VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

“Tütün və tütün məmulatı haqqında” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında tütünün və tütün məmulatının istehsalı, ticarəti, idxalı, ixracı və istehlakı ilə bağlı münasibətləri tənzimləyir və keyfiyyətinin idarə edilməsinin hüquqi əsaslarını müəyyən edir.

 Maddə 13. Tütün məmulatı qutularının tərtibatı

13.1. Azərbaycan Respublikasının ərazisində istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatı qutularının tərtibatı beynəlxalq standartların tələblərinə cavab verməlidir. Yazılar Azərbaycan dilində çap edilməlidir.

13.2. Tütün məmulatının istehlakının insanların səhhətinə zərəri haqqında xəbərdarlıq yazısının mətni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və siqaret qutusunun yan tərəflərinin birində aydın, seçilən (kontrast), qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmalı, hər hansı nəşr materialı və ya təsvirlə örtülməsinə, gizlədilməsinə, qutunun açılması zamanı zədələnməsinə və ya arası kəsilməsinə yol verilməməlidir.

13.3. İstehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının hər qutu-sunun üstündə nikotinin və tütün qatranının miqdarı, habelə məhsulun istehsal olunduğu tarix və onların 18 yaşına çatmamış şəxslərə satılmasının qadağan edilməsi göstərilməlidir.

13.4. İxrac edilən tütün məmulatı qutularının tərtibatı müqavilə şərtlərinə uyğun olaraq başqa dildə də aparıla bilər.

Maddə 15. Tütünün və tütün məmulatının ticarəti

15.3. Tütünün və tütün məmulatının satışı aşağıdakı hallarda qadağan olunur:

15.3.1. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda;

15.3.2. tütün məmulatı aksiz markası ilə markalanmadıqda;

15.3.3. tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda;

15.3.4. tütün məmulatının qutusu üzərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri barədə xəbərdarlıq yazısı olmadıqda;

15.3.5. tütün məmulatının markalanması və qutularının tərtibatı müvafiq normativ sənədlərin tələblərinə uyğun aparılmadıqda;

15.3.6. 18 yaşına çatmamış şəxslərə satıldıqda;

15.3.7. avtomatlar vasitəsilə satıldıqda;

15.3.8. siqaret, papiros və siqarillalar ədədlə satıldıqda.

15.4. Zəruri hallarda tütün məmulatı satıcılarının alıcılardan onların yaşını təsdiq edən sənədi tələb etmək hüququ vardır.

15.5. Tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir.

15.6. Tütün məmulatının ticarəti yerlərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdud-laşdırılmasına xidmət edən digər yazılar olmalıdır.

 Maddə 16. Tütünün və tütün məmulatının dövriyyədən götürülməsi

16.1. Tütünün və tütün məmulatının qeyri-qanuni dövriyyədən götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

16.2. Tütün və tütün məmulatı dövriyyədən aşağıdakı hallarda götürülür:

16.2.1. qanuni istehsalı və dövriyyəyə daxil edilməsi barədə sənədləri olmadıqda;

16.2.2. məhsulun hər partiyası üçün müvafiq sertifikatlar olmadıqda;

16.2.3. tütün məmulatı aksiz markası ilə markalanmadıqda və ya saxta markalarla markalandıqda;

16.2.4. tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən çox olduqda;

16.2.5. tütün məmulatının tərkibinə daxil edilmiş inqrediyentlərin açıqlanmasına dair tələblər pozulduqda;

16.2.6. tütün məmulatı qutularının tərtibatı qanunvericiliklə müəyyən olunmuş qaydada aparılmadıqda;

16.2.7. məhsulun istehlak keyfiyyəti itirildikdə;

16.2.8. məhsulun sahibsiz olması müəyyən edildikdə;

16.2.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

16.3. Qeyri-qanuni dövriyyədən götürülmüş tütün və tütün məmulatı bu Qanunun 16.2.4-cü, 16.2.5-ci və 16.2.7-ci maddələrində göstərilən hallarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada müsadirə edilir və məhv olunur, digər hallarda isə müəyyənləşdirilmiş qaydada istifadə edilir.

Maddə 20. Tütün məmulatının satışında həvəsləndirmə  üsullarının məhdudlaşdırılması

20.1. Tütün məmulatının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istehlakçıların həvəsləndirilməsi üçün aşağıdakıüsullardan istifadə edilməsi qadağan edilir:

20.1.1. Kütləvi informasiya vasitələrində çap olunmuş və ya elan verilmiş kupon sahiblərinə güzəştlərin tətbiq edilməsi;

20.1.2. tütün məmulatının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi;

20.1.3. tütün məmulatının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi;

20.1.4. tütün məmulatının satışı və istehlakı ilə bağlı uduşlu (o cümlədən siqaret qutularının və hissələrinin yığılması ilə) oyunların keçirilməsi.

20.2. Tütün məmulatının istehsalçıları tütünün və tütün məmulatının reklamını əks etdirməyən sosial, mədəni və təhsil tədbirlərinin sponsorluğu və reklamı zamanı öz firma adlarından maneəsiz istifadə edirlər.

 Maddə 21. Tütün məmulatının istehlakına dair məhdudiyyətlər

21.1. Azərbaycan Respublikasında aşağıda göstərilən yerlərdə siqaret çəkmək qadağandır:

21.1.1. tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda;

21.1.2. inzibati binalarda fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla, iş yerlərində;

21.1.3. yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə;

21.1.4. uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində.

21.2. Mehmanxanalarda siqaret çəkənlər üçün xüsusi yerlər ayrılmalıdır.

21.3. Müəssisə, idarə, təşkilat rəhbərləri və digər işəgötürənlər iş yerlərində siqaret çəkmək üçün xüsusi yerlər ayrılmasını və görünən yerlərdə «siqaret çəkmək qadağandır» xəbərdarlıq yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.

21.4. Tədris müəssisələri müvafiq icra hakimiyyəti orqanının razılığı ilə tədris proqramlarına tütün məmulatının istehlakının sağlamlığa zərərli təsiri barədə mövzular daxil etməlidirlər.

Maddə 23. Tütün və tütün məmulatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Tütün və tütün məmulatı haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 Maddə 24. Tütün və tütün məmulatı haqqında qanun-vericiliyin pozulması nəticəsində vurulan ziyanın ödənilməsi

24.1. Tütün və tütün məmulatı haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan ziyanın həcmi və ödənilməsi qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

24.2. Vurulan ziyanın ödənilməsi təqsirkar olan şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətdən azad etmir.

 Maddə 26. Qanunun qüvvəyə minməsi

Bu Qanun 1 yanvar 2002-ci ildən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 8 iyun 2001-ci il

№ 138-IIQ