VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Zərərli vərdişlər / MƏQALƏLƏR
Tütün epidemiyası barədə danışmazdan əvvəl öncə qeyri-infeksion xəstəlikləri (QİX) qeyd etmək lazımdır. QİX səbəbindən hər il 41 milyon insanı ölür (dünyadakı bütün ölümlərin 70% -i). Bunların 15 milyonu 30 - 69 yaş arasında insanlardır. Erkən ölümlərin 85%-dən çoxu aşağı və orta gəlirli ölkələrdə baş verir. Hər il ÜDX-dən 17,9 milyon, onkoloji xəstəliklər 9 milyon, respirator xəstəliklərdən 3,9 milyon, şəkərli diabetdən 1,6 milyon insan dünyasını dəyişir.
Azərbaycanda QİX-dən xəstələnmə və ölüm dinamikası bu cür bölüşdürülüb. Xəstələnmə - 50%, ölüm - 80%.
QİX-lə xəstələnmə və ölüm riskini artıran səbəblərə aiddir: tütün istifadə, aşağı fiziki aktivlik, alkoqollu içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, həddindən artıq duz qəbulu ildə 4 milyon insanın ölümü ilə nəticələnir.
Tarixə nəzər salsaq tütünün geniş istifadəsi 19 əsrin ortalarında məhz kibritin icad edilməsindən başlandı, yəni siqareti yandırmaq üsulu asanlaşdı. 30 ildən sonra sənaye üsulu ilə ilk siqaret düzəldən qurğu hazırlandı və sonra siqaretlər öz belə desək müasir formasını aldı. Bu hadisələr tütün epidemiyasının başlanmasına təkan verdi.
Qlobal tütün epidemiyası 21-ci əsrdə bir milyard kişi, qadın və uşaqlara təhlükə yaradan problemdir. Bu dağıdıcı epidemiyanı dayandırmaq üçün dərman və vaksinlər deyil, hökumətlərin və vətəndaş cəmiyyətlərinin razılaşdırılmış fəaliyyəti zəruridir. Bizim dövr – ictimai səhiyyənin tarixində olan nadir məqamdır ki, siyasi iradə ilə əsrin ortalarınadək tütün istehlakının kəskin azalması və milyonlarla həyatın xilas olması üçün potensial yaradır. Hazırda, tütün epidemiyası BMT-nin 2030-cu ilədək qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinin əksəriyyətinə birbaşa və ya dolayı təsir göstərir və digər risk amillərlə yanaşı qeyri-infeksion xəstəliklər yükünü artıraraq beynəlxalq reytinqlərdə ölkələrin mövqeyinə ciddi zərər yetirir.
10 il öncə, tütün epidemiyasının il ərzində 6 milyon insanın həyatına son qoyduğu dövrdə, 2030-cu ilədək bu rəqəmin 8 milyonadək çatacağı proqnozlaşdırılmışdır. Əfsuslar ki, proqnozlar daha tez reallaşdı və bu ölümlərin 80%-dən çoxu inkişaf edən ölkələrin payına düşdü.
Qlobal tütün şirkətlərinin əldə etdiyi mənfəət qarşısında hər il bəşəriyyət tütün tüstüsü səbəbindən yaranan qeyri-infeksion xəstəliklərdən 8 milyonadək insan itkisi verir. Tütün səbəbindən səhiyyə xərclərinin artması və iş qabiliyyətli əhalinin məhsuldarlığının azalması və ölümü ildə 1.4 trilyon ABŞ dolları həcmində qlobal iqtisadi itkilərə gətirib çıxarır. İnsanların həyatından silinmiş milyonlarla əmək və sağlam həyat illəri tütün səbəbindən yaranan əlillik və ölümlə əlaqəlidir.
ÜST-nin məlumatlarına əsasən tütün tüstüsü dünyada 8 əsas ölüm səbəblərindən 6-sına dair risk faktorudur.
Yandırılmış siqaret ətrafa yayılan tüstü mənbəyidir. Siqaret çəkənlər və tütün tüstüsü ilə nəfəs alanlar eyni dərəcədə təhlükəyə məruz qalırlar. Tütün tüstüsü ağciyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərindəndir və ürək-damar xəstəliklərin inkişafına səbəb olur. Az siqaret çəkmək o demək deyil ki, sağlamlığa zərər dəymir. Sübut edilmişdir ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur, bunlardan 250-si xüsusi təhlükəli zəhərli maddə və 70-i xərçəng xəstəliyi yaradan hesab edilir.
Geniş yayılmış və yanlış düşüncədir ki, qəlyan ən təhlükəsiz tütünçəkmə üsuludur. Adi siqaretə nisbətən qəlyan çəkdikdə insan orqanizmi daha çox xərçəng yaradan maddə qəbul edir və onun qanında dəm qazı 4 dəfə çox olur. Qəlyan tüstüsündə təhlükəli, o cümlədən zəhərli kimyəvi maddələrin olması, siqaret çəkən insanlardakı xəstəliklərin yaranmasına səbəb olur. Tütün məmulatlarına qatılan mentollu, nanəli və digər adlar arxasında gizlənən təhlükəli kimyəvi maddələr sağlamlığa əlavə zərbə vurur.
Tütünün epidemiyası ətraf mühitə təhlükəli təsir göstərir. Hər gün ətrafa milyardlarla toksik siqaret kötüyü atılır, tütün becərmək, tütün kağızı və qutuları hazırlamaq üçün meşələr qırılır, nəticədə meşə florası və faunası kəskin azalır. Tütün əvəzinə digər zəruri qida məhsulların becərilməsi milyonlarla insanı aclıqdan xilas edə bilərdi. Maraqlıdır ki, dünyada il ərzində baş verən 1 milyon yanğına səbəb yanan siqaretdir.
Bu gün tütünçəkmə göstəricisi, o cümlədən qadınlar arasında Avropa regionunda ən yüksək səviyyədədir. Etiraf etməliyik ki, tütünün təhlükələri barədə söz açılanda əksər hallarda yalnız aktiv siqaret çəkənlərin statistik göstəricilərinə diqqət yetirilir. Tütün çəkməyən, lakin ictimai yerlərdə tütün tüstüsü ilə nəfəs almağa məcbur olan insanlar sağlamlıqla bağlı eyni təhlükələrlə qarşılaşır. Belə ki, ildə 1 milyon insan passiv tütünçəkmə səbəbindən vaxtından əvvəl dünyasını dəyişir.
Ölkəmizdə tütünçəkən kişilərin sayının hələ də yüksək olmasına baxmayaraq, ÜST-nin hesablamalarına görə Azərbaycanda böyüklər arasında tütünçəkmənin azalma tendensiyaları mövcuddur. Böyüklər arasında passiv tütünçəkmə göstəriciləri, son illər azaldığına baxmayaraq, hələ də yüksək olaraq qalır.
Əksər hallarda böyüklərin tütünçəkməsi yeniyetmə yaşlarında başlayır. ÜST-nin Avropa regionunda yeniyetmələr arasında tütündən istifadə ən yüksək səviyyədədir. Bəzi ölkələrdə yeniyetmələrin tütünçəkmə göstəricisi böyüklərin analoji göstəriciləri ilə eynidir. Uşaq və yeniyetmələrin passiv tütünçəkməsi də dünyanın bir çox ölkələrində hələ də aktual məsələ olaraq qalır.
Qlobal tütün şirkətləri reklam, satışın stimullaşdırılması və sponsorluğunun köməyi ilə öz məhsullarının marketinqinə külli miqdarda vəsait xərcləyir. Belə marketinq üsulları tütünün adi istehlak malı kimi təşviq olunmasına, xüsusilə də yeniyetmələr arasında bu kimi yanlış təəssüratların yaradılmasına yönəldilir, beləliklə də tütün məmulatlarının cəmiyyətdə sosial cəhətdən məqbul olmasını gücləndirir.
ÜST-nin dəstəyi ilə ölkəmizdə 2011 və 2016-cı illərdə yeniyetmələr arasında tütünlə əlaqəli tədqiqatlar aparıldı. Bəzi rəqəmlər arasında əhəmiyyətli dəyişikliklər müşahidə olunmasa da, bir sıra göstəricilər bizi narahat edir. Keçirilmiş tədqiqatlar göstərdi ki, Azərbaycanda 13-15 yaşlı məktəblilərin 10%-i nə vaxtsa siqaretin dadına baxıb, 7%-i isə hələ də çəkir. Diqqət yetirilməli məqam odur ki, siqaret çəkməyə cəhd edənlərin üçdə biri bunu 10 yaşadək edib. Deməli tədbirlərimiz olduqca erkən yaşları əhatə etməlidir. Bu fonda passiv tütünçəkmə nisbəti yeniyetmələrə gəldikdə daha nəzərə çarpandır. Azərbaycanda siqaret çəkməyən yeniyetmələrin 29%-i evdə, 41%-i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır və bu göstərici 5 il ərzində 50% artmışdır. Bütün bu faktlar ictimai yerlərdə tütünçəkməni məhdudlaşdıran qanunun tələblərinə riayət edilməsi və nəzarət tədbirlərinin sərtləşdirilməsi məsələlərini bir daha aktuallaşdırır.
Təcrübə göstərir ki, tütünlə mübarizədə bir neçə iqtisadi cəhətdən təsiredici istiqamətlər mövcuddur.
Effektiv tütün vergiləri istehlakın, həm də səhiyyəyə yönəldilən dövlət xərclərinin azaldılmasına kömək edir və dövlət gəlirlərini daha da artırır. Aşağı və orta gəlirli əhali qruplarına, xüsusilə gənclərə vergi və qiymətlərin artımı daha çox təsir edir ki, bu da tütünlə bağlı sağlamlıq bərabərsizliyinin və yoxsulluğun azalmasına gətirib çıxarır.
Qarşıda duran digər mühüm bir vəzifə bütün insanları ətrafa yayılan tütün tüstüsünün təsirindən mühafizə etməkdir. Burada ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının “Hər kəsin sağlam ətraf mühitdə yaşamaq” və “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək” hüquqlarına riayət edilməsi tələbləri üstün tutulmalıdır.
Eləcə də, siqaret çəkməyənləri, xüsusilə də yeniyetmə və gəncləri tütün məmulatlarının dolayı reklamı, sponsorluğu və satışın stimullaşdırılmasından qorunması olduqca vacibdir.
Gənc nəsli tütün vitrinlərinin həvəsləndirici təsirindən qorumaq üçün pərakəndə satış məntəqələrində tütün məmulatlarının görünüşü tam qadağan edilməlidir.
Həmçinin tütün məmulatlarının hər bir qutusunda yazılı xəbərdarlıqlarla yanaşı eyni zamanda şəkilli xəbərdarlıqların əks olunması da əhəmiyyətlidir. Tütün istehsalçıları tütün məmulatlarının istifadəsini stimullaşdırmaq məqsədi ilə onları yeni dad, ətir, istifadə rahatlığı, imic, müsbət təsir və bu kimi digər aldadıcı parametrlərlə təmin edir, bununla da, xüsusilə yeniyetmə və gənclərdə tütünlə bağlı yanlış təəssürat yarada bilir.
Tütün marketinqi yeni məhsulların təşviqinə çalışır, onları daha təhlükəsiz və tütünçəkmədən imtina vasitələri kimi qələmə verir, lakin tədqiqatlar bu növ məhsulların təhlükəli olduğunu və nəinki sağlamlığa zərər yetirdiyini, hətta ölümlə nəticələnən halların artmasını qeydə alır.
Hazırkı tendensiyalar göstərir ki, hətta heç vaxt çəkməyənlər belə aldadıcı brendlərin istifadəsinə başlayır və sonra asanlıqla siqaret və digər tütün məmulatlarına keçir və beləliklə müxtəlif tütünçəkmə üsullarından istifadə edir.
Bu kimi tüstüsüz tütün məmulatlarının tərkibindəki nikotin və 30-dan çox kanserogen təsirli kimyəvi maddələr ağız boşluğundan sovrulur. Bəzi ölkələr yeniyetmələr arasında yayılmağa başlayan bu növ məhsullar hətta həmyaşıdların vasitəçiliyi ilə təşviq edilir.
Bu gün ölkəmizdə tütünlə əlaqəli mövcud qanunvericilik bazası yenilənir və Azərbaycan tütünlə mübarizənin yeni mərhələsinə keçir. Belə ki, 2017-ci ildə ölkə başçısı tərəfindən təsdiqlənən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” yeni Qanun ölkə əhalisinin tütün tüstüsünün təhlükəli təsirindən mühafizəsi üçün hüquqi əsasların təmin edilməsinə zəmin yaradır.
Etiraf edilməlidir ki, ölkəmiz bu gün tütünlə mübarizə sahəsində çoxsektorlu yanaşmanın tətbiq edilməsinə çalışır, müxtəlif sahələrə aid dövlət proqramlarında tütünlə mübarizə məsələləri öz əksini tapır. Bu işlərə dəstək məqsədilə 2009-ci ildə tütünlə mübarizə aspektlərini özündə cəmləşdirən bu milli internet portalı yaradılmışdır.
Əhəmiyyətlidir ki, tütünlə mübarizə sahəsində geniş əhali təbəqələri, xüsusilə də yeniyetmə və gəncləri əhatə edən ölkə əhəmiyyətli tədbirlər həyata keçirilir. Ümumdünya Tütünsüz Gününə həsr olunmuş bu onlayn aksiya 2015-ci ildən başlayaraq davam edir.
Müasir texnologiyalardan istifadə edərək tütün epidemiyası ilə əlaqəli sağlamlıq riskləri barədə biliklərin artırılması və tütün çəkənlərin bu zərərli vərdişdən imtina etməsi məqsədi ilə ÜST-nin dəstəyi ilə ilk milli “Tütündən imtina et” mobil tətbiqi yaradılmışdir.
Azərbaycanda aparılan ardıcıl və məqsədyönlü tədbirlər və əldə edilən nailiyyətlər dünyada müsbət əks-səda ilə qarşılanır. İstər Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının rəsmi sosial şəbəkələrində,
istərsə də ÜST-nin qlobal tütün epidemiyası barədə hesabatında Azərbaycanın tütünlə mübarizə uğurları vurğulanır.
Bütün bu nailiyyətlər ən yüksək səviyyədə göstərilən siyasi dəstək sayəsində baş tutur ki, bu da Azərbaycanda aparılan tütünlə mübarizə tədbirlərinin bir çox dövlətlər üçün nümunə olacağına ümid verir.