərələri birləşdirmək üçün sümük qraftından istifadə edir. Beləliklə, əyriliyin  pisləşəməsinin qarşısı alınmış olur.

Təxminən bir ildən sonra bir birinə bərkidilmiş sümüklər tam bitişmiş olur. Metal çubuqlar artıq lazım olmur, amma heç bir zərər vermədikləri üçün çıxarılmır və yerində saxlanılır.

 Proqnoz.

Müalicə başa çatdıqda, skoliozu olan insanlar tam aktiv həyata qayıda bilir. Düzgün müalicə aparılarsa, böyümə prosesi bitdikdən sonra uşaq və ya yeniyetmələrdə onurğa əyriliyinin pisləşməsi daha müşahidə edilməyəcəkdir.