VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Tütünçəkmə və hamiləlik

Hamiləlik zamanı tütünçəkmənin zərəri

 Tütünçəkmənin xərçəng, ürək xəstəliyi və digər ciddi sağlamlıq problemlərinə səbəb olması insanların əksəriyyətinə məlumdur. Hamiləlik zamanı tütünçəkmə əlavə olaraq vaxtından əvvəl doğuşa, anadangəlmə qüsurla uşağın doğulması və hətta körpənin ölümünə səbəb ola bilər.

  • Tütünçəkmə qadının hamilə qalması üçün çətinlik törədir.
  • Tütünçəkən hamilələrdə hamiləliyin düşüklə nəticələnməsi ehtimalı daha yüksəkdir.
  • Tütünçəkmə döl üçün qida və oksigen mənbəyi olan ciftlə bağlı problemlərin səbəbi ola bilər. Misal üçün, cift vaxtından əvvəl uşaqlıqdan ayrılıb həm ana, həm də uşaq üçün təhlükəli qanaxmaya səbəb ola  bilər.
  • Hamiləlik zamanı tütünçəkmə uşağın vaxtından əvvəl doğulmasına, azçəkili uşağın doğulmasına səbəb olar. Bunlar isə uşağın sağlamlıq problemləri və xəstəxanada daha uzun müddət qalmasına, bəzi hallarda isə ölümlə nəticələnə bilər.
  • Hamiləlik zamanı tütünçəkmə Yenidoğulmuşun (körpənin) Qəfləti Ölüm Sindromu (KUQÖS) üçün (səbəbi dəqiq məlum olmayan qəfləti ölüm) risk faktorudur.
  • Tütünçəkən qadınlarda damaq və dodaq yarığı kimi qüsuru olan uşaqların doğulması ehtimalı daha yüksəkdir.

see: CDC’s PRAMS Online Data for Epidemiologic Research (CPONDER)

Tütünçəkmənin dayandırılması faydalıdır?

Tütünçəkmənin dayandırılması sizin özünüzü daha yaxşı hiss etməyinizə və uşağınız üçün daha yaxşı mühitin yaranmasına kömək edəcək. 

Tütünçəkməni dayandırsanız

  • Uşağınız daha çox oksigenlə təmin olunacaq
  • Onun vaxtından əvvəl doğulması riski azalacaq
  • Onun doğum evindən sizinlə birlikdə və daha qısa zamanda evə gəlməsi ehtimalı artacaq

Sizdə ürək xəstəliyi, iflic, ağciyər xərçəngi, ağciyərlərin xronik xəstəliyi və tütünçəkmə ilə bağlı olan digər xəstəliklərə məruz qalma riski azalacaq

  • Daha enerjili olacaq və daha sərbəst nəfəs ala biləcəksiniz
  • Paltarlarınız, saçlarınız və evinizdə təravət hiss olunacaq
  • Yeməkləriniz daha dadlı olacaq
  • Siqaretə verdiyiniz pula qənaət edərək, onu özünüzün və ailənizin sağlamlığı və sabitliyi üçün xərcləyə biləcəksiniz

Tütünçəkmənin dayandırılması çətin ola bilər, lakin qadının özünün və uşağının sağlamlığının qorunması üçün ən vacib və gecikmədən atılması xüsusi əhəmiyyət kəsb edən addımdır.

Ölkəmizdə tütünçəkən qadınların sayı çox az olsa da, onların tütünçəkmənin xoşagəlməz nəticələrinə məruz qalması riski kifayət qədər böyükdür (passiv tütünçəkmə).

Dövlət Statistika Komitəsinin məlumatına görə 2013-cü ildə 20-44 yaşında olan kişilərin 28%, 45-64 yaşında olan kişilərin isə 53%-i siqaret çəkirdi. Həmin kişilərin ailə üzvləri, o cümlədən də hamilə olmağa hazırlaşan və ya hamilə olan həyat yoldaşları, uşaqları passiv tütünçəkməyə məruz qalırlar. Qeyd olunmalıdır ki, passiv tütünçəkmənin zərəri aktiv tütünçəkmədən heç də geri qalmır və hamilə qadınlar və uşaqlar üçün çox təhlükəlidir. Məhz buna görə də inkişaf etmiş ölkələrin əksəriyyətində ictimai yerlərdə, uşaqların, baxça və məktəblərin, xəstəxana və poliklinikaların yanında, ticarət mərkəzləri  və iş yerlərində siqaret çəkmək qadağan edilib. Bir sıra ölkələrdə isə hətta küçədə belə (yalnız xüsusilə qeyd edilmiş yerlər istisna olmaqla) siqaret çəkmək qadağan edilib.

Özünüzün və körpənizin sağlam gələcəyi üçün tütünsüz həyat seçin!

Evdə tütündən istifadə edən varsa, bu məlumatı onunla bölüşün.